Nəzakət Teymurova festivaldan qayıtdı

 

İfalarının uğur qazandığı söylənir

 

Xalq artisti Nəzakət Teymurovanın Londonu heyrətləndirməyi bacardığı söylənir. Axı azərbaycanlı xanəndə Londonda keçirilən ənənəvi WOMAD ("Dünya ölkələrinin musiqisi və rəqsləri") Festivalında ölkəmizi xalq musiqi örnəklərimizlə təmsil edib. Bunun isə hər ölkədə öz dinləyicisi var və onlar az deyil.

İfa zamanı xalq artistini tarda əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda əməkdar artist Şirzad Fətəliyev müşayiət ediblər. Onu da qeyd edək ki, Azərbaycan sənətçisi festivala musiqişünas Sənubər Bağırovanın təşəbbüsü ilə qatılıb.

BBC Radiosu vasitəsilə canlı yayımlanan festivalda xanəndəmizin bir saat davam edən çıxışı dinləyicilərə böyük zövq verib. Əgər onun ifası böyük alqışlarla qarşılanıbsa, bunu deməyə haqqımız var.

Festivalı işıqlandıran jurnalistlər, İngiltərə mətbuatı bu barədə yazılar dərc etmişlər. Telekanallar bu barədə süjetlər hazırlayıb və bir çox nüfuzlu İngiltərə qəzetlərində məqalələr yer alıb.

Konsertdən sonra azərbaycanlı sənətçiyə və onun ifalarına maraq yaranıb və Teymurova bir neçə jurnal və qəzetlərə müsahibə verib.

WOMAD festivalı son 30 ildə hər il iyulun sonlarında London yaxınlığında yerləşən Viltsir şəhərciyində təşkil olunur. Bu il festivala Nəzakət Teymurova da dəvət olunub. Xanəndənin "WOMAD"dəki çıxışını təşkil edən YUNESKO eksperti Sənubər Bağırovanın poçtuna gələn ilk rəylər Nəzakət Teymurovanın uğurunu təsdiqləyib. Məsələn, "London Evening Standard" qəzetində Şamon Broutonun imzasında dərc edilmiş məqalədə sənətçimiz haqqında yazılıb: "Ən təsirli səs azərbaycanlı Nəzakət Teymurovanın idi" (The most rrofound vocals came from azerbaiyanian`s Nazaket Teymurova).

İngilis dinləyici Culian Le Bas BBC Radio 3-ə və Sənubər Bağırovaya ünvanlanan məktubunda da sənətçimiz haqqında xoş fikirləri ifadə edir:

"Nəzakət Teymurovanın və onun ansamblının qeyri-adi çıxışına mənim reaksiyama gəldikdə isə, bu, bir möcüzə idi. Musiqi mənə o qədər dərin təsir edib ki, mən özümü lap əvvəl andan onun cazibəsi altında hiss edirdim".

Məktubda həmçinin Culian Le Bas son musiqi nömrələri ifa olunarkən göz yaşlarını saxlaya bilmədiyini də vurğulayıb.

Diqqətinizə çatdıraq ki, festivalın ən uğurlu çıxışlarından Hindistan, Finlandiya və Azərbaycan musiqiçilərinin çıxışları xüsusi vurğulanıb.

Bundan əlavə, xalq artisti London Mərkəzi Kitabxanasına da dəvət olunub. Mərkəzi Kitabxanada olarkən xanəndə öz disklərini kitabxanaya hədiyyə edib.

Nəzakət Teymurova ilk dəfədir İngiltərədə belə bir səfərdə olub. Artıq oradan bir neçə konsert təklifi alıb. Nəzakət Teymurova bu təklifləri dəyərləndirdikdən sonra İngiltərənin bir neçə şəhərində konsert proqramları ilə çıxış edə biləcəyini düşünür.

 

 

Z.Rüstəm   

 

Ayna.- 2012.- 11 avqust.- S.21.