Təbii
fəlakətlər
Proqnozlar mümkündürmü?
Son illərdə baş verən təbii fəlakətlər
atsteklərin bəlkə də haqlı olduqlarını və
dünyanın sonuna az
vaxtın qalması fikrinə gətirib çıxarır.
Şübhəsiz, təbii fəlakətlərin
qarşısını almaq mümkün deyil. Lakin onların bir
çoxlarını proqnozlaşdırmaq üçün
alimlər artıq müəyyən metodlar
icad ediblər. Hər hansı fəlakət
haqqında öncədən məlumatlısansa, təbii ki, insan tələfatının
qarşısını almaq mümkündür.
Yeni texnologiyalar və elmin inkişaf səviyyəsi bu
gün sunami, qasırğa,
leysan yağışlar, vulkan
püskürməsi kimi təbii fəlakətləri
yüksək ehtimal faizi
ilə öncədən proqnozlaşdırmaq imkanları
yaradır.
Azərbaycan
və Xəzər dənizi akvatoriyası ərazisində yerləşən
ölkələr Yer kürəsinin ən
aktiv seysmik
zonalarından hesab olunur.
Məsələn, ölkəmizin Şamaxı bölgəsində
1902-ci ildə Şamaxı şəhərini tamamilə
dağıtmış və minlərlə sakinin
həyatına son qoymuş
zəlzələ ocağı yerləşir.
Son
30 ildə yüksək ballı zəlzələlər
ölkə ərazisini dəfələrlə narahat
edib. İsmayıllıda 1981-ci ildə,
Lerikdə 1998-ci ildə, Ağdaşda
1999-cu ildə. Ən çox yadda qalanlardan biri isə 2000-ci ildə Xəzərdə baş verən və Rixter
cədvəli ilə 6.4 bal gücündə
zəlzələ
oldu.
Ölkə ərazisində baş vermiş ən son zəlzələ isə cari
ilin may ayının
7-də Zaqatala rayonunda
yaşandı. Bu zəlzələ həm
Zaqatala, həm də qonşu
ərazilərin infrastrukturuna ciddi iqtisadi zərbə
vurması ilə bərabər, əhaliyə psixoloji
təsir göstərmişdi.
Bu göstəricilər qorxu yaradır desək, yanılmarıq. Əslində
qorxuya səbəb var.
Bu sahənin mütəxəssisləri həm
də Yer kürəsində seysmik aktivliyin kəskin
artması barədə məlumatlar verir.
Bu təbii fəlakətlərin
qarşısında ən çox
düşündürən sual isə budur: niyə bu günə
qədər dünyanın heç bir ölkəsində zəlzələni
proqnozlaşdıra biləcək metodika
işlənməyib? Və ya bu sahədə elmi
araşdırmalar aparılırmı? Görəsən, Azərbaycanda
bu sahədə vəziyyət nə yerdədir?
Bu suallara
cavab tapmaq üçün biz Respublika Seysmoloji Xidmət
Mərkəzinə müraciət etdik. Ordan alınan məlumata görə, zəlzələnin
proqnozlaşdırılma metodikasının işlənib
hazırlanmasında müxtəlif profilli
mütəxəssislər: seysmoloqlar,
geofiziklər, seysmogeokimyaçılar, riyaziyyatçılar
və neftçilər çalışırlar.
Verilən
bilgiyə görə, sən demə, belə bir
metodika artıq işlənib
hazırlanıb. Bu metodika
flyuidlərin seysmogeokimyəvi vəziyyətini
araşdırmaya əsaslanır. Həmin proqnozlaşdırma
artıq uzun müddətdir (2001-2012) test formasında yoxlamalardan
keçir. Əsası isə ondadır ki, yoxlamalar hardasa deyil, məhz Azərbaycanda,
Respublika Seysmoloji Xidmət
Mərkəzinin Seysmogeokimya şöbəsində
aparılır. Sözügedən metodikanın müəllifi
isə Rusiya Elmlər Akademiyası və
Azərbaycan MEA geoloji-minerologiya elmləri
doktoru Ramidə Kərəmovadır.
Ramidə
Kərəmova məmnuniyyətlə bəzi
suallarımızı cavablandırdı.
- Ramidə
xanım, zəlzələnin qarşısını almaq mümkündürmü?
-
İlk öncə onu
deyim ki, bu, mümkün deyil. Lakin
mən inanıram ki, yaxın zamanlarda zəlzələnin fəsadlarının
azaldılması üçün müəyyən işləmələr
hazırlanacaq. Eyni zamanda qeyd etmək lazımdır ki,
seysmologiya sahəsində araşdırmalar aparmaq
üçün, əvvəla, zəlzələnin yaranma səbəblərini
dərindən öyrənmək lazımdır. Hazırda
seysmoloji proqnozların araşdırılması iki yöndə:
seysmik, geofiziki və seysmogeokimyəvi sahələr üzrə
və seysmodavamlı tikintinin mükəməlləşdirilməsi
üzrə aparılır. Çox təəssüf ki, bu
gün ikinci yönümə daha çox diqqət
ayrılır.
- Nəyə görə belə vəziyyət
yaranıb?
-
1966-cı ildə Daşkənddə baş vermiş
güclü zəlzələ maddi itkilərlə
yanaşı, həm də insan tələfatı ilə nəticələnmişdi.
Sovet İttifaqına daxil olan bütün respublikalar Özbəkistana
yardım edirdi. Məhz o anda özbək alimləri, dəqiq
desəm, seysmoloqlar, hidrogeoloqlar və hidrogeokimyaçılar
tərəfindən bir məsələ kəşf
olunmuşdu. Bu da güclü zəlzələ episentrlərində
seysmogeokimyəvi anomaliyaların yaranmasını nəzərdə
tutur. Verilənlərin retrospektiv analizi zaman aşkarlandı
ki, Daşkəndətrafı poliqonda hələ zəlzələ
baş verməzdən öncə radonun və bəzi kimyəvi
elementlərin anomal variasiyaları qeyd olunmuşdu. Bu kəşfdən
sonra seysmoproqnostik sahədə geniş araşdırmalara
start verildi. Lakin o araşdırmalardan ən vacibi kimi geofiziki
və geokimyəvi sahələrin müşahidəsi
tanındı.
Seysmologiya,
geofizika, seysmogeokimya və riyaziyyat kimi sahələrin bir
çox mütəxxəssisləri 1970-1990-cı illərdə
elmin bu sahədə inkişaf edəcəyinə olan əminliyini
çox gözəl xatırlayır.
Lakin ötən
əsrin 90-cı illərində azsaylı uğurlu proqnozlara əsaslanaraq,
ABŞ, Yaponiya, Çin kimi ölkələr bu sahənin
uğur gətirməyəcəyini bildirib, araşdırmalara
son qoydular. Əvəzində isə seysmodayanıqlı
tikinti planını gerçəkləşdirmək
üçün maliyyə və güc sərf etməyə
başladılar.
Nəzərə
alın ki, yalnız üstündən 20 il keçəndən
sonra seysmoloji proqnozlaşdırmaya qarşı münasibət
yenidən müsbətə doğru dəyişməyə
başladı. Belə ki, 2008-ci ildə həmin sahənin
uğursuzluğuna əsaslanaraq, araşdırmaları
dayandırmağı tövsiyə edən elmi koordinatorlardan
biri, Maks Viss Avstraliyada Beynəlxalq müşavirədə
iştirakı zamanı "o vaxt səhv
buraxmışıq" deyə bildirdi. Çıxış
edərkən o hətta məyusluğunu belə gizlətmədi.
Eyni zamanda o bildirdi ki, elmi dairələrdə bu sahəni
tezliklə yenidən gündəmə gətirmək
lazımdır.
Həyatda
hər şey olur. Belə səhvlər də
buraxılır. Çünki istənilən halda
"mümkün deyil", "ola bilməz",
"alınmayacaq" demək "heç vaxt heç vaxt
demə!" prinsipi üzrə yaşamaqdan və faktları
analiz etməkdən asandır.
Lakin
qeyd etməliyəm ki,
bu araşdırmalar heç
də bütün dünyada
dayandırılmadı. Son 30 ildə operativ və qısamüddətli seysmoloji proqnozlaşdırma kimi
çətin sahədə araşdırmaları davam etdirən Hindistan, Çin, Qazaxıstan və Azərbaycan alimləri
olub. Azərbaycanda bu araşdırmaların
dayandırılmamasına səbəb isə RSXM-in
rəhmətlik baş direktoru
Arif Həsənovun uzaqgörənliyi olub.
Bakıda, 25.11.2000 tarixində baş vermiş və episentri Xəzər dənizində olan zəlzələni bizim
mərkəzin əməkdaşları öncədən
proqnozlaşdıra bilmədiklərinə baxmayaraq,
Arif Həsənov jurnalistlərin
suallarına yüksək peşəkarlıqla cavab verirdi. O hadisədən dərhal sonra
dövlət büdcəsindən maliyyə ayrıldı və
Mərkəzdə texniki vəsaitlərin
modernləşdirilməsi prosesinə başlandı. Bir neçə ay ərzində
ABŞ istehsalı olan "KINEMETRIX"
aparatları ölkəyə gətizdirildi və Mərkəzdə
quraşdırıldı.
Ölkə
ərazisində bir neçə seysmoloji stansiyaların tikintisinə start verildi. Qeyd etmək lazımdır ki,
bu işlər Arif Həsənovun
rəhbərliyi altında aparılırdı. O, həyatının
son gününə kimi
öz işinə sadiq
qalaraq, Mərkəzin inkişafı üçün əlindən gələni edirdi.
İsmayıllı
və Zaqatala zəlzələlərindən
sonra ölkədə 7 stansiya
var idisə, 2008-ci ildə bu
stansiyaların sayı 21-ə qədər artdı.
- Bəs
bu gün seysmoloji proqnozlaşdırmaya diqqət
ayrılırmı?
-
Qeyd edim ki, hazırda, demək olar,
bütün diqqət məhz seysmologiya elminə yönəlib. Yəqin ki, belə də olmalıdır. Lakin yaddan çıxarmaq
olmaz ki, seysmologiya elmi artıq baş vermiş zəlzələləri
qeydetmə ilə məşğuldur. İndiki
baş direktor Qurban Yetirmişli bütün diqqəti yalnız bu sahəyə ayırır. Yalnız mən,
seysmoproqnozlaşdırma ilə məşğul olan
seysmogeokimya sahəsinin mütəxəssisi olaraq diqqətdənkənar
qalmışam. Belə demək olarsa, bizim Seysmogeokimya
şöbəsi başağrısı kimi qəbul olunuruq.
- Nəyə əsasən belə hesab edirsiniz?
- 1979-cu ildən
etibarən MEA Seysmoloji Xidmət Mərkəzinin Seysmogeokimya
şöbəsində çalışıram. Biz yalnız
ilboyu yeraltı və Xəzər sularının seysmogeokimyəvi
sahələrinin araşdırılması ilə bərabər,
həm də aktiv və təhlükəli zonaların həmin
sahələrin flyuidləri əsasında real zaman rejimində
operativ qiymətləndirmə işini görməyə
çalışırıq. Bu yalnız ilk addımlardır.
Və bu ilk addımlar gündəlik hidrometereoloji proqnozlara bənzəyir.
Yəni hidrometereologiya yalnız qasırğaları deyil, eyni
zamanda ən zəif külək, yağış və
qarı proqnozlaşdırdığı kimi, seysmoloji
proqnozlaşdırma ən güclü təbii fəlakətdən
tutmuş, ən aşağı maqnitudlu yer titrəmələrinə
qədər öncədən xəbər verə bilər.
Obyektiv yanaşaraq deməliyəm ki, səhvlərimiz də
olur. Lakin müsbət nəticələr, şübhəsiz,
daha çoxdur. Sadəcə, biz məsuliyyəti dərk
edirik. Mərhum prezident Heydər Əliyev 1983-cü ildə
qeyd etmişdi ki, "gerçəkləşməmiş
proqnoza görə xalq vahiməyə düşsə, bu,
gerçəkləşmiş fəlakətdən daha
çox zərər gətirə bilər". Lakin bu, o demək
deyil ki, bu sahədə elmi araşdırmaları tamamilə rədd
etmək lazımdır.
- Seysmoproqnozlaşdırmanın işlənmə
texnologiyası ideyası ilk dəfə nə vaxt
ağlınıza gəlib? Siz bu iş üzərində
araşdırmaları davam etdirirsinizmi və patentiniz
varmı?
-
İlk belə fikir
1998-ci ildə baş vermiş
Lerik zəlzələsindən sonra, Azərbaycan ərazisindəki 1979-1998-ci
illərin seysmoaktiv zonaların retroanalizlərinin
nəticələrini müqayisə edərkən gəldi. Proqnozu dəqiq
vermək üçün əsas 3 parametr təyin olunmalıdır: baş verəcək zəlzələnin yerini, maqnitudasını və aktivləşəcək
vaxtını. Bununla bərabər, vaxt da hazırda baş verən, qısa - , orta
- və uzunmüddətli kimi dəqiq
xarakterizə olunmalıdır.
-
Seysmologiya, geofizika və
seysmogeokimyanın indiki texniki
təchizatı hansı səviyyədədir?
-
Hər zaman olduğu kimi, bütün texniki təchizat yalnız seysmologiya
üçün nəzərdə tutulurdu. Zaqatala zəlzələsindən
sonra dövlət büdcəsindən
maliyyə ayrıldı. Geofizika
şöbəsi ümüdlə gözləyir ki, onların da texniki təchizatı yenilənəcək. Lakin baş direktorun seysmogeokimya şöbəsinə bəslədiyi
kəskin mənfi münasibətdən bəlli olur ki, rəhbərliyin
köməyini gözləməyə dəyməz. Ən
azı bir neçə gün
öncə bilavasitə baş direktor özü şəxsən
"heç bir vəsait
ayrılmayacaq sizə! Sizin
şöbəni bağlayıram" sözlərini dedi. Bundan sonra
yalnız ölkə rəhbərliyi müdaxilə edərsə,
bizim şöbə apardığı
araşdırmaları davam etdirə bilər.
-
Müsahibəmizin sonunda nə demək
istərdiz?
-
Əvvəla, sizə təşəkkür etmək istərdim.
Bu mənim mətbuatda ikinci
çıxışımdır. Adətən mənə söz demək üçün
imkan yaradılmayıb. Xüsusilə
də seysmoproqnozlaşdırma haqqında mövzu
açılanda hamı onu qeyri-ciddi kimi qəbul edir. İnanmaq istərdim ki, yaxın gələcəkdə vəziyyət
dəyişəcək və bizim əməyimiz
indi olduğu kimi qapalı mövzu olaraq qalmayacaq. Ən
azı ona görə ki,
son illər ölkədə gedən
proseslər analoqu olmayan
kimi dəyərləndirilirsə,
seysmoproqnozlaşdırma da analoqu olmayan vasitələrlə
və 75-80%-lik dəqiqliklə həyata keçirilirsə,
deməli, dünyada analoqu
yoxdur. Özümə, öz
əməkdaşlarımın əməyinə görə
demirəm. Vətənimizin adı elmdə bu
cür nailiyyətlərlə çəkilsə,
bu, Azərbaycan üçün
də müsbət hal olar.
Buna inanıram.
A.AZƏRSOY
Ayna.-
2012.- 9 iyun.- S.19.