Əli Səliminin "Ayrılıq"ları
və "Azərbaycandan salam"ları...
Onun "Ayrılıq" mahnısını dinləməyən, heç olmasa hərdənbir zümzümə etməyən bir azərbaycanli çətin ki, tapılsın. Sovet dönəmində xeyli müddət bu mahnının, eləcə də "Sizə salam gətirmişəm", "Təbrizim" kimi mahnıların bəstəkarının kim olduğu bəlli deyildi, ya gizli saxlanır, ya da anonim olduğu bildirilirdi. Səbəbi də yəqin ki, bəstəkarın "Arazın o tayından" olması idi.
Əli Səlimi 90 il bundan öncə, 1922-ci ildə Bakıda dünyaya gəlmiş və ilk təhsilini də burada almışdı. Anası Bakıdan, atası Ərdəbildən idi. Stalin repressiyası Səlimilər ailəsindən də yan ötmədi. İran təbəələri kimi bu ailə də 1938-ci ildə vətəndən-vətənə sürgün edildi. 16 yaşlı gəncin həyatında ömür boyu duyduğu bu acı daha sonralar nisgilli bir nəğməyə - "Ayrılıq"a çevrildi.
Hələ uşaq yaşlarından musiqiyə, özəlliklə xalq mahnılarına olan böyük həvəs onu bu ecazkar dünyaya bağladı. Hələ Əlinin 10 yaşı olanda tanınmış sənətkar Əhməd Bakıxanov onda xüsusi musiqi duyumunu görüb onunla məşğul olur. Musiqi məktəbini də Ə.Bakıxanovun sinfində bitirir. Görkəmli tarzən bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açır. Beləliklə, gənc Əli müxtəlif konsertlərdə iştirak edir. Sonralar Əli Səlimi özünün bir musiqiçi kimi ortaya çıxmasında Ə.Bakıxanovun qayğısını minnətdarlıqla xatırlayırdı.
Bakı ona musiqinin ilk qapısını açmışdısa, Təbriz onun bəstəkar kimi formalaşmasına bilavasitə təsir göstərmişdi.
Onun bəstələdiyi "Elim, günüm, şövkətim", "Ceyran sevgilim", "Səni görəndən bəri", "Açıl, səhər", "Fantaziya","Səməd xatirəsi", "Rəhilə", "Apardı sellər Saranı", "Vətən süitası", "Səkinə dayıqızı", "Köçəri", "Seçim", "Savalan" və s. kimi 30-a yaxın ruhu oxşayan mahnıları və filmlərə yazdığı musiqi Azərbaycan və İran sərhədlərini aşmışdı. Əli Səliminin bəstələdiyi mahnı sözlərinin əksəriyyətinin müəllifi Fərhad təxəllüsü ilə şeirlər yazan ərdəbilli şair Rəcəb İbrahimi idi.
Əli Səlimi heç zaman sevimli tarından ayrılmadı, öz üzərində çalışdı. Dünyanı bürüyən "soyuq müharibə" İrandan da yan keçməmişdi.
Amerikanın təsirilə İran da SSRİ-nin apardığı təbliğatın qarşılığı olaraq radio təbliğatını gücləndirdi. Azərbaycan türkcəsində verilişlər hazırlayıb Sovet Azərbaycanının əhalisinə təsir göstərmək istədi. Bu verilişlər, əlbəttə, musiqisiz keçinə bilməzdi. Ona görə də Əli Səliminin orkestr təşkil etməsinə, mahnılar yaratmasına, həmin mahnıları efirdə səsləndirməsinə şərait yarandı. Sovet Azərbaycanının əhalisinə təsir üçün yaradılmış orkestr və yazılan musiqilər sürətlə İranda da yayıldı. Bu mahnıları yalnız Azərbaycan türkləri deyil, İranda yaşayan başqa xalqlar da həvəslə dinləyib və öz məclislərində oxudular. Beləcə, 50-ci illərin əvvəllərində Əli Səlimi Tehran radiosunda işləyərkən ciddi maneə və çətinliklərə baxmayaraq, Azərbaycan musiqisini, xalq mahnılarını öz proqramına daxil edirdi.
Bir müddət "Radio İran"da çalışdıqdan sonra onu, Fatma Qənnadini (Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadinin gözəl səsi vardı, onlar birlikdə çalışırdılar) və b. yoldaşlarını da işdən çıxarırlar. Onlar toylarda və el şənliklərində çıxışlarıyla güzəran keçirir, işsizlik sorunlarını bu yolla birtəhər həll edirlər.
1978-ci ilin iyununda onu Təbrizdə yeni yaradılan radio-televiziya orkestrini qurmağa dəvət edirlər. Təbrizə yeni orkestr yaratmaq, gənc musiqiçilər yetişdirmək istəyi ilə gələn sənətkar "Rudəki" salonunda da orkestr qurur. Lakin bu o qədər də uzun sürmür. Ölkədə islam inqilabından sonra din xadimlərinin musiqini yasaq etməsi Əli Səlimini çətin vəziyyətə salır. Bütün bunlara rəğmən, ruhdan düşmür, uşaqlara yarıgizli musiqi təhsili verməklə fəaliyyətinə davam edir, bədii yaradıcılığından da qalmır. 1978-ci ildə ərdəbilli şair Valeh Mahmud Dəstpuşun şeirinə ona növbəti misilsiz uğur gətirən "Sizə salam gətirmişəm" mahnısını yazır.
1961-ci ildə Rəşid Behbudov İranda qastrolda olarkən "Ayrılıq" mahnısını böyük maraqla dinləyir. Sonra onu öz repertuarına daxil edib böyük ürək yanğısı ilə ifa edir. Bu məşhur mahnını Rəşid Behbudovdan başqa digər tanınmış sənətçilər, İranın kino ulduzu Ququş, Türkiyədə Zəki Müren, İrandan mühacirətə getmiş Yaqub Zurufçu, xalq artisti Gülağa Məmmədov və b. məharətlə səsləndirmişlər.
Şövkət Ələkbərova İrana qastrola gedəndə onun səsindən ilham alan Əli Səlimi Rəcəb İbrahimlə birgə "Şövkətə alqış" mahnısını yazdılar. Bu mahnını da ilk dəfə Fatma Qənnadi oxudu. Mahnı uzun zaman repertuardan düşmədi.
Şah dövründə ölkədə rəsmi yerlərdə fars dilindən başqa yerli dillərdə danışmaq yasaq olunduğu halda, Əli Səliminin mahnıları toylarda, məclislərdə, toplantılarda oxunub, böyük maraqla qarşılanırdı. Bu da ana dilinin unudulmamasına, bu dildə yeni əsərlər yaradılmasına şərait yaradırdı.
"Ayrılıq" mahnısına ikinci ömür bəxş edən və ona siyasi məna aşılayan Yaqub Zurufçu oldu. O dövrdə xaricdə yaşamağa məcbur olan Yaqub Zurufçu "Azadlıq" meydanında "Ayrılıq" mahnısını dizi üstə çöküb oxumuşdu. O illərdə Bakıda xalq toplantılarının mərkəzi məkanı olan "Azadlıq" meydanında dahi Üzeyir bəyin "Koroğlu" uvertürası bütün Quzeyi birliyə gətirdiyi kimi, "Ayrılıq" da o vaxtdan Azərbaycanın iki parçasını - Güneyi və Quzeyi mənən birləşdirmişdi.
Əli Səlimini populyarlaşdıran mahnılardan biri də "Sizə salam gətirmişəm"dir. Bu mahnını ilk dəfə Güneydə Fatma Qənnadi səsləndirib. Qırx ilə yaxın "Qaya" ansamblının repertuarında olub. Uzun müddət müəllifi bilinməyən və bəzən də bəstəkarın digər bəstələri kimi başqa müəllifin adına çıxılan "Sizə salam gətirmişəm" Ə.Səliminin Türkiyədəki yetirməsinin ifası və səyi nəticəsində müəllifini tapır. Xoş bir təsadüf nəticəsində Qars vilayətinin millət vəkili bu mahnı haqda öz təəssüratını Türkiyənin o vaxtkı prezidenti mərhum Turqut Ozala söylərkən, prezident bəhs olunan mahnını dinləmək istəmişdi. Mahnını eşitdikdən sonra isə ondan həzz aldığını və böyük qürur hissi keçirdiyini söyləmişdi. Türkiyə mətbuatı bu hadisəni geniş işıqlandırmış və ifaçı Cavad Çavuşi və prezident Turqut Ozalın birgə çəkilmiş şəkillərini vermişdi.
1997-ci ildə Ankarada Əli Səliminin 75 illiyinə həsr edilmiş toplantıda müəllifin tarda və bəstəkar Cavanşir Quliyevin royalda müşayiəti ilə Flora Kərimovanın ifasında "Ayrılıq" mahnısının yüksək peşəkarlıqla səslənməsi türk dünyasında silinməz iz qoydu.
Tehran radiosunda uzun muddət 15 dəqiqəlik Azərbaycan musiqisinin səsləndirilməsi onun səyi və fədakarlığı sayəsində baş tutmuşdu. O hələ sağlığında Güney Azərbaycanda öz məktəbini yarada bilmişdi. Bu gün Əli Səliminin Güney Azərbaycanda və İranın müxtəlif bölgələrində yaşayan yetirmələri Azərbaycan musiqisində milli ənənələrin yaşamasında böyük əmək və fədakarlıq göstərirlər. Yaradıcılığını öncə Tehranda, sonra isə Təbrizdə davam etdirən Əli Səlimi ömrünün son illərində Təbriz milli orkestrinin rəhbəri vəzifəsində çalışdı. Təzyiqlərə və yasaqlara baxmayaraq, Təbrizdə "Musiqi evi" yaradaraq Azərbaycan musiqisini təbliğ etdi, musiqiçilər hazırladı.
Əsərləri ilə xalqının qəlbində ölümsüzlük qazanan böyük bəstəkar 1999-cu ildə əbədiyyətə qovuşdu.
Pərvanə
MƏMMƏDLİ
Ayna.- 2012.- 18 fevral.- S.20.