IV Qəbələ Klassik Musiqi Festivalı: son təəssürat və qənaətlər
Bu sənət
bayramı parlaq konsertləri ilə yadda qaldı
Qəbələ Klassik Musiqi
Festivalının gedişatı təzadlı prinsip üzrə
qurulan proqramları ilə maraqlı olur: burada kamera konsertləri
simfonik musiqi axşamları ilə, opera
çıxışları muğam və ya estrada konsertləri
ilə növbələşib ən muxtəlif təəssüratlar
oyada bilir. Qəbələ Festivalının builki bayramı
da beləcə - müxtəlif janrları ehtiva edən parlaq
konsertləri ilə yadda qaldı.
Hər bir festivalın həsrətlə
gözlənilən ulduz qonaqları olduğu kimi, IV festival
London Royal Simfonik Orkestrinin, eləcə də
publikamızın səmimi rəğbətini qazanmış
dünya şöhrətli pianoçu Boris Berezovskinin gəlişi
ilə dinləyiciləri cəlb etdi. Festivalın son günləri
tanınmış dirijor Şarl Dütuanın, eləcə də
məharətli violaçı Yuri Başmetin, gənc
pianoçu Andrey Yaroşinskinin, Xalq artisti Fərhad Bədəlbəylinin
konsertləri ilə əlamətdar oldu.
Rus bəstəkarı A.Çaykovskinin
tar, piano, viola, violonçel və kamera orkestri
üçün bəstələdiyi "Xocalı" matəm
musiqisinin ilk ifası olduqca təsirli kədəri, kəskin
dramatik-aqressiv başlanğıcı və həzin, fəryadlı
(bu xətt tar alətinə və gənc tarzən Sahib
Paşazadəyə həvalə edilmişdi) obrazın
tutuşdurulması ilə inandırıcı və ekspressiv
musiqi gecələrindən biri oldu.
Lakin bir haşiyə çıxaraq
festivalın məziyyətlərinə daha birini əlavə
etsəm, zənnimcə, yanılmaram. Bildiyimiz kimi, Qəbələ
Klassik Musiqi festivalı maarifçilik və təbliğatçılıq
kimi mühüm məqsədlərə xidmət edən bir
layihədir. Hər il bu möhtəşəm musiqi
bayramında biz tanımadığımız
ifaçıları, yeni adları, bir-birindən tam fərqli
musiqi janr və üslublarını, eləcə də
kiçik və böyük orkestr heyətlərini
özümüz üçün kəşf edir, bizə
tanış təzahürləri və ya sənətkarları
isə müqayisə edirik. Bu baxımdan qürurla
vurğulamalıyam ki, hər il festival bizim
ifaçıların artistik və sırf ifaçı məharətlərini
bir daha parlaq nümayiş etdirir. Belə də ifadə etmək
olar ki, festival bizim ifaçıların artistik simasını
məhz bizim dinləyici auditoriyası üçün bir daha
üzə çıxarır. Məgər müsbət hal
deyilmi ki, biz həm kamera musiqisinin incəliyini duyan, həm
opera səhnəsinin plastikasına, dramatizminə gözəl
bələd olan müğənnilərimizin yaradıcı
dünyasını dərk edirik.
Festivalın açılışı,
"Üç tenor" və "Viva İtalia" konsertlərinin
iştirakçıları olan solistlərimiz - Gülnaz
İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova,
Əvəz Abdullayev, gənc istedadlarımız Azər Rzazadə
və Afaq Abbasova hər biri ayrı-ayrılıqda
seçdiyi obrazın, musiqi üslubunun üzviliklə
duymalarını, müvafiq manera seçimlərini
nümayiş etdirdilər. Səhnəyə
çıxışları zamanı bizi sevindirən daha iki
vokalçımızı da qeyd edək: "Üç
tenor" konsertində dramatik tenor Adil Axundov italyan
mahnıları və opera ariyalarının ifası zamanı
gözəl üslub zövqünü, zəngin emosionallığı
nümayiş etdirdi. Olduqca məlahətli, lirik tenor Yusif
Eyvazov isə K.Vandellinin idarəsi altında orkestrin
müşayiət etdiyi "Viva İtalia" gecəsinin
yaraşığı oldu.
Dirijor ilə orkestrin ansambl duyumu və
onların həmahəng təfsir edəbilmə problemi,
şübhəsiz ki, festival zamanı professional publikanı
düşündürən başlıca suallardandır. "Görəsən,
P.Çaykovski və ya L.Bethoven simfoniyalarının, Q.Qarayevə,
F.Əmirova məxsus simfonik incilərin ifası necə səslənəcək?"
kimi suallar tükənmir. Buradaca BMA Kamera orkestrinin
ifasını yada salaraq deməliyəm ki, bu kiçik heyətli,
gənclik qüvvəsi ilə zəngin orkestr və onun
yaradıcısı, bədii rəhbəri, həm də
dirijoru olan hörmətli professor, Əməkdar müəllim
Tofiq Aslanov məzəli skerso və ya qızğın ruhlu,
lirik-oxunaqlı və janrlı dramatik (klassik incilərlə
yanaşı A.Pyazzolla, Q.Qarayev, T.Quliyev, A.Dadaşov və b. əsərlərini
daxil edən) pyeslərdən ibarət proqramda üslubi
damarı asanlıqla tutaraq, əsərləri böyük zərifliklə
və birnəfəsə yüngüllüklə ifa etdilər.
Daha iki nəhəng simfonik konsert dahi Azərbaycan
klassikləri - F.Əmirov və Niyazinin yubileylərinə həsr
olunan simfonik axşamlar idi. Həmin konsertlərdə səhnənin
orta və gənc nəslə aid dirijorlar - Fəxrəddin Kərimov,
Yalçın Adıgözəlov, Əyyub Quliyev və Fuad
İbrahimov arasında bölüşdürülməsi və
müxtəlif dirijorların himayəsi altında eyni orkestrin
fərqli təfsirləri, gənc violinoçu Mustafa
Mehmandarovun parlaq solo ifası, zənnimcə, festivalın
müsbət cəhətlərindəndir.
Sadaladığımız müsbət hallar çoxdur və sevindiricidir.
Bununla bərabər bir dinləyici kimi sezdiyimiz bəzi nüansları da vurğulamalıyıq.
Məlumdur ki, festivalı
təşkil edən konsert repertuarları arasında tematik proqramlarla yanaşı, rəngarəng, qarışıq
proqramlar da böyük yer tutur və sonuncu
repertuar növü publikanı daha asanlıqla cəlb etmək, eyni zamanda onu ən
müxtəlif əsərlərin
dinlənilməsinə və
fərqli üslubların
qavrayışına öyrəşdirmək
məqsədi daşıyır.
Lakin həmin repertuarların auditoriyada bir qədər diqqət yayğınlığına və
natamam qavrayışa
səbəb olmasını
duymamaq mümkün deyildir. Zənnimcə, onların tərtibatı
zamanı, sadəcə,
müəyyən nisbət
güdülməli, bəstəkar
və yaxud üslub, dövr üzrə tematik konsertlər üstünlük
təşkil etməlidir.
Bu baxımdan "Viva İtalia" və "Üç tenor" konsertləri
daha müvəffəqiyyətli
alınmışdı.
Əlavə edək ki, ifaçılarımızın
- istər orkestr, vokalçı və ya xor kapellası
olsun - sənət potensialının daha parlaq açılıb inkişaf etməsi, onların artistik bacarıqlarının daha
dolğun, geniş ifadəsinə imkan yaradan repertuara yer verilməlidir.
Bunlar daha geniş səhnələr,
bəlkə də hər hansı mini-opera və ya müzikl,
Xor kapellamıza gəldikdə - hər hansı bir oratoriya və ya kantatanın ifası ola
bilər.
Digər tərəfdən, festivalın iştirakçılarının
daha da mərkəzləşdirilmiş
bir mühitdə, şərikli səhnə
ifalarına hələ
də ehtiyac duyulur. Builki
festivalda opera konsertlərində
bu təmayül qismən həyata keçirilsə də, digər tərəfdən,
başqa bir qüsur nəzərə çarpırdı: dünya
şöhrətli London Kral
Simfonik Orkestrinin konsertlərində bizim Dövlət Simfonik və Kamera orkestrləri böyük heyəti dinləyərək
təcrübə və
biliklərini artırmaq
imkanından məhrum
idi. Ümumiyyətlə, ifaçılar arasında canlı yaradıcı ünsiyyətin
yaradılması məsələsi
xüsusi diqqət tələb edir.
Və onu da nəzərə
çatdırım ki,
hazırda doğma dilimizin kamilləşdiyi və təmizləndiyi dövrdə, bir çox termin və ifadələrə analoqların tapıldığı
bir şəraitdə
sadəcə bir opera başlığının rus
dilində səsləndirilməsi
bir qədər ağ ləkə
təsiri bağışlayır.
Yəni C.Rossininin "La gazza ladra" operasının orijinal və tərcümədə adı
(təxminən "Oğru
sağsağan") həm
proqramda yazılmalı,
həm də bu qaydada elan
olunmalı idi. Təbii ki, bu məqamlar
ümumilikdə möhtəşəm
musiqi bayramının
yaşanmasına heç
bir maneəçilik törətmirdi və IV Qəbələ Festivalı
təntənəli, xoş
təəssüratlarla sona
yetdi.
Turan MƏMMƏDƏLİYEVA,
musiqişünas, sənətşünaslıq
namizədi
Ayna.-
2012.- 11 avqust.- S.19.