Əsgər təmizlik
işlərindən uzaqlaşdırılır
Silahlı Qüvvələrdə
bu mühüm islahat gündəmdədir
Milli Məclisin Təhlükəsizlik
və müdafiə komitəsinin üzvü
Zahid Orucun mətbuata
açıqlamasında səsləndirdiyi bir
məlumat əsas müzakirə mövzularından biridir. Deputat bildirib ki, Azərbaycanda hərbi
xidmət keçənlərin təsərrüfat işlərindən
azad olunması tələbi gündəmə
gətiriləcək. Millət vəkili qeyd
edib ki, NATO
standartlarının Azərbaycan Ordusunda tətbiqinin
tələblərindən biri də bu məsələnin həllidir. Bu baxımdan
əsgərlərin təlimatla nəzərdə
tutulmamış sanitar, əmək, mətbəx
və sair bu kimi işlərdən azad
olunaraq həmin işlərin mülki şəxslərə həvalə
olunması hərbidə ciddi keyfiyyət
dəyişikliyinə səbəb ola bilər:
"Bu, əsgərlər və zabitlər
arasında psixoloji gərginliyin
yaranmamasına, hərbi xidmət keçənlərin təlim
prosesinə konsentrasiya olunmasına gətirəcək".
Xatırladaq
ki, Azərbaycan Silahlı Qüvvələrində
mülki şəxslərin sayının
artırılması NATO ilə imzalanan Fərdi
Tərədaşlığa dair Əməliyyat
Planının (İPAP) üçüncü
mərhələsindən irəli gələn
addımdır.
Sənəddə əksini tapan əsas
istiqamətlərdən biri Müdafiə
Nazirliyi sistemində həm
aşağı, həm orta, həm də
yüksək səviyyələrdə xidmət edən mülki heyətin artırılması ilə
bağlıdır.
Özəlliklə
də bu ilin əvvəlində
qəbul olunmuş "Hərbi Vəzifə
və Hərbi Xidmət" haqqında qanun
orduda xeyli səviyyədə
vəzifələrin mülkiləşdirilməsi istiqamətində
addımlar üçün hüquqi əsas yaradır. Ümumilikdə
NATO standartları tətbiq olunan ölkələrin
ordularında hərbi və mülki vəzifələr
ayrı-ayrılıqda göstərilir. Hərbçilər döyüş hazırlığı ilə
məşğul olur, mülki
vəzifəlilər isə arxa cəbhənin
təminatı, döyüş
hazırlığına dəstək fəaliyyəti göstərirlər.
Bu, NATO standartlarının əsas fəlsəfəsinə
daxildir.
Araşdırmalar
göstərir ki, Silahlı Qüvvələrdə
baş verən bir çox neqativ halların
kökündə məhz hərbi qulluqçuların xidmətdən
kənar vəzifələrə cəlb olunması durur. Yəni onların müxtəlif
yardımçı vəzifələrə cəlb
olunması ordudakı neqativ hallara və xüsusən də itkilərə
gətirib çıxarır. Əgər 2003-2011-ci illərdə
Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda baş verən
itkilərin təfsilatını araşdırsaq, görərik
ki, itkilərin bir
hissəsi məhz hərbi qulluqçuların qeyri-xidmət
tapşırıqlarına cəlb olunması ilə əlaqədardır.
Bu durum postsovet ölkələri, xüsusilə də
Rusiya üçün
çox aktualdır. Artıq Rusiya ötən ildən etibarən bu istiqamətdə addımlar atıb və qida təchizatı, təmizlik işlərində
hərbi qulluqçuların mülki
şəxslərlə əvəz olunması proqramını
qəbul edib.
Ekspertlər
hesab edirlər ki, Azərbaycan
Silahlı Qüvvələrində bənzər mexanizm yaxın zamanlarda tətbiq
olunmalıdır. Bu həm ordunun
sağlamlığına gətirib çıxarar, həm də
orduda hərbi qulluqçulara
onların döyüş fəaliyyətinin
konkret olaraq nədən
ibarət olması haqda aydın təsəvvürlər
yaradardı. Eyni zamanda
hərbçilərin arxa cəbhə təminatında,
qidalanmasında, təmizliyində müsbət nəticələrə
gətirib çıxaracaq. Nəzərə
alınmalıdır ki, bu
həm də vətəndaşlar üçün
bir iş yeridir. Vətəndaşlar təmizlik işləri,
qidanın hazırlanması, müxtəlif sanitar-gigiyenik
və d. məsələlərdə
işçi kimi fəaliyyətə
başlaya biləcəklər.
Ümumilikdə
araşdırmalar göstərir ki, təxminən
90 minlik Azərbaycan Silahlı Qüvvələrinin
mühüm hissəsinin mülkiləşdirilməsi
mümkündür. Əgər konkret addımlar atılsa və qarşıya
konkret tələblər qoyulsa,
təxminən önümüzdəki 3 ildə bu proses həyata keçirilə
bilər. Bir sıra məlumatlara görə,
2011-2013-cü illəri əhatə edəcək üçüncü IPAP çərçivəsində
Müdafiə Nazirliyinin şəxsi heyətinin
ilkin dövr üçün 10-12 faizinin
mülki heyətlə əvəzlənəcəyi
gözlənilir. Xatırladaq ki,
2003-cü ildə səslənmiş rəsmi rəqəmlərə
görə, MN sistemində 4 min nəfərdən
artıq mülki heyət xidmət edir. Onların sayının yaxın illərdə
ən azı 2,5-3 dəfə artırılması gözlənilir.
Bəzi məlumatlara görə, prosesin sonu müdafiə nazirinin mülki şəxslə əvəzlənməsi
ilə başa çatacaq.
Bu zaman Baş Qərargahın funksiyaları
artırılacaq.
Araşdırmalar
göstərir ki, Silahlı Qüvvələrdə
mülkiləşdirmə prosesinin həyata
keçirilməsi bir sıra əhəmiyyətli
məqamların üzə çıxmasına təsir
göstərəcək. İlk növbədə
müdafiə xərclərinin süni
şəkildə şişirdilməsinin qarşısı
alınacaq.
Məlumdur ki, bu gün hərbi heyətin saxlanılması mülki heyətlə müqayisədə 2-3
dəfə baha başa
gəlir. Beləliklə, bir sıra vəzifələrdə
çalışan hərbi qulluqçuların mülki şəxslərlə əvəzlənməsi
ümumilikdə orduda sosial
təminatın yaxşılaşdırılmasına imkan yaradacaq.
Mülkiləşdirilmə
prosesi hərbi bölmələrin tam şəkildə komplektləşdirilməsinə
imkan yaradacaq.
Mülkiləşmə
prosesinin sürətləndirilməsi Azərbaycan
Silahlı Qüvvələrinin döyüş
hazırlığının artırılmasına dəlalət
edən bir proses olacaq. Azərbaycanın NATO ilə
əməkdaşlıq sənədlərində əksini tapan öhdəliklərdən biri
şəxsi heyətin ixtisarına hazırlıq işlərinə
başlanılması, mülki heyətlə
əvəz oluna biləcək vəzifələrin
müəyyən edilməsi ilə bağlıdır. Bunun üçün
qanunvericilikdə müəyyən dəyişikliklər və
əlavələr edilməlidir.
Müstəqil
ekspertlərin fikrincə, Azərbaycan ordusunda
ciddi ixtisarlar, mülki heyətin sayının
artırılması, nəticədə yerdə qalan şəxsi heyətin sosial
təminatının və hazırlığının
gücləndirilməsi Azərbaycanın
hazırlaşdığı gələcək müharibədə
uğuru təmin edən amilə
çevrilə bilər. Bir sıra
mütəxəssislər bu istiqamətdə
konkret rəqəmlər ortaya
qoymaqdan belə çəkinmirlər.
Onların fikrincə, Azərbaycan Silahlı Qüvvələrinin
şəxsi heyətinin sayı hazırda mövcud
olan 76 min nəfərdən
40 min nəfərə qədər endirilə
bilər. Mülki heyətin sayı isə
hazırda mövcud olan
4 min nəfərdən 10 minə qədər
artırıla bilər. Beləliklə, 50 min
nəfərlik, çox yüksək təminata
malik heyət düşmənlə
mübarizədə qələbəni təmin etməyə imkan verər.
Eyni zamanda
nəzərə almalıyıq ki,
Silahlı Qüvvələrdə mülkiləşmə prosesinin sürətlənməsi eyni zamanda ölkənin səfərbərlik
ehtiyatlarının tənzimlənməsi baxımından da mühüm əhəmiyyət
kəsb edir. Konkret olaraq, təhlükəsizlik və
müdafiə sektorunda ümumilikdə
30-40 min nəfərlik mülki
vəzifənin mövcudluğu ölkənin
səfərbərlik resurslarının daim
hərbi xidmətlə əlaqədə olması, peşəkarların
Silahlı Qüvvələr sıralarına cəlb
olunması baxımından vacib hesab olunur.
C.Məzahiroğlu
Ayna.-
2012.- 5 may.- S.9.