Tahir Salahov irsi Bakıda cəmləşir

 

Təkcə şəxsi kolleksiyasında 700-dən artıq eksponat var

 

Azərbaycan rəssamlıq məktəbinin dünyaca tanınan təmsilçisi Tahir Salahovun "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən ev-muzeyində rəssamın yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərgisinin açılışı keçirilib. APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən Qoruq İdarəsinin rəis müavini Samir Nuriyev öncə xatırladıb ki, keçən il Tahir Salahov özünün bütün rəsm əsərlərini və şəxsi arxivini Azərbaycan dövlətinə bağışladığını bəyan edib.

Tahir Salahovun ev-muzeyi ölkə prezidentinin sərəncamı ilə yaradılmışdır. Samir Nuriyev qeyd edib ki, artıq muzeyin eksponatlarının təhvil-təslimi aparılıb və muzey əməkdaşlarının ştat cədvəli müəyyən olunub. Muzeyin daimi ekspozisiyasının yaradılması üçün də müəyyən işlər görüləcək. Bundan sonra ev muzeyinin rəsmi açılışı olacaq:

"Muzeyin yaradılmasında əsas məqsəd Tahir Salahov irsini daha əhatəli bir şəkildə təqdim etməkdir. Sərgidə Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərləri və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur. Kolleksiya 700-dən artıq eksponatdan ibarətdir. Sərgi rəssamın ad gününə həsr olunub".

 

Ayna.- 2012.- 1 dekabr.- S.20.