Təranə Muradova: "Qadınlara rəqslə məşğul olmağı tövsiyə edirəm" Gözəl görünməyin yolu budur

 

"Rəqs incəsənətin tam fərqli növüdür. Rəqsə sadəcə əyləncə kimi baxmaq, onu yaxşı vaxt keçirmək üçün bir məşğuliyyət hesab etmək heç də doğru olmaz. Rəqs bir çox xəstəliklərdən can qurtarmaq, səhhəti möhkəmlətmək üçün ən gözəl dərmandır. Çünki gözəl rəqs etmək olarsa, deməli, gözəl yaşamaq da olar. Çətin aramızda rəqs etməyi sevməyən tapılar" - bu sözləri Dövlət Rəqs Ansamblnın solisti, Xalq artisti Təranə Muradova deyir. Rəqqasə bildirir ki, başqa millətlərdən olanlar milli rəqslərmizi bizim kimi ifa edə bilməzlər:

- Bizimkilər isə, əksinə, xarici rəqslərin öhdəsindən çox gözəl gəlirlər. Mən həmişə demişəm ki, bizim xalqımız hərtərəfli istedadlı xalqdır. Biz başqa ölkələrə səfər edəndə, həmin ölkələrdə gəlişimiz üçün ənənəyə sadiq olaraq milli rəqslərimizi oynayırlar, amma o dəqiqə hiss olunur ki, nəsə çatışmır. Bizim milli rəqslərimizin xüsusiyyətləri sındırmalar, süzmələrdir. Və rəqqasların üz ifadəsi mühüm rol oynayır. Həmçinin bir çox xırdalıqlar var ki, xarici rəqqaslar onları qavraya bilmirlər. Misal üçün, "Naz eyləmə" rəqsində xanım tərəf-müqabilinin gözlərinə baxmamalıdır.

- Ailənizdə incəsənətlə əlaqəsi olanlar olub? Nə üçün siz məhz milli rəqsi seçdiniz?

- Yaxın qohumlardan yalnız aktrisa Əminə Yusifqızı incəsənətdədir. Valideynlərim mənim peşəkar rəqslə məşğul olmağıma qarşı idilər. Mən isə balerina olmaq arzusunda olmuşam. Uşaqlıqdan "Min bir gecə", "Yeddi gözəl", "Məhəbbət əfsanəsi" baletlərini sevərək izləyirdim.

Amma qəbul komissiyası mənim balet üçün kifayət qədər uyğun olmadığıma qərar verdi. Lakin xeyli müddət sonra Leyla Vəkilova və bir çox müəllimlərim belə bir qənaətə gəldilər ki, mən daha çox klassik rəqsə uyğun gəlirəm və gərək mən balerina olardım. Mən xoreoqrafiya məktəbində Leyla Vəkilova, Yelena Butunina və Xumar Zülfüqarova kimi peşəkar müəllimlərdən dərs almışam. Hələ xoreoqrafiya məktəbində oxuduğum vaxtlarda Leyla Vəkilova mənə Afaq Məlikovanın rəhbərliyi altında olan Azərbaycanın Dövlət Rəqs Ansablında çalışmağı təklif etdi. Elə o zamandan bəri ansambldayam.

- "Turacı" bütöv bir ssenaridən ibarət möhtəşəm bir rəqsdir. "Turacı"da bu quşun gözəlliyi və zərifliyi əks olunur. Onun hərəkətləri, uçuşu və hətta ölümü belə dəqiqliklə nümayiş olunur. Bəs sizin daxili aləminizi, duyğularınızı və həyatınızı əks etdirən rəqsiniz varmı?

- Milli rəqslər arasında bu, "Uzundərə" rəqsidir. Bu rəqs mənə həyata bir yol açdı. "Uzundərə" rəqsinin yaranma ideyası ümummilli lider Heydər Əliyevə məxsusdur. Belə ki o, "Uzundərə"ni eşidən kimi bu musiqiyə uyğun rəqsin nədən olmadığını soruşdu. Bu, kamera folklor orkestri arasında möhtəşəm bir sintez idi. Elə həmin gün mənə "Uzun dərə" rəqsini hazırlamağı tapşırdılar. Hər dəfə bu rəqsi ifa edəndə bütün həyatım gözümün qarşısından keçir. Mən bu rəqsi dərindən duydum dövlət konsertində ifa etdim.

- Maraqlıdır, neçə saat rəqs edə bilirsiniz müəyyən bir normanız varmı?

- Mənə elə gəlir ki, mən bütün günü ömrüm boyu rəqs edə bilərəm. Biz gündə 4-5 saat məşq edirik. Əlbəttə, bəzi çətinliklərimiz olur bu səbəbdən fasilə etməli oluruq. Bu problem nəfəsimizlə bağlıdır.

- Bu gün bizim kifayət qədər çox rəqs ansambllarımız var. Hətta başqa ölkələrdən müəllim dəvət olunur. Amma bir çoxları bəyan edir ki, bu ansambllar dünya standartlarına uyğun gəlmir. Bəs siz ansambllarımızın fəaliyyətindən dərəcədə razısınız?

- Peşəkar kollektivlərin üzvləri təbii ki, xoreoqrafiya məktəblərini bitirir. Onların səviyyəsi özfəaliyyət ansambllarından yüksəkdir. Onu deyə bilərəm ki, bu gün mən həmin yüksək səviyyəni görmürəm.

- Bu ilə əlaqədardır?

- Düşünürəm ki, bu, gənclərimizin istəyi peşə seçimi ilə bağlıdır. Axı peşə seçimi insanın tam ürəyincə olmalıdır. Çox zaman valideynlər uşaqlarını bu digər sənəti seçməyə təhrik edirlər. Bu zaman müəllimin heç bir günahı yoxdur. İnsan istəsə müəllimsiz məşq edə bilər, amma müəllim tərəfindən düzgün təməl qoyulmalıdır. Rəqqas müəyyən tələblərə cavab verməlidir. Bu - ritm, takt sairədir. Çoxları rəqsə bədən quruluşunun korreksiyası kimi baxır. Rəqsə gəlir düzgün, gözəl bədən quruluşlarının olmasını istəyirlər. Amma başa düşmürlər ki, bədən gözəl forma alandan sonra rəqsi atmaq olmaz. Çünki bir müddət hərəkətdə olan bədən sonra passivləşdikcə formasını itirəcək. Beləliklə, artıq çəki yaranmağa başlayacaq. Eynən idmandakı kimi.

Mən qadınlara onların imkanları olduğu təqdirdə daima rəqslə məşğul olmalarını tövsiyə edirəm. Bu, onlara gözəl bədən quruluşu verməklə yanaşı, həm də onları cavan saxlayar.

 

 

Xatun.

 

Ayna.-2012.- 14 iyul.- S. 20.