Musiqi təhsilində
boşluq doldurulur
Yeni vəsaitlərdə
seçim üçün bol material var
Əlbəttə, uşaqların daxili
yaradıcılıq potensialının açılması, mənəvi
mədəniyyətinin formalaşması düzgün
aparılan estetik tərbiyədən asılıdır.
Estetik tərbiyədə musiqiyə xüsusi rol
ayrılır. İlk ifaçılıq vərdişləri
və bacarıqlar əldə edilməsi, musiqi biliklərinin
mənimsənilməsi, estetik zövqün formalaşması,
musiqi-estetik dünyagörüşünün inkişafı,
klassik musiqi nümunələrinin öyrənilməsi - bu
kimi məsələlər isə musiqi məktəblərində
həll olunur. Bununla bağlı yeni innovasiyalı təlim-tərbiyə
metodikalarının yaranması, yeni dərsliklər və dərs
vəsaitlərinin çapı aktualdır.
Son zamanların bu kimi məhsulları
sırasında not ədəbiyyatı, musiqi təhsilinə
xidmət edən vəsaitlər də görünür. Nəzərə
alsaq ki, uzun müddət ibtidai, orta və ali musiqi təhsilində
hələ keçmiş SSRİ-də çap olunan vəsaitlərdən
istifadə olunurdu, onda yeni çıxan not materialları
musiqisevərlərə böyük hədiyyədir. Söhbət
"Fortepianoda çalmaq üçün vəsait" (I-XI
sinif), Fortepiano ansamblı (3 cild), Azərbaycan bəstəkarlarının
"Uşaq mahnıları antologiyası" (3 cild) adlı
dərs vəsaitlərindən gedir. Bu vəsaitlər
Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor F.Bədəlbəylinin
təşəbbüsü ilə işıq üzü
görüb. Vəsaitlərin hazırlanmasında bir qrup
musiqiçi-pedaqoqun: F.Bədəlbəyli, O.Rəcəbov,
O.Abasquliyev, Ə.Abdullazadə, N.Quliyeva, Y.Axundova, F.Əhmədbəyova,
S.Ağasıyeva və b. zəhməti var.
Bu dərs vəsaitləri artıq
fortepiano təlimində geniş istifadə olunur. Onlarda
material sistemləşdirilmiş şəkildə təqdim
olunur və musiqi məktəbinin fortepiano ixtisası üzrə
proqramını tam əhatə edir. Vəsaitlərin struktur
quruluşu janr bölgüsü əsasında tərtib
olunub. Toplular bölmələrdən ibarətdir: etüdlər,
polifonik əsərlər, pyeslər, iri həcmli əsərlər
və s. Vəsaitlərdə (7-ci sinifə qədər)
qammaların öyrənilməsinə yer ayrılır. Hər
sinifdə proqram tələblərinə əsasən
qammaları çalmaq üslubları nümayiş olunur və
applikatura qeyd olunur. Qammaların tədrisi üzrə göstərişlər
təqdim olunur. Vəsaitlərdə xarici və Azərbaycan bəstəkarlarının
əsərləri toplanıb. "Fortepianoda çalmaq
üçün vəsait" 1-8-ci sinifə qədər
repertuarı əhatə edir. Bu antalogiya metodiki əsaslanmış
sistem üzərində qurulmuşdur.
"Yüngüldən çətinə"
prinsipi, janr, üslub rəngarəngliyi vəsaitlərin əsasını
təşkil edir. Texniki və bədii yaradıcılıq
çətinliklərin mövcudluğu və həll
yolları, şagirdin səviyyəsindən asılı
olmayaraq, fərdi imkanlarını nəzərə alaraq
repertuarın seçiminin asanlaşması kimi məsələlərin
həllində kömək edir.
Şagirdin ifaçılıq vərdiş
və bacarıqları əldə etməsinin intensivləşdirilməsi
üçün toplularda əbədi klassik musiqi nümunələri
ilə bərabər, yeni, bu günə kimi çap olunmayan əsərlər
də təqdim edilib. Vəsaitlərdə şagirdin
musiqi-ifaçılıq inkişafı üçün,
maraqlı və qeyri-standart proqram seçimi üçün
kifayət qədər material var.
S.AŞUMOVA
Ayna.-
2012.- 31 mart.- S.20.