Macarıstan: Avropadan
Doğuya baxış
Qədim hunların varisləri
üzlərini Türk Dünyasına çeviriblər
Onlar
bir zamanlar Doğudan gəldilər, Avropanın mərkəzini
özlərinə yurd seçdilər. Türk
Dünyasının Fin-Uqor qoluna mənsub olan macarlar bir
zamanlar Fin-Uqorların Suur Suomi (Böyük Finlandiya)
ideyasını müdafiə etdiklərini gizlətmədən
bunu daha dolğun bir şəkildə yenidən ictimai, mədəni
və siyasi mühitə gətirməyə
başlamışlar. Bu yöndə ənənəyə
çevrilmiş bir sıra tədbirlər artıq dövlət
siyasəti şəklini almağa başlamışdır.
Bunu zəruri edən səbəblər var. Məsələn,
Almaniyanın Çexiya, Polşa, İsveç, Hollandiya,
Belçika, Avstriya, Latviya, Litva, Estoniya, Rumıniya,
İsveçrə və digər ölkələrdə
iqtisadi, siyasi, sosial və digər sahələrdə artan
nüfuzu ilə yanaşı "pangermanizm" dəyərləri
də inkişaf etməkdədir. Belə bir duruma qarşı
alternativ olaraq, İtaliya, İspaniya, Portuqaliya, Fransa və
İngiltərə bir tərəfdən yeni mərkəzləşmə
taktikasına üz tutsalar da, slavyan kökənli Çexiya,
Slovakiya, Çernoqoriya, Sloveniya, Ukrayna, Xorvatiya, Kosovo,
Makedoniya tipli ölkələr hələ ki bəlirsiz bir
durumdadırlar. Məhz bu faktordan yararlanan Almaniya həmin
ölkələrlə də uzlaşma nöqtələrini əldə
edə bilmişdir.
Macar elitası nə "pangermanizm", nə
də "roman" mədəni qatlarını qəbul
etmir. Bu mühitdə Turan Doktrinası vacib sayılır.
Macar-Turan
Fondunun təşəbbüsləri
Macarıstanın Kişhunaşaq bölgəsinin
Buqaç məntəqəsində faktiki olaraq hər il
Macar-Turan Fondunun dəstəyilə dünya türklərinin
qurultayı keçirilir. Buraya bütün türk boylarının
təmsilçiləri qatılır. Faktiki olaraq bu qurultayda
24 ölkədən türk xalqlarının tarix, mədəniyyət
və etnoqrafiyasını bilən türk kökənli
mütəxəssislər iştirak edirlər. Gök
Tanrı inanc kultunu akademik səviyyədə bilən bilginlərə
özəl qayğı ilə yanaşır, hətta
onların əsərlərini belə nəşr edirlər.
Bu törən, sadəcə, qurultay deyil, həm də
bütün türk toplumlarının tarixi və
çağdaş mədəniyyətlərini nümayiş
etdirmək üçün bir şölən olaraq da qəbul
edilir.
Ötənilki qurultaya 24 ölkədən
250 təmsilçi dəvət olunsa da, bütövlükdə
macar xalqının böyük maraqlarına səbəb
olduğu üçün 200 min nəfər yerli əhali də
bu ali tədbirdə iştirak etmişdi. Saxa (Yakutiya),
Qazaxıstan, Özbəkistan, Tuva, Xakasiya, Türkmənistan,
Altay, Tatarıstan, Başkortstan, Dağıstan, Monqolustan, Komi,
Norveç, Finlandiya, Marı El, Mordva, Estoniya, Kareliya, Ukrayna,
Rumıniya, Qırğızıstan, Quzey Kıprıs,
İraq Türkman, Çuvaşıstan, Qaqouziya, Yaponiya,
Amerikanın bütün ölkələrindəki
Qızıldərili təşkilatları bu qurultayda təmsil
olunmuşdular.
Qurultay iştirakçıları
bütün türk xalqlarının mədəni və tarixi
birliyi ilə yanaşı, çağdaş iqtisadi, elmi və
hüquqi müstəvidə işbirliyinə malik olması
yönündə səmərəli təkliflər irəli
sürmüşlər. Qazaxıstan prezidenti Nursultan
Nazarbayevin təklif etdiyi "Türk Dünyasının mədəni-humanitar
birliyi" konsepsiyası burada müdafiə olunmuşdur.
Növbəti qurultayda böyük Turan
hökmdarı Attilanın dönəmindəki kimi 200 qədim
türk çadırı qurulacaq və qədim geyimlərdə
olan 600 nəfər atlı qurultayda təmsil olunacaqlar.
Qurultayda bütün türk xalqlarının folklor örnəkləri
də nümayiş etdiriləcəkdir.
Sonda türk dünyasının qədim ənənələrinə
uyğun olaraq böyük bir tonqal yandırılacaq və
onun ətrafında yallı gediləcəkdir. Macarıstan tərəfi
Türk Dünyasında inteqrasiya yönündə yeni
texnologiyalar təklif edəcəkdir. Türk boyları inanc və
milli kimlik fərqi olmadan bərabər şəkildə bu
uzlaşmada təmsil olunmalıdır.
Magyar-turan.hu, kurultaj.com, turania.hu,
kassai-lovasijaszat.hu, lovasijasz.sk, lovasijasz.szm.sk, grozerarchery.com,
holloenek.hu, hunormagyar.hu, tengri.hu, feketesolyom.sk, revengeteam.com,
nomadutak.net, holloenek.hu, tarsoly-revesz.hu, taltoshub.uni.hu internet
resurslarında qurultayla bağlı genişmiqyaslı təbliğat
şəbəkəsi qurulmuşdur.
Macarlarda
turançılıq düşüncəsi
Macarların ictimai düşüncəsinə
görə, ilk macar dövlətinin qurucusu Hun
imperiyasının hökmdarı Attilanın oğlu Ellak Xaqan
olmuşdur. Deyilir:
"Bizlər əslində qədim
türk boyu hunların övladlarıyıq. Bütün
tarixi qaynaqlarda türk olaraq adlanırıq. Müqəddəs
tacımızın alt bölümü Bizans imperatoru tərəfindən
lütfkar yönətici Türkiyə kralına göndərilib.
Qərbdə ilk dəfə Türkiyə adı indiki
Macarıstana xitabən istifadə olunmuşdur. Bizlər
Avropanın tən ortasında yalnız qaldıqdan və
xristianlaşdıqdan sonra macar olaraq tanınmağa
başladıq. Bütün bunlara baxmayaraq, Karpat
dağları boyunca biz macarlar hələ də qədim
türk milli adətlərincə yaşamaqda davam edirik".
Macarların qədim inanclarına görə,
onlar qədim Turan torpaqlarından indiki ərazilərə
köç etmişlər. Onlar madyar, iskit, hun, sak və
qıpçaq boylarının təməlində bir etnos
olaraq formalaşıblar. Bu günün özündə belə,
"noman", "kız kuar", "tenqe ilmek",
"kökpar" tipli Gök Tanrı dönəmindən
qalma idman növləri macarların milli oyunlarıdır.
Hələ 19-cu yüzildə böyük
macar alimi Deçi Mor elmi tədqiqat əsərlərində
qeyd edirdi ki, Avropada "pangermanizm" və "böyük
roman" siyasətinə görə macarlara məxsus torpaqlar
bir neçə dövlətin ərazisinə süni şəkildə
birləşdiriləcəkdir. Bunun ardınca macarları daha
ağır şərtlər altında iqtisadi cəhətdən
çökdürməklə yanaşı, assimilyasiyaya
uğramağımıza səbəb ola biləcək təsisatlar
yaradılacaqdır. Bizlər macar milli kimliyi iradəsi olaraq
Türk Dünyası ilə tarixi tellərimizi daha sıx
bağlamalıyıq".
Doğrudan da, 20-ci yüzildə baş
vermiş 1-ci və 2-ci dünya savaşlarından sonra Avropada
ən ağır şərtlər içində məhrumiyyətlərə
məruz qalan macarlar və Macarıstan olmuşdur.
Macarıstan torpaqları Polşa, Çexiya, Almaniya, Avstriya və
Rumıniyanın ərazilərinə birləşdirilmişdir.
Bu gün Macarıstanın milli dövlət olaraq inkişaf yolunu
Türk Dünyası ilə inteqrasiyada görən Yobbik
Partiyası (Milli sosialistlər) açıq şəkildə
bu fikri ölkə parlamentində ifadə etməkdədir.
Partiyanın proqramında qeyd olunur:
"Biz Macarıstanın gələcək
inkişafını Turan Dünyasında görürük. Bunun
üçün "Magyar Remeny Mozgalom (yurd dışında
qalmış macarların taleyini nəzərə alan
"Macar Ümid Hərəkatı") strategiyamızı
genişləndirməyi bir hədəf olaraq
görürük. Tarixi Transilvaniya daxil olmaqla Sekey hədəflərinə
Erdelyi Magyar İfjak (Transilvaniya Macar Gəncləri Hərəkatı),
"Karpataljai Magyar Kulturalis Szövetseg" (Karpat Macar Mədəni
Birliyi), "Magyar Polgari Part" (Macarıstan Vətəndaş
Partiyası) təşkilatları ilə bizlər birgə
addım atmağı hədəf seçmişik".
Partiyanın lideri Habor Vona Macarıstanda ən
güclü türkoloq və strateq kimi də çox məşhurdur.
Artıq bu partiya, sadəcə, parlamentdə deyil, əksər
yerli bələdiyyələrdə və digər dövlət
strukturlarında təmsil olunmaqla həm də ölkənin
siyasi həyatında güclü təsir imkanları əldə
etmişdir. Yobbik Partiyası ölkənin xarici kapitaldan
asılı olması, bunun qarşılığında
Macarıstan ərazilərinin, təbii sərvətlərinin,
iqtisadi təsisatlarının xarici şirkətlərin nəzarətinə
keçmə təhlükəsini hiss edir, uzun illər
hakimiyyətdə olmuş sosialistləri və liberalları tənqid
edərək bütün günahları onlarda görür.
Avropada iqtisadi böhranların
Macarıstanı da əhatə etməsi, əhalinin çətin
duruma düşməsi faktı da Yobbik Partiyasının
haqlı olduğunu sübut etmişdir. Bütün bunları
nəzərə alaraq Yobbik Partiyası bütün türk
dövlətlərinin bir araya gələrək "Turan
Konqresi" yaratmalarını təklif etmişdir. Bu yöndə
partiyanın maliyyə dəstəyilə iki akademiya
yaradılmaqdadır. Bu akademiyalardan biri Türk
Dünyasının mədəni, tarixi, etnoqrafiyası, digəri
isə çağdaş türk xalqlarının dövlətçiliyi
və ictimai həyatı, iqtisadi və təbii resursları
istiqamətində tədqiqatlar aparacaqlar. Bu partiyanın gənclik
qolu həmin akademiyalarda kadr olaraq yetişdiriləcək.
Macarıstan
türk dövlətləri ilə iqtisadi, mədəni və
humanitar əlaqələrin inkişafı yönündə
ciddi addımlar atmışdır. Özəlliklə
Türkiyə, Qazaxıstan və Özbəkistanla
böyük əlaqələr qurulmuşdur. On milyonluq əhalisi olan bu
ölkə belə bir strategiyanı tətbiq etməklə
yanaşı, həm də təkcə Macarıstanı deyil,
bütün Avropanı təhdid edən demoqrafik fəlakətin
də qarşısını almağa ümid edir.
Macarıstanı
tanıyırıqmı?
Bu
türk kökənli dövlət Avstriya, Slovakiya, Ukrayna,
Rumıniya, Serbiya və Sloveniya ilə sərhədlərə
malikdir. 1999-cu ildən NATO-nun və 2004-cü ildən Avropa
Birliyinin üzvüdür. Ölkə Magyarorszag (macarların
ölkəsi) adlanır. Avropanın qədim mənbələrində
isə Hibelunhah (hunların ittifaqı mənasında)
adlanır. Karpat dağlarının çevrəsindəki ən
münbit torpaqların 20-ci yüzillikdə bölünməsi
uğrunda aparılan qanlı savaşlar nəticəsində
macarların əraziləri bir neçə dövlətin
arasında bölünmüşdür. Uzun müddət
sosialistlərin hakimiyyətdə olması səbəbindən
indi ölkənin xarici borcları 50 milyard dolları
ötmüşdür. 10 milyonluq Macarıstanın parlamentində
386 millət vəkili təmsil olunur. Müxalifət
partiyalarını təmsil edən deputatların sayı 122 nəfərdir.
Bütün demokratik qüvvələri təmsil edən Macar
Demokratik Forumu hakimiyyəti ələ almaqla ilk dəfə
olaraq ölkənin bütün siyasi mənzərəsini dəyişmişlər.
Ölkə prezidenti iki dəfədən artıq bir daha
seçilə bilməz.
Macarıstanda
diktator rejiminə
1848-ci ildə
son qoyulmuşdur. Bundan
sonra ölkənin milli parlamenti yaradılmış və
1860-cı ildə Ana Yasa qəbul edilmişdir. 1918-ci ildə
isə ilk dəfə olaraq Macarıstan özünü
demokratik dövlət elan etmişdir. Ölkə inzibati
baxımdan 19 "medye"yə (vilayətə)
bölünür. Dunay çayı faktiki olaraq ölkəni
ikiyə ayırmışdır. Alp, Bakon, Verteş, Dunasuq,
Berjen, Çertax, Marta, Böyük, Çerexat, Ahtelek kimi
dağlıq ərazilərdə yaradılmış turizm mərkəzləri
ölkənin ən çox gəlir gətirən mənbələrindən
biri hesab olunur. Burada təbii mənzərələri zəngin
olan ərazilər elə səviyyədə qorunur ki, turist
axınına ilin bütün fəsillərində rast gəlmək
mümkündür. Təbii mənzərələrlə zəngin
olan göllər xüsusilə sevilən məkanlardır.
Balaton gölü çevrəsində yaradılmış
turizm mərkəzi Avropanın ən böyük istirahət
məkanı hesab olunur.
Macarıstanın aqrar sektoru Avropa
üçün ərzaq təhlükəsizliyi məsələsində
aparıcı rol oynamaqdadır. Macarıstan aqrar ölkə
olmaqla yanaşı, həm də bir sənaye dövləti
olmaq iddiasını də gizlətmir. Macarıstanın
qarşısında ucsuz-bucaqsız Türk Dünyası
coğrafiyası durur. Buna görə də türk dövlətləri
ilə inteqrasiya əsas prioritetlərdən biri hesab
olunmaqdadır. Macarıstan türk dövlətlərindən
gəncləri dəvət etməklə burada onların kadr
hazırlığı qeydinə qalaraq yaxın perspektivdə
ümumtürk işbirliyi hədəfləri ortaya
qoymuşdur.
İndi macar hökuməti dünya
türklərinə yurd olan regionlara öz mütəxəssislərini
göndərməklə həmin bölgələr
haqqında xüsusi televiziya filmləri hazırlayır,
kitablar nəşr etdirir, elmi konfranslar keçirir. Türk
Dünyası haqqında məktəblər və universitetlər
üçün dərsliklər hazırlanaraq onların
xüsusi vəsaitləri qismində tədris olunmasını
da təmin etmişdir.
Macarların tarixi qaynaqlarında belə
qeyd olunur: "Kuman-qıpçaq çölləri, Karpat
dağlarının yaylası hər zaman bizlərə arxa
oldu. Hun kökənli biz madyarlar atlarımızla bu
çölləri, yaylaları dolaşdıqca sevdik, sevdikcə
bu torpaqların əsil sahibinə çevrildik.
Ata-babalarımızın məzarları bu torpaqlarda uyuyur. Bu
torpaqların hər qarışında ulu əcdadımız
Attilanın atının kişnərtisi hələ də gəlir.
Bu səsi qanında və ruhunda təmiz madyar qanı axanlar
qulağını torpağa söykəməklə duya bilirlər.
Başqaları bunu heç zaman hiss etməzlər"..
Ənvər
Börüsoy
Ayna.-
2012.- 23 iyun.- S.19.