Eldəniz Zeynalov – 75

 

Unudulmaz rolları ilə yadda qaldı

 

Dövlət Film Fondunda xalq artisti, teatr və kino aktyoru Eldəniz Zeynalovun 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib (APA). Yubiley mərasimində çıxış edən Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev mərhum aktyorun ömür yolundan danışıb, onun Azərbaycan kino və teatr sahəsindəki xidmətlərindən, unudulmaz rollarından söz açıb. Yubiley mərasimini tanınmış kinoşünas Aydın Kazımzadə aparıb. Xalq artistləri Amaliya Pənahova, Ramiz Məlik, rejissor Şamil Mahmudbəyli, aktyorlar Elxan Qasımov, Şamil Süleymanov və başqaları çıxış edərək aktyoru yad ediblər. Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Eldəniz Zeynalovun oynadığı filmlərdən fraqmentlər nümayiş etdirilib, foyedə onun yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib.

Eldəniz Zeynalov kinoda ilk dəfə 1963-cü ildə rejissor Adil İsgəndərovun "Əhməd haradadır?" musiqili kinokomediyasında rəngsaz Əhməd rolunda çəkilib, bundan sonra onun yaradıcılıq həyatı kinematoqrafiya ilə bağlı olub. Adil İsgəndərovun seçimi ilə 30-dan artıq filmdə, o cümlədən "İyirmialtılar" tarixi-inqilabi filmində komissar Vəzirov, "Yaşamaq gözəldir, qardaşım" romantik kinopovestində Mustafa Sübhi, "O qızı tapın" detektiv filmində Səyavuş, "Ömrün səhifələri" kinoalmanaxındakı "Rəqiblər" novellasında Eldəniz, "Mən nəğmə qoşuram" uşaq filmində sədr, "Qızıl uçurum" melodramında Nuru bəy, "Bizim Cəbiş müəllim" kinopovestində alverçi Qulam, "Yeddi oğul istərəm" filmində kəndli Kazım, "Həyat bizi sınayır" kinopovestində Məsi, "Yol əhvalatı" kinokomediyasında şikayətçi, "Babamızın babasının babası" kinokomediyasında həkim, "Əzablı yollar" kino-nağılında Div və digər filmlərdə irili-xırdalı rollarda çəkilib. Lakin onun kinoda ilk böyük rolu "Bir cənub şəhərində" sosial kinopovestində Tofiq obrazı idi.

 

 

Ayna.- 2012.- 3 mart.- S.20.