Gülüstan qalası
öz sirrini açır
Arxeoloji ekspedisiyalardan
maraqlı xəbərlər var
Gülüstan
qalası tarixən Şirvanşahların əsas iqamətgahlarından
biri olub, sonralar isə dağılıb. Şamaxı
yaxınlığındakı bu yerdə hazırda tədqiqat
işləri gedir. Verilən xəbərlərə görə,
orada çoxlu sayda maddi-mədəniyyət örnəkləri
aşkarlanıb. MEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri,
tarix elmləri üzrə fəlsəfə doktoru Akif Quliyev
bildirir ki, qazıntılar zamanı müxtəlif təyinatlı
binaların qalıqları, əmək alətləri və
silahlar, müxtəlif formalı saxsı məmulatı, IV-XV əsrlərə
aid gümüş və mis sikkələr, tunc və
şüşədən hazırlanmış üzük,
sırğa və bilərziklər, mineral daş, pasta və
sümükdən hazırlanmış muncuqlar, daş kitabələr,
top mərmiləri, qəbirlər və qalaya gedən gizli
yeraltı yol aşkara çıxarılıb.
Qalada
qazıntılar ötən ildən başlanıb. Təzəlikcə
qalaya gələn su xətti aşkar edilib, saray
hamamının qalıqları üzə
çıxarılıb. Bundan başqa, Şamaxı,
Gülüstan, Qəbələ, Şabran, Gəncə və
Təbrizdə zərb edilmiş çoxlu sayda
gümüş və mis sikkələr, Azərbaycan, Cin, Mərkəzi
Asiya, İran və Avropada istehsal edilmiş saxsı məmulatı,
çoxlu sayda bəzək əşyaları tapılıb.
Bildirilir
ki, Arxeologiya və Etnoqrafiya İnstitutu və Türkiyənin
Atatürk Universiteti arasında bağlanmış müqavilə
əsasında türkiyəli arxeoloqlar professor Aynur Özfirat
və dosent-doktor Şevket Dönmez Gülüstan qalasında
qazıntı işləri ilə tanış olub və gələcəkdə
birgə çalışmalar haqda ilkin razılığa gəliblər.
Geniş
arxeoloji qazıntıların getdiyi Ağcabədidə isə
maraqlı tapıntılar barədə xəbər verilir.
Orada qədim yaşayış məskənləri və
şəhər mədəniyyətinə aid predmetlər
tapılıb. Qarqar çayı və Gavur arxının kəsişdiyi
ərazidə antik dövrə və orta əsrlərə aid
yaşayış məskəninin qalıqları
aşkarlanıb.
Mil-Qarabağ
arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev
APA- nın Qarabağ bürosuna bildirib ki, Qafqaz
Albaniyasının ilk və ən böyük şəhərlərindən
hesab edilən Qalatəpə qədim yaşayış məskənində
son illər aparılan tədqiqatlar nəticəsində 26
hektarlıq ərazidə çoxlu sayda tarixi abidə
nümunələri aşkarlanıb. Bu ərazi antik və erkən
orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Utiya) vilayətinə
daxil olub. Təvəkkül Əliyevin sözlərinə
görə, iki eranın qovşağında
yaşamış yunan coğrafiyaşünası Strabon həmin
vilayətdəki iki şəhər haqqında məlumat
verir: Ayniana (yaxud Enian) və Anariaka. Daha bir arxeoloji
qazıntı Ağcabədi rayonunun Aran kəndi
yaxınlığında almaniyalı arxeoloqlar tərəfindən
aparılır. Burada qədim şəhər divarları,
yaşayış məskənlərinin nümunələri
tapılıb.
Arxeoloqların
Lerik və Ağdam rayonlarında da maraqlı
tapıntılarla üzləşdikləri xəbər
verilir.
Ayna.-
2012.- 18 avqust.- S.20.