Rus rejissorun Azərbaycanda çəkdiyi "Amazonlar" filmi...

ya layihə oğurluğu

 

Rusiyanın "Zvezda" telekanalının "Dünya müharibələri ("Voynı mira")" silsiləsindən növbəti filmi amazonlara həsr edilib. Bu filmin ən maraqlı özəlliklərindən biri isə onun Azərbaycanda çəkilməsidir. Film 2011-ci ildə Bakıda çəkilib. Astra Art studiyasının istehsalı olan filmin rejissoru Roman Kayqorov, ssenari müəllifi, aparıcısı və prodüseri Tatyana Borşdur.

Filmdə ilk kadr: Azərbaycan. Qobustan. Ana Zağa mağarası. Tatyana Borş Qobustandakı Ana Zağa mağarasının önündə var-gəl edərək amazonların bir mifologiya deyil, Azərbaycan tarixinin bir parçası olduğunu, Qobustanın qaya rəsmlərində yaşadığını, son illər Azərbaycanda aparılmış arxeoloji qazıntılarla sübuta yetirildiyini elan edir... Bütün bunları alqışlamaq olardı. Amma təəssüf ki, filmin müəllifləri bu mövzunu araşdıran əsl tədqiqatçıları xatırlatmadan, heç bir istinadsız hər şeyi öz kəşfləri kimi təqdim edirlər.

Borş Ana Zağa mağarasının girəcəyinin sol divarındakı qaya rəsmlərindən ən qədim bir nümunəni göstərərək, çiynindən yay-ox asılmış qadını tamaşaçılara izah edir. Onun bütün dedikləri cümləbəcümlə, sözbəsöz amazonlar haqqında yazdığım, 2004-cü ildən bəri alman və Azərbaycan mətbuatında dərc etdirdiyim məqalələrdən götürülüb.

Filmin rejissoru Roman Kayqorov və Tatyana Borş bu filmdə tədqiqatlarımın nəticələrindən gen-bol yararlansalar da, nədənsə amazonların Azərbaycandakı yeganə 15 illik tədqiqatçısı olaraq mənə istinad etməyi lazım bilməyiblər. Amma "Bu faktlar ilk dəfə beynəlxalq mətbuatda çap edilir və müəllif hüquqları alman qanunlarına görə qorunur" ifadəsinə diqqət etmək "ağıllarına gəlməyib". Bakıda hazırlıq işləri zamanı filmin müəllifləri mötəbər Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət Nazirliyinə, İçərişəhər tarixi muzeyinə, Azərbaycan Atçılıq Klubuna, Azərbaycan Milli Dram Teatrına yol tapa, filmin çəkilməsi üçün bütün maddi və mənəvi dəstəklərə sahib ola bilib. Lakin bu sahənin mütəxəssisləri ilə əməkdaşlıqdan yararlanmadıqları üçün onlar elmi cəhətdən səthi, qeyri-peşəkar araşdırmalarla kifayətlənmiş, amazonlar haqqında çəkilən filmdə (Amazonların Azərbaycandakı tarixi və arxeoloyi izləri e.ə. 3-1 minilləri əhatə edir) gah Atəşgahı, gah İçərişəhəri, gah da amazonlara heç bir dəxli olmayan bulvarı, fəvvarələri lenta almalı olublar. Əslində, hər şey başqa cür də ola bilərdi...

Günlərin bir günü H.Əliyev Fondu adından Şahin adlı bir şəxs Berlindəki N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutuna zəng edərək Moskvadan çox önəmli bir film qrupunun Bakıya gəldiyini, Amazonlar haqqında film çəkmək istədiklərini bildirdi. Mən "bir həftə sonra Bakıda ola bilərsinizmi?" sualına dərhal müsbət cavab verə bilmədim. Doğrusu amazonlar haqqında bir neçə dildə ən az 5-6 ölkədə 15 illik tədqiqatlar aparan bir peşəkar tədqiqatçı olaraq belə mötəbər bir dairədən bu cür qeyri-ciddi bir təklif gözləmirdim. Öncə film haqqında yazılı bir müraciət edilməsini xahiş elədim. Amma Fondun təmsilçisi artıq buna vaxt olmadığını, dərhal filmin çəkilişinə başlanmalı olduğunu dedi və mənim tədqiqatlarım barədə Bakıda daha kimin danışa biləcəyini soruşdu. Mən isə Bakıda heç bir amazon tədqiqatçısı tanımadığımdan hazırda 4 dildə nəşr edilən "Qafqaz amazonları" kitabımın elmi redaktoru Mübariz Xəlilovun telefon nömrəsini verdim, onun özünə də zəng edərək mənim tədqiqatlarım haqqında lazımi məlumatları verməsini xahiş etdim.

Filmin ikinci kadrı məhz kitabımın redaktoru, arxeoloq Mübariz Xəlilovun müsahibəsi ilə başlayır. Bu kadrlarda Arxeoloq Bəhlul İbrahimlinin aşkar etdiyi, mənim araşdırmalarım nəticəsində amazonlara aid olduğu üzə çıxan Plovdağ II-dən tapılan dünyanın indiyə qədər elmə məlum olan ən qədim döyüşçü qadını haqqında danışılır. Amma nə mənim, nə də Bəhlul müəllimin adı çəkilmədən...

Etibar və böyük etimad etdiyim sevimli həmkarım filmin 6-7 süjetindəki müsahibələrinin bircə yerində də mənim adımı çəkmir. Tatyana Borş isə öz növbəsində film boyunca amazonların Azərbaycandakı izləri, Böyük İsgəndərin Talestris (Nüşabə) ilə görüşü, amazonların qarqarlarla görüşləri, onların Qarabağ, Qarqar çayının Qarabağda olması, amazonların təbərzin baltadan istifadə etmələri faktları barədə danışır. Materiallar mənim tədqiqatlarımdan götürülsə də, mənbə bilərəkdən göstərilmir. Amma antik mənbələrin adı çəkilməklə bu qüsurun üstü ustalıqla pərdələnir. Təbərzinlərin amazon baltası olması, onların yalnız Qafqazdan tapılması və hətta onların hazırlanmış olduğu qəliblərin Qafqazdan, xüsusən Azərbaycanın Şamxor və Qarabağ bölgələrindən aşkar edilməsi faktlarının müəllifi, əlbəttə ki, mənəm və bu, mənim 15 illik tədqiqatlarımın məhsuludur.

Müasir imkanlardan tam yararlanmayan müəlliflər 36 dəqiqəlik filmdə təkrar-təkrar antik rəsmləri və Tatyana Borşun müxtəlif yerlərdəki "amazonşünas" çıxışlarını lentə almaqla kifayətləniblər. Filmin çəkilişi zamanı Borşun hətta Xınalığa və Qax rayonunun Sarıbaş kəndinə getmək arzuları da filmin ssenarisinin əsasında məhz mənim tədqiqatlarımın durmasına bir sübutdur. (Mən elmi məqalələrimdə Xınalıqda Amazon mağarası və Sarıbaş kəndində amazonların izlərindən, əlbəttə ki, yazmışam).

Amazonları "eleqant xanımlar" kimi təqdim edən, Bakıdakı atçılıq klubunun və Azərbaycan Milli Dram Teatrınin dəstəyi ilə atçılıq öyrənən səliqəli gənc şəhər qızlarını at belində lentə alaraq "əsl amazon səhnələri yaratmağa" səy göstərən Tatyana Borşun amazonların vəhşi, ram edilməz, amansız süvari döyüşçü qadınlar olduqlarından xəbərsizliyi üzə çıxır. Eleqantlıq hara, vəhşi cəngavərlər hara?

Müəlliflik haqlarıma hörmətsizlik olan bu çəkiliş barədə ilk sual verdiyim adam vaxtilə mənə Berlinə zəng etmiş Şahin bəy oldu. Qəribədir ki, o, mənə cavabında Heydər Əliyev Fondunun işçisi olmadığını və bu məsələdə heç bir məsuliyyət daşımadığını dedi.

Əlbəttə, amazonlar mövzusu dünya mədəniyyətində, incəsənətində, heykəltəraşlığında ən çox işlənən bir mövzudur və bu mövzuda yetəri qədər antik mənbələr var. Bu haqda yazmağa, onu araşdırmağa, hətta film çəkməyə hamının tam ixtiyarı var. Buna görə nə rejissoru, nə xanım Borşu, nə də Mübariz müəllimi haqq-ədalət divanına çəkməyə haqqım yoxdur. Lakin amazonları ilk dəfə Azərbaycan tarixi ilə kim bu qədər yaxından bağlayıb və araşdırıb? Qobustandakı Ana Zağa mağarasının ilk amazon mağarası olması ehtimalını kim irəli sürüb? Plovdağ II-dən aşkar edilən döyüşçü qadın qəbrinin dünyanın ən qədim döyüşçü qadını olduğu faktını kim ilk dəfə ortaya çıxarıb? Təbərzin baltasının əsl Amazon baltası olmasını dünyada ilk dəfə olaraq Qafqazda, hətta onun düzəlmiş olduğu qəliblərin vətənimizdə ortaya çıxdığını kim yazıb?

Sarıbaş kəndində Amazon izlərini, Xınalığın dəniz səviyyəsindən 2 min metr yüksəkdəki dağlarında "Qarı otağı" mağarasını kim aşkar edib? Azərbaycanda olan Qız qalalarının tarixini amazonların bizə birbaşa irsi və ənənəsi olaraq kim araşdırıb və tədqiq edib? Və nəhayət Qafqaz amazonları haqqında dünya elmində ilk dəfə olaraq kim doktorluq işi dissertasiyası və monoqrafiya yazır?

Ana doğduğu, hətta bir neçə gün də olsa əmizdirdiyi körpəsini itirsə belə, onu 20-30 ildən sonra yüz insanın içində görəndə dərhal tanıdığı kimi, tədqiqatçı yazar da hər kəşfini, hər cümləsini, hətta hər sözünü belə nə qədər boyansa, dəyişdirilsə də, min ifadənin içərisindən görüb tanıya bilir. Avropa qanunları ilə qorunan müəllif hüquqlarımın pozulmasına görə Almaniyada yüz minlərlə avro cəza tətbiq edilə bilər. Doğrusu, filmə baxmadan öncə öz müəlliflik haqlarımı tələb edəcəyimə və lazımı elmi və hüquqi addımlar atacağıma qərar vermişdim. Lakin filmi seyr etdikdən sonra belə bir bəsit filmdə iştirak etmədiyim üçün sevindim və hətta ürəyimdə "sevimli" redaktoruma təşəkkür elədim. Həqiqətən də əgər bu film elmi səviyyəsi, sənədli film standartlarına uyğunluğu cəhətdən qiymətləndirilsə, uzağı, postsovet filmlərindən biri kimi dəyərləndirilər. Digər tərəfdən isə Avropanın müxtəlif televiziya kanallarından bu mövzuda filmin çəkilişi barədə aldığım təkliflər məsələni başqa müstəviyə daşıyır. Bu layihədə iştirak etmək istəyən bəzi tarixçilərdən də rəsmi müraciətlər almışam.

Təbii ki, amazonlar heç zaman zəif və aciz rəqiblərin üstünə getməzdilər. Özümü onların əsl varisi hesab etdiyimə görə bu dəfə də inadkar və çılğın atımın cilovunu möhkəmcə çəkib ağzını daşa-kəsəyə, qaranlıq yollara deyil, işıqlı və sonunu bildiyim, gördüyüm, amma kəsə də olmayan bir yoxuşa döndərərək cilovunu yavaşca boşaldıram...

 

Nuridə ATƏŞİ 

Ayna.- 2012.- 11 yanvar.- S.20.