Dünən dünyanın sonu
olmadı
Şamaxı Rəsədxanası: hələ 5 milyard il yaşayacağıq Merkuri,
Saturn və Veneradan ibarət mini parad isə davam edir
Xeyli vaxtdır
“21 dekabr”la bağlı
insanlarda vahimə doğuran əsassız proqnozlar və dünyanın sonunun gəldiyini inadla təsdiq etməyə cəhd edən bəzi üzdəniraq “alimlər” biabırcasına
ifşa olundular. 21 dekabr
tarixi, adi günlərdən biri olmasıyla yanaşı nə dünyanın dağılmasına, nə
də kainatda buna bənzər bir hadisələrin baş verməsinə şahidlik edə bilmədi…
Azərbaycan MEA N.Tusi adına
Şamaxı Astrofizika
Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri
şöbəsinin müdiri
Namiq Cəlilov, dünyanın dağılacağını
özünətəlqin edən
iradəsi zəif insanlar üçün açıqlamasında qeyd
edir ki, əslində insanların
özünü rahatsız
hiss etməsi “qiyamət
günü”nün çatması
deyil, havada nəmlik dərəcəsinin
gözlənilmədən dəyişməsi
və təzyiq fərqlərinin əmələ
gəlməsi ilə əlaqədardır: “Son bir
həftədə günəşdə
aktivlik minimum səviyyəsinə
enib. Bununla bağlı olaraq
Yer kürəsində
maqnit qasırğası
da azdır”. O bildirib ki, Günəş
sistemində hansısa
hadisə olarsa, bunun nəticəsində
2-3 gün sonra yerdə maqnit qasırğası olur: “Ancaq hazırda Günəşdə sakitlik
olduğundan yerdə də maqnit qasırğası olmamalıdır”.
Cəlilov bu gün bəzi insanların özlərini rahatsız
hiss etməsinin səbəbinin
maqnit qasırğası
ilə əlaqələndirilməsinə
də münasibət
bildirib. Onun sözlərinə görə,
insanların özünü
rahatsız hiss etməsi
havada nəmlik səviyyəsinin gözlənilmədən
dəyişməsi və
təzyiq fərqlərinin
əmələ gəlməsi
ilə əlaqədardır:
“Dünyanın sonu
ilə bağlı yayılan xəbərlərdən
sonra Günəş sistemində baş verən hadisələri daha tez-tez izləyirik. Amma bu günlə bağlı Günəş sistemində
ciddi dəyişiklik yoxdur. Günəşdə aktivlik maksimum
fazada olduğuna görə, bu cür sakitliyin olması bir qədər maraqlıdır.
Adətən Günəşdəki sakitlikdən bir müddət sonra güclü partlayışlar
olur. Amma o partlayışların dalğasının Yerə
çatıb-çatmaycağını zaman göstərəcək.
Günəşi hər iki tərəfdən arası
kəsilmədən müşahidə
edirik. Əgər Günəşdə partlayış olsa belə, bu, Yerə 3 gündən sonra çatır. Hələlik belə bir hal müşahidə olunmur”.
Merkuri, Saturn və Veneradan
ibarət mini parad davam edir
Şamaxı Astrofizika Rəsədxanasının
direktor müavini Elçin Babayev isə 21 dekabr tarixi ilə bağlı açıqlama
verərkən, tarixdə
zaman-zaman bu kimi elmdə təsdiqini tapmayan şaiyələrə rast
gəlindiyini qeyd edib: “2000-ci ilin vahiməli “qorxusu” yadınıza gəlirmi? Bu “qorxu”, heç
bir nəticə olmadan keçib getdi və əksəriyyət
tərəfindən unuduldu.
Gəlin,
bədnam “21 dekabr” haqqında çəkilmiş
filmdəki xüsusi rejissor və kompüter effektlərini unudaq və bədbin olmayaq. Dünya dağılmayacaq. Bu gün sadəcə növbəti qış Günəş qarşıdurması
deyilən astronomik hadisə baş verəcək. Bizim planet artıq
4 milyard ildir mövcuddur və dünya alimləri 2012-ci illə bağlı hər hansı təhlükə olmadığını
qətiyyətlə deyirlər”.
Hazırda planetlərlə bağlı
vəziyyəti şərh
edən E.Babayev bildirib ki, bu
günlər, səhər
çağında Merkuri,
Saturn və Veneradan ibarət mini parad davam edir (səmanın
30 dərəcəlik böyüyən
sektorda):
“Yupiter bütün
gecə görünür,
Mars axşam tərəfi
bir saata yaxın, Uran və Neptun isə axşam və gecə görünür. Günəş faktoru haqqında
da müntəzəm olaraq söhbət açılır. 2012-ci ilin qalan son günlərində ciddi Günəş alışmaları
və müvafiq olaraq geomaqnit fırtınalarının başvermə
ehtimalı çox azdır. Hazırda Günəşin səthində 66 ləkə
və 3 iri aktiv ləkə regionu müşahidə olunur. Günəş alışmalarının başvermə ehtimalı aşağı səviyyədədir.
Digər
tərəfdən, geomaqnit
fəallığı da
yüksək deyil.
Bir sözlə, kosmik hava stabildir”.
Alim həmçinin bildirib ki, bu sabitliyi
meteoşərait haqqında
demək olmaz:
“Son günlər hava
şəraitinin tez-tez
pisləşməsi, atmosfer
təzyiqinin kəskin
dəyişməsi, temperaturun
qalxıb enməsi kimi faktorlar meteolabil insanlar üçün əlverişsiz
olmaqla, insanlarda diskomfort yaradır. Bu diskomfort
həm də, adətən qış dövrünə xas olan bədbinlik, laqeydlik, həvəsdən
tez düşmə kimi hisslərlə (psixoloji faktorlarla) müşayiət olunduğundan,
xarakteri zəif olan insanlar “21 dekabr” kimi cəfəngiyyatlara
daha tez inanır və ya aludə olurlar”.
Sonda alim “21 dekabrda” dəhşət gözləyən
insanların nəzərinə
bəzi elmi nəzəriyyələrdən sitatlar gətirir:
“Bəşəriyyət hələ 5 milyard il yaşayacaq, inkişaf edəcək, nəsillər bir-birini əvəzləyəcək. Əgər bəşəriyyət
öz-özünü nüvə
və ya ekoloji fəlakətlərlə
məhv etməzsə,
bizi əvəz edəcək nəsillər
başqa dünyaları
da kəşf edəcəklər. Niyə bizlər
alimlərin sözünü
ciddi qəbul etmir, yalnız şarlatanlara inanırıq?
Niyə öz hərəkətlərimizlə
onlara qazanmağa (biznes və ya ucuz şöhrət
mənasında) imkan veririk? Gəlin optimist olaq, sabaha
inanaq, bir-birimizə inanaq. Biz Kainatda
beşik kimi yırğalanan və cağa səsi gələn birrəngli dünyamızda – Yer kürəsində yaşayırıq.
Bu dünyanı birlikdə
qorumalıyıq, onu əl-ələ verib hifz etməliyik – axı ona bir
şey olarsa, seçim olmayacaq…”
Orta məktəb müəllimləri
21 dekabrda şagirdləri
dərsə gəlməməyə
səsləyib
“21 dekabr” – “Qiyamət
günü” ilə əlaqədar Azərbaycanın
bəzi məktəblərində
davamiyyətin düşməsi
halı müşahidə
olunub. Bu barədə
jurnalistlərə açıqlamasında
TN ictimaiyyətlə əlaqə
şöbəsinin müdiri
Bayram Hüseynzadə
deyib. O bildirib ki, TN tərəfindən məktəblərdə vəziyyətin
və davamiyyətin necə olması ilə bağlı müvafiq araşdırmalar
aparılıb. İlkin
məlumata görə,
bu günlə bağlı bəzi məktəblərdə davamiyyət
aşağı düşüb:
“Təhsil Nazirliyinin
əvvəldən təlimatı
olub ki, bu gün heç
bir əsası olmayan şayiələrə
inanmasınlar və hər bir valideyn
öz övladını
dərsə göndərsin. Məktəblərdə müəllimlərin hər
biri işdə olub, təlim prosesinin pozulmaması üçün bütün
işlər görülüb.
Hazırda məktəblərdə tədris normal şəraitdə
davam etdirilir. Amma hansısa valideyn tərəfindən uşaqlar
məktəbə göndərilməyibsə,
bu hallar da araşdırılacaq”.
TN şöbə müdiri bəzi məktəb müəllimlərinin bu günlə əlaqədar
valideynlərə müraciət
edərək uşaqlarını
məktəbə göndərməməsi
barədə tapşırığına
da münasibət bildirib:
“Ola bilsin ki, bu məsələdə hansısa müəllim zəiflik edib. Bu gün ölkədə
170 min müəllim fəaliyyət
göstərir. Onların 1-2-si təşvişə düşərək
belə fikirlər səsləndiribsə, bunu
bütün müəllimlərə
şamil etmək olmaz. Amma bir daha Təhsil Nazirliyi olaraq bəyan edirik ki, bu
hal nəinki Azərbaycan, bütün dünyanı bürümüş
şayiədir. Bu yalanlara uymadan hər kəs uşağını məktəbə
göndərməlidir ki,
ölkədə tədris-təlim
prosesi normal şəkildə
davam etdirilsin”.
Paytaxt sakinləri daha
soyuqqanlılıq nümayiş etdirib
21 dekabrla bağlı
Bakı Şəhər
Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasına
daxil olan müraciətlərin sayında
ciddi fərq müşahidə olunmayıb. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. O bildirib ki, ötən
sutka ərzində – saat 09:00-dan bu gün səhər 09:00-dək
stansiyaya 1515 müraciət
daxil olub. M.Həmidovun sözlərinə
görə, amma adi günlərdə bundan daha çox
müraciət daxil olur: “Hər gün stansiyaya orta hesabla 1400-1600 çağırış edilir.
Lakin 21 dekabr tarixi ilə bağlı çağırışların
sayında ciddi fərq hiss edilməyib. Həm də bu müraciətlər
adi günlərdə
olduğu kimi müxtəlif səbəblərlə
əlaqədar olub”.
Yollarda avtomobil seyrəkliyi
müşahidə olunub
21 dekabr tarixində
Azərbaycan paytaxtında
səhər saatlarında
avtomobil seyrəkliyi də müşahidə olunub. Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi
Vaqif Əsədov yollarda avtomobilin azlığının səbəbi
açıqlayarkən qeyd
edib ki, axşam saatlarından etibarən paytaxtın küçə və prospektlərində boşluq
müşahidə olunub:
“Bakı küçələrində
nəqliyyat vasitələrinin
az olmasına səbəb bəzi kütləvi informasiya vasitələrində yayılan
“21 dekabr-qiyamət günü”
ilə bağlıdır”.
V.Əsədov həmçinin qeyd edib ki, adətən
paytaxtın avtomobil yollarında şənbə
və bazar günləri boşluq olur. Lakin 21 dekabrda olan boşluq sırf bu şayiələrə
inanan sürücülərin
avtomobillərindən az istifadə etməsi ilə bağlıdır.
E.Eldəniz
Ayna.- 2012.- 22 dekabr.- S.19.