Vokalçılar akademik tərzdə ifadan
uzaqlaşıblar?
Fidan
Qasımova deyir ki, onlarda nəfəs texnikası zəifliyi
hiss olunur
Milli və dünya operalarında əsas
partiyaların mahir ifaçısı SSRİ və Azərbaycanın
Xalq artisti, Dövlət mükafatı laureatı,
"Şöhrət" və "Şərəf"
ordenli vokal ustası Fidan Qasımova ifa etdiyi hər əsərə
xüsusi yanaşır. Xalq mahnısından tutmuş mürəkkəb
opera obrazları üzərində çalışaraq əsərə
"ürəyini verir". Bu qənaətdədir ki, musiqi əsəri,
sadəcə, səs tellərindən çıxmır,
bütün qəlbindən, düşüncəsindən
qaynaqlanır.
- Musiqinin
mürəkkəb opera janrına həvəsiniz necə
yarandı?
- Sənətə gəlməyimizə
valideynlərimiz səbəb oldu. Onlar bizi kiçik
yaşlarımızdan musiqiyə alışdırmasaydı,
həvəsləndirməsəydi, kim bilir, hansı peşənin
sahibi olardıq?! Ailəmizdə musiqini, incəsənəti
hamı sevərdi. Atamız ali savadlı mühəndis olsa
da, incəsənət aləminə daha yaxın idi. Onun
heyranedici səsi, gözəl əl qabiliyyəti vardı,
tar, akkordeon və pianoda mükəmməl çalardı. Hətta
bəzən şeir də yazardı. Anamız da musiqinin heyranı
idi. Bəzən mahnılar bəstələyər, gözəl
rəqs edərdi. Bir sözlə, musiqi qanımızda idi, səs
isə bizə irsən atamızdan keçib. Anam deyərdi
ki, biz 3 övlad o qədər musiqili olmuşuq ki, hətta
qundaqda qəmli, minorlu laylay oxuyanda ağlayarmışıq,
majorlu, daha ritmik oxuyanda gülümsəyərmişik.
Kiçik yaşımızdan valideynlərimiz bizi Opera və
Balet Teatrının tamaşalarına, Filarmoniyaya simfonik
orkestrin konsertlərinə aparırdılar. Beləliklə,
biz həmin klassik musiqini daxilən sevməyə
başladıq.
- SSRİ
Xalq artisti, professorsunuz. Gənc yaşlarında uğurun
formulunu necə izah edirsiniz?
- Gənclik kiçik bir dövrdür.
Düşünürəm ki, hər insan həmin zamanı
çox faydalı keçirməlidir.
Mən
o illərimi təhsilə həsr etmişəm. 7
yaşımdan skripkada ifalara başlamışam. Bu alət
insan səsinə çox yaxındır. Telləri səs,
barmaqları intonasiya, kamanı nəfəsdir. Skripkanı
çox sevirəm. Saatlarla məşq edərdim. Klassik
musiqinin dərinliyini öyrənərdim. Çox zəhmətkeş
idim, özümə qarşı tələbkar idim.
Uşaqlıqda
evimizə qonaqlar gələndə hətta
vanna otağında belə 4-5 skripkada məşq edərdim. Bununla
yanaşı, alın yazısı dənizin dalğaları kimi məni daha tez irəliyə doğru
aparırdı. Daxilimdən özüm də
sanki skripka kimi oxumağa can atırdım, içimdə olan səs üzə çıxmaq istəyirdi.
Bəzən tək qalanda hətta oxuyardım.
Bir gün anam səsimi eşitdi və
çox sevindi. 16
yaşıma çatanda artıq bu, mənə vokal sənəti
ilə ciddi məşğul olmağa imkan verirdi. Konservatoriyanın (indiki
Bakı Musiqi Akademiyası) skripka fakültəsinə daxil
oldum. Gənc bir
skripkaçı kimi də ümidverici tələbə idim.
Birinci kursu bitirəndən
sonra anamla birlikdə
səsimi dinləmək üçün rektorumuz professor Cövdət
Hacıyevin yanına gəldik. Səsimi dinləyib
çox gözəl olduğunu
dedi və o illər istisna olaraq ikinci kursdan mütləq vokal kafedrasında da təhsil
almağı məsləhət gördü.
Beləliklə, mən Konservatoriyanın iki
fakültəsində təhsil alan nadir tələbələrdən biri oldum. Qabiliyyətim
hər imtahanda üzə
çıxırdı. Məqsədim isə bu
gözəl sənətin də incəliklərini mükəmməl
öyrənmək idi. Uğurun
formulunu yalnız təhsil və zəhmətdə
görürəm.
- Dəyərli
yaradıcılıq yolu keçən metr - sənətkar kimi vokal sənətinə gələn gənclərə
məsləhətiniz nədir?
- Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam.
Səsə malik olanlar,
şükürlər olsun ki, az deyil.
Son illər bu sənətə
marağın artdığını görürəm. Təvazökarlıqdan
uzaq olmasın, çoxlarından bu istəyin bizim
adımızla bağlı olduğunu da hiss edirəm. Səhnə
cazibədarlığı ilə hamını özünə
çəkir. Lakin
hesab edirəm ki,
yalnız və yalnız çox layiq olanlar o
məkana çıxa bilər. Unutmayaq ki, səhnə meydanı eyni
zamanda tərbiyəvi bir
yerdir. Ora
çıxmaq istəyənlər özlərində böyük məsuliyyət hiss
etməlidirlər. Və daima öz üzərlərində
çalışmalıdırlar. İfaçılıq sənəti
musiqi savadı, bilik,
məktəb, təcrübə, əsl qabiliyyət, səhnə
mədəniyyəti tələb edir. Bunlar çox vacib cəhətlərdir. Qısa zamanda məşhur, populyar
olmağa can atan ifaçılar həddindən artıq çoxdur. Gənclərimiz ulduz
xəstəliyinə məruz qalmasınlar.
Sənətlərinə,
seçdikləri peşəyə tənqidlə yanaşanlar azdır. Tənqid olmasa,
inkişaf olmaz. Təəssüf
ki, özünəaşiq müğənnilər
daha çoxdur. Dinləyicilərin
gözündən heç nə
yayınmaz, onların gözü tərəzidir.
Tələbələrimizə hər zaman
deyirik ki, məşhur
olmağa tələsməsinlər, vaxt gələndə onlar
uğurları ilə tanınacaqlar. Məqsəd fəxri ad, şöhrət, populyarlıq
olmamalıdır. Zövqlərini, ifaçılıq
bacarıqlarını inkişaf etdirməlidirlər.
Son zamanlar
vokalçılar akademik tərzdə ifadan uzaqlaşıblar. Müəyyən
yanlışlıqlara yol verirlər, nəfəs
texnikası zəifliyi hiss olunur.
Bir sözlə, məsləhətim daima çalışmaqdır. Dahi italyan tenoru
Karuzo deyib ki, gözəl müğənni olmaq üçün iki ömür yaşamaq lazımdır: biri
daim öyrənmək, digəri
yaradıcılıq üçün.
- Sənətdə sizə
xoşbəxt qadın demək olar, bəs
həyatda necə?
- Şükür, həyatımdan məmnunam. Oğlum var, bacım hər
zaman yanımdadır. Gözəl dostlarım,
qohumlarım, sevdiyim peşəm var. Pərəstişkarlarımız bizi görüb öz məhəbbətlərini bildirirlər.
Xalqımın rəğbətini hiss edirəm.
Mənə şəhərin mərkəzində verilən rahat mənzildə yaşayıram. Sevinirəm
ki, rəhmətlik qardaşımın nəvəsi
bu il məktəbi bitirib və İngiltərədə təhsilini
davam etdirəcək. Onun
da adı mənim şərəfimə Fidan Qasımovadır. Arxaya
baxanda,
yaradıcılığımın, ömrümün
səhifələrini vərəqləyəndə
görürəm ki, nə dərəcədə
mənalı, zəngin bir həyat
yaşamışam. Niyazi, Qara
Qarayev, Fikrət Əmirov, Soltan
Hacıbəyov, Şövkət Ələkbərova, Tofiq Quliyev, Rəşid Behbudov, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Müslüm Maqomayev kimi gözəl insanlar,
şəxsiyyətlərlə tanış olmuşam,
birlikdə çalışmışam. Arif
Məlikov, Rauf Abdullayev,
Fərhad Bədəlbəyli, Murad
Adıgözəlzadənin ən yaddaqalan
əsərlərini ifa etmişəm. Həyatda
bundan unudulmaz, dəyərli
və gözəl nə ola bilər ki?! Bir insandan
tələb edilən missiyanı da, deyəsən,
yerinə yetirməyi bacarmışam: oğul
böyütmüşəm, ağac əkmişəm,
ev tikmişəm. Bu, onu göstərir ki, Fidan Qasımova, doğrudan
da, həyatını boşuna
yaşamayıb.
Aynurə
Ayna.-
2012.- 25 avqust.- S.20.