Azərbaycan - NATO əməkdaşlığı: hədəflər bəlli oldu

 

Brüssel görüşündə mühüm bəyanatlar verildi

 

Bəlli olduğu kimi, fevralın 15-də Belçika Krallığında işgüzar səfərdə olan prezident İlham Əliyev NATO baş katibi Anders Foq Rasmussenlə görüşüb. Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə prezident İ.Əliyevi təbrik edib. NATO Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının təsdiq olunmasını Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli sayan baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə minnətdarlığını çatdırıb. O, Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycan inteqrasiyanı davam etdirəcək

 

Prezident Əliyev qeyd edib ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaq. Azərbaycanın Avroatlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib. Dövlət başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Əliyev bildirib ki, Azərbaycan Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsində NATO-ya yardım göstərəcək. "Bakı Əfqanıstan milli ordusunun maliyyələşdirilməsi üçün yaradılmış fondun işinin təşkilində iştirak etmək niyyətindədir". Prezident həmçinin alyans rəhbərliyini Azərbaycanın Əfqanıstan məsələsində NATO ilə əməkdaşlığı davam etdirəcəyinə əmin edib.

Prezident bu əməkdaşlığın konkret istiqamətləri sırasında bölgəyə Azərbaycan hərbçilərinin göndərilməsini, İSAF qüvvələri üçün yüklərin daşınmasında öz hava məkanından istifadəyə icazə verilməsini, Əfqanıstan üçün kadrların, əsasən diplomatların hazırlanmasını qeyd edib. Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirib.

NATO baş katibi Anders Foq Rasmussen öz növbəsində qeyd edib ki, NATO Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirir.

 

Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılır

 

"NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi var. Bu, uğurlardan ibarət tarixdir". Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi görüşdən sonra alyansın Brüsseldəki mənzil-qərargahında media mənsubları qarşısında verilən birgə bəyanatda deyib:

"1990-cı illərin əvvəllərindən Azərbaycan Avroatlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərə çarpan irəliləyişi əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri var. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olubonlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrəniblər".

Prezident Əliyev NATO baş katibi ilə regional təhlükəsizlik məsələləri, özəlliklə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə etdiklərini bildirib:

"Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdimbir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək.

Bunun üçün yaxşı hüquqi əsas var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcək".

Azərbaycan dövlət başçısı müzakirələrin müəyyən hissəsinin enerji təhlükəsizliyinə həsr olunduğunu qeyd edib. "Bu, bütün ölkələrin - həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcək. Avropadakı istehlakçılarımız həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir", - deyə prezident əlavə edib.

NATO baş katibinə etdiyi dəvətə görə minnətdarlığını bildirən prezident Əliyev NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf edəcəyinə, qarşılıqlı maraqlaraortaq dəyərlərə əsaslanacağına ümidvar olduğunu bəyan edib.

 

NATO Azərbaycana Əfqanıstanla bağlı təkliflər verib

 

İlham Əliyev bildirib ki, Azərbaycan Əfqanıstana yüklərin daşınması sahəsində əməkdaşlığı genişləndirməyə dair NATO-nun yeni təkliflərini nəzərdən keçirir:

"Əfqanıstana yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyəti artır. Bu gün keçirdiyimiz görüşdə biz bu sahədə aktivliyi artırmaq məsələsini müzakirə etdik. Biz bu məsələdə əməkdaşlığı genişləndirməyə dair yeni təklifləri nəzərdən keçirməyə hazırıq".

NATO-nun baş katibi isə hərbi alyansa məxsus yüklərin Əfqanıstana daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətli rol oynadığını qeyd edib.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri hesab edir ki, Brüsseldə keçirilmiş son danışıqlar son illərdə Azərbaycanla NATO arasında keçirilmiş danışıqlar içərisində ən mühüm hesab edilə bilər. Bu danışıqlar format etibarilə Azərbaycan - NATO Şurası formatına yaxın idibu da ümid verir ki, yaxın gələcəkdə oxşar formatın yaradılması mümkün olsun.

 

İlkin dəyərləndirmələr necədir?

 

"Doktrina" ekspertləri NATO-nun mənzil-qərargahında keçirilən danışıqlarda əsas etibarilə bir neçə məqamı qeyd edirlər:

- birincisi, Əfqanıstanın sabitliyi və Azərbaycanın bu prosesdə iştirakı. Əfqanıstanda sabitləşdirmə prosesinin gələcəyi ilə bağlı Azərbaycan dövlət başçısının bəyanatı çox mühüm oldu. Yəni Azərbaycan Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına töhfəsini artıracaq və eyni zamanda Bakı əfqan milli qüvvələrinin hazırlığına maliyyə dəstəyi verəcək. NATO baş katibi mətbuat brifinqində bunu xüsusi qeyd etdibildirdi ki, Azərbaycanın maliyyə təklifi etməsi alyans üçün çox vacibdir. Gözlənti ondan ibarətdir ki, yaxın günlərdə Əfqanıstan probleminə dair Azərbaycan - NATO əməkdaşlığı çərçivəsində yeni məsləhətləşmə formatı yaradılacaq və eyni zamanda Bakı bu istiqamətdə Etimad Fonduna böyük məbləğdə vəsaitlər yatırmağa başlayacaq.

- ikincisi, Azərbaycan öz ərazisi üzərindən Əfqanıstanda sabitləşdirmə üçün daşımaların artırılması istiqamətində NATO-ya dəstəyini artıra bilər. İlham Əliyev bildirdi ki, bu kontekstdə ona təkliflər edilib və dəyərləndirmələr aparılır. Əldə olan məlumatlara görə, NATO Azərbaycandan təkcə humanitar daşımalara deyil, eyni zamanda hərbi daşımalara da dəstək istəyib və rəsmi Bakının buna münasibəti ilkin olaraq müsbətdir. Amma məsləhətləşmələr davam edəcək və böyük ehtimalla Çikaqo sammitində artıq Bakının bu məsələyə münasibəti bəlli olacaq.

- üçüncüsü, Azərbaycanın NATO-nun enerji təhlükəsizliyi siyasətində iştirakı məsələsidir. Rəsmi Bakı bu kontekstdə NATO ilə əməkdaşlığa razılığını bildiribprezident Əliyevin səsləndirdiyi fikirlərdən bunu görmək olar. Doğrudan da bu gün Azərbaycanın Avropanın enerji təchizatında rolu mühüm hesab olunurİranla bağlı proseslərdən sonra bu əhəmiyyət daha da artıb. Eyni zamanda xatırladılmalıdır ki, 2011-ci ilin iyunundan etibarən Azərbaycan və ABŞ arasında Xəzər enerji layihələrinin mühafizəsi üzrə ABŞ-ın Azərbaycana təcrübi dəstəyinin göstərilməsi istiqamətində danışıqlar keçirilir və tərəflər aktiv şəkildə bu istiqamətdə əməkdaşlığa başlamaq niyyətlərini bəyan ediblər. Hesab etmək olar ki, bu proses Azərbaycan - NATO arasında sözügedən əməkdaşlığın tərkib hissəsinə çevrilə bilər.

- dördüncüsü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi. Əliyev proseslə bağlı NATO baş katibini məlumatlandırdığını bəyan etdi. Nəzərə alınmalıdır ki, ötən ilin sonlarında məhz münaqişə ilə bağlı Azərbaycanla NATO arasında əməkdaşlıqda problemlər yaranmışdı. Daha doğrusu, NATO-ya daxil olan iki həmsədr ölkə ABŞ və Fransanın rəsmi Bakının Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına dair alyansın vahid mövqe nümayiş etdirməsi tələbinə qarşı çıxdığına dair məlumatlar vardı. Əldə edilən bilgilərə görə, Əliyev bu kontekstdə narahatlığını NATO baş katibinə çatdırıb və alyansdan münaqişənin nizamlanmasına aktiv təsir göstərməsini istəyib. Əslində NATO-nun Qafqazdakı dondurulmuş münaqişələrin nizamlanması prosesinə müdaxilə etməsi bir çox ekspertlər tərəfindən vacib hesab edilir. Lakin təəssüf ki, alyans bu istiqamətdə daha çox Minsk Qrupunu dəstəklədiyini bəyan edir.

- beşincisi, Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarının tətbiq olunması ilə bağlıdır. NATO baş katibi tərəflərin 2011-ci ilin dekabrında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planını (İPAP) razılaşdırdığını bəyan etdibildirdi ki, əməkdaşlığı irəli aparmaq üçün gözəl imkanlar mövcuddur. Azərbaycan prezidentinin bu kontekstdə dediyi fikirlər diqqəti çəkir. Əliyev bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrində NATO standartlarını tətbiq etmək üçün çalışır. Hesab edilir ki, əgər bu bəyanat əsaslıdırsa, onda yaxın zamanlarda Azərbaycan Silahlı Qüvvələrində ciddi islahatlar müşahidə ediləcək. Bu doğrudan da çox mühüm bəyanatdır. Ən azı ona görə ki, 2008-ci ilin avqust hadisələrindən bəri Azərbaycanın dövlət başçısının dilindən belə arxayın bəyanat səsləndirilməmişdi.

- nəhayət, altıncısı, tərəflər bəyan etdilər ki, əməkdaşlığı davam etdirəcəklər. Bu, çox mühüm bəyanatdır və 2008-ci ilin avqustunda - Rusiya - Gürcüstan müharibəsindən sonra bu bəyanat tərəflər arasındakı yaxınlaşmanı göstərir. Bu ümid verir ki, yaxın gələcəkdə, NATO-nun Çikaqo sammitinə qədər və ondan sonra NATO ilə Azərbaycan arasında hərbi-siyasi və enerji sahəsində daha sıx əməkdaşlığın yaranması mümkün olsun.

 

Əməkdaşlıqda yeni mərhələ başlayır

 

"Doktrina" JHAM ekspertləri hesab edirlər ki, indiki dövrdə Rusiyadan Azərbaycanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər olmasa, eyni zamanda rəsmi Bakı bu təzyiqlər olacağı təqdirdə onlardan çəkinməsə, Azərbaycanın xarici hərbi siyasətində daha aydın, daha ciddi konturlar ortaya çıxa bilər. Əslində bu kimi konturlar Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğundur.

"Fevralın 15-də Brüsseldə səsləndirilmiş bəyanatlar Azərbaycan və NATO arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcına işarədir. Təhlillərə görə, may ayına qədər Azərbaycan və NATO arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən İPAP üzrə mühüm addımlar atılacaq", - deyə "Doktrina" mərkəzi ekspertləri bildirir.

 

C.Məmmədov   

 

Ayna.- 2012.- 18 fevral.- S.9.