"1918-ci il. Azərbaycanlıların soyqırımı fotolarda və sənədlərdə"

 

Solmaz Rüstəmova-Tohidi bu adda kitab-albom nəşr edib

 

Martın 31-də qeyd olunan azərbaycanlıların soyqırımı günü ərəfəsində "1918-ci il. Azərbaycanlıların soyqırımı fotolarda və sənədlərdə" kitab-albomu çapdan çıxdı. Kitabı tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi hazırlayıb ("Turan") və MTN-in dəstəyi ilə nəşr olunmuşdur.

Nəşrə Birinci Dünya müharibəsi dönəmində Zaqafqaziyada (Güney Qafqaz) müsəlman əhaliyə qarşı törədilən qırğınların araşdırılması üçün 1918-ci ilin iyulunda Azərbaycan Cümhuriyyəti (1918-1920-ci illər) hökuməti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyasının (FİK) materialları daxildir.

Nəşrdə 1918-ci ilin mart-iyul faciəvi hadisələri, Bakı, Şamaxı, Göyçay qəzalarında erməni-bolşevik silahlı dəstələrinin törətdiyi azğınlığa dair nadir fotolar dərc edilib.

Həmin dönəmdə on minlərlə dinc azərbaycanlı məhv edilib, memarlıq abidələri, məscidlər, yaşayış məhəllələri, müsəlman əhaliyə məxsus kənd və qəsəbələr dağıdılıb.

Sözügedən Komissiyanın təqdim etdiyi yüzə yaxın foto Azərbaycan heyəti tərəfindən Fransaya - Paris Sülh Konfransına göndərilib, orada bir çox xarici dövlətlərin başçılarına təqdim olunub.

Azərbaycanda bu fotolar saxlanmayıb və 90 ildən çoxdur ki, itmiş hesab olunurdu. 102 foto kitabın müəllifi tərəfindən müxtəlif xarici arxivlərdən tapılıb. Kitabda materiallar türk, ingilis və rus dillərində verilmişdir.

1918-ci ilin martında Stepan Şaumyanın rəhbərliyi ilə bolşeviklər və daşnaklar partiyalararası, siyasi və ideoloji fikir ayrılıqlarını bir kənara qoyub hərbi-siyasi ittifaq qurdular. Bu ittifaq Müsavatın rəhbərlik etdiyi Azərbaycan milli hərəkatına və bütün müsəlman əhalisinə qarşı yönəlmişdi. Mart-aprel aylarında Bakı, Şamaxı, Quba və Azərbaycanın şərq hissəsinin digər qəzalarında on minlərlə müsəlman əhali qətlə yetirilmişdir. S.Rüstəmova-Tohidi bundan başqa "Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə" kitabının və o illərin hadisələri ilə bağlı digər araşdırmaların müəllifi olan tarixçi alimdir.

 

 

Ayna.- 2012.- 31 mart.- S.19.