Daxili Qoşunlar: islahatlar və perspektivlər

 

Yaxın vaxtlarda bu qurumda mülki şəxslərin sayı iki dəfə artırılacaq

 

Martın 12-də DİN Daxili Qoşunlarının yaranmasının 20 ili tamam oldu. Bu hadisə münasibətilə Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov bir qrup media mənsubu üçün mətbuat konfransı düzənlədi. Konfransda "Ordunun Aynası" əlavəsinin bir neçə sualı da Zakir Həsənov tərəfindən cavablandırıldı.

 

YARANMA TARİXİ

 

1919-cu il martın 27-dən Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində olan Bakı şəhərinin 14 rayonunda əhalini hərbi xidmətlə tanış etmək, şəhərdə sabitlik və nizam-intizamın qorunub saxlanılması ilə fəaliyyətə başlayan "Könüllü yardım alayı" elə Daxili Qoşunların vəzifələrini icra edirdi. 1991-ci ilin dekabrında keçmiş SSRİ DİN Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxıldı və ümumi sayı 2500 nəfər olan 3 hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. O vaxtdan etibarən Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsinin təməlində yaradılmasına başlanıldı. Azərbaycan Respublikası Prezidentinin 9 mart 1995-ci il tarixli fərmanı ilə Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistanın hərbi təcavüzünə qarşı döyüşə balşadığı gün "Daxili Qoşunlar Günü" kimi elan edildi.

"20 il az vaxt deyil, həm də bu dövrü Daxili Qoşunlar üçün çox mürəkkəb, çətin və şərəfli bir dövr kimi qiymətləndiririk", - deyə DQ komandanı general-leytenant Zakir Həsənov bildirdi.

Onun sözlərinə görə, Daxili Qoşunların şəxsi heyəti birinci Dağlıq Qarabağ müharibəsində çox fəal iştirak edib. O dövrdə DQ şəxsi heyətinin sayı təxminən 5 min nəfərə yaxın idi. Bu say çərçivəsində qoşunlar 496 şəhid vermiş, 1166 nəfər yaralanmış, 268 nəfər itkin düşmüşdü. DQ-nin Ağdam alayının döyüş yolu igidlik və qəhrəmanlıqla zəngindir. Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri bu alayın şəxsi heyətinin cəsarəti və qəhrəmanlığı ilə azad edilib və müdafiə olunub.

 

ATƏŞKƏS DÖVRÜ

 

Atəşkəs dövrü Daxili Qoşunların formalaşma və inkişaf dövrü kimi qiymətləndirilir. Zakir Həsənov bildirdi ki, 1994-cü ildə Azərbaycan Respublikasının "Daxili Qoşunların statusu" haqqında qanunu ilə Daxili Qoşunların qarşısında duran vəzifələr, hərbi qulluqçuların hüquqi vəziyyəti müəyyən olunub. Bu vəzifələr dövlət və dövlətçilik baxımından çox mühüm vəzifələrdir. İlk növbədə silahlı cinayətkar dəstələrə qarşı mübarizə, ictimai asayişin qorunması, cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması, mühüm dövlət obyektlərinin, kommunikasiyaların, yüklərin mühafizəsi, təbii fəlakət vaxtı insanların xilas edilməsi, təbii fəlakətin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak edilməsi və digər mühüm vəzifələr həvalə olunmuşdu. "Bu ərəfədə Daxili Qoşunlar qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirmişdi", - deyə Həsənov qeyd etdi.

Həsənovun sözlərinə görə, son 10 il Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident tərəfindən Daxili Qoşunların fəaliyyətinin inkişaf dövrü kimi qiymətləndirilir:

"2005-ci ildə cənab prezident şəxsi heyətlə görüşündə çıxış edərək qeyd etmişdi ki, Daxili Qoşunlar qarşısında duran vəzifələr yüksək səviyyədə yerinə yetirilir, yüksək peşəkarlıq, vətənpərvərlik var və bu gün Daxili Qoşunların xidməti döyüş fəaliyyəti Azərbaycan rəhbərliyini qane edir.

Bizim şəxsi heyət cənab prezidentin bizə verdiyi qiyməti yüksək dəyərləndirir və etimadı doğrultmaq üçün əlindən gələni əsirgəmir".

Generalın gözündə bu gün Daxili Qoşunlarda monolit kollektiv var, qarşılıqlı hörmətə əsaslanan gözəl bir mühit qərarlaşıb:

"Ən əsası odur ki, bizim əsgərlər bəlkə də dünyada ən gözəl əsgərlərdən biridir. Mən bunu tam səmimiyyətlə deyirəm. Ona görə ki, 40 ilə yaxındır müxtəlif silahlı qüvvələrdə xidmət etmişəm və bunu deməyə haqqım var. Daxili Qoşunların əsas qüvvəsi onun şəxsi heyətindədir. Bu gün daxili Qoşunların xidməti döyüş fəaliyyəti, şəxsi heyətin peşəkarlığı yüksək səviyyədədir. İlk növbədə bu qiyməti bizə Ali Baş Komandan verib. Bununla yanaşı digər dövlətlərdən, Avropa, MDB ölkələrindən gələn mütəxəssislər, zabitlər, ali zabitlər, nazirlər Daxili Qoşunların şəxsi heyətinin peşəkarlığını, silah-sursatını görəndə yüksək fikirlərini bildirirlər və bu, bizi sevindirir".

Həsənov ordu quruculuğunda qardaş Türkiyənin köməyini xüsusi qeyd edir:

"Mən eyni zamanda Türkiyə Jandarma Qüvvələri keçmiş komandanının sözlərini çatdırmaq istəyirəm. O, burada olarkən Ali Baş Komandanla görüşəndə demişdi ki, Azərbaycan xalqı belə qoşunlarla fəxr edə bilər. Bu, yüksək qiymətdir. Türkiyə Silahlı Qüvvələrinin hazırkı Baş Qərargah rəisi (keçmiş Jandarma Qüvvələri komandanı) Necdət Özər Azərbaycanda olarkən qoşunlara baş çəkərkən və cənab prezidentlə görüşərkən xüsusi qeyd etmişdi ki, Daxili Qoşunların hazırlığı, peşəkar hazırlığı yüksək səviyyədədir və qonaqların bu yüksək qiyməti bizi sevindirir".

Həsənovun sözlərinə görə, MDB ölkələrindən gələn nazirlər, vəzifəli şəxslər, komandanlar ölkəmizə gələrək DQ-dəki təcrübəmizdən faydalanmaq istəyirlər:

"Onlar öz zabitlərini buraya ezam edirlər, onlar bizim hərbi hissələrə, təlim mərkəzinə baş çəkirlər və əldə etdiyimiz nailiyyətlərdən istifadə etməyə çalışırlar. Bu, o deməkdir ki, Azərbaycanın Daxili Qoşunları inkişaf edir, hazırda yüksək səviyyədədir".

 

SOSİAL MÜDAFİƏ

 

Həsənov bildirdi ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində, daxili işlər naziri Ramil Usubovun xüsusi nəzarəti altında Daxili Qoşunların sosial bazası çox möhkəmdir, yüksək səviyyədədir:

"Bizim hərbi şəhərciklər Avropa standartlarına uyğundur. Sizin hamınızı dəvət edirəm, gəlib bütün hərbi şəhərciklərə baxa bilərsiniz. Gələn qonaqlar çox təəccüblə deyirdilər ki, Azərbaycandan başqa keçmiş MDB ölkələrinin heç birində sıfırdan yeni, müasir standartlara uyğun hərbi şəhərciklərin tikilmə halı yox dərəcəsindədir".

Onun sözlərinə görə, son illərdə Bərdə, Zaqatala, Qazax və Quba şəhərində yeni hərbi hissələr tikilmiş, eyni zamanda Bakı qarnizonunda 99, 60, 102 mənzilli, Bərdə, Gəncə, Lənkəran, Zaqatala, Quba və Naxçıvan şəhərlərində 60 mənzilli yeni zabit yataqxanasının tikinti işləri davam etdirilir. Hacıqabul şəhərində isə 68 mənzilli yeni zabit yataqxanası artıq tikilib. Bundan əlavə DQ hərbi hissələrində ümumilikdə 700 nəfərlik müasir standartlara uyğun yeni modul tipli zabit yataqxanaları hərbi qulluqçuların istifadəsinə verilib. Ümumilikdə Daxili Qoşunlarda xidmət edən zabitlərin 80 faizi xidməti mənzillərdə qalır. Həsənov bildirdi ki, qoşunlarda şəxsi heyətin sağlamlığı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir. Son 5 ildə 8 hərbi hissədə tibb məntəqələri istifadəyə verilib. Həmçinin Bakı qarnizonunda yerləşən Hospital kompleksində hərbi qulluqçuların müalicəsi üçün hərtərəfli şərait yaradılıb.

Komandanın sözlərinə görə, DQ-yə aid bütün hərbi şəhərciklər praktik baxımdan yüksək səviyyədədir:

"Əvvəllər tikilən şəhərciklər də təmir olunur və bütün lazımi, əsgərlərin xidməti işi üçün hər avadanlıqla təchiz olunur.

Mərkəzləşdirilmiş istilik sistemi mövcuddur, elə sistem qurulub ki, işıq, qaz kəsilsə, generatorlar işləyir, soba qızdırıcısı işləyir və s. Bu qış dövründə bir dəqiqə də olmayıb ki, hansısa hərbi şəhərcikdə kazarmada temperatur 20-dən aşağı düşsün. Mən bunu tam məsuliyyətimlə deyirəm. Mərkəzləşdirilmiş hamam-camaşırxana kompleksləri, işıqlı isti kazarmalar, yeməkxanalar var. Bütün hərbi hissələrdə şəxsi heyətin geyim vasitələri, paltarları, yemək ləvazimatları avtomat avadanlıqlar vasitəsilə yuyulur. Bu da çox önəmlidir".

 

TƏLİM-TƏHSİL, KADR HAZIRLIĞI

 

Bu gün DQ şəxsi heyətinin müəyyən hissəsi peşə hazırlığı baxımdan müqaviləli xidmətdədir:

"Bu gün bizim xüsusi təyinatlı dəstələrdə, onun növlərindəki rütbəlilər müqavilə əsasında xidmət edirlər. Bu hərbçilər müddətdən artıq xidmət edənlərdir, gizirlərdir, zabitlərdir. Bu da onların peşə hazırlığını daha yüksək səviyyədə saxlamağa imkan verir".

Z.Həsənov bildirdi ki, əsgərlərin təlimlərinə xüsusi diqqət yetirilir: "Şəxsi heyətin fiziki, atəş, xüsusi hazırlığına çox diqqətlə yanaşırıq, burada bizim nailiyyətlərimiz yüksəkdir".

"Bizim təhsil sistemi, hazırlıq, bütün qaydalarımız aparıcı Avropa dövlətlərinin müvafiq qurumları ilə eynidir. Qardaş Türkiyə vasitəsilə bizdə tam NATO standartlarına uyğun təhsil sistemi qurulub və bütün tələblər işlənilir və döyüş hazırlığı həyata keçirilir. Daxili Qoşunların 1997-ci ildən qardaş Türkiyə Jandarması ilə çox sıx əlaqələri var. İmzalanmış protokola uyğun olaraq DQ heyəti Türkiyənin təlim mərkəzlərində, hərbi məktəblərində, Silahlı Qüvvələrin akademiyalarında təhsil alırlar. Bizim zabitlər Türkiyə Jandarması, Quru Qoşunları məktəblərində təhsil alaraq zabit rütbəsi ilə Azərbaycana qayıdırlar. Eyni zamanda DQ-nin Orta İxtisas Hərbi Məktəbində təlim-tədrisin təşkil edilməsində Türkiyə Jandarmasının böyük köməkliyi var. Orada Türkiyə zabitləri müəllim qismində təlim-tədris işləri ilə də məşğuldurlar. Türkiyə ilə əməkdaşlıq bizə çox kömək etdi", - deyə o bildirdi.

Komandanın sözlərinə görə, DQ-də hərbi təhsilə, ixtisaslı hərbi kadrların hazırlanma prosesinə diqqət artırılıb:

"Zabitlərin peşə hazırlığını daha yüksəyə qaldırmaq, qoşunların zabit kadrlarına ehtiyacını ödəmək üçün 2006-cı ildə qəbul etdiyimiz qərara əsasən Orta İxtisas Hərbi Məktəbini yaratdıq. Daxili Qoşunlarda əsgər kimi xidmət etmiş, daha sonra azı 6 ay DQ-də müddətdən artıq xidmət edən, müsbət xarakterizə olan hərbi qulluqçular üçün həmin orta-ixtisas zabit məktəbinə daxil olmaq imkanı yaradıldı. Hərbi qulluqçular 2 il oxuyandan sonra leytenant rütbəsi alırlar. Onların hazırlıqları yaxşıdır, ən əsası odur ki, bu peşəni seçən əsgər-gizir artıq əsgərliyi keçib, Daxili Qoşunların xidməti döyüş fəaliyyətini bilir, mühiti bilir, vəzifələri bilir, şüurlu şəkildə bu işə daxil olur".

Həsənov bildirdi ki, indiyə qədər Orta İxtisas Hərbi Məktəbinin iki buraxılışı olub, bu yay növbəti buraxılış olacaq:

"Bilirik ki, müasir dünyada ali təhsilli zabitlərə ehtiyac daha çoxdur. O səbəbdən biz Silahlı Qüvvələrin Ali Baş Komandanına müraciət etdik, cənab prezident bu təşəbbüsü dəstəklədi, artıq sərəncam var. İndi sürətlə tikinti işi gedir. Ümid edirik 2013-2014-cü ildə artıq DİN-in Hərbi Məktəbi fəaliyyət göstərəcək.

Bu hərbi məktəbdə təkcə Daxili Qoşunlar üçün yox, ümumiyyətlə, daxili işlər sistemində fəaliyyət üçün zabitlərin hazırlığı həyata keçiriləcək".

 

QİDALANMA VƏ MİLLİ MENYU

 

DQ komandanının əmri ilə Daxili Qoşunlarda əsgərlərə həftədə 3 dəfə milli yeməklər verilir:

"Biz bunu 5 ilə yaxındır həyata keçiririk. Bu, şəxsi heyət tərəfindən çox müsbət qarşılanır. Əsgərlərə dovğa, plov, bozbaş, küftə və s. milli yeməklər təqdim olunur. Bu, çox gözəldir və bu məsələyə həmişə xüsusi diqqət veririk. Bizim hörmətli nazirin göstərişi ilə hər dəfə qoşunlara, hərbi hissələrə yardım olunur və bu yardımın hesabına biz əsgərlərin kalori təminatını da artırmışıq. Əsgərə 4250 kalorilik yemək verilməlidir, biz bunu 5 min kaloriyə qaldırmışıq", - deyə Z.Həsənov bildirdi. Onun sözlərinə görə, Daxili Qoşunlara xidmətə gələn hər əsgərin çəkisi xidmətə qəbul zamanı qeydə alınır. Müəyyən müddətdən sonra onun çəkisi yoxlanılır və qeyd olunur. Əldə olan nəticələrə əsasən onu deyə bilərəm ki, 90 faiz əsgərimiz xidmət dövründə kökəlir, fiziki baxımdan daha da sağlamlaşır və xidməti başa vuranda bu fərq görünür, baxmayaraq ki, şəxsi heyət gecə-gündüz təlimdədir və qarşısında duran vəzifələri yerinə yetirməkdədir".

 

SİLAH VƏ HƏRBİ TEXNİKA

 

Həsənov bildirdi ki, bu gün Daxili Qoşunların istifadəsində olan silah-sursat və xüsusi avadanlıq aparıcı Avropa dövlətlərində istehsal olunub və çox yüksək səviyyədədir. Onun sözlərinə görə, DQ şəxsi heyətində inkişaf etmiş xarici ölkələrlə təcrübə mübadiləsi nəticəsində hərbi texnologiyaların son nailiyyətlərindən olan texnika və qurğuları idarə etməyi bacaran mütəxəssislərin sayı kifayət qədərdir.

"Gələn qonaqlar, xüsusilə də digər MDB ölkələrindən gələnlər silah, avadanlığımızı görürlər, özlərinə nümunə kimi götürürlər. Bilirəm ki, artıq bir sıra ölkələrdə bizim qurduğumuz struktur-idarəetmə məsələləri və silah, avadanlıqlarla dərindən maraqlanırlar və öz qurumlarına tətbiq edirlər", - deyə o bildirdi.

Həsənov izah edir ki, DQ-nin istifadəsində olan hərbi texnikanın, helikopterlərin sayının artırılması qurumun qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır:

"Bu gün biz inkişaf proqramına uyğun olaraq bu işləri davam etdiririk. Həm helikopterlərin, həm də zirehli texnikanın sayı artır. Bu, bizim xidməti döyüş fəaliyyətimizin və tapşırıqlarımızın yerinə yetirilməsi ilə əlaqədardır".

Keşmişdən qalan texnikaya gəlincə, DQ bu məsələdə Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edir:

"Artıq bizim 10-a yaxın texnikamız bu nazirliyin vasitəsi ilə modernləşdirilib. Biz bunu sınaqdan keçirdik, mükəmməl iş görülüb, digər növlərin də üzərində işləyirik. Texnikanın ilbəil modernləşdirilməsi aparılmalıdır. Çünki hər dəfə yeni bir texnika icad olunur, biz gərək müasir dünya ilə birgə addımlayaq. Geriyə qalmaq olmaz, hər gün bir addım qabağa getməsək, biz gecikərik. O baxımdan bizim müvafiq qurumlar, əməkdaşlar daim bu inkişafla maraqlanırlar, bizim qoşunlarda yaradılmış komissiyalar silah, texnika, avadanlıq, rabitə avadanlıqları istiqamətində yenilikləri öyrənirlər. Xüsusilə də qeyd etməliyəm ki, Ali Baş Komandan Daxili Qoşunlara bu məsələdə çox böyük dəstək verir. Ən müasir texnika, ən müasir avadanlıq əldə olunur".

Onun sözlərinə görə, bu gün DQ hərbi hissələri, taburları, briqadaları, alayları, hər növ silah, zirehli texnika, helikopterləri müasir ümumqoşun döyüşü aparmaq üçün hazırdır. Bu, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və Daxili Qoşunların birgə hərbi təlimlərində bir daha sübut olunub. Həsənov:

"Hərbi təlimlərdə Daxili Qoşunların bir birliyi iştirak edirdi. Bizim zirehli texnika, ən müasir artilleriyamız, tank əleyhinə raketlərimiz, xüsusi təyinatlı kəşfiyyat, təxribat qruplarımız iştirak edirdi və yüksək qiymətini almışdı.

Bir neçə hərbi qulluqçumuz təltif olundu. Cənab prezident xüsusi olaraq qeyd etmişdi ki, Daxili Qoşunlar da ordu səviyyəsində ümumqoşun döyüşü aparmağa qadirdir".

 

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ İSLAHATLAR

 

Bəlli olduğu kimi, 2011-ci ilin sonunda Azərbaycan NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsini imzalayıb. Z.Həsənov bildirdi ki, qeyd edilən sənədin 3-cü mərhələsində 10-a yaxın öhdəlik Daxili Qoşunlara aiddir:

"Kadr islahatları, təcrübə mübadiləsi, ingilis dili, sülhməramlı əməliyyatlarda olan vəzifələr və s. istiqamətdə olan öhdəlikləri seçmişik və bütün bu tədbirlərdə iştirak edirik. Ötən dövrlərdə də bu tədbirlərdə iştirak etmişik", - qeyd etdi.

Daxili Qoşunlarda sülhməramlı bölüyün və taborun yaradılması prosesi barədə sualımızı cavablandıran Z.Həsənov bildirdi:

"Biz sülhməramlı bölüyü 2008-ci ildə yaratmalı idik. Artıq 2006-cı ildə NATO-ya müraciət edərək sülhməramlı bölüyün hazır olduğunu bildirdik. NATO-dan heyət gəldi, həmin sülhməramlı bölüyə baxış keçirdi, hazırlığını, silah-sursatını, avadanlığını yoxladı və çox razı qalıb getdilər. O zaman söhbət qarşılıqlı öhdəlikdən gedirdi. NATO-nun öhdəliyində var idi ki, onlar da bizə bəzi məsələlərdə, standartlara uyğunlaşmaqda və digər məsələlərdə köməklik göstərəcəklər. Hələ ki onlar hazırlaşırlar və biz gözləyirik ki, onlar öz öhdəliklərini yerinə yetirsinlər. Təbii ki, bizim də öhdəliyimiz durur və 2015-ci ildə sülhməramlı tabor yaradılacaq.

Daxili Qoşunların Avropa və Aralıq dənizi hövzəsi ölkələrinin Hərbi Statuslu Polis və Jandarma Təşkilatına (FİEP - Association of the European and Mediterranean Police Forces and Gendarmeries with Military Status) üzvlük perspektivinə gəldikdə isə Həsənov bildirdi:

"FİEP-ə üzvlüklə əlaqədar biz müraciət etmişdik. Bəzi çətinliklərimiz vardı. Avropanın jandarm təşkilatlarının fəaliyyəti, qarşısında duran vəzifələrlə bizim fəaliyyətimiz arasında bir az fərq var".

Z.Həsənov digər bir məsələyə də aydınlıq gətirdi. Onun sözlərinə görə, bu ilin iyununda Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının toplantısı keçiriləcək.

Bu toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Monqolustandan Jandarma və Daxili Qoşunlar Komandanlıqlarının, həmçinin sərhəd xidməti və digər qurumların nümayəndələrinin iştirakı gözlənilir. Z.Həsənov xatırlatdı ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının yaradılmasına dair qərar 2011-ci il iyunun 8-də Ankarada iştirakçı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilən toplantıda qəbul edilib:

"Mən orda iştirak etdim və niyyət protokoluna imza atdım. Biz müzakirələr apardıq, əsas məqsəd o idi ki, bu qurumlar arasında qarşılıqlı əlaqələr güclənsin, kadr hazırlığı istiqamətində təcrübə mübadiləsi olsun, texniki, silah, avadanlıq və digər məsələlərdə əməkdaşlıq olsun. Orada mən təklif etdim ki, növbəti görüş Azərbaycanda, Bakıda olsun və bu təklif qəbul edildi. İndi hazırda bu istiqamətdə iş gedir, təxminən 12-15 iyunda Bakıda qoşun komandanları toplaşacaq. Bakı görüşü çox mühüm görüş olmalıdır və əsas sənədələrin imzalanması mümkündür. Hələ ki biz iştirak edəcək qurum rəhbərlərinin razılığını gözləyirik. Sənədlər onlara göndərilib, üzərində iş gedir. Artıq bir neçə dövlət təsdiqini, razılığını verib, gözləyirik ki, digər dövlətlər də razılığını versinlər. 5 dövlətdən başqa bir neçə dövlət də bu quruma maraq göstərir və bizə şifahi müraciət edilib. Biz bu məsələni ümumi müzakirəyə çıxaracağıq, razılıq olsa, həmin dövlətlər Bakı toplantısında müşahidəçi qismində iştirak edəcəklər, bu zaman öz fikirlərini deyəcəklər".

 

MÜLKİLƏŞMƏ VƏ HƏRBİ-MÜLKİ ƏLAQƏLƏR

 

Daxili Qoşunlarda mülkiləşmə prosesinin gedişi, daha dəqiq desək, bu qurumda çalışan mülki şəxslərin sayının artması ilə bağlı sualımıza cavabında Z.Həsənov bildirdi:

"Biz DQ-də mülki şəxslərin sayının artmasında maraqlıyıq. Elə vəzifələr var ki, mülki şəxslər onun öhdəsindən daha yaxşı gəlir. Bu yaxınlarda mən bu məsələ ilə müraciət etdim, sağ olsunlar ki, bizim bu müraciətimizə dəstək verdilər. Məndə olan məlumata görə, qoşunlarda mülki şəxslərin sayının iki dəfə artırılmasına dair müraciətimizə artıq dəstək verilib".

Hərbi-mülki əlaqələrə gəldikdə isə Həsənov hərbi qurumlara ictimai nəzarətin olmasını zəruri hesab edir:

"Hələ 2005-ci ildə qəzetlərdən birinə müsahibəmdə bildirmişdim ki, mən Daxili Qoşunlara mülki ictimai nəzarətin tərəfdarıyam və həmişə də buna getmişəm və DQ rəhbərliyi olaraq həmişə də ondan xeyir görmüşük. Təbii haldır ki, rəhbər istəyər ki, qoşunlarda gedən bütün proseslərdən xəbəri olsun. Məlumatlı insan, təbii ki, tez tədbir görür və xeyri olur. Təbii ki, mənim hərbi hissələrdə gedən proseslər, xidməti döyüş fəaliyyəti, nizam-intizam və digər məsələlərdən xəbərim var. Amma heç kim deyə bilməz ki, nədənsə 100 faiz xəbəri var. Bu, təbii haldır. Belə olan halda mülki nəzarət yalnız rəhbərliyin xeyrinədir".

Həsənov bildirdi ki, bu gün DQ hərbi hissələrində ortaya çıxacaq problemlərə dərhal reaksiya vermək üçün qoşunlarda daim "qaynar xətt" işləyir. General deyir:

"Hər bir hərbi hissədə valideynlərin əsgərlərlə görüşdüyü yerdə telefon nömrələri asılıb, qutular qoyulub. Göstəriş vermişəm ki, problemlər barədə imzasız olsa belə, yazılsın və qutuya atılsın. Bu qutular baş idarənin möhürü ilə möhürlənib və bu baxımdan hərbi hissələrdə açıla bilməz. Biz həmin yazılanları toplayıb, burada təhlil edirik. Bizim hərbi hissələrdə müxtəlif planlaşdırılmış və qəfil yoxlamalar, sosial sorğular keçirilir. Şikayətlər araşdırılır, əgər problem varsa, biz onu həll edirik. Fikrimcə, hərbi qulluqçular arasında qarşılıqlı hörmət olmalıdır. Əsgər, zabit öz vəzifəsini yerinə yetirmək üçün vətən, xalq, dövlət, millət naminə gərək can- başla xidmət etsin. Mən bu gün qoşunlarda qarşılıqlı hörməti görürəm. Bizim əsas gücümüz bundadır".

 

ƏSGƏR ÖLÜMLƏRİ OLMASIN DEYƏ

 

Həsənov deyir ki, baş verən hər belə bir hadisə kədər doğurur və onlar bu problemlə bağlı təhlillər aparırlar. O deyir:

"Problem ondan ibarətdir ki, psixoloji baxımdan insanlar fərqlidir, təhlükəsizlik qaydalarını pozurlar, xəstəlik nəticəsində dünyasını dəyişənlər var. Biz xəstəlikləri rüblər, il üzrə təhlil edir, səbəbləri müəyyənləşdiririk. Bizdə bu gün gözəl xidmət şəraiti var: kazarmalar isti. Yeməklər bol, geyimlər yaxşı. Bunlar çox xəstəliklərin qarşısını alır. Problemlərdən biri mülkidən gələn insanlara bəzi hallarda diaqnozun düzgün qoyulmaması ilə bağlıdır. Təbii ki, biz burada bir ay ərzində həmin əsgərləri yoxlayır, çalışırıq ki, üzdə olan xəstəliklərin qarşısını alaq. Amma elə xəstəliklər olub ki, onu müəyyən etmək çətin olur. Təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar ölümlər olur. Biz təhlükəsizlik qaydalarını daim şəxsi heyətə çatdırırıq. Yenə də deyirəm ki, bizdə bunlar istisna haldır, amma olur. Bəzi hallarda səbəbləri anlamaq da çətindir. Təbii ki, biz komandirləri, məsuliyyəti olanları cəzalandırırıq. Amma bura ordudur, bura bağça deyil. Biz hər adamın əlindən tutub oraya getmə, bura get deməklə müasir, döyüşkən ordu əldə edə bilmərik. Biz gərək düzgün araşdıraq, "olay baş veribsə, biz mütləq kimisə cəzalandırmalıyıq" yanaşması düzgün deyil, o biri tərəfdən, əgər kiminsə təqsiri varsa, mütləq cəzalandırılmalıdır. Əgər kimsə vəzifəsinin öhdəsindən gəlməyibsə, cinayətə yol veribsə, onun silahından olay baş veribsə, tam tədbir görülməlidir, onu da edirik".

Həsənov əmindir ki, bu gün Daxili Qoşunlarda əsgərlər arasında sosial bərabərlik hökm sürür:

"Əsgər hərbi hissəyə gəldiyi birinci gündən bilir ki, il ərzində nə zaman məzuniyyətə gedəcək. Hər bir əsgər bunu bilir və bu qaydanı heç kim dəyişdirə bilməz. Əsgərlərin xidmətə çıxma qrafiki mütləq yoxlanılır. Fərdi söhbətlər aparırıq, hərbi qulluqçunun xarakterini öyrənirik. Xüsusilə də tərbiyə, vətənpərvərlik tərbiyəsi mühümdür. Bizim bu istiqamətdə çox böyük nailiyyətlərimiz var".

Zakir Həsənov sonda bir daha vurğuladı ki, Daxili Qoşunlarda yüksək nizam-intizam var. Mənəvi-psixoloji durum yüksək səviyyədədir, əsgərlərin, zabitlərin qarşılıqlı ehtiram-əlaqələrinə xüsusi diqqət yetirilir:

"Bizlə əlaqədə işləyən qurumlarla da bu məsələni müzakirə edirik və onlar da təsdiq edirlər ki, Daxili Qoşunlarda nizam-intizam, döyüş hazırlığı qanun çərçivəsində, yüksəkdir. Əslində döyüş hazırlığının hədd-hüdudu yoxdur, hər gün bunun üzərində işləyir və çalışırıq ki, şəxsi heyətin peşəkarlığı yüksək səviyyədə olsun. Bu iş davam etdiriləcək".

 

 

C.Məzahiroğlu   

 

Ayna.- 2012.- 17 mart.- S.10-16.