"Eurovision-2012" postkardlarının çəkilişi başlayıb

 

Finalın biletləri isə bir neçə saata satılıb qurtarıb

 

"Eurovision" şousunun ayrılmaz hissəsi olan postkardların çəkilişləri başlayıb. Çəkilişlər "Eurovision-2012" mahnı müsabiqəsi şousunun istehsalı üzrə tərəfdaş olan Almaniyanın "Brainpool GmbH" şirkəti ilə birgə həyata keçirilir.

"Eurovision-2012" mahnı müsabiqəsinin işçi qrupundan cümə axşamı "Trend"ə verilən xəbərə görə, postkardlar müsabiqədə iştirak edən hər ölkənin təmsilçisinin çıxışından əvvəl yayımlanan qısa videoçarxlardır.

Ümumilikdə "Eurovision-2012" çərçivəsində 42 videoçarx çəkiləcək. Bu çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində aparılacaq. "Eurovision-2012" işçi qrupunun təqdim etdiyi ssenarilər əsasında hazırlanan təqdimat videolarında fərqli üslubdan istifadə olunacaq.

Çəkilişin rejissoru Sven Freckin bildirdiyinə görə, Azərbaycana dair maraqlı mənzərələr, mövzular müasir texniki imkanlarla təqdim ediləcək. "Azərbaycanda Avropa ilə çox bənzərliklər var. Buradakı qədimlik və müasirliyin ahəngini bəyənirəm. Çalışacağıq ki, tamaşaçılara heç gözləmədikləri videoları nümayiş etdirək. Mən insanların evdə oturub nə gözlədiklərini bilirəm. Amma bu dəfə belə olmayacaq. Bu dəfə biz onlara adət etmədikləri, bu vaxtadək görmədikləri videolar təqdim edəcəyik", - Sven Freck bildirib.

"Eurovision" müsabiqəsinin rəhbəri (Executive Supervisor of the Eurovision Song Contest) Yan Ola Sand (Jon Ola Sand) il ərzində Bakı müsabiqəsinə yüksək səviyyədə hazırlıq getdiyini bildirib. "Mayda insanlar əvvəllər görmədikləri yeni bir şou izləyəcəklər", - deyən "Eurovision" mahnı müsabiqəsinin rəhbəri tamaşaçıların builki şou ilə fəxr edəcəklərini qeyd edib.

57-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkə təmsil olunur. Mayın 22 24-də müsabiqənin yarımfinal mərhələləri, mayın 26-da isə finalı olacaq.

Yeri gəlmişkən, "Eurovision-2012" final mərhələsinin biletləri bir neçə saatın içində satılıb qurtarıb. Martın 15-də yerli vaxtla 15:00-da satışa çıxan biletlər axşam saatlarına qədər satılıb qurtarıb. 26 may final konsertinin biletləri 160-240 manat arasında olub.

Bununla belə, müsabiqənin rəsmi saytında bildirilir ki, final şousu üçün yenidən əlavə bilet satışı təşkil oluna bilər. Əlavə edək ki, təcrübədə belə hallar olub.

Mayın 22-si 24-dəki yarımfinallara, bu mərhələlərin əsas məşqlərinə biletlər əldə etmək isə mümkündür. Eyni zamanda, mayın 25-dəki final şousunun münsiflərin səs verəcəyi əsas məşqinin biletləri satışdadır. Bu məşq final şousu ilə eynidir.

 

 

Ayna.- 2012.- 17 mart.- S.20.