Yüz Türk etnosu ensiklopedik lüğətdə

 

Biz tarixin axarında necə görünürük?

 

Adətən Türk soylu xalqların dünyanın üç qitəsində məskunlaşmış olması vurğulanır. Əslində isə bu xalqların təmsilçilərini dünyanın hər nöqtəsində görmək mümkündür. Bu yaxınlarda rus dilində yayınlanmış "100 Türk etnosu" (Bakı, "Araz", 2012) kitabını səhifələdikcə bir daha bu həqiqətə diqqət etməli oluruq. Müəllifi Azərbaycanda tanınmış yazıçı, dramaturq, hekayə və esse yazarı, fəlsəfi məqalələri, hətta yumoristik yazıları ilə də şöhrət qazanmış prof. Firuz Mustafadır. Mən özüm bilərəkdən "müəllif" ifadəsini işlədirəm, kitabda F.Mustafa "tərtibatçı" kimi təqdim edilir. Axı bu kitab həm də qiymətli bir tədqiqat əsəridir. Uzun illərin məhsulu olan bu fundamental əsərdə Türk soylu xalqlar haqqında maraqlı məlumatlar verilir, Türk etnoslarının tarixi keçmişi, yaşadıqları coğrafi ərazi, adət-ənənələri, dini inancları, mənəvi-əxlaqi və estetik dünyagörüşləri, həyat tərzi, günümüzdəki vəziyyətləri haqda dəyərli bilgilər yer alır.

Burada yüz Türk etnosu bir arada təqdim edilir, onların hər biri haqda tarixi-etnoqrafik və sosial-mədəni məlumatlar verilir. Kitabı ensiklopedik lüğət kimi təqdim edən müəllif ensiklopedik qaydalara riayət edir, xronoloji ardıcıllıqla, əlifba sırasıyla Türk etnosları ilə əlaqədar lazımi məlumatları oxucu ilə paylaşmağa çalışır. Yazar etiraf edir ki, əslində bu etnosların bəziləri demək hətta mütəxəssis-türkoloqlara belə tanış deyil.

Bu etnosların bir çoxu kiçik insan birlikləri halında yaşam mücadiləsi içindədir, assimilə və dessimilə prosesində tarixdən silinmə təhlükəsi ilə üz-üzədir. Onların ensiklopediyada yer alması, genetik köklərinin araşdırılması önəm kəsb etməkdədir. Belə bir maraq və münasibət onların migrasyon, köç, bir-birindən uzaq ərazilərə səpələnmələri, bunun sosial-mədəni, iqtisadi, ekoloji və s. səbəblərini araşdırmağa imkan verir. Bu azsaylı etnoslardan bir neçəsi ilə bağlı maraqlı bilgilər verilir. Məsələn, əhalisi təxminən 400-ə çatan və Monqolustanda məskun olan köçəri Tsaataular etnosu haqda bilgilər maraq doğurur.

Bu etnoslar dünya coğrafiyasında - Çin, Monqolustan, Rusiya, Balkan ölkələri, Türkiyə, Türk Cümhuriyyətləri, İraq, İran və s. ərazilərdə məskunlaşıblar. Müəllif onların hər biri haqda coğrafi, tarixi, iqtisadi məlumatlarla birlikdə, ortaq mənəvi dəyərlər, linqvistik transformasiyalar, bir-birilərindən uzaqlaşma və bir-birinə inteqrasiya ilə əlaqədar da qiymətli məlumatlar verir. Bu baxımdan müəllif mövzuya əsla səthi bir şəkildə yaxınlaşmadığını nümayiş etdirir.

Müəllif daxili bölümlərdə daha çox ortaq dəyərlərə diqqət yetirir. Türklərin dünya sivilizasiya tarixində əhəmiyyətli yerə sahib olmalarını, dünya mədəniyyətinə əhəmiyyətli töhfələr verdiyini isbatlamağa səy göstərir. Türklərin yazı sistemləri, ilk hərfləri, ilk qanun prinsipləri, ilk hərbi döyüş strategiyaları, ilk dövlət quruluşu, bir çox söz və anlayışları üzərində dayanılır, onların ən qədim xalqlardan biri olduğunu sübut edir.

Sovetlər Birliyi dağıldıqdan sonra müstəqilliyini qazanmış Türk Cümhuriyyətləri ilə birlikdə Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, bu sırada yakut, qaqouz, Krım Türkləri, Ahıska Türkləri və s. ilə əlaqədar geniş məlumatlar verməklə kifayətlənməyən müəllif bu xalqların öz azadlığı, dili, dini, qədim mədəniyyətlərini inkişaf etdirmə yolunda apardıqları mübarizələri, qarşıya çıxan ideoloji, şovinist baxışlara qarşı ardıcıl fəaliyyətləri şərh edilir.

Məsələn, Rusiya Federasiyası tərkibində olan Yakutiya (hazırda Saka Respublikası) müəllifin yazdığına görə, Rusiyanın ən böyük coğrafi bölgəsi, ümumiyyətlə, dünyanın ən böyük inzibati bölgəsi sayılmaqdadır. Onun ərazisi dörd Fransa ərazisinə bərabərdir. Yakutistan müstəqil bir dövlət olsaydı, o zaman ərazisinin böyüklüyünə görə dünyanın səkkizinci məmləkəti olardı. Bu qədər böyük, yeraltı və yerüstü qaynaqlarına görə zəngin olan Yakutiya ərazisindəki əhalinin sayı isə 1 milyondan azdır. Bu məmləkət ən çox çayları olan (Lena, Vilyuy, Olenyok, Alda və s.) və təbii ki, enerji resurslarına (qaynaqlarına) malik məmləkətdir. Müəllif bu məlumatlarla yanaşı, yakutların keçmiş tarixi, dili, inancları, qədim mədəniyyəti, günümüzdəki sosial-mədəni və ideoloji həyatı ilə əlaqədar məlumatlar verməyi də lazım bilir.

Ensiklopedik lüğətdə bir əhəmiyyətli hal da bəzi Türk etnoslarının genetik köklərinə, tarixi keçmişinə açıqlıq gətirilməsidir. Məsələn, bəzi Türk etnoslarının digər xalqların mədəniyyəti, dili, dini, adət-ənənələrinin təsiri altına düşmələri, bir çox digər xalqların da bu və digər sosial-mədəni, ideoloji və s. səbəblərdən dolayı Türklərin təsiri altında bəzən dillərini, dinlərini, adət-ənənələrini, hətta həyat tərzini belə dəyişməsi, hətta Türk etnoslarından birinə belə çevrilməsi göstərilir. Bu baxımdan kitabda bəzi etnosların (qrek, erməni, etnoslarının (qruplarının) digər xalqların arasında yaşadıqları zaman onların mədəniyyətlərini, həyat tərzini, dilini, dinini belə qəbul etmələri ilə əlaqədar faktlara da yer verilir. Erməni-tatarlar, erməni-yunanlar, Çərkəz-gai kimi etnoslardan söz edilir. Müəllif eyni zamanda Türk dilli erməni-qıpçaq etnosundan, onun dini, inancı, erməni əlifbası ilə qıpçaq dilində yazdıqlarından söz edir.

Bu sırada XVIII-XX əsrlərdə kütləvi bir şəkildə Osmanlı imperatorluğundan Qafqaza köç etmiş Pontiya (Pontus) yunanları haqqında tarixi bilgilər təqdim edən yazar onların Ərzurum, Gümüşhanə və Artvindən Gürcüstana köç etmələri və əsasən də Tsalka bölgəsində yaşadıqlarını xatırladır. Vaxtilə Moskvada çalışanda prof. Kessidi ilə tanış olmuşdum, Onun türkçə sərbəst bir şəkildə danışa bilməsi məni təəccübləndirmişdi. Rum mənşəli bu şəxs Gürcüstanın Tsalka şəhərindən idi və Moskvada adlı-sanlı filosof kimi tanınsa da (onun "Mifologiyadan Loqosa" adlı əsəri var), bu şəhəri unuda bilmirdi.

Bəzi etnik qruplar, insan birlikləri haqda əhatəli məlumatlar verilmir. Bu da ondan irəli gəlir ki, onlar haqda məlumatlar məhduddur. Türkoloqların bu etnoslarla bağlı araşdırmaları çox aşağı səviyyədədir, etnoqraflar, tarixçilər bu məsələlərə laqeyddirlər.

Verilən məlumatlar heç də sadəcə olaraq yalnız bu etnosları daha yaxından tanımağa xidmət etmir, o, eyni zamanda digər etnosların, insan birliklərinin, müxtəlif millətlərin və xalqların belə tarixinə, mədəniyyətinə, həyat tərzinə, adət-ənənələrinə, folklor yaradıcılığına işıq tutmağa geniş imkanlar açmış olur. Məsələn, vaxtilə kalmık xalqının qəhrəmanlıq dastanı olan "Cangar"ı dilimizə çevirərkən burada Türklərə xas bir çox ortaq anlayışların (silah adları, at mədəniyyəti, ortaq sözlər, bənzər davranış qaydaları və s.) olduğunu, dörd oyrat qəbiləsindən (etnosundan) ibarət olan və Monqolustan torpaqlarından ayrılaraq bugünkü ərazilərində məskunlaşana qədər uzun bir yol qət etmiş bu xalqın daim digər Türk qövmləri ilə mədəni, iqtisadi, ticari, hərbi əlaqələrini hiss edirdik.

Firuz bəy bir çox Türk etnoslarının bu və digər sosial-mədəni, iqtisadi və s. səbəblərdən dolayı tarixən yerlərini dəyişmələri, müxtəlif təsirlərə məruz qalmaları, yaşam mübarizəsi sürdürmələri, bəzən dünyanın dörd bir yanına səpələnmələri kimi hadisələrin geniş panoramını cıza bilir. Məsələn, kitabın Balkarlara, Karaim türklərinə və s. ayrılmış hissələrində onların tarixi, adət-ənənələri, əhalisi, dini, dili, miqrasiyası, geniş bir coğrafi ərazilərdə yayılmaları və s. haqda qiymətli məlumatlar verilir. Eyni zamanda konkret olaraq bu etnosların bugünkü sosial-mədəni vəziyyəti, məskunlaşdıqları coğrafi ərazilər, buradakı əhali sayı, məşğuliyyət sahələri və s. kimi hadisələr də öz ifadəsini tapmış olur. Məsələn, Karaim türklərinin bugünkü ənənəvi yaşayış yerlərinin Krım, Ukrayna, Litva, Rusiya Federasiyası, Polşa, Türkiyə, Fransa, ABŞ, İsrail, Misir kimi ölkələr olduğunu yazır. Qıpçaq dil qrupuna aid edilən karaimlərin sitayiş etdikləri dinin iudaizmin (İbrani dininin) bir qolu olması təxmin edilir və ibadətin Latın, Karaim, Polşa, Litva dillərində oxunması kimi bir həqiqətin də bu etnosun nə qədər mürəkkəb həyat şərtləri ilə rastlaşdığını sərgiləməkdədir.

Təxminən bənzər vəziyyəti Balkar, Krım, Ahıska türkləri haqqında da söyləmək mümkündür. Əski Sovetlər Birliyi ərazilərində və hazırda Rusiya Federasiyası ərazilərində həyatını davam etdirən bu kimi xalqlar İkinci Dünya müharibəsi illərində öz ata-baba yurdlarından didərgin salınmış, Sibirə, Qazaxıstana, Özbəkistana, Yakutistana belə sürgün edilmişlər. Yalnız XX əsrin sonlarına doğru bu xalqlar öz ana yurdlarına geri dönmək imkanı qazansalar da, keçmişin vurduğu ictimai-iqtisadi, maddi-mənəvi yaraların hələ də uzun bir müddət özünü göstərməkdə davam edəcəyini söyləmək mümkündür.

Ensiklopedik lüğətdə bu kimi hadisələrə, eyni zamanda ayrı-ayrı etnosların istifadə etdikləri dilin hansı Türk dil qrupuna (Qıpçaq, Oğuz) aid olması, onların fonetik quruluşu, qrammatik özəllikləri və s. kimi problemlərə də yer verilir və onların izahında Firuz bəy özünü bir dilşünas-alim kimi də göstərə bilir. Bu və digər etnosun tarixi, maddi-mənəvi mədəniyyəti, adət-ənənələri, həyat tərzi haqda söz deyə bilən müəllif, eyni zamanda mövcud elmi, kulturoloji və türkoloji ədəbiyyata yer-yer müraciət edir, gerçəkləri açığa çıxarmağa çalışır. Onun istifadə etdiyi ədəbiyyat müəllifləri arasında V.A.Boqoroditski, S.E.Malov, G.X.Axatov, N.A.Baskakov, A.N.Kononov, E.R.Tenişev, C.G.Kiekbayev, A.M.Şerbak kimi əsasən əski Sovetlər Birliyi dövrünün tanınmış türkoloq və kulturoloqlarını görmək mümkündür.

Burada təəccüb ediləsi bir şey yoxdur, belə ki, kitabda yer almış etnosların əksəriyyəti çar Rusiyası, daha sonralar isə keçmiş Sovetlər Birliyinə aid edilmiş torpaqlarda məskunlaşmışlar və təbii ki, onların həyat tərzi, yerüstü, yeraltı sərvətləri, dili, dini inancları, adət-ənənələri, coğrafi əraziləri və s. kimi problemlər ilk öncə burada çalışan elm adamlarının marağını çəkməli idi.

Orasını da unutmamaq lazımdır ki, bəzən onlar müəyyən ideoloji məqsədlərə xidmət edə bilən meyillərin təsiri altında qalmaqda, millətlərin, etnosların məhvinə aparan ifrat milliyyətçi siyasətin maraqlarını güdməkdə idilər. Bununla belə Firuz Mustafa müraciət etdiyi müəlliflərin fikirlərinə, onların irəli sürdükləri tarixi, etnoqrafik, arxeoloji və s. mülahizələrə yaradıcılıqla yanaşmaqla ayrı-ayrı Türk etnosları ilə əlaqədar gerçəkləri gün işığına çıxara bilmişdir. Zənnimizcə, ensiklopedik lüğətin rus dilində yazılması hər şeydən öncə çoxmilyonlu rus oxucusu, xüsusilə də türkoloqlara, sənət və mədəniyyət nəzəriyyəçiləri qarşısında etnoslar ilə əlaqədar həqiqətləri göstərmiş olacaqdır.

Ensiklopedik lüğətin türk dilinə çevrilməsini də bir çox cəhətdən aktual hesab edirəm. Əsərin əski tariximizin, genetik köklərimizin araşdırılması, öyrənilməsi yolunda faydalı bir qaynaq rolu oynamasını söyləməklə birlikdə, eyni zamanda Sovetlər Birliyi dağıldıqdan sonra burada yaşamış və ya günümüzdə belə Rusiya Federasiyası tərkibində yaşamaqda olan Türk soylu xalqlara, etnoslara, eyni zamanda Rusiya Federasiyasına yeni siyasi baxışın, münasibətin qərarlaşması baxımından da faydalı ola biləcəyinə inanırıq.

Hesab edirik ki, kitabın yeni nəşrində bir çox tanınmış Qərb türkoloqlarının, bu sırada Türk elm adamlarının əsərlərinə müraciət olunması da əsərin elmi əhəmiyyətini daha da artırmış olardı. Vaxtilə Atatürk Universitetində Müasir Türk Düşüncə Tarixi dərslərini tədris etdiyim zaman mövzu ilə birbaşa əlaqəsi olan bir çox monoqrafik əsərin varlığının şahid oldum. Onların arasında məşhur sosioloq və mədəniyyət nəzəriyyəçisi, Türk düşüncə tarixinin öyrənilməsinin əhəmiyyətli olması ideasını ardıcıl olaraq müdafiə edən prof. dr. Hilmi Ziya Ülkenin adını ilk əvvəl xatırlatmaq yerində olardı deyə düşünürük. Eyni zamanda Bahəddin Ögəl, Orxan Gökyay, Baron De Hari, Avrasi S.Ahmet, Əhməd Ercilasun, Faruk Sümər, Ziya Göyalp, Lasyo Rasonyı, Erol Güngör, Budaq Budaqov, Murad Aci kimi yazarları və mövzu ilə əlaqədar digər müəlliflərin əsərlərinin unudulmaması da, ümumiyyətlə, Türk xalqı və etnoslarının mürəkkəb və çox vaxt qaranlıq keçmişinin və tarixinin işıqlandırılması yolunda faydalı ola biləcəyi fikrindəyik.

 

 

Babək QURBANOV,

prof., Qaziantep Universiteti

(Türkiyə)        

 

Ayna.- 2012.- 2 iyun.- S.19.