Bayatı – nisgilin bir adı
Bu ovqata hər kəs köklənə bilmir
Bayatı nədir? Belə cavablamaq
olardı: bayatı – bizim insanın damarda axan qanına
hopmuş, etnik tariximizlə yanaşı
addımlayan mənəvi
sərvət… Bədii yaradıcılıq
qəribə, müəmmalı
bir möcüzədir.
O, görünməz əli
Tanrıya yetən və ondan ilahi
enerji alan
barlı ağacdır.
Bir ucu asiman,
bir ucu torpaq…
Bu ağacın çoxsaylı
budaqları var, bunlarda yarpaqlar açır – yamyaşıl…
Yaşıl yarpaq yaşayır,
saralıb solur, ölür. Bayatılar isə
ölmür. Onlar yaşarıdır.
Bayatı demək xüsusi ovqata köklənməyi tələb edir. Hər əli
qələm tutan bayatı deyə bilməz. Onlarca bədii əsər
müəllifi olan Salatın Əhmədli də bir gün
sözünü bayatıda
demək, özünü
bayatıda sınamaq istəyib. Və bir toplu: “Analar
köç edəndə”
doğulub… Özünün
qeydi:
“Birdən bayatı
çağırmaq keçdi
ürəyimdən. Düzüldü,
səsləndi bayatılar
durna qatarı
kimi. Yazım, yazmayım? İndi şeir yazan da çoxdur, bayatı deyən də. Bir yandan da mən. Xeyli tərəddüddən sonra
qəlbimdən süzülən
bu bayatıları yazıya almağı qərarlaşdırdım…”
Bu bayatı toplusunun adına gəldikdə,
Salatın Əhmədli
bir ana itirib.
Ürəyi sözlü, bayatılı
Güləbatın nənə
bu ötənlərdə
yüz yaşındaykən
dünyadan köçüb.
Onun dediyi bayatıların ovsunu müəllifə təsirsiz qalmayıb.
Alman filosofu Hegelə görə, bədii yaradıcılığın
həqiqi zənginliyi
ilk növbədə şair,
yazıçı, publisist
şəxsiyyətinin zənginliyindən,
çoxcəhətliliyindən, bu şəxsiyyətin milli təbiətindən,
“mən”indən asılıdır. Bu hissin mayasında Vətən, Ana qüdsiyyəti
durur. Bu iki müqəddəs məhfum yoxsa, onda heç dəyərli, bədii örnəklər də olmayacaq. Bütün bu hisslər
yaradıcı fərdin
təbiətində doğulur,
bütövləşir. Salatın Əhmədlinin bu yaxınlarda təqdim etdiyi “Analar köç edəndə”
bayatılar toplusu filosofun bu sözlərini
ifadə edir özlüyündə.
Düşüncələrini bayatılarda demək ehtiyacı… Poetik məharəti bir kənara qoyaq, bu bayatılarda ən başlıcası əxlaq və tərbiyə var. Əxlaq
və tərbiyə isə dünyanın cismani və ruhani gerçəkliyinin dərkində poetik bələdçi rolunu oynayır. Bu bayatılar bu əxlaqı, bu tərbiyəni aşılayır
oxucusuna.
Dünyanın axarı – olum, ölüm, itkilər, sevgi, məhəbbət, həsrət… Bunlar deyilmiş bayatıların
içindən süzülüb
cismimizə hopur.
Yaradıcı fərdin
yeri, məkanı oxucuların qəlbindədir,
hiss və düşüncələrində,
sevinc və iztirablarındadır. Salatın Əhmədlinin
bu bayatıları qəm ortağıdır
oxucuya. Hər bir insanın
ürəyində daşıdığı
kədər payının
tərcümanıdır, mürgülü
xatirələri oyada,
ruhumuza sığal çəkə bilir.
Hürü Hacızadə
Ayna.- 2012.- 22 dekabr.- S.20.