Azərbaycan -
Dağıstan münasibətləri yeni mərhələdə
Bu iki diyarı bir-birindən
ayırmaq mümkün olmayacaq
Azərbaycan və Dağıstan sovet
ilhaqına qədər heç zaman mənən və cismən
bir-birindən ayrı olmamışdır. Bölgədə fərqli
etnosların yaşamasına baxmayaraq, hamını ortaq
kulturoloji, etnokonfessional, sosial dəyərlər deyil, eyni
zamanda coğrafi müstəvidə mövcud iqlimin kosmoqonik
inanclarında düyünlənmiş dəyərlərin
uzlaşan ölçüləri dominant ünsür olaraq qəbul
edilmişdir. Bütün bunlara Koban, Xəzər, Bulqar, Alan,
Səlcuqlu, Altun Orda, Əfşar, Qacar dövlətlərinin
mədəni qatında yetərincə rast gəlmək
mümkündür.
Çox təəssüflər olsun ki,
bu ortamın xaricində son iki yüz ildə bir sıra
çatların törədilməsi üçün cəhdlər
olmuşdur. Ancaq buna baxmayaraq, baş verənlərdən
sonra, indi hər iki bölgə tarixin dərin qatlarından
boylanan köklü dəyərlərə üz tutmaq
zorundadır. Hamımız bunu etiraf etməyə məcburuq.
Yeni
anlaşmalar, yeni ümidlər
Ötən ilin noyabrında öncədən
razılaşdırılmış şəkildə Azərbaycan
heyəti Dağıstanda olmuşdu. Paytaxt İnciqalada
(Maxaçqala) Azərbaycandan gəlmiş 60 şirkət
bölgədə qoyacağı yatırımların
imkanlarını dəyərləndirmək üçün
hərəkətə keçmişdi. İlk dəfə idi
ki, 70 faiz dövlət təminatı ilə işadamlarına
imkanlar yaradılırdı. Dağıstan baş nazirinin
müavini Rizvan Qazıməhəmmədovun da etiraf etdiyi kimi,
artıq 10 sahədə Azərbaycana məxsus şirkətlərin
yatırımlar qoyması üçün ümumi
razılığa gəlinmişdir. Aqrar-sənaye sektorunun
inkişaf etməsi üçün istixanaların
salınması, konserv məhsulları emal edən fabriklərin
inşası, şəkər istehsalına diqqətin
artırılması, meyvəçilik və tərəvəzçilikdə
Azərbaycan təcrübəsinin tətbiqi, iri sənaye
komlekslərinin genişləndirilməsi anlaşmalarda yer
almışdır.
Bunun qarşılığında Azərbaycan
üçün əlverişli digər sahələrdə
Dağıstan tərəfi öz təkliflərini irəli
sürmüşdür. Bu təkliflərlə Azərbaycan
bazarında qiymətlər gözlənildiyindən bir
neçə dəfə ucuzlaşa bilərdi. Bununla da daxili
bazarda əhalinin tələbatı üçün daha
geniş imkanlar yaranardı.
Azərbaycan-Gürcüstan münasibətlərində
yaranmış bu kimi əlverişli şərtlər bu dəfə
Dağıstanla uzlaşdırılmış şəkildə
inkişaf edə bilər. Qafqaz bir region kimi vahid orqanizm
olduğundan regionlararası iqtisadi, mədəni, sosial,
iqtisadi inteqrasiya üzərində inkişafda çox
böyük uğurlar əldə etmək
mümkündür.
Unutmaq olmaz ki, Quzey Qafqaz yeni iqtisadi
subregion anlayışı mərhələsinə ayaq
basmışdır. XIX
yüzilin sonu və XX yüzilin ilk çağında
bölgə subregion idi. Bakıda
başlanan iqtisadi inkişaf Dərbənd, İnciqala, Temirxan
Şura (indiki Xasavyurd), Qroznı, Vladiqafqaz, Nalçik,
Soçi, Adler, Novorossiysk, Stavropol, Krasnodar və digər
şəhərlərdə də sürətli inkişafa təkan
vermişdi. Bakının neft maqnatları
bu bölgəyə böyük investisiyalar qoymuşdular.
İndi tarix təkrarlanır.
Bu tarixi ənənənin yenidən dirçəldilməsini
Quzey Qafqaz respublikaları və vilayətlərinin liderləri
də açıq şəkildə istəyirlər. Prosesi yeni iqtisadi, sosial, mədəni, elmi və
ictimai münasibətlərin qurulması texnologiyaları əsasında
inkişaf etdirmək üçün tələb olunan
münbit şərait də yaranmışdır. Qafqazda strateji maraqları olan və neokolonial siyasət
yürüdən güclərin maraqlarının
qarşısını almaq üçün bu inteqrasiyaya
çox böyük ehtiyac vardır.
Nə
qədər səmimiyik?
Sovetlər Birliyinin dağılmasından
ötən 21 il ərzində Qafqazda tarixi
ənənələrə söykənən
çağdaş texnologiyalara uyğun inkişaf modellərinin
tətbiqi üçün münbit şəraitin
olmamasının əsas səbəblərindən biri tərəflərin
buna hazır olmaması idi. Digər yandan isə
yeni inkişaf mərhələsinin hazırlanması
üçün tələb olunan elmi mərkəzləri
çalışdıra biləcək kadr yoxluğu vardı.
SSRİ-nin çöküşü ilə
yanaşı, regionların maddi-texniki bazasının
sıradan çıxması, bölgədə etnoloji
müstəvidə hər bir xalqın yaşamaq uğrunda
mübarizə aparması, böyük güclərin
maraqlarını ehtiva edən yad ideoloji təlimlərin
qarşıdurmalar yaratması barıt çəlləyinə
çevrilən Qafqaz modelini ortaya qoymuşdu. Təəssüflər olsun ki, bu acı həqiqətlərin
qurbanına çevrilən xalqların problemləri hələ
də qalmaqda davam edir. Böyük güclərin
təsiri və səyi nəticəsində
"dondurulmuş" konfliktlər bu gün də davam edir.
Dağıstanda etnik müstəvidə ləzgi-türk,
avar-kumuk, avar-noqay, ləzgi-tabasaran, lak-çeçen,
lak-kumuk, Çeçenistan və İnquşetiyada ənənəvi
islam və vəhhabilik, Quzey Osetiyada müsəlman və
xristian osetinlər, Kabarda-Balkarda kabardin-balkar,
Qaraçay-Çərkəzdə qaraçay-çərkəz
qarşıdurmalarının yaşanılması mövcud
problemlərin həllinə maneçilik törədir. Gürcüstanın abxaz və osetinlərin
bölücülük sindromunu yaşaması, ermənilərin
Qafqazda milli azlıq statusunu qəbul etmək istəmədiyi
bu regionun ən təzadlı problemləridir.
2008-ci ildən iqtisadi və sosial modernləşmə
strategiyasının humanitar xarakter alması tədricən
Qafqaz bölgələri arasında uzlaşmalara yol
açdı. Buzlar əriməyə
başladı.
Son illər Dağıstan,
İnquşetiya, Çeçenistan, Quzey Osetiya, Kabarda-Balkar,
Adıgey və Qaraçay-Çərkəz respublikaları
prezidentlərinin, hökumət heyətlərinin davamlı
şəkildə Bakıda görünməsi, Qafqazda
inteqrasiya təkliflərini irəli sürmələri bu kimi
stimulverici səbəblərdən biridir. Bu porosesin
inkişafının qarşısını alan
əsas güc isə bir tərəfdən çarlıq və
bolşevik Rusiyasının metropoliyasını təmsil edən
xüsusi bir zümrə, digər yandan Qərbdən Qafqaza
olduqca məxfi şəkildə uzanmış əllərdir.
Bu iki gücün yaratmış olduqları sosial şəbəkələr
siyasi, iqtisadi, kriminal, mədəni, top və pop anlamında kəskin
rəqabət aparmaqdadır. Halbuki Qafqazdakı
etnoloji mozaikanın kulturoloji dəyərlərinin
yaxınlaşmasını təmin etməklə mövcud
problemləri həll etmək üçün imkanlardan
yararlanmaq lazımdır. Təbii söykəmli
dəyərlərin bol olduğu Qafqaz siyasətində sadəcə
hər kəsdən səmimilik tələb olunur. Bu səmimilik varmı?
Müstəmləkəçiliyin təbiətindən
doğan, acılarını yaşadığımız
"parçala və hökm sür" metodunu onların
özünə qaytarmaqla, bundan doğan münasibətlərə
birdəfəlik əlvida söyləməklə səmimi əlaqələr
qurulmasına nail olmaq mümkündür.
Buna görə də Dağıstan tərəfinin
də etiraf etdiyi kimi, loqistik mərkəzlərin
yaradılması, Samur çayı hövzəsinin ortaq şəkildə
istifadə edilməsi ümumi maraqların inkişafı
üçün böyük təkandır. Bundan qazanan isə hər iki tərəf olacaq.
Azərbaycan Dağıstanın enerji
ehtiyaclarının həllində əsas mənbədir.
1941-ci ilə qədər Dərbənd ətrafında
böyük neft və qaz yataqları istismar olunurdu. İosif Stalin II Dünya Savaşını bəhanə
edərək həmin neft və qaz quyularını bağlatmışdı.
İndiyə kimi bu yataqlar bağlı qalıb.
Son illər Azərbaycana qarşı
Dağıstanda erməni siyasətinin tərkib hissəsi olan
bir sıra siyasi proseslərin əsası
olmadığını da artıq hər kəs aydın
şəkildə anlamaqdadır. Buna görə də indi hamı səmimi olmağa
çalışır.
Dərbənd
uzlaşma mərkəzidir
Ötən həftə Azərbaycan MEA Rəyasət
Heyətinin binasında Dərbənd şəhərinin 5 min
illik tarixi mövzusunda Azərbaycan və Dağıstan alimlərinin
birgə elmi konfransı keçirildi. Millət
vəkili, akademik, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub
Mahmudov dedi:
"Dərbəndin tarixi yolu Azərbaycan
və Dağıstan xalqlarının ümumi tarixidir.
Dərbənd Türk Dünyasında oğuz və
qıpçaqların birləşdiyi nöqtələrdən
biri hesab olunur. Dədə Qorqudun məzarının
Dərbənddə olması bu şəhərin strateji dəyərinin
mahiyyətinin təsdiqidir".
Konfransın mühüm əhəmiyyəti
ondan ibarət oldu ki, bu mövzu ətrafında ilk dəfə
olaraq Türkiyənin elm mərkəzləri də təmsil
olunurdu. AMEA prezidenti akademik Mahmud Kərimovun:
"Dərbənd Azərbaycan və Dağıstanın ortaq
tarixidir. Qafqaz xalqlarının dostluq şəhəridir.
Bu tarixi ənənəyə ancaq bizlər
birlikdə sahib çıxmaqla onu qorumalıyıq" fikrinə
konfransda çıxış edən Azərbaycan və
Dağıstan alimlərinin məruzələrində də
geniş yer verildi.
Halbuki ötən 21 il ərzində
Dərbənd şəhəri və onun ətrafındakı
tarixi, arxeoloji və mədəni irsinə erməni siyasəti
əl uzatmış, burada antiazərbaycan fitnə-fəsad
toxumları əkməkdəydi. Kimlərsə
bu məcrada əsası olmayan əcaib iddialar irəli
sürürdü. İndi həmin təşəbbüslər
artıq geridə qalmışdır.
Bu coğrafi arealın təbii söykəmləri,
etnomədəni və etnososial qavrayışları
arasında süni çatlar yaratmağa
çalışanlar artıq oyundankənar vəziyyətdə
qalmışlar.
Dərbəndi və onun tarixini zorla
hansısa etnosa bağlamaq iddiasında olmaq və bunu siyasi
prosesə çevirmək süni və kökü olmayan cəfəng
cəhddir. Buna çalışanlar
iflasa uğramışdır. Dərbəndin
5 min illik tarixinin YUNESKO səviyyəsində qeyd olunması,
Azərbaycan və Dağıstan alimlərinin birgə elmi məclislər
keçirməsi, Dərbəndin ortaq tarixi yaddaşa
çevrilməsi indi daha çox təqdir olunmaqdadır.
Yaxın zamanda İnciqalada Azərbaycan və
Dağıstan alimlərinin, biznes dairələrinin yeni
inteqrativ müqavilələr imzalayacağı gözlənilir.
Sadə gerçəklik budur ki,
çağdaş dünyada mövcud problemlər regional
infrastukturların inkişafı sayəsində həll olunur.
Bunun üçün Avropa Birliyi, Avrasiya, Uzaq Şərq, Ərəb
Dövlətləri Liqası, Avroatlantik Hövzəsi,
Güney Amerika Bloku, Ağ Dəniz Hövzəsi və digər
örnəklər vardır. Nədən tarixi
yaddaşı yüzillərə, minillərə qədər
uzanan, ortaq etnokulturoloji dəyərə malik olan Qafqazda bizlər
bunu yenidən ümumi prosesə çevirməyək?
1918-ci ildə demokratik Azərbaycan
Cümhuriyyəti dönəmində də ortaq Qafqaz Siyasəti
əsas prioritetlərdən biri hesab olunurdu.
Bu dönəmdə hətta
Dağıstanın nüfuzlu ağsaqqalları, el birlikləri
belə Azərbaycana birləşmək üçün rəsmi
məktubla müraciətlər etmişdilər.
Mövcud reallığı nəzərə alan
Azərbaycan hökuməti Quzey Qafqaz Konfederasiyası -
Dağlı Respublikası ilə mehriban qonşuluq siyasəti
içində inteqrasiya modelini təklif etmişdi. Bunun qarşılıqlı mənfəətləri
isə göz önündə idi. Hər
iki tərəf bundan böyük fayda götürürdü.
AMEA Rəyasət Heyətinin binasında
keçirilən son elmi konfransda Dağıstanın Azərbaycan
nümayəndəliyinin rəhbəri Məhəmməd
Qurbanov haqlı olaraq qeyd etdi:
"Beş min ildir Dərbənd şəhəri
Dağıstan və Azərbaycanın birlik və bərabərliyinin
missiyasını yaşadır. Burada qorunub saxlanılan ənənələr
yaşamaqda davam edir. Dərbəndin,
Dağıstan və Azərbaycanın simvolu olan əfsanəvi
Narın Qalanın daşları və yolları bu əzəmətli
tarixin canlı şahidləridir".
Ənvər
Börüsoy
Ayna.- 2012.- 5 may.- S.7.