Azərbaycan-NATO münasibətləri:
problemlər və gözləntilər
Vətəndaş cəmiyyəti təmsilçiləri
Bakının alyansla əməkdaşlığının vəziyyətinə
qiymət verirlər
"Ordunun
Aynası" çərçivəsində əsas diqqətdə
olan məsələlərdən biri də Azərbaycan-NATO
münasibətlərinə ictimai fəal insanların
münasibətidir. Bu kontekstdə əsasən QHT və KİV-də təmsil
olunan insanların fikirləri önəmli hesab olunur. Bu
sayımız üçün sualımız NATO baş
katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi
nümayəndəsi Ceyms Appaturayın fevralın 9-10-da Azərbaycana
səfəri və bunun ardınca Azərbaycan prezidenti
İlham Əliyevin fevralın 15-də NATO-nun Brüsseldəki
mənzil-qərargahına səfərinə istinad edərək
Azərbaycanın NATO ilə əməkdaşlıq
münasibətlərinin bu gününə və gələcəyinə
qiymət verilməsi idi.
Xatırladaq
ki, Bakıya səfəri zamanı jurnalistlərin
suallarını cavablandıran cənab Appaturay bildirmişdi
ki, Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Çikaqo
sammitinə dəvət olunub. Onun sözlərinə
görə, Azərbaycan prezidenti ilə görüşü
çox məhsuldar olub və tərəflər əməkdaşlığı
genişləndirmək niyyətlərini bir daha təsdiqləyiblər.
Görüşdə Əfqanıstana yüklərin
daşınmasında Azərbaycanın mühüm rolu qeyd
edilib.
Brüsseldə
isə NATO baş katibi Anders Foqh Rasmussen və Azərbaycan
prezidenti İlham Əliyev mühüm bəyanatlar səsləndiriblər. Azərbaycan-NATO tərəfdaşlığını
yüksək qiymətləndirən baş katib ölkəmizin
BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi
münasibətilə prezident İ.Əliyevi təbrik edib.
NATO Fərdi Tərəfdaşlığa dair Əməliyyat
Planının təsdiq olunmasını Azərbaycan-NATO əməkdaşlığının
genişləndirilməsi baxımından əhəmiyyətli
sayan baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində
Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal
iştirakına görə minnətdarlığını
çatdırıb. O, Azərbaycan-NATO əlaqələrinin
bundan sonra da genişlənəcəyinə əminliyini ifadə
edib.
Prezident
Əliyev isə qeyd edib ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsi
üçün bundan sonra da səylərini artıracaq. Azərbaycanın Avroatlantik
strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan
sonra da davam etdirəcəyini söyləyib. Dövlət başçısı Əfqanıstanda
həyata keçirilən sülhyaratma əməliyyatlarında
NATO ilə Azərbaycanın sıx əməkdaşlıq
etdiyini vurğulayıb. Əliyev bildirib
ki, Azərbaycan Əfqanıstanda təhlükəsizlik
qüvvələrinin maliyyələşdirilməsində
NATO-ya yardım göstərəcək. "Bakı
Əfqanıstan milli ordusunun maliyyələşdirilməsi
üçün yaradılmış fondun işinin təşkilində
iştirak etmək niyyətindədir". Prezident həmçinin alyans rəhbərliyini Azərbaycanın
Əfqanıstan məsələsində NATO ilə əməkdaşlığı
davam etdirəcəyinə əmin edib.
Prezident
bu əməkdaşlığın konkret istiqamətləri
sırasında bölgəyə Azərbaycan hərbçilərinin
göndərilməsini, İSAF qüvvələri
üçün yüklərin daşınmasında öz
hava məkanından istifadəyə icazə verilməsini, Əfqanıstan
üçün kadrların, əsasən diplomatların
hazırlanmasını qeyd edib. Azərbaycan ilə NATO
arasında etibarlı tərəfdaşlıq əlaqələrinin
bundan sonra genişlənəcəyinə əminliyini bildirib.
NATO baş katibi Anders Foq Rasmussen öz növbəsində
qeyd edib ki, NATO Azərbaycanın Əfqanıstandakı əməliyyatlara
verdiyi töhfəni yüksək qiymətləndirir.
"NATO
ilə Azərbaycan arasında münasibətlərin çox
yaxşı tarixi var.
Bu,
uğurlardan ibarət tarixdir". Azərbaycan prezidenti İlham Əliyev
NATO-nun baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi
görüşdən sonra alyansın Brüsseldəki mənzil-qərargahında
media mənsubları qarşısında verilən birgə bəyanatda
deyib:
"1990-cı
illərin əvvəllərindən Azərbaycan Avroatlantik
strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərə
çarpan irəliləyişi əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində
islahatlar aparırıq və mən çalışıram,
onları NATO standartlarına uyğunlaşdırım.
Buna görə də əməkdaşlığımızın
bu hissəsinin Silahlı Qüvvələrimizə çox
böyük təsiri var. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif
yerlərində aparılan əməliyyatlarındakı
iştirak hərbi qulluqçularımıza öz
bacarıqlarını artırmaqda yardımçı olub və
onlar NATO-dakı həmkarlarından bir çox məsələləri
öyrəniblər".
Prezident Əliyev
NATO baş katibi ilə regional təhlükəsizlik məsələləri,
özəlliklə də Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı
aparılan danışıqları müzakirə etdiklərini
bildirib:
"Mən
cənab baş katibi bu danışıqların
hazırkı durumu ilə tanış etdim və bir daha
ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə
mümkün qədər tez həll olunacaq və Azərbaycanın
ərazi bütövlüyü bərpa ediləcək. Bunun üçün
yaxşı hüquqi əsas var. Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası
erməni qoşunlarının Azərbaycanın işğal
olunmuş ərazilərindən qeydşərtsiz və dərhal
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. Biz gözləyirik ki, erməni
tərəfi bu qətnamələrə əməl edəcək".
Azərbaycanın
dövlət başçısı müzakirələrin
müəyyən hissəsinin enerji təhlükəsizliyinə
həsr olunduğunu qeyd edib. "Bu, bütün ölkələrin
- həm hasilatçı, həm istehlakçı ölkələrin
milli təhlükəsizliyinin olduqca mühüm elementidir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə
töhfə verən ölkəyə çevrilir və əminəm
ki, çevriləcək. Avropadakı
istehlakçılarımız həmçinin NATO-nun
üzvü olan dövlətlərdir. Bu
mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin
bir hissəsidir", - deyə prezident əlavə edib.
NATO
baş katibinə etdiyi dəvətə görə minnətdarlığını
bildirən prezident Əliyev NATO-Azərbaycan əlaqələrinin
uğurla inkişaf edəcəyinə,
qarşılıqlı maraqlara və ortaq dəyərlərə
əsaslanacağına ümidvar olduğunu bəyan edib. İlham Əliyev bildirib ki, Azərbaycan Əfqanıstana
yüklərin daşınması sahəsində əməkdaşlığı
genişləndirməyə dair NATO-nun yeni təkliflərini nəzərdən
keçirir:
"Əfqanıstana
yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın
önəmi artır. Bu gün keçirdiyimiz görüşdə biz bu
sahədə aktivliyi artırmaq məsələsini müzakirə
etdik. Biz bu məsələdə əməkdaşlığı
genişləndirməyə dair yeni təklifləri nəzərdən
keçirməyə hazırıq".
NATO-nun
baş katibi isə hərbi alyansa məxsus yüklərin Əfqanıstana
daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətli
rol oynadığını qeyd edib.
Bu
dövrdə Azərbaycan - NATO əməkdaşlığı
çərçivəsində bir sıra tədbirlərin
keçirilməsi barədə məlumat verilib. Fevralın 13-də Brüssel şəhərində
2012-ci il üçün İPAP-ın
müzakirəsi məqsədilə ekspert-qərargah
görüşü keçirilib. Fevralın
14-də isə NATO və ABŞ Silahlı Qüvvələrinin
ekspertləri Azərbaycanda olublar. Səfər
çərçivəsində hərbi təlim və təhsil
sahəsində Azərbaycan Silahlı Qüvvələrində
aparılan islahatlara NATO yardımının icmalının
hazırlanması istiqamətində işlər
görülüb. "Ordunun Aynası"na verilən məlumata görə, cari ilin
aprel ayının sonlarında NATO-dan Azərbaycana İPAP sənədində
əksini tapan müddəaların yerinə yetirilməsi
perspektivləri ilə bağlı nümayəndə heyəti
gələcək.
Nəzərə
alınmalıdır ki, Azərbaycan hökuməti 2012-ci ildə
NATO ilə birgə "Sülh Naminə Tərəfdaşlıq
Proqramı" (PfP) və "Fərdi Tərəfdaşlığa
dair Əməliyyat Planı" (İPAP) çərçivəsində
tədbirlərin keçirilməsi üçün 1 milyon
023,45 min manat (1 301 030 ABŞ dolları) vəsait
ayırıb. Nazirlər Kabinetindən verilən məlumata
görə, bu məqsədlə Xarici İşlər
Nazirliyinə 420,45 min manat, Müdafiə Nazirliyinə 523 min
manat, Fövqəladə Hallar Nazirliyinə isə 80 min manat vəsait
ayrılıb.
Bundan
başqa, Şimali Atlantika İttifaqı Parlament
Assambleyası çərçivəsində Siyasi Komitənin
Bakıya səfəri və "Rouz-Rout"
seminarının keçirilməsinə büdcədə 75
min manat vəsait nəzərdə tutulur.
Beləliklə,
sualımız konkretdir: Ekspertlər hesab edirlər ki, Azərbaycanla
NATO arasındakı münasibətlərdə istiləşmə
başlayıb. Siz necə hesab edirsiniz? istiləşmə varmı? Azərbaycanın
NATO-dan gözləntiləri və ya əksinə NATO-nun Azərbaycandan
gözləntiləri nədən ibarətdir?
Elxan Nuriyev, GUAM ölkələri Jurnalist
Araşdırmaları Mərkəzinin direktoru:
"Münasibətlərin
və inteqrasiyanın geci, ya tezi ola bilər.
Azərbaycan bunu etməyə məhkumdur. Hələ ki, Azərbaycan proqramlarda gecikir. Amma yenə də heç olmasa, belə olsun.
Azərbaycan
NATO "çətir"inə ehtiyacı olan dövlətdir".
Ataxan Əbilov, hüquqşünas:
"Bütün
beynəlxalq danışıqlar əməkdaşlığın
qarşılıqlı olmasını şərtləndirir. Bu mənada Azərbaycan-NATO
danışıqları da istisna deyil. Amma
istər Qarabağ, istərsə də ölkədaxili
iqtisadi vəziyyətin NATO ilə aparılan
danışıqların predmeti olması istisnadır. Azərbaycan NATO-nun irəli sürdüyü, ona
üzvlük və ölkədaxili demokratiya məsələləri
istisna olmaqla, bütün məsələlər uzrə onunla
əmakdaşlığa hazirdir. Nə qədər
bu tip məsələlərin dairəsi çox olarsa (məsələn,
Əfqanistan, İran və s.), NATO-nun Azərbaycana ehtiyacı
artacaq və belə danışıqların yükü də
çoxalacaqdır.
Nemət Orucov, "Bizim Yol" qəzetinin
əməkdaşı:
"Azərbaycan
hökuməti praqmatik xarici siyasət yürüdür. Bu gün NATO ilə əlaqələrin
yaxşılaşdırılması iqtidarın
marağındadır. Həm də bu
yaxınlaşma fikrimcə, siyasi münasibətlər
formatındadır və onun real həyata təsiri yoxdur.
Lazım gələndə münasibətlər yenə də,
1 il əvvəlki vəziyyətə gətiriləcək.
Yəni hər şey hökumətin maraqlarından
asılı olacaq..."
Fərman Nəbiyev, "Mingəçevir
işıqları" qəzetinin baş redaktoru:
"İstiləşmə
var, ancaq bu daha çox NATO tərəfdən gəlir. Azərbaycan isə irəli
getməkdənsə daha çox yerində sayır.
Bizim Müdafiə Nazirliyində islahatlar hiss olunmur. Əslində, bu nazirlik çox kök adama bənzəyir,
yəni yeriməkdə, hərəkət etməkdə
çətinlik çəkir. Çevik
bir aparat yaradılacağı təqdirdə müdafiə sahəsində
vacib qərarların yubanmadan qəbul olunacağı
mümkündür. Müdafiə nazirinin
mülki şəxsə çevrilməsi prosesi də
uzanır. Amma NATO rəsmiləri dəfələrlə
bəyan ediblər ki, Azərbaycanda ciddi islahatların
aparılmasında maraqlıdırlar.
Elnur Eltürk, analitik, jurnalist:
"Azərbaycanın
xarici siyasətində Avroatlantik məkana inteqrasiya siyasəti
hər zaman prioritet təşkil edir.
Bu
gün Rusiya və İranın təzyiqlərinə
baxmayaraq, Azərbaycanın NATO ilə əməkdaşlıq
etməkdə maraqlı olduğu hiss edilir. Amma regional məsələlər
əlaqələrin istədiyimiz şəkildə inkişaf
etməsinə imkan vermir. Bu gün ordumuzun
maddi-texniki bazasını NATO standartlarına
uyğunlaşdırmaq üçün islahahatları
gücləndirmək lazımdır.
Ramil İsgəndərli,
hüquqşünas:
"Hesab
edirəm ki, NATO baş katibinin xüsusi nümayəndəsinin
Bakıya səfəri Azərbaycanın ümumilikdə
Avro-Atlantik məkana inteqrasiyasına bir töhfədir. Bundan əlavə, son günlərdə
müşahidə etdiyimiz kimi Azərbaycanın BMT Təhlükəsizlik
Şurasında Suriya ilə bağlı səsvermədə
mövqeyinin veto hüquqlu ölkələrlə münasibətdə
Rusiya və Çinlə deyil, məhz ABŞ, Böyük
Britaniya və Fransa ilə üst-üstə düşməsi,
son dövrlər İranla müşahidə olunan gərgin
münasibətlər, habelə Rusiyada baş verən daxili
siyasi gərginlik və situasiyanın prognoz olunmayacaq dərəcəyə
gəlib çatması Azərbaycanın Avro-Atlantik məkanla
qarşılıqlı olaraq daha isti münasibətlərin
formalaşacağını şərtləndirir".
Nicat Məlikov, analitik, "Zerkalo" qəzetinin
əməkdaşı:
"Yaxın
Şərqdə inkişaf edən prosseslərin Azərbaycan
sərhədlərinə yaxınlaşmasi ehtimalı
artdıqca (İran faktoru) təbii ki NATO ilə Bakı
arasinda hər hansi bir yeni dialoqun qurulmasini gözləmək
olar. Lakin burda bir
cox "əgərlər" movcüddür. Azərbaycanın
NATO-dan və Avro-Atlantik hərbi-siyasi blokun Bakıdan gözləntiləri
isə rəsmi, formal və həqiqi geostrateji anlamlarla aciqlana
bilər, bu isə artıq coxdankı mövzudur. Amma onu da qeyd etmək vacibdir ki, zaman dəyişdikcə
məsələnin aktuallığı da yeni forma
alır".
Rufik İsmayilov, "Kaspi" qəzetinin
əməkdaşı:
"Fikrimcə,
Azərbaycan hərbi təşkilatlarla əməkdaşlıqda
yeganə məqsəd güdür. Bu öz ordusunun peşəkarlığını
daha da artırmaq, hərbi sahədəki yenilikləri mənimsəməkdir.
Çünki torpaqlarımızın 20 faizi Ermənistan
tərəfindən işğal olunub və sülh
danışıqları nəticə verməsə hərbi
yolla öz suverenliyini təmin etmək istəyir. NATO ilə də bu maraqlar çərçivəsində
əməkdaşlıq edilir. Amma Azərbaycan
o qədər sadəlövh deyil ki, NATO-nun işğal
olunmuş torpaqlarımızı azad edəcəyinə
inansın. Ən azından 2008-ci ilin
Gürcüstan-Rusiya müharibəsi, Osetiya və
Abxaziyanın faktiki olaraq Rusiya tərəfindən
işğal edilib müstəqilliklərinin tanınması və
bu hadisələrin fonunda NATO-ya tezliklə üzv
olacağını bəyan edən Gürcüstana bu hərbi
təşkilat tərəfindən heç bir köməkliyin
göstərilməməsi göz önündədir. NATO-nun Azərbaycandan gözləntilərinə gəlincə,
Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və hərbi baxımdan
güclü-qüdrətli dövləti bu bölgədə
öz maraqlarını təmin etmək istəyən hər
bir gücün diqqət mərkəzindədir. Ona görə də NATO Azərbaycanla əməkdaşlıq
əlaqələrinin daha da isinməsinin tərəfdarıdır.
Mən belə düşünürəm".
Rəşad Süleymanov, müdafiə sənayesi
üzrə analitik, "APA"nın əməkdaşı:
"Mən
şəxsən Azərbaycan və NATO əlaqələrinin
istiləşməsi fikri ilə razı deyiləm. Son müşahidələr
göstərir ki, NATO-nun Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı tutduğu mövqe rəsmi Bakını
razı salmır. NATO bu məsələdə
seyrçi mövqe tutmaqdan savayı heç bir addım
atmır. NATO-nun bu gün Azərbaycandan əsas
gözləntisi hava məkanın AWACS təyyarələrinə
açmağa və alyansın enerji təhlükəsizliyi
strategiyasıında iştiraka razı salmaqdır. Təbii
ki, rəsmi Bakı da regionda gedən prosesləri və öz
milli maraqlarını nəzərə alaraq bu iki məsələdə
NATO-ya "hə" demir.
Azər Qaramanlı, "Poliqon"
İnformasiya Agentliyinin baş direktoru:
"Azərbaycanla
NATO arasında münasibətlər protokol əməkdaşlığından
kənara çıxa bilməyib. Hesab edirəm ki, NATO baş
katibinin xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana
səfəri də bir protokol səfəri idi. Hər şeydən əvvəl münasibətlərin
dərinləşməsində Azərbaycan hakimiyyəti
maraqlı deyil. Amma o da nəzərə
alınmalıdır ki, Qərbin siyasi və hərbi dairələri
Azərbaycana qarşı səmimi deyillər. Onlar Azərbaycana
və Cənubi Qafqaz ölkələrinə Rusiya ilə masada oturub müəyyən güzəştlər
əldə edə bilmək üçün vasitə kimi
baxırlar. Azərbaycanın NATO-dan hansısa
gözləntilərinin olmasını zənn etmirəm.
Hər halda NATO qüvvələrindən
Qarabağda ədaləti təmin etməyi gözləmək
kimi bir imkanımız yoxdur.
NATO-nun isə
Azərbaycanı öz tərəfinə çəkib
Rusiyadan daha böyük güzəştlər əldə edə
bilmək kimi bir gözləntisi ola bilər.
İrana qarşı hərbi əməliyyatlar
olarsa da, NATO-nun Azərbaycandan gözləntiləri olacaq.
Bu gözlənti Azərbaycan ərazilərindən
İrana qarşı istifadə etməkdən ibarət olacaq.
Amma nə yazıq ki, NATO-nun Ermənistandan belə
bir gözləntisi yoxdur. Ona görə də siyasətçilər
və hərbçilər daha çox səmimi olsalar, daha
çox bərabərlik və ədalət prinsipləri
üzərində siyasət yürütməyə
çalışsalar, mən hansısa isinmənin ola biləcyini deyə bilərdim. Hələlik heç bir isnişmə müşayiət
olunmur. Hər kəs öz rolunu
oynayır".
Elçin Eldəniz, Regional Sabitlik və Təhlükəsizlik
Mərkəzinin direktoru:
"Azərbaycanın
Avroatlantik məkana inteqrasiyası, o cümlədən NATO ilə
əməkdaşlığı zəruridir. Lakin hökumət bu siyasəti
yürüdərkən geosiyasi vəziyyəti və xüsusən
də milli maraqları nəzərə almalıdır. Təəssüf ki, hökumət rəsmiləri
AvroAtlantik məkana inteqrasiya və ya istənilən dövlətlərlə
diplomatik əlaqələrini inkişaf etdirərkən eləcə
də, hər hansı bir müqaviləni imzalayarkən bu
vacib kriteriyalara əhəmiyyət vermir. Hesab edirəm
ki, Azərbaycan Avroatlantik məkana daha sürətlə
inteqrasiya etməklə Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14
oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli
884 saylı qətnamələrin həyata keçirilməsinə
nail ola bilər".
İlham Şaban, Neft
Araşdırmaları Mərkəzinin rəhbəri:
"Bu
məsələdə bir qədər realist olmaq
lazımdır. Yəni Azərbaycanən məqsədi heç vaxt
NATO-ya daxil olmaq olmayıb və hesab edirəm ki, rəsmi
Bakı istəsəydi belə onu o təşkilata yaxın
buraxmazdılar. Bizim istənilən beynəlxalq və hərbi
təşkilatdan həmişə bir gözləntimiz olub:
torpaqlarımızın azad edilməsində yardım edilməsi.
Bu baxımdan istəyirik yavaş-yavaş
dövlətimiz pullandıqca, iqtisadi gücü artdıqca
bundan istifadə edib dostların sayını artıraq, eyni
zamanda ermənipərəst mövqedə olan dövlətləri
heç olmasa neytral mövqeyə dəvət edək. İndi baxır harada necə alınır. Bu
baxımdan, İran və Rusiya ilə gonşu olan bir ölkənin
NATO ilə "imkan daxilində əməkdaşlıq etməsi"
və məncə bundan artıq (Əfqanistanda sülhməramlı
bölməmiz var, nəgliyyat dəhlizi veririk, təyyarələrimizdən
istifadə edirlər yukdaşımalarda, hər il zabitlərin
mübadiləsi olur, kurslar və sair) da mümkün deyil. İkincisi, Azərbaycana silah satışı ilə
bağlı Qərbdə (NATO olkələrində)
qoyulmuş yasaq hələ də qüvvədədir, ona
görə də ordumuza Rusiya silahlari almağa məcburuq.
NATO-nun Qarabag münaqişəsinə
baxişı necədir? Bu təşkilat
Ermənistanı işğalçı kimi qəbul edirmi?
Yox. Yəni onların kəşfiyyatı
və sair mənbələri lazımi informasiyanı əldə
edə bilmir? Demək bu siyasi qərarlara
bağlı bir orqandır. Onda bizim də
ona münasibətimiz siyasi maraq çərçivəsində
olmalıdır. NATO-nun Azərbaycandan
gözləntilərinə gəlincə, məncə
aydındır - onlar biziim ərazilərimizdən bir platsdarm
kimi istifadə etmək istərdilər".
Kəramət Salayev, Avroatlantik Şura
İdarə Heyətinin üzvü:
"Appaturayın
səfəri Azərbaycan-NATO münasibətlərinə yeni
çalar gətirdi. Təəssüf ki, Avroatlantik strukturlara inteqrasiya istiqamətində
gedən danışıqlar siyasi hakmiyyətin imitasiya ilə
məşqul olduğunu göstərir. Yəni
Avroatlanitk təhlükəsizlik məkanına inteqrasiya bu məkana
daxil institutlarla sıx, intensiv əməkdaşlıq tələb
etsə də, biz ölkəmizin xarici siyasətində əsas
yanlış istiqamətləri sezirik.
Müsbət
haldır ki, Yeni Dünya düzənində Azərbaycan
öz milli mənafelərini, öz təhlükəsizliyinin
təmin edilmə yollarını və vasitələrini
müstəqil seçmək kimi suveren hüququnu əsas
tutaraq Avropa və transatlantika təhlükəsizlik və əməkdaşlıq
strukturlarına inteqrasiyanı qarşısına məqsəd
qoyur.
İkitərəfli
münasibətlərin inkişafında NATO-nun və
Avroatlantik təhlükəsizlik məkanının digər
institutlarının da qeyri-üzv dövlətlərlə
bağlı aydın strategiyası olmalıdır. Həmin ölkələrdə
hərbi-siyasi, hətta sosial-iqtisadi islahatların
aparılmasında maraqlı olmalı, dəstək verilrməlidir".
Fikrət Fərəməzoğlu, "24
saat" qəzetinin redaktoru:
"Azərbaycanla
NATO arasında hər hansı bir istiləşmənin
olduğunu düşünmürəm. Çünki rəsmi
Bakı Rusiyaya doğru meyillənib və bu səbəbdən
də Moskvanın razılğı olmadan çərçivədən
kənar NATO ilə əməkdaşlıq edə bilməz.
Hazırkı münasibətlər isə sadəcə,
formal xarakter daşıyır və mahiyyət etibarı ilə
perspektivi olmayan münasibətlərdən ibarətdir. Əgər Azərbaycan həqiqətən də NATO-ya
inteqrasiya etmək istəyirsə, o zaman xeyli əvvəldən
qoyulan tələbləri və şərtləri həyata
keçirərdi. Orduda əsgərlərin
nizami yerişini dəyişməklə NATO-ya inteqrasiya
olunmur. Bunun üçün ordunun idarəetməsindən
tutmuş, təchizatına qədər hər şey
onların standartlarına
uyğunlaşdırılmalıdır. Mən
qəti inanmıram ki, Azərbaycan hakimiyyəti NATO-nun əsas
tələblərindən biri olan müdafiə nazirinin
mülki şəxs olmasını qəbul edə. Ona görə ki, bir nazir postu böyük qazanc mənbəyi
deməkdir. Digər tərəfdən,
Rusiya Azərbaycanın NATO-ya üzv olmasını qəti istəməz
və buna imkan belə yaratmaz. Kremldən siyasi
baxımdan asılı olan bir hakimiyyət də çərçivələrdən
kənar hərəkət etmək iqtidarında ola bilməz. O səbəbdən də
boşuna ümidlənməyək"..
C.Məmmədov
Ayna.- 2012.- 25 fevral.-
S.9-15.