Sadəliyin
anatomiyası
İzzət
Rüstəmov 80 yaşını qeyd edir
Filosof İzzət Rüstəmov 80 yaşını qeyd edir. Onu görkəmli alim, fəlsəfədə yorulmaz tədqiqatçı kimi tanıyırıq. Yəni bu 80 ili dolğun yaşayıb, elmdə böyük işlər görüb. Öncə bunu söyləmək istəyirik. İzzət müəllimin indiyəcən xeyli sayda dəyərli kitabları işıq üzü görmüşdür. "Həsən bəy Zərdabi (Dünyagörüşü)" (1969), "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti" (1992), "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri" (2001), "Əslimiz-nəslimiz (tarixi-sosioloji etüdlər)" (2006) monoqrafiyaları, "Çernışevski və Azərbaycanda ictimai fikir" (akad. F.Köçərli ilə müştərək) "Abbasqulu ağa Bakıxanov", "Mirzə Fətəli Axundov", "Müasir təbiətşünaslığa konseptual yanaşma", "Həsən bəy Zərdabi ilə əlaqədar bir sıra dünyagörüşü məsələləri", "XX əsr Azərbaycan romantizminin fəlsəfəsi", "Həsən bəy Zərdabi görkəmli mütəfəkkir və publisist kimi" və digər kitablarını xatırlatmaq kifayətdir.
İzzət Rüstəmov eləcə də məhsuldar bir tərcüməçidir. "Qısa estetika lüğəti" (A.Aslanovla müştərək), "A.V.Anikinin "Elmin gələcəyi (Marksaqədərki iqtisadi mütəfəkkirlərin həyatı və ideyaları)", Z.T.Qolenkova, M.M.Akuliç və V.N.Kuznetsovun "Ümumi sosiologiya" əsərləri məhz onun tərcüməsində Azərbaycan dilində işıq üzü görmüşdür.
Bu kitablar İzzət Rüstəmovun "rəsmi" tərcümeyi-halının yalnız bir hissəsidir. Bu illərdə 20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir. Bu zəhməti də fəlsəfəyə bir başqa töhfə kimi qiymətləndirilməlidir.
...İzzət Əşrəf oğlu
Rüstəmov 1932-ci il fevralın 15-də
Gədəbəyin dağlıq Şınıx
mahalının Düz-Rəsullu kəndində dünyaya göz
açıb, orta məktəbi Çay-Rəsullu
kəndində bitirib. BDU məzunudur. Universiteti
yüksək qiymətlərlə bitirdiyinə görə aspiranturada saxlanılıb. 1961-ci ildə
"Həsən bəy Zərdabinin ictimai-siyasi
və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda
təbii-elmi biliyin inkişafının fəlsəfi
problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq işini
müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb.
1984-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında fəlsəfə kafedrasının
müdiri, 1987-1988-ci illərdə
Azərbaycan KP yanında
Partiya Tarixi İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1994-1999-cu
illərdə baş nazirin müavini,
1999-2004-cü illərdə BDU beynəlxalq əlaqələr
üzrə prorektoru vəzifəsində işləyib.
2004-cü
ildən bu yana BDU "Sosiologiya"
kafedrasının müdiri
vəzifəsində çalışır.
1991-ci ildə Akademik S.İ.Vavilov adına medalla, 2007-ci ildə "Qabaqcıl təhsil işçisi" döş
nişanı ilə,
2009-cu ildə "Şöhrət"
ordeni ilə təltif olunmuşdur.
Görkəmli
alimin şəxsi həyatında gördüyüm elə
keyfiyyət və cəhətlər var ki, onlar, necə deyərlər,
"rəsmiləşməyib". Mən bu cəhətlərə
onun çalışqanlığını, diqqətcilliyini,
obyektivliyini, sadəliyini, təvazökarlığını
aid edərdim. Əminliklə onu da vurğulaya bilərəm
ki, onda bu keyfiyyətlərdən ən başlıcası sadəlikdir.
Sadəlik. Bu, yəqin ki, İzzət Rüstəmovun təbiətindən
irəli gələn bir məsələdir. Axı insana
bu keyfiyyət hansısa bir universitetdə tədris edilib öyrədilmir.
Bunu başqalarının nümunəsində
öyrənib əxz etmək də ağlabatan məsələ
deyildir. Sadəlik insana
anadangəlmə xas olan əxlaqi keyfiyyətdir. Bir növ onun da
öz anatomiyası
var. Biz həyatda adamlar
görmüşük ki,
sadəliyi az
qala rol kimi ifa etməyə,
"oynamağa" çalışır,
amma həyatın, ömrün hansısa məqamında bu saxtakarlıq üzə çıxır. Çünki daxildən gəlməyən
sadəliyi imitasiya etmək qeyri-mümkündür.
Amma ruhdan, candan gələn sadəlik, təvazökarlıq insanın
daimi yol yoldaşı olur.
Mürəkkəb bir zamanda yaşayırıq. Adamlar vəzifə
pillələri ilə
sürətlə enir
və qalxır.
Bu, təbii, qanunauyğun
bir haldır. Amma baş verməkdə
olan bu təbii
hadisələrin içində
biz bir çox hallarda qeyri-təbiiliklərlə
də üzləşirik;
belə ki, bir çoxları vəzifə iyerarxiyasının
müəyyən bir pilləsinə yüksələrkən,
necə deyərlər,
onların çini yüksələrkən, az qala tamam
başqa bir dona girir, başqa
ədalarla yaşayır.
Bu cür metamorfoza
bütün hallarda etik cəhətdən ikrah, estetik cəhətdən isə acı gülüş doğurur. İzzət Rüstəmov vəzifə
olimpinin yüksək qatlarında fəaliyyət
göstərmiş bir
adamdır. Amma o, bütün
hallarda, hansı vəzifədə işləməsindən
asılı olmayaraq, öz təvazökarlığını,
sadəliyini qoruyub saxlamışdır.
Adamlarla tez ünsiyyətə girir, öz imkanları çərçivəsində
onlara dəstək olmağa çalışır,
dəyərli məsləhətlər
verir. Əsl müəllim və
ziyalıdır. Lokal mühitdən
- auditoriyadan başlayan
dərslərini qlobal
müstəvidə - ekran
və efirdə davam etdirir. Elmi, əxlaqi, mənəvi dəyərlərimizi təbliğ
etməkdən yorulmur.
İnsanlarla ünsiyyətdən zövq alır. Ömrün bu müdrik çağında belə,
öyrənir və öyrədir.
Vətənpərvər bir ziyalıdır və o, öz övladlarını da bu ruhda böyüdüb
tərbiyə etmişdir. Oğlu
Məzahir Rüstəmov
torpaqlarımızın bütövlüyü
uğrunda şəhid
olmuş, Milli Qəhrəman adına
layiq görülmüşdür.
İzzət bəyin indi 80 yaşı tamam olur. Ömrün bu müdrik
çağında gümrahdır,
hətta deyərdim ki, gəncdir. Daim idmanla məşğul olur, gəzintiyə çıxır. Demək olar,
bütün məzuniyyətlərini
doğma kəndində
keçirir. El şənliklərində
qol götürüb gənclərə nümunə
ola biləcək
oyun havaları nümayiş etdirməyi də var İzzət
müəllimin. Bu görkəmli
ziyalımız haqda düşünərkən istər-istəməz
bir el məsəlini xatırlamalı olursan: bu adam uşaqla uşaq, böyüklə böyükdür.
Onu yumşaq,
komfort maşınların
kabinələrində görmək
müşkül məsələdir;
həmişə ictimai
nəqliyyatdan istifadə
edir. Mən onu tez-tez
metro qatarlarında və
sərnişin avtobuslarında
görürəm. Bu, həm də onun sadə adamlarla ünsiyyət tələbatından irəli
gəlir. Bir daha vurğulamaq istəyirəm ki, maraqlı, məhsuldar bir ömür yaşamış İzzət
Rüstəmov öz ömür yolu ilə çoxlarına örnək ola
bilər. Mən hörmətli yubilyarımızı
ürəkdən təbrik
edirəm.
Firuz MUSTAFA
Ayna.- 2012.- 11 fevral.- S.19.