GAMAC sədri Qulamrza Səbri Təbrizi:
"Bizim
bir millət olaraq buna haqqımız
var!"
Güney Azərbaycanın müstəqilliyi
uğrunda
mücadilənin yeni mərhələsi
başlanır
Yanvarın
7-8-də Almaniyanın Köln şəhərinin "Youth
Hostel" (Gənclər Evi) binasında Güney Azərbaycan
Milli Azadlıq Cəbhəsinin (GAMAC) 2-ci qurultayı
keçirildi. Qurultayda Amerika və Avropanın əksər
dövlətlərindən Güney Azərbaycanın
azadlığı uğrunda mübarizə aparan təşkilatları
təmsil edən 70 təşkilatdan və toplam 200 nəfərlik
nümayəndə qatılmışdı. Dr. Qulamrza Səbri
Təbrizi, Əhməd Obalı, Maşallah Rəzmi, Behruz Həqqi,
Sadiq İsabəyli, dr. Əyyub Qaneyi, Nadir Tarək, Əhməd
Əlizadə, Fəraməz Quluzadə, dr. Araz Süleymani,
Araz Muğanlı, Səttar İslami, Əli Məhəmmədidən
ibarət 13 nəfərlik GAMAC İdarə Heyəti
seçildi.
İndi
Güney Azərbaycanla bağlı çoxlu sayda təşkilatlar
yaranmışdır. GAMAC həmin qurumlardan nə ilə fərqlənir?
Biz GAMAC sədri dr. Qulamrza Səbri Təbrizidən qurultay təəssüratlarını
qəzetimizlə bölüşməsini istədik. GAMAC sədri
dedi:
-
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi öz
sıralarında Güney Azərbaycan uğrunda mübarizə
aparan bütün təşkilatları və fərdləri
birləşdirmək üçün yaranmışdır.
2007-ci ildən indiyə kimi bizim fəaliyyətlərimiz
Güney Azərbaycanda, eləcə də bütün Avropa
dövlətlərində çox böyük hərarətlə
qarşılanmışdır. Məhz GAMAC-ın təşəbbüsləri
sayəsində tarixdə ilk dəfə olaraq, Güney Azərbaycanla
bağlı problemlər BMT-nin diqqət mərkəzində
yer almağa başlamışdır. Biz hər hansı bir
iqrçiliyə qarşıyıq.
GAMAC
bir təşkilat olaraq, İran adlı ərazidə Loristan,
Bəlucistan, Xuzistan, Xorasan uğrunda başlanılan və
digər xalqların milli hərəkatlarını da fəal
şəkildə müdafiə edir. 1925-ci ildən sonra
paniranizm və panfarsizm siyasəti bütün xalqların
varlığını inkar üzərində qurulmuşdur.
Bu proses 1978-ci il 23 Bəhmən İnqilabından sonra daha da sərt
xarakter almışdır. Xalqların öz ana dilində təhsil
almaq, milli və mədəni təsisatlarını qurmaq
hüquqları din pərdəsi altında tamamilə yasaq
edilmişdir.
Bu gün milli hüquqlarını tələb edən, ana dilində təhsil almaq istəyənə Tehran rejimi ən azından 8 il həbs cəzası verir. Təbrizdəki həbsxanalarda 200 nəfərdən çox soydaşımız elə bu səbəbdən işgəncələr altında saxlanır. Urmu, Sulduz, Xoy, Zunuz, Soyuqbulaq, Savə, Həmədan, Zəngan, Ərdəbil, Meşkin, Əhər, Mərənd, Qəzvin, Məşhəd, Sayınqala, Culfa, Kərəc, Ələmdar və digər şəhərlərimizdə yüzlərcə milli fəalımız məhbəslərə atılmışlar. Bu insanlar heç zaman nə islam dini, nə də digər xalqların əleyhində olmamışlar, heç silahlı üsyanlara çağırışlara da qatılmamışlar. Onların bircə məqsədi öz milli hüquqlarını tələb etmələri olmuşdur.
GAMAC bir təşkilat olaraq, məhz bu milli iradəni müdafiə edir. Ötən müddət ərzində bizim çoxsaylı tədbirlərimiz, beynəlxalq təşkilatlarla səmərəli görüşlərimizin nəticəsində Güney Azərbaycan uğrunda mübarizə aparan digər qurumların da maraqlarına səbəb olmuşdur. Bizim təşkilatda lider anlayışı yoxdur. Bizim fikrimizcə, Güney Azərbaycanın bir lideri var, o da xalqın özüdür. 21 Azər Hərəkatı, onun bir zamanlar qurmuş olduğu Milli Hökumətin prinsiplərini biz xalqımızın tarixində mövcud olan ən layiqli bir örnək olaraq qəbul edirik. Əksər milli təşkilatlarımız da 21 Azər Hərəkatını və onun prinsiplərini müdafiə edirlər.
- Orta
Şərq dövlətlərində baş
vermiş son bir ilin hadisələri Güney Azərbaycandakı proseslərə təkan
verə bilərmi?
- Biz xalqımızın öz coğrafi sərhədləri daxilində milli hüquqlarımızı tələb etməklə yanaşı, həm də Güney Azərbaycanın milli istiqlalı, özünün müstəqil dövlətini qurması uğrunda mübarizə aparırıq. Güney Azərbaycan torpaqları neft, qaz, uran, filiz, mis, molibden, sink və digər yataqları ilə zəngin olan bir ərazidir. İranın buğda, dənli bitki, bostan və meyvə ehtiyatlarının 80 faizi Güney Azərbaycanın hesabına başa gəlir. Ancaq 1925-ci ildən Türk Qacar xanədanlığını devirən və hakimiyyəti ələ alan pəhləvilər rejimi antitürk siyasəti aparan beynəlxalq qüvvələrin dəstəyilə Güney Azərbaycanın milli varlığını inkar etməklə yanaşı, bizim təbii sərvətlərimizi də talan etməklə, farsların çoxluqda yaşadığı Şiraz, İsfahan, Mazandaran, Yəzd və digər şəhərlərin çiçəklənməsinə, oralarda sənaye və iqtisadiyyatın güclənməsinə yönəltmişlər.
İranda farsların yaşadıqları ərazilərdə hər min nəfərdən 300 nəfəri yüksək ixtisaslı mütəxəssislər olmaqla yanaşı, həm də böyük məbləğdə maaşla təmin olunmuşlar. Bunun üçün onlara hər şərait yaradılmışdır. Belə imkanlar isə Güney Azərbaycanda yoxdur.
Farsların çoxluqda
yaşadıqları ərazilərdə əhalinin yoxsul təbəqəsi anlayışı belə
yoxdur. Burada yoxsul təbəqəyə malik
insanlar ölkənin digər bölgələrindən
ağır sosial-iqtisadi məhrumiyyətlərə
və bir tikə çörəyə
görə gələnlərdir. Bu estafet indi də mollakratiya
rejimi tərəfindən
34 ildir davam etdirilir. Həm pəhləvilər,
həm də molla hakimiyyətinin əsas məqsədi fars olmayan
bütün toplumların
assimilyasiya olunmasıdır.
Onların yürütdüyü siyasətin mahiyyəti budur. Belə bir milli zülm və istibdadın bir sonu olmalıdır.
GAMAC bir milli təşkilat olaraq, bütün bunları dərindən təhlil edir və addımlarını
atır. Biz Güneylə
bağlı sosial, ictimai, iqtisadi və siyasi prosesləri təhlil edərək hərəkət
edirik. Faktik olaraq, Güneydə
baş verən proseslərdə milli fəallarımızı müdafiə
etməklə, insan haqları uğrunda mübarizənin inkişafına
dəstək olmaqla Milli Hərəkatımızın
genişlənməsinə çalışırıq.
- GAMAC-ın qurultayında hansı qərarlar qəbul olundu?
- Bizim son qurultayımızda
həbsdə olan milli fəallarımızın
və siyasi məhbusların hüquqlarının
beynəlxalq səviyyədə
müdafiə olunması,
Urmu gölünün
qurudulması yönündə
baş vermiş qlobal ekoloji böhranın dərhal həll edilməsi və Güney Azərbaycanda baş verən siyasi proseslərlə bağlı
qərarlar qəbul edilmişdir. İndi biz bu qərarlarımızın
gerçəkləşməsi üçün beynəlxalq
səviyyədə hərəkətə
keçməyi planlaşdırmışıq.
Bu gün Azərbaycan
türklərinin milli
qiyamından qorxan İran rejimi bu etirazları əngəlləmək və
Milli Hərəkatın
yüksəlişinin qarşısını
almaq üçün
hər növ tədbirləri tətbiq edir. Bölgənin bütün şəhərlərində
elan olunmamış fövqəladə hərbi
vəziyyət hökm
sürməkdədir. Bütün tədbirlər - dinc aksiyalar, toplantılar, hətta qonaqlıqlar belə yasaqlanmış, siyasi-milli təşkilatların
fəaliyyətləri yasaq
olunmuş, sivil və mədəni təşkilatların fəaliyyəti
qeyri-qanuni elan edilmişdir. Güney Azərbaycanın
milli, müstəqil qəzet və dərgilərinin nəşri
durdurulmuş, onların
baş yazarları tutuqlanmış və ya sürgün edilmişlər.
İctimai və sosial şəbəkələrdə insanların əlaqələri
nəzarət altında
saxlanılmaqla internet üzərinə
də senzura tətbiq olunmuş və peyk antenalarla
yayımlanan telekanallardan
yararlanmaq suç sayılır. Bütün bunlarla yanaşı, fars irqçi
rejiminin təxribatçı
siyasətinin nəticəsi
kimi Güney Azərbaycanın ekoloji məkanı da beləcə məhv edilməkdədir. Güney Azərbaycanın
əzəli sakinlərini
öz torpaqlarından
perikdirmək üçün
Urmu gölünün
məqsədyönlü olaraq
qurudulması buna əyani sübutdur.
Güney
Azərbaycanda əsaslı
iqtisadi sərmayə yatırılmadığından ali və
orta təhsilli gənclər ölkəni
tərk etmək məcburiyyətində qalırlar.
GAMAC bütün siyasi
məhbusların hüquqlarını
müdafiə edir, onların ailələrinin
yanında olduğunu bəyan edir və həbsdə olan bütün milli fəalların, o cümlədən Güney
Azərbaycan Türk Millətinin milli haqlarının müdafiəçisi
Səid Mətinpurun tezliklə qeydsiz-şərtsiz
azadlığa buraxılmasını
tələb edir. Biz bütün mütərəqqi
təşkilatlardan, insan
haqlarını müdafiə
edən beynəlxalq qurumlardan və insansevər dünya şöhrətli insanlardan
istəyirik ki, onlar Azərbaycan milli fəallarının tezliklə azadlığa buraxılmaları üçün
öz səylərini
artırsınlar və
İran İslam Cümhuriyyətini insan haqlarını kobud surətdə pozduğu üçün məhkum
etsinlər.
- Son aylarda beynəlxalq səviyyədə
İran rejiminə qarşı sərt təpkilər göstərilir,
bir sıra embarqolar qoyulmuşdur. GAMAC bu durumu
necə qiymətləndirir?
- İran rejiminə
qarşı dünyanın
sülhsevər və
demokratik güc mərkəzlərinin başlatmış
olduğu təzyiqlər
regionla bağlı acı gerçəyi əks etdirir. Hakim klerikal rejim özünü "məzlum
xalqların müdafiəçisi"
kimi təqdim etməyə çalışır.
Bu necə tərəqqipərvər
dövlət və rejimdir ki, öz
daxilində türk, lor, gilək, türkmən, ərəb,
kürd, bəluc və digər xalqların milli, sosial, iqtisadi, hüquqi azadlıqlarını
34 ildir boğmaqla məşğuldur? Din pərdəsi
altında "paniranizm"
və "panfarsizm"
siyasəti yürüdür,
bütün xalqların
milli və mədəni varlığını
inkar edir? Belə bir rejimin digər
dövlətlərə və
xalqlara örnək olması gülünc görünür.
İranda hakim olan rejim ölkə
daxilində xalqlar həbsxanasını silah
və ideoloji təlimlərin gücü
ilə qorumağa ümid edir. Bütün bunlar
azmış kimi, digər dövlətlərin
daxili işlərinə
müdaxilə etməklə,
dünyaya meydan oxumaqla, regiondakı prosesləri daha da ağırlaşdırmaqdadır.
Rejimin əsas məqsədi ölkədaxili problemləri
bir kənara qoyaraq, cəmiyyətin diqqətini xarici faktorlara bağlamaqla vaxt qazanmaqdır. Tarixdə bütün diktator və totalitar rejimlər bu klassik avantüradan yararlanmaq istəmişlər.
1978-1988-ci illərdə baş
vermiş İran-İraq
savaşının tarixi
buna örnək ola bilər.
O dönəmdə inqilab
yolu ilə hakimiyyətə gələn
indiki mollakratlar milyonlarla insanı ölkədəki ağır
iqtisadi, siyasi və sosial problemlərdən yayındırmaq
üçün düz
on il davam
edən müharibə
apardı. Bu cinayətkar
rejim müharibəyə
hətta 10-12 yaşlı
uşaqları belə
cəlb etmişdi.
İranın indiki rejimi Əfqanıstan, Pakistan, Azərbaycan,
İraq, Suriya, Türkiyə, Fələstin,
Bəhreyn, Küveyt, Livan, Tacikistan, Hindistan və digər dövlətlərdə
radikal dini qruplar yaratmaqla onları maliyyələşdirməklə
məşğuldur. Tehran rejimi 34 ildir bu kimi gizli
qurumları dəstəkləməklə
beynəlxalq səviyyədə
terrorizmi dəstəkləyən
bir rejim olduğunu çoxdan təsdiq etmişdir.
İndi dünya siyasətində qlobal baxışların əsas qayəsi bu rejimlərin tarix səhnəsindən silinməsini bir şərt olaraq görür. Misir, Tunis, Əlcəzair, Liviya, Suriya, Sudan, Yəmən və digər dövlətlərdə baş verən inqilablar sadəcə sosial xarakter daşımamışdır. İndi həmin ölkələrdə iqtidara gələn güclərin siyasi doktrinası demokratiya və sosial ədalət prinsipini özündə ehtiva edir. İran rejimi bu həqiqətləri dərk etsə də, onların geriyə yolu qalmamışdır.
- GAMAC-ın bir təşkilat olaraq nüfuzunun artması və fəaliyyətinin
belə bir məqamda güclənməsi İran rejimini deyəsən
narahat etməkdədir.
- Bəs necə?! Güney Azərbaycanın, onun paytaxtı Təbrizin inqilablar məskəni olmasını Tehranda çox yaxşı anlayırlar. Bir tərəfdən də İran adlanan ölkədəki siyasi rejim bütün sahələrdə ciddi böhranla üz-üzə qalmışdır. Bu böhranlar onu daxili və xarici siyasətində də çıxılmaz bir duruma salıb. Hakimiyyətdaxili çəkişmələr artıq hakimiyyət dairələrini zəif və cəmiyyət daxilində etibarsız duruma düşürüb. İstər içəridəki kütləvi etirazlar, istərsə də xaricdən ola biləcək hərbi müdaxilə qorxusu hakimiyyətdaxili bu çəkişmələri daha da artırıb.
Biz belə bir həssas məqamda qurultayımızı keçirməklə, bütün milli qüvvələrimizi səfərbər etməyi əsas strateji hədəf olaraq görürük. GAMAC-ın qəbul etdiyi nizamnamə və bəyanatların müddəaları Tehran rejimini qorxuya salmışdır. Çünki biz şəffaf şəkildə fəaliyyət göstəririk. Ona görə də sıralarımız genişlənməkdə, bizə dəstək verən ictimai təşkilatların, beynəlxalq birliyin gücü artmaqdadır. GAMAC-ın başlatdığı bu mübarizəni İranın digər xalqları da müdafiə edirlər. Çünki biz həmin xalqlara məxsus özgür haqlarını tanıyan ilk qərarımızı indidən elan etmişik.
GAMAC-ın bir təşkilat olaraq həm Güney Azərbaycanda, həm də dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi yönündə apardığımız mücadilənin durumu bizi qəne edir. Çünki Güney Azərbaycanda öncələr baş vermiş milli mübarizənin tarixi ənənələrinə köklənməklə biz xalqımızın dünyanın digər sülhsevər xalqları kimi müstəqil bir dövlət halında yaşamağını önəmli hesab edirik. Milli şairimiz ustad Şəhriyar bir zamanlar haqlı olaraq demişdi:
Ey İran qəsrini əlilə tikən,
İrandan həmişə bəlalar görən...
Güney Azərbaycan paniranizm və panfarsizm
ideologiyasının buxovundan ancaq öz dövlət
müstəqilliyinə nail olmaqla xilas ola
bilər.
Ənvər Yusifoğlu
Ayna.- 2012.- 11 fevral.- S.6.