Mən də uşaq olmuşam...
Bəzən bizə elə gəlir ki, məşhur
adamlar, tanınmış şəxsiyyətlər heç
uşaq olmayıblar. Onları həmişə şöhrətli
anlarından tanıyıb, sevmişik. Amma onların bu yerlərə
gələnəcən keçdikləri enişli-yoxuşlu
yolları bilmirik. Ancaq onlar da nə vaxtsa uşaq olublar, ayaq
açıb yeriyiblər, dil açıb
danışıblar, məktəbli olublar. Aralarında dəcəlləri
də olub, sakit, sözəbaxanları da. Elələri var ki,
firavan uşaqlıq həyatları olub, bəzilərininsə
həyatları kiçik yaşlarından ağır olub,
körpəliklərindən həyatın çətin,
amansız üzünü görüblər.
...İndi şöhrətin lap zirvəsində olsa
da, çox məhrumiyyətlər görüb, aclıq,
kasıblıq, imkansızlıqla keçən uşaqlıq
həyatı yaşayıb. Ustad aşıq Ədalət Nəsibovla
o illəri xatırlamağa çalışdıq.
- Ustad, dönüb ötənlərə baxmağa
vaxtınız olur yəqin...
- Sən soruş ki, ötənləri heç
unudursanmı? Bir ağ gün, bir də qara gün heç
vaxt unudulmur. Mənim də ömrüm ağlı-qaralı
günlərlə doludu. Elə ki, sazı götürüb
başlayıram kökləməyə - gördüyüm
ağır həyat, yaşadığım çətinliklər
gəlib kino lenti kimi keçir gözümün önündən.
Başlayıram "Qarabala"nı qucaqlayıb dərdimi
söyləməyə. Danışıram, dərdləşirəm,
beləcə könlümü ovuduram.
Ağrı var ki, acısını bütün
ömrü boyu unuda bilmirsən və bunu deyərkən onu da
düşünürəm ki, Allah bəndələrini belə
ağrılardan uzaq tutsun. O da var ki, biz yazılan qədəri
yaşayırıq, - bu bizlik deyil.
Arxasıza hünər də laldı,
Yalqızın köməyi Allaha qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi.
Mən həyatda nə qazanmışam zillətnən,
əziyyətnən qazanmışam. Kimim-kimsənəm
Allahım olub, bir də bu qara sazım. Onların köməyi,
özümün əziyyətimlə gəlib bu yerlərə
çıxmışam. Bu sazın taleyi də mənimkinə
oxşayır.
Onu babalarımız qarda-boranda, at üstündə
köçhaköçdə, ildırımlar çaxanda,
şimşəklər şaqqıldayanda, müsibətli
vaxtlarda çalıblar. Ən ağır vaxtlarında dərd
sirdaşı, qəm yoldaşı olub saz. Elə bəlkə
də buna görə bir-birimizə möhkəm
bağlanmışıq, sirdaş, dərddaş olmuşuq. Ona dediklərimi,
onnan bölüşdüklərimi heç kimlə danışa,
bölüşə bilmərəm.
- Başınıza saz sevdası nə vaxt gəldi,
başqa sözlə desək, necə oldu saza aşiq
oldunuz, eşqiniz dillərə
düşdü, cəmi Turana
dastan oldu.
- 5 yaşımda başladım
gizlin-gizlin ona tərəf
boylanmağa. Bizə çoxlu
aşıqlar gəlirdilər. Sazlarını bəzi vaxt qoyub gedirdilər. Mən
də götürüb
başlayırdım asta-asta
dınqıldatmağa. Beləcə başladı dostluğumuz. Atam gördü ki, çox həvəsliyəm, başladı
öyrətməyə məni. Elə ki,
bir yerdə səhv eləyirdim,
barmaqlarıma elə vururdu ki, göynərtisindən gözlərim
yaşarırdı. İndi də hərdən
"cezv" olanda o göynərtini barmaqlarımda hiss eləyirəm.
- İllər ötdü,
keçdi. Bu yaşama, bu yaşananlara hansı hava daha yaxşı sığal çəkə bilir?
Yetirin dərdimi
naşı təbibə,
Deyin ki, dərmanım düz
verilmədi.
Sərraflar əlindən
düşməyən zərə
Misgər bazarında üz verilmədi.
Ən qəmgin vaxtımda, kefim olmayanda sazı götürüb "Dilqəmi"
çalıram. "Dilqəmi" müsibətdi.
"Yanıq Kərəmi" kədərli olsa
da, ümidsizlik, ruh düşgünlüyü
deyil. Arxasınca keçirəm "Hicran Kərəmi"yə. Bu
dəhşətdi, dəhşətlidi. Əsli ki, aşiqinin məhəbbətini
başa düşmür,
Kərəmin əsəbləri sarı simə dönür. Ustadlar deyirlər
ki, eşqin şiddətindən
Kərəmin ağzından alov
çıxır. Bir yandan
el qınağı, bir
yandan ata-anadan, eldən-obadan
ayrı düşməyin kədəri. Bax, o anda qoşuluram mən də
Kərəmə, dərd yoldaşı, qəm sirdaşı oluram onunla, mən də
yanıram, yaşadıqlarımı,
yaşantılarımı yada salıb
yanıram, tüstüm təpəmdən
çıxır, yana-yana,
yandıra-yandıra çalıram. Adam
suya, dəryaya düşəndə neynir? Çarpışır, əl-qol
atır, töyşüyür, özünü bəladan xilas
etməyə çalışır. Mən də eləcə...
Bax beləcə sığal çəkir
dərdlərimə "Hicran Kərəmi".
Havalar söz yox ki, insan
sevincindən, insan kədərindən
yaranıb. "Dilqəmi" çalanda
çox kövrəlirəm. Özümdə
odlu-alovlu danışdığıma baxma, çox sakit və kövrək adamam.
Uşaqlaşanda, uşaqlıq illərimi
yada salanda
"Yanıq Kərəmi", "Bəhməni", "Hicran Kərəmi" çalıram. Ürəyimi
boşaldır, könlümü ovundururam.
- Aşiq olduğunuz, eşqinə düşdüyünüz,
sizin sözünüznən desək, sizi "cezv" eliyən
sazla xoşbəxt oldunuzmu?
Xoşbəxt edə bildimi "Qarabala" sizi?
- Mən kimiydim
ki? Hər dəfə sazı götürəndə
sığallayıram, əzizləyirəm, deyirəm ki, canım Allahıma və sənə fəda
olsun, a qara sazım. Heç vaxt unutdurma mənə bir qarnı ac, bir qarnı tox olduğum, ayaqyalın-başaçıq keçirdiyim günləri. Kitabsız,
dəftərsiz məktəbə getdiyim,
qayıdanda o quru
çörəyi necə ləzzətlə yediyim
günlər də mənim yaşantımdı, qoyma unudum. Özümdən
böyüklər bir yana,
kiçiklərdən qorxduğum, çəkindiyim
günlər də mənim həyatımdandı. Unutma, unutdurma. Elə
ki, sənnən rastlaşdım,
dostlaşdım, sirdaş, qardaş oldum, dirçəldim,
cibim pul tapdı, əynim
geyim, qarnım çörək. Ömrüm şam kimi əridi, yandım, inlədim,
çırpındım, amma əyilmədim,
büdrədim, yıxılmadım, ayaqda
qaldım. Sənin sayəndə qaldım. Bağlı
qapılar açıldı üzümə, sərvət,
hörmət, şöhrət qazandım.
Ölüncə qardaşam, can
yoldaşıyam sənnən. Dar günümün də, gen
günümün də sahibi
sənsən. Çalaq, yanaq,
yandıraq, yaşayaq, yaşadaq...
Çal ey Kərəmilər naləsi, ahı
Çal ey sənətimin Şopeni,
Baxı
Çal ey sənətimin sənət Allahı
Neçə ki, dünyada Azərbaycan var.
Xalqımın köksündə
tutmusan qərar.
Belə bitirdik
söhbətimizi ustad sənətkarla. Aşığın ömür-gün
yoldaşı bu şirin
söhbəti elə şirinliklə də bitirmək üçün ustadın, elə mənim də
çox sevdiyim
(mövsümündən asılı olmayaraq),
bütün Qazax elinin şah yeməyi olan xəngəl hazırlığına başlamaq istəyir. Tünzalə
xanımı yayın bu qızmar
günündə cəfaya salmaq istəmirəm.
Bu qonaqlığı sərin havalarda, ustadın öz
evində, öz ocağında
hazırlamağı arzulayıb, ayrılıram.
Bəturə
Nəbiyeva
Ayna .- 2012.- 28 iyul.- S. 20.