Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin olunmasında NATO-nun rolu

 

İranla bağlı vəziyyətin gərginləşməsi müxtəlif yanaşmaları ortaya çıxarır

 

İranın nüvə proqramı ətrafında regional durumun gərginləşəcəyi, hərbi əməliyyatlar ssenarisinin gerçəkləşəcəyi təqdirdə Azərbaycan bu ölkə ilə sərhədlərinin təhlükəsizliyinin təmin olunması üçün NATO-dan dəstək istəyə bilər. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bu fikirdədir. Mərkəzin ekspertləri bildirirlər ki, bu, Azərbaycanın istər BMT çərçivəsində ratifikasiya etdiyi protokollara, istərsə də NATO ilə ikitərəfli əməkdaşlıq sənədlərinə uyğundur.

"Artıq rəsmi Bakı ilə Tehran arasında münasibətlərin hazırkı səviyyəsi, Milli Təhlükəsizlik Nazirliyinin yaydığı son açıqlama, Azərbaycanda bir sıra səfirliklərin (İsrail, ABŞ və Böyük Britaniya) təhlükəsizliklə bağlı bəyanatları, İran tərəfinin son notası və sair məlumatlar Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin olunmasında beynəlxalq təşkilatlarla aktiv əməkdaşlıq fazasına keçməsinin zəruriliyini göstərir" - ekspertlər bildirdilər ki, indiyə qədər Azərbaycan BMT-nin Antiterrorizmə dair 13 konvensiyasını və terrorçuluqla mübarizəyə dair 9 Avropa müqaviləsini imzalayıb. Onlar arasında hazırkı situasiyaya uyğun olaraq aşağıdakı sənədlər diqqəti çəkir:

1. Diplomatik Agentlər də daxil olmaqla, Beynəlxalq səviyyədə qorunan Şəxslərə qarşı Cinayətlərin qarşısının alınması və cəzalandırılması, 14 dekabr 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunub (20 fevral 1977-ci ildə qüvvəyə minib).

2. Terrorizmin Maliyyələşdirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya, 9 dekabr 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunub (10 aprel 2002-ci ildə qüvvəyə minib).

3. Nüvə Terrorizminə yönəlmiş Əməllərin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya, 13 aprel 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunub (7 iyul 2007-ci ildə qüvvəyə minib).

4. Terrorizmin qarşısının alınmasına dair Avropa Konvensiyası (22 yanvar 1977-ci ildə imzalanıb, 4 avqust 1978-ci ildə qüvvəyə minib).

Ekspertlərə görə, bu və digər sənədlər Azərbaycana imkan verir ki, İranla sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirsin və bu çərçivədə beynəlxalq təşkilatların, xüsusilə də NATO-nun təcrübi və ekspert dəstəyindən yararlansın. Eyni zamanda İran və Ermənistan arasında münasibətlərin mövcud səviyyəsi nəzərə alınaraq Azərbaycanın Ermənistanla sərhədlərinə və eyni zamanda işğal olunmuş Azərbaycan ərazilərinə nəzarətin artırılması zərurəti yaranıb.

"Doktrina" mərkəzinin ekspertləri bildirirlər ki, bu gün Azərbaycanda sərhəd təhlükəsizliyinin təminatı, əks-terrorçuluq fəaliyyəti Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti kimi hüquq-mühafizə və kəşfiyyat orqanlarının qurumlararası əməkdaşlığı və eyni zamanda onların bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə müxtəlif sənədlər çərçivəsində fəaliyyəti nəticəsində həyata keçirilir.

"Azərbaycan terrorçuluqla mübarizə üçün vacib olan çoxsaylı sahələrdə NATO dövlətləri ilə qarşılıqlı fəaliyyət aparır. Bu sahələrə terrorçuluğa hərbi cavab, əks-terrorçuluq üzrə milli təlim imkanlarının təkmilləşdirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi, sərhəd təhlükəsizliyi və mülki müdafiə məsələləri daxildir", - deyə "Doktrina" mərkəzinin ekspertləri bildirir. Onların sözlərinə görə, indiyə qədər Azərbaycan və NATO arasında əməkdaşlıqda sərhəd təhlükəsizliyi, kiber müharibə, xüsusiləşdirilmiş əməliyyatların inkişafı və qeyri-qanuni miqrasiya kimi spesifik məsələlər müzakirə hədəfi olub. NATO-nun müvafiq strukturları bu istiqamətdə Azərbaycanın sərhəd təhlükəsizliyinə cavabdeh olan qurumlara lazımi dəstəyi göstəriblər.

Qeyd edək ki, Azərbaycan NATO-nun 2002-ci ildəki Praqa sammiti zamanı qəbul olunmuş Terrorçuluğa qarşı Tərəfdaşlıq Fəaliyyət Planında (PAP-T) fəal iştirak edir. PAPT-nin əsas məqsədi müttəfiqlər və tərəfdaşlar tərəfindən terrorçuluqla aparılan mübarizədə koordinasiyanın təmin olunmasıdır. PAP-T-nin əsas məqsədlərindən biri müttəfiq və tərəfdaşların terrorçuluqla əlaqəli ümumi təhlükəsizlik qayğılarının müntəzəm şəkildə müzakirəsi üçün müvafiq şəraitin yaradılmasıdır. Bu məcrada Azərbaycan NATO-nun Kəşfiyyat Əlaqələndirmə Birliyi vasitəsilə NATO ilə kəşfiyyat məlumatlarının mübadiləsini aparır.

2006-cı ilin iyulunda Azərbaycanda PAP-T üzrə keçirilmiş seminar nəticəsində PAP-T-nin sonrakı əməliyyatlaşdırılması, tərəfdaş dövlətlərin əməliyyat və hərbi imkanların inkişafı və onların NATO tərəfindən aparılan əks-terrorçuluq əməliyyatlarına töhfələrinin artırılması üzrə tövsiyələr hazırlanıb. Azərbaycan və NATO arasında danışıqların indiki mərhələsi yeni əməkdaşlıq üfüqünü - enerji layihələrinin mühafizə perspektivini yaradıb. Prezident İlham Əliyevin fevral ayının 15-də NATO mənzil-qərargahında alyansın baş katibi Anders Foqh Rasmussenlə birgə brifinqdə səsləndirdiyi bəyanat Azərbaycan və NATO arasında yeni mərhələdə enerji infrastrukturunun mühafizəsi sahəsində əməkdaşlığının vacibliyini göstərir.

Xatırladaq ki, Əliyev NATO baş katibi ilə müzakirələrin müəyyən hissəsinin enerji təhlükəsizliyinə həsr olunduğunu bildirmişdi. "Bu, bütün ölkələrin - həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcək. Avropadakı istehlakçılarımız həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir", - deyə prezident əlavə edib.

"Doktrina" mərkəzinin ekspertləri bildirir ki, regionda hərbi qarşıdurma şəraitinin yaranacağı təqdirdə ortaya çıxan fəsadların qarşısının alınması istiqamətində atılması zəruri olan addımlardan biri də məhz Xəzər enerji infrastrukturunun mühafizəsində beynəlxalq təşkilatların, o cümlədən NATO-nun təcrübi dəstəyinin artırılması ilə bağlı ola bilər.

Son illər enerji infrastruktur avadanlıqları, kommunikasiya və digər vacib sistemlər terrorçuların əsas hədəflərinə çevrilib və onların hücuma məruz qalma ehtimalı artıb. Bu məcrada Azərbaycan mühüm infrastruktur, qaz və neft kəmərləri, hava və dəniz limanlarının təhlükəsizliyinin artırılması məqsədilə mühüm praktik tədbirlər keçirir. Regionda yaranacaq hərbi qarşıdurma şəraitində rəsmi Bakının qaz və neft kəmərlərinin mühafizəsi üçün NATO-dan dəstək istəməsi mümkün ola bilər. Bu həm də Azərbaycanın imzaladığı beynəlxalq konvensiyaların müddəalarına uyğundur.

Xatırladaq ki, 2008-ci ilin martında PAP-T-nin həyata keçirilməsinə öz töhfəsini vermək məqsədilə Azərbaycan öz təcrübəsinə əsaslanaraq enerji infrastrukturunun mühafizəsi üzrə Avroatlantik Tərəfdaşlıq Şurasının qeyri-formal İşçi Qrupuna sədrliyi üzərinə götürüb. Azərbaycan bu formatı NATO-nun Beynəlxalq Heyəti və AATŞ-nin maraqlı olan dövlətləri ilə birgə PAP-T-nin əməliyyatlaşdırılmasına yönəlmiş səylərin canlandırılması üçün istifadə etməyi nəzərdə tutur.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əsas vəzifələri dövlət sərhədlərinin qorunması, sərhəd pozulmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə, qanunsuz miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi, silah və sursat, eləcə də KQS və onun komponentlərinin qaçaqmalçılığı ilə mübarizə, Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz yataqlarının, eləcə də aidiyyəti infrastrukturların təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bütün bu vəzifələrin yerinə yetirilməsinə təminatın olması hazırda regional təhlükəsizlik kontekstində mühüm zərurət kəsb edir. Eyni zamanda bu istiqamətlərdə Azərbaycan DSX və NATO arasında əməkdaşlıq münasibətləri mövcuddur. Nəzəri olaraq hər hansı gərgin situasiyada NATO-dan müxtəlif səviyyələrdə dəstək istənilməsi mümkündür. Bu həm də Azərbaycanın NATO ilə imzaladığı PARP, PAP-T və İPAP sənədlərində əksini tapan DSX-nin tərəfdaşlıq məqsədlərinə uyğundur.

Xatırladaq ki, Azərbaycan 2005-ci ildə NATO-nun "İnteqrə edilmiş sərhəd idarəetməsi və sərhəd təhlükəsizliyi standartlarının inkişaf etdirilməsi" üzrə seminarına ev sahibliyi edib. 2006-cı ilin iyulunda NATO-nun rəhbərliyi ilə milli ekspertlərdən ibarət qrup Azərbaycana səfər edərək, tövsiyələr də daxil olmaqla, qiymətləndirmə hesabatı hazırlayıblar. Hesabatda göstərilən bəzi tövsiyələr artıq yerinə yetirilib, digərlərinin icrası isə müvafiq perspektiv planlarda nəzərdə tutulub. Bu kontekstdə ötən ilin noyabrında Bakıda NATO-nun dəstəyi və Azərbaycan Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilmiş "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminar müzakirəyə çıxarılan məsələlərə görə xüsusi maraq kəsb edirdi.

İki günlük seminarda Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan sərhəd qurumlarının nümayəndələri, NATO, BMT, AB, ATƏT, Azərbaycan Xarici İşlər, Milli Təhlükəsizlik, Daxili İşlər, Müdafiə nazirliklərini, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasını təmsil edən şəxslər iştirak edirdilər. Tədbirdə səmərəli sərhəd nəzarəti sisteminin yaradılması, narkotik maddələrin yayılmasının qarşısının alınması ilə bağlı görülən işlər barədə təqdimatların keçirilməsi, transsərhəd cinayətkarlığa qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlərlə əlaqədar müzakirələr aparıldı. Toplantıya NATO Baş Katibinin Müdafiə Siyasəti və Planlaşdırması üzrə müavini Hüseyn Diriöz də qatılmışdı.

Ekspertlərə görə, Azərbaycan sərhədlərinin mühafizəsinə dəstək verilməsi prosesində NATO-nun bütövlükdə, həm də ona üzv olan dövlətlərin ayrı-ayrılıqda xüsusi dəstəyi ola bilər:

"ABŞ-ın Xəzərdəki enerji infrastrukturunun mühafizəsində rolunun müsbət nəticə verəcəyini düşünürük. Nəzərə alınmalıdır ki, ötən ilin iyunundan Azərbaycan və ABŞ arasında bu istiqamətdə aktiv müzakirələr başlayıb, qarşılıqlı səfərlər olub. Eyni zamanda Türkiyənin rolundan da xüsusi danışıla bilər. Türkiyə həm dənizdə, həm quruda, həm də havada təhlükəsizliyin təmin olunmasına cəlb edilə bilər".

"Doktrina" mərkəzinin ekspertləri bildirdilər ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin olunmasında və terrorçuluqla mübarizədə bir çox ölkələrlə praktiki əməkdaşlığın inkişafına mühüm yer ayırması PAP-T-də əks olunub. 2002-ci ilin aprelində Trabzonda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Terrorçuluq, Mütəşəkkil Cinayətkarlıq və Digər Mühüm Cinayətlərlə Mübarizə üzrə Müqavilə imzalanıb. GUAM dövlətlərinin hüquq-mühafizə orqanları arasında inkişaf etdirilən yaxın əməkdaşlıq əlaqələri 2002-ci ilin iyulunda Yaltada Terrorçuluq, Mütəşəkkil Cinayətkarlıq və Digər Mühüm Cinayətlərlə Mübarizə üzrə Müqavilənin imzalanması ilə nəticələnib. İmzalanmış bu müqavilələrin əsas məqsədlərindən biri regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

 

 

Cəsur Məmmədov 

 

Ayna.- 2012.- 17 mart.- S.15.