Fərhad Xəlilovun Moskvada fərdi sərgisi açılıb

 

Moskvanın Mərkəzi Rəssamlar Evində Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun fərdi sərgisinin açılış mərasimi keçirilib (APA). Sərginin açılışında tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, Moskvada yaşayan həmyerlilərimiz iştirak ediblər. Sərgi çərçivəsində rəssamın həyat yoldaşı, yazıçı Tamilla Əhmədovanın "Kaplya" kitabının təqdimatı da keçirilib. Türkiyə, Fransa, Almaniya, İtaliya, Suriya, Bolqarıstan və digər ölkələrdə əsərləri nümayiş etdirilən xalq rəssamı Fərhad Xəlilovun Moskva sərgisində 20-dən yuxarı əl işi nümayiş olunur.

Açılış mərasimində çıxış edən səfir Polad Bülbüloğlu rəssamı Rusiyada yaşayan bütün azərbaycanlılar adından təbrik edərək Mərkəzi Rəssamlar Evində Azərbaycanın görkəmli rəssamı Fərhad Xəlilovun sərgisinin təşkil edilməsini çox sevindirici və qürur doğuran hadisə adlandırıb. Tamilla Əhmədovanın yeni kitabının təqdimatını isə iki qat mədəni olay adlandıran səfir, iki yaradıcı insana uğurlu həyat yolu arzulayıb.

Mərkəzi Rəssamlar Evinin rəsmi təmsilçisi Nikolay Broslovski Fərhad Xəlilovun əl işlərinə yüksək qiymət verdiyini söyləyib. Broslovski bu sərginin ziyarətçilər tərəfindən böyük marağa səbəb olacağına əmin olduğunu bildirib. Sərgi aprelin 6-na kimi davam edəcək.

 

 

Ayna.- 2012.- 31 mart.- S.20.