"Siz kimsiniz, Təyyar müəllim?"

 

Bu suala birbaşa cavab almaq mümkün olmaz

 

O, çoxdandır təqaüddədir... Qohum-qonşuları bu adamın hansı peşənin sahibi olduğunu, necə cətin və şərəfli həyat yolu keçdiyini təbii ki, bilməzlər. Ancaq bu daim gülərüz ağsaqqalın xeyirxah adam olduğunu çoxları bilir. Uşaqları onu qayğıkeş ata, nəvələri isə sevimli baba kimi tanıyırlar. Ona birbaşa "Siz kimsiniz, Təyyar müəllim?" sualını versəniz, yaşı 80-ə çatsa da, saçı-saqqalı hələ tam ağarmamış, gözlərində həyat eşqi yanan bu insan sizə birbaşa cavab verməz, tərəddüd edər, gözləri yol çəkər... Söhbət Milli Təhlükəsizlik orqanları veteranı, 80 illik yubileyinə hazırlaşan istefada olan polkovnik Təyyar Rəşid oğlu Məmmədovdan gedir.

Lənkəran şəhərində müəllim ailəsində doğulub. Gəncliyində ağlına da gətirməzmiş ki, tale ona belə bir həyat yolu bəxş edər, çətin sınaqlardan keçirər. Gənclik illərini xatırlayarkən:

- Müharibə təzəcə bitmişdi. Məni əsgər çağırdılar və elə gətirdi ki, 416-cı Azərbaycan diviziyasında xidmət etməli oldum. O vaxt orduda xidmət müddəti üc il idi. Xidməti başa vurduqdan sonra şəhərdə qalıb, tikintidə işləyirdim. Bir gün məni çağırıb dedilər ki, səninlə söhbət edəcəklər. Tanımadığım adamlar idi. Mənə Dövlət Təhlükəsizlik Komitəsində xidmət təklif olunurdu. Əvvəlcə bilmədim nə cavab verəm, götür-qoy etdikdən sonra razılaşdım.

Məni Sverdlovsk (indiki Yekaterinburq - M.A.) şəhərinə, xüsusi məktəbə oxumağa göndərdilər.

Qeyd edim ki, bu məktəbdə bizimlə birlikdə çinlilər, almanlar, çexlər və digər millətlərdən olanlar da xüsusi hazırlıq keçirdi. Məktəbi bitirdikdə biz artıq tam hazırlıqlı mütəxəssis kimi yetişmişdik. Məzun kursantları qış vaxtı paraşütlə uzaq, tanımadığımız meşələrə atır və biz oradan azimutla, öz gücümüzə yolu tapıb çıxırdıq. Bu şəhərdə üç il təhsil aldıqdan sonra Bakıya qayıtdım.

Təyinatla məni o vaxt Nazirlər Soveti yanında DTK-nın radio-əks-kəşfiyyat şöbəsinin radiopelenq bölməsində xidmətə göndərdilər. Çətin vaxtlar idi. Qərblə Şərq arasında "soyuq müharibə" tüğyan edirdi. Bu müharibənin ön xəttində isə xüsusi xidmət orqanları dayanırdı. Azərbaycanın təhlükəsizlik orqanlarında o vaxt öz işini bilən, yetkin əks-kəşfiyyatçılar fəaliyyət göstərirdi. Heydr Əliyev, Maqsud Məmmədov, Əhməd Qasımov, Yuri Qolosilkin kimi təcrübəli mütəxəssislərin üslubu bizim üçün bir örnək və həyat məktəbi idi. Biz gənclər bu adamların, demək olar, tam diqqət və qayğısı ilə əhatə olunmuşduq...

Bu yerdə Təyyar Məmmədov susur. Ondan o vaxtlar həyata keçirilmiş bir-iki əməliyyat epizodunu xatırlamasını xahiş edirəm. Çekistlərdən hətta uzun illər keçdikdən sonra da məlumat almağın çətin olduğunu bildiyimdən təkid etmirəm, gözləyirəm... Və o həvəssiz də olsa, iki hadisəni danışmağa razılaşır.

"Radiopelenq bölməsində xidmət edirdim. O zamanlar internet-filan yox idi. Xarici agentlər əsasən radiorabitədən istifadə edirdilər. Bir gecə yabançı radiorabitə mənbəyi aşkar etdim. Mənbə cənub bölgəsində idi. Hadisəni rəhbərliyə məruzə etdikdən sonra bir neçə radiopelenqasiya briqadası yaradıldı biz Lənkəran zonasına ezam olunduq.

O vaxt DTK əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik-leytenant Heydər Əliyev idi əməliyyata o rəhbərlik edirdi.

Valideynlərim Lənkəranda yaşadığından mən öz evimizdə qalırdım. Bir gün bizə məlumat verdilər ki, qonşudakı kirayənişin əşyalarını atıb gedib, üç gündür evə gəlmir. Yoxlama zamanı məlum oldu ki, agent bu evdən xariclə əlaqəyə çıxırmış.

Biz efirə nəzarəti davam etdirirdik bir neçə gündən sonra həmin mənbəni bu dəfə Belorusiyadan radiorabitəyə çıxarkən oxşar dəst-xəttinə görə aşkar etdim. Görülən əməliyyat tədbirləri nəticəsində həmin agent Polşa sərhədini keçərkən yaxalandı. Bu uğurlu əməliyyata görə rəhbərlik tərəfindən mükafatlandırıldım".

Məmmədov 1959-89-cu illərdə Azərbaycan DTK xüsusi məxfi əməliyyatlar şöbəsində xidmət edib. Burada əməliyyət müvəkkilindən şöbə rəisi vəzifəsinədək uzun bir yol keçib.

Bu şöbənin işi həmişə çox olur. Amma 1968-ci ili xüsusi olaraq qeyd edir.

Həmin il İranla sərhəddə müştərək su anbarının tikintisi gedirdi. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə isə artıq general-mayor Heydər Əliyev başçılıq edirdi. Su qovşağında həm İrandan, həm Azərbaycandan fəhlələr, mütəxəssislər birgə çalışır, xalq təsərrüfatı üçün mühüm əhəmiyyəti olan obyektin tikintisini həyata keçirirdilər. Lakin burada qonşu ölkənin xüsusi xidmət orqanları da fəaliyyət göstərir, özləri üçün yerli işçilər arasından agentlər cəlb etməyə çalışırdılar.

Bunun qarşısını almaq üçün H.Əliyevin başçılığı ilə Azərbaycan DTK- tərəfindən qabaqlayıcı tədbirlər həyata kecirildi. T.Məmmədov da əməliyyat qrupunun tərkibində əks tərəfin əməliyyat tədbirlərinin zərərsizləşdirilməsində fəal iştirək edir.

Belə əməliyyatların sayının az ya çox olmasından asılı olmayaraq, Məmmədov həyatını ləyaqətlə yaşamışdır. Onu yaxından tanıyan bizlər üçün gözəl örnəkdir. Xidmət illərində 15-ə qədər orden medalla təltif edilmişdir. İki oğul atasıdır.

Biz, milli təhlükəsizlik orqanlarının veteranları, istefada olan polkovnik Təyyar Məmmədovu yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı arzu edirik.

 

 

Mirsaleh AXUNDLU,  

Təhlükəsizlik  Orqanları Veteranlar 

Birliyinin mətbuat xidmətinin rəhbəri

 

Ayna.- 2012.- 25 fevral.- S.19.