İşləmək istəyən
işsiz qalmaz
Lalə Məmmədova yol
göstərir - çalışqan olun!
Opera və
Balet Teatrının səhnəsində özünü Leyli
kimi sınayan əməkdar artist Lalə Məmmədova
yaşıdlarından seçilir. Səsinin yetdiyi qədər
musiqinin fərqli janrlarında özünü sınayır.
Yeniliklər etməyə, seyrçini heyrətləndirməyə
çalışır. Öz yaşam prinsipləri var.
Musiqini anlayan bir ailədə böyüyüb. Öz həyat
hekayəti ilə başlayır söhbətə:
- Ailədə
beş qız olmuşuq. Çox sakit uşaq olmuşam.
Şou-biznes qalmaqalları mühitində mən bu sakitliyi
qorumağa çalışıram. Uşaqlıqdan musiqiyə
böyük həvəsim olub. 1-2 il fortepiano sinfinə getsəm
də, sonra həvəsim öldü. Müəlliməm mənə
iradlar tuturdu. Musiqi məktəbindən çıxdım, həvəskar
kimi ifa etməyə başladım.
- Məktəbi bitirəndə niyə
məhz Xarici Dillər İnstitutuna daxil oldunuz?
-
Valideynlərim mənim ciddi bir işlə məşğul
olmağımı arzu edirdilər. Onları qınamıram, mənim
gələcəyimi düşünürdülər. Amma mən
Milli Konservatoriyanın xanəndəlik sinfini də bitirmişəm.
Çoxlu sənətkarlar var ki, iki peşə sahibidir.
Məsələn,
Elmira Rəhimova həm mahnı ifaçısı, həm də
ingilis dili müəlliməsi olub. Xədicə Abbasova, Flora Kərimova
isə həkim olublar. Xarici dilləri bilməyim xarici səfərlərdə
olanda, hansısa başqa dildə mahnı ifa etməkdə
kömək edir.
Bir əhvalat
yadıma düşdü. Bir dəfə "Tale
yolları" verilişinə çəkilirdim. Bilirsiniz ki,
bu verilişdə daha çox həyatın çətinliklərindən,
sınaqlarından söhbət gedir. Mən də verilişdə
danışmışdım ki, ata-anamın işləməsinə
baxmayaraq təhsil haqqımı özüm ödəmək
istəmişəm. Bundan əvvəl restoranda, toyda
çıxış etməyi arzulamamışdım. Gedib
oxuyub pul qazanmışam, təhsil haqqımı ödəmişəm.
O verilişdə bunları danışmışdım.
Verilişdən sonra telefonuma mesaj gəldi.
Bir qız
yazırdı: "Bilirəm ki, ürəyiaçıq
insansınız, mənim sizin köməyinizə ehtiyacım
var". Elə bildim, kiminsə səhhətində ciddi
problem var. Yazır ki, anam, atam işləmir, oxuduğum təhsil
ocağına iki min manat borcum var, mənə kömək
edin. Mən lap mat qaldım. Mənim valideynlərim işləsələr
də, mən yenə də pul qazanmağa
çalışmışam, onlara yük olmaq istəməmişəm,
sənə nəyə görə havayı pul verməliyəm,
özü də iki min manat. Hansısa bacarığından
istifadə et, sən də pul qazan.
- Sənətdəki
müəllimləriniz barəsində nələri
danışa bilərsiniz?
- Bu
gün Lalə Məmmədovaya müraciət edən bəstəkarlar,
şairlər, musiqiçilər çoxdur. Amma Lalə Məmmədova
səhnədə ilk addımlarını atanda belə deyildi.
Ona inanan bir insan olub. Həmin insan inanıb ki, məndən
yaxşı musiqiçi çıxa bilər. Bu insan
Siyavuş Kərimidir. Onun məktəbini keçdiyim
üçün bu gün səhnədə möhkəm
dururam.
Birinci
kursda oxuyurdum. Daim musiqiyə qulaq asır, informasiya
toplayırdım. Bir gün əlimə kaset
düşmüşdü, bir mahnı mənə çox təsir
etdi, Siyavuş Kəriminin "Hiss elə" mahnısı məni
yaman tutdu. O illərdə 20 Yanvar, Xocalı faciələri
hamını sarsıtmışdı. Siyavuş müəllim
də təsirlənib bu mahnını yazmışdı. Mən
bu mahnını, bir neçə başqa mahnını
yazdırıb Dövlət Televiziyasının musiqi
redaksiyasına yollandım.
O vaxt orada baş redaktor bəstəkar
Ramiz Mirişli idi. Həmin "Hiss elə"
mahnısını Ramiz müəllim mənim ifamda çox bəyəndi
və soruşdu: "Qızım, necə gözəl ifa
etmisən bu mahnını, onu kimin yazdığını
bilirsən? Bu mahnını Siyavuş Kərimi yazıb. Get
onun studiyasına və de ki, səni mən
yollamışam".
Mən getdim, amma Ramiz müəllimin
adını utandığımdan çəkmədim.
Siyavuş müəllim əvvəlcə məni bu sənətdən
imtina etməyə razı salmağa çalışdı:
"Görünür ki, məlahətli qızsınız,
niyə bu sənəti seçmisiniz, istər-istəməz
adama ləkə yaxmağa çalışırlar bu sənətdə,
bu sənət qadın üçün çox çətindir".
Mən artıq çantamı götürüb getməyə
hazırlaşırdım, qapı ağzında idim.
Siyavuş müəllim dedi ki, yaxşı, bir gəl oxu,
görək necə oxuyursan. Özü də müşayiət
edirdi məni. Mahnını oxuyub qurtarandan sonra mənə
dedi ki, sizi bu studiyada gözləyirəm".
Bir-iki il heç efirə
çıxmırdım, ancaq hazırlaşırdım. Biz
Siyavuş müəllimlə bir mahnının üzərində
bir neçə ay çalışırdıq. Artıq
hazır olduğum anda efirə çıxdım.
- Efirdə
ilk çıxışınızı
xatırlayırsınız?
- Bu elə bir vaxta təsadüf edirdi ki, cəbhədən
gündə bir xəbər gəlirdi. Bəzən bir
verilişi aylarla təxirə salırdılar. Mən də hər
dəfə qohum-əqrəbanı yığırdım ki,
indi məni göstərəcəklər (gülür). O
vaxtlar çox həvəsli idim. İlk
çıxışım AzTV-də "7-17" adlı
uşaq verilişində olub. Fikrət Əmirovun
"Göygöl" mahnısını ifa etmişdim.
Bir müddət əvvəl əlimə qaval
götürüb muğam triosu ilə səhnəyə
çıxmışdım. Tamaşaçılar çox təəccüblənmişdilər,
çoxları bilmirdi ki, mən xanəndəliyi, Ağaxan
Abdullayevin sinfini bitirmişəm. Hər zaman öyrənməyə
meyilli olan bir insan olmuşam. Şəxsən mən
muğamdan doymuram.
- Tələbə
yetişdirməklə yanaşı, mahnı
ifaçılığı ilə məşğul olursunuz.
Bunlar bir-birinə mane olmur ki?
- Qətiyyən.
Hər dövrdə savadlı tələbələr də
olub, savadsızlar da. Mən bir məqamdan çox razıyam
ki, əvvəllər tələbələrimizin xaricdə təhsil
almaq şansları çox az idi, bu gün isə gör nə
qədər valideyn övladlarına dəstək olur,
onları xaricə oxumağa yollayır. Mənim o gənclərə
böyük ümidim var. Əvvəllər Neft
Akademiyasını bitirən gənclər, məsələn,
Neft Daşlarında çalışardılar, bu gün isə
bu ali məktəbin məzunları bir çox xarici şirkətlərdə
işləyirlər. Əgər bu gün işsizlikdən
şikayət edən bəzi insanların üzünə
baxsaq, görəcəyik ki, həmin simada tənbəllik ifadəsi
var, işləmək istəyən işsiz qalmaz. İndi
heç tanışlıqla da iş düzəlmir, hansı
şirkətə lazımsız, bacarıqsız kadr lazımdır?!
Gec-tez həmin bacarıqsız kadrın yerini işi bilən
adam tutacaq..
Xatun
Ayna.-
2012.- 23 iyun.- S.21.