Mən də uşaq olmuşam...
Aşıq
Ədalət sazı ilə "ölüncə
qardaşam" deyir
Bəzən bizə elə gəlir ki, məşhur
adamlar, tanınmış şəxsiyyətlər heç
uşaq olmayıblar. Onları həmişə şöhrətli
anlarından tanıyıb, sevmişik. Amma onların bu yerlərə
gələnəcən keçdikləri enişli-yoxuşlu
yolları bilmirik. Ancaq onlar da nə vaxtsa uşaq olublar, ayaq
açıb yeriyiblər, dil açıb
danışıblar, məktəbli olublar. Aralarında dəcəlləri
də olub, sakit, sözəbaxanları da. Elələri var ki,
firavan uşaqlıq həyatları olub, bəzilərininsə
həyatları kiçik yaşlarından ağır olub,
körpəliklərindən həyatın çətin,
amansız üzünü görüblər.
...İndi şöhrətin lap zirvəsində
olsa da, çox məhrumiyyətlər görüb, aclıq,
kasıblıq, imkansızlıqla keçən uşaqlıq
həyatı yaşayıb. Ustad aşıq Ədalət Nəsibovla
o illəri xatırlamağa çalışdıq.
- Ustad, dönüb ötənlərə
baxmağa vaxtınız olur yəqin...
- Sən soruş ki, ötənləri
heç unudursanmı? Bir ağ gün, bir də qara gün
heç vaxt unudulmur. Mənim də ömrüm
ağlı-qaralı günlərlə doludu. Elə ki,
sazı götürüb başlayıram kökləməyə
- gördüyüm ağır həyat,
yaşadığım çətinliklər gəlib kino
lenti kimi keçir gözümün önündən.
Başlayıram "Qarabala"nı qucaqlayıb dərdimi
söyləməyə. Danışıram, dərdləşirəm,
beləcə könlümü ovuduram.
Ağrı var ki, acısını
bütün ömrü boyu unuda bilmirsən və bunu deyərkən
onu da düşünürəm ki, Allah bəndələrini
belə ağrılardan uzaq tutsun. O da var ki, biz yazılan qədəri
yaşayırıq, - bu bizlik deyil.
Arxasıza hünər də laldı,
Yalqızın köməyi Allaha
qaldı.
Qarğa qarıldadı, mükafat
aldı.
Biçarə bülbülə söz
verilmədi.
Mən həyatda nə qazanmışam
zillətnən, əziyyətnən qazanmışam. Kimim-kimsənəm
Allahım olub, bir də bu qara sazım. Onların köməyi,
özümün əziyyətimlə gəlib bu yerlərə
çıxmışam. Bu sazın taleyi də mənimkinə
oxşayır.
Onu babalarımız qarda-boranda, at
üstündə köçhaköçdə,
ildırımlar çaxanda, şimşəklər
şaqqıldayanda, müsibətli vaxtlarda çalıblar. Ən
ağır vaxtlarında dərd sirdaşı, qəm
yoldaşı olub saz. Elə bəlkə də buna görə
bir-birimizə möhkəm bağlanmışıq,
sirdaş, dərddaş olmuşuq. Ona dediklərimi, onnan
bölüşdüklərimi heç kimlə danışa,
bölüşə bilmərəm.
- Başınıza saz sevdası nə
vaxt gəldi, başqa sözlə desək, necə oldu saza
aşiq oldunuz, eşqiniz dillərə düşdü, cəmi
Turana dastan oldu.
- 5 yaşımda başladım
gizlin-gizlin ona tərəf boylanmağa. Bizə çoxlu
aşıqlar gəlirdilər. Sazlarını bəzi vaxt
qoyub gedirdilər. Mən də götürüb
başlayırdım asta-asta dınqıldatmağa. Beləcə
başladı dostluğumuz. Atam gördü ki, çox həvəsliyəm,
başladı öyrətməyə məni. Elə ki, bir
yerdə səhv eləyirdim, barmaqlarıma elə vururdu ki,
göynərtisindən gözlərim yaşarırdı.
İndi də hərdən "cezv" olanda o göynərtini
barmaqlarımda hiss eləyirəm.
-
İllər ötdü, keçdi.
Bu yaşama, bu yaşananlara hansı hava daha yaxşı
sığal çəkə bilir?
Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən
zərə
Misgər bazarında üz verilmədi.
Ən
qəmgin vaxtımda, kefim olmayanda
sazı götürüb "Dilqəmi"
çalıram. "Dilqəmi" müsibətdi.
"Yanıq Kərəmi" kədərli olsa
da, ümidsizlik, ruh düşgünlüyü
deyil. Arxasınca keçirəm "Hicran Kərəmi"yə. Bu
dəhşətdi, dəhşətlidi. Əsli ki, aşiqinin məhəbbətini
başa düşmür,
Kərəmin əsəbləri sarı simə dönür. Ustadlar deyirlər
ki, eşqin şiddətindən
Kərəmin ağzından alov
çıxır. Bir yandan
el qınağı, bir
yandan ata-anadan, eldən-obadan
ayrı düşməyin kədəri. Bax, o anda qoşuluram mən də
Kərəmə, dərd yoldaşı, qəm sirdaşı oluram onunla, mən də
yanıram, yaşadıqlarımı,
yaşantılarımı yada salıb
yanıram, tüstüm təpəmdən
çıxır, yana-yana,
yandıra-yandıra çalıram. Adam
suya, dəryaya düşəndə neynir? Çarpışır, əl-qol
atır, töyşüyür, özünü bəladan xilas
etməyə çalışır. Mən də eləcə...
Bax beləcə sığal çəkir
dərdlərimə "Hicran Kərəmi".
Havalar söz yox ki, insan
sevincindən, insan kədərindən
yaranıb. "Dilqəmi" çalanda
çox kövrəlirəm. Özümdə
odlu-alovlu danışdığıma baxma, çox sakit və kövrək adamam.
Uşaqlaşanda, uşaqlıq illərimi
yada salanda
"Yanıq Kərəmi", "Bəhməni", "Hicran Kərəmi" çalıram. Ürəyimi
boşaldır, könlümü ovundururam.
- Aşiq olduğunuz,
eşqinə düşdüyünüz,
sizin sözünüznən desək, sizi "cezv" eliyən
sazla xoşbəxt oldunuzmu?
Xoşbəxt edə bildimi "Qarabala" sizi?
- Mən
kimiydim ki? Hər dəfə
sazı götürəndə sığallayıram, əzizləyirəm,
deyirəm ki, canım Allahıma və sənə
fəda olsun, a qara sazım. Heç vaxt unutdurma mənə bir qarnı ac, bir qarnı tox olduğum, ayaqyalın-başaçıq keçirdiyim günləri. Kitabsız,
dəftərsiz məktəbə getdiyim,
qayıdanda o quru
çörəyi necə ləzzətlə yediyim
günlər də mənim yaşantımdı, qoyma unudum. Özümdən
böyüklər bir yana,
kiçiklərdən qorxduğum, çəkindiyim
günlər də mənim həyatımdandı. Unutma, unutdurma. Elə
ki, sənnən rastlaşdım, dostlaşdım,
sirdaş, qardaş oldum, dirçəldim, cibim
pul tapdı, əynim geyim,
qarnım çörək. Ömrüm şam kimi əridi,
yandım, inlədim, çırpındım, amma
əyilmədim, büdrədim, yıxılmadım, ayaqda qaldım. Sənin sayəndə
qaldım. Bağlı qapılar açıldı
üzümə, sərvət, hörmət, şöhrət
qazandım.
Ölüncə qardaşam, can
yoldaşıyam sənnən. Dar günümün də, gen
günümün də sahibi sənsən. Çalaq, yanaq,
yandıraq, yaşayaq, yaşadaq...
Çal ey Kərəmilər naləsi,
ahı
Çal ey sənətimin Şopeni,
Baxı
Çal ey sənətimin sənət
Allahı
Neçə ki, dünyada Azərbaycan
var.
Xalqımın köksündə tutmusan
qərar.
Belə bitirdik söhbətimizi ustad sənətkarla.
Aşığın ömür-gün yoldaşı bu
şirin söhbəti elə şirinliklə də bitirmək
üçün ustadın, elə mənim də çox
sevdiyim (mövsümündən asılı olmayaraq),
bütün Qazax elinin şah yeməyi olan xəngəl
hazırlığına başlamaq istəyir. Tünzalə
xanımı yayın bu qızmar günündə cəfaya
salmaq istəmirəm. Bu qonaqlığı sərin havalarda,
ustadın öz evində, öz ocağında
hazırlamağı arzulayıb, ayrılıram.
Bəturə
NƏBİYEVA
Ayna.-
2012.- 28 iyul.- S.20.