Olimpiya
lisenziyalarının sayı 50-yə çatdı
Bu
rekord rəqəm medalların sayında da əksini
tapacaqmı?
Ölkəmizin olimpiya yığma
komandası London Yay Olimpiya Oyunlarında iştirak hüququ
verən lisenziyaların sayını bu həftə 50-yə
çatdırdı. Beləliklə də, idmançılarımız
say baxımından minimum vəzifənin öhdəsindən
gəldilər. Çünki London Olimpiadasında Azərbaycanı
təmsil edən idmançıların sayı haqqında
proqnozlar səsləndirilərkən məhz 50 rəqəmi
dilə gətirilirdi. Hərçənd
idmançılarımız lisenziyaların sayını artırmaq
üçün hələ yaxşı imkanlara malikdirlər.
Çünki lisenziya xarakterli yarışlar davam edir.
Olimpiya lisenziyalarının
sayının çox olması, əlbəttə, vacib məsələdir.
Çünki oyunlarda idmançılarımızın
sayı nə qədər çox olarsa, mükafat qazanmaq
şanslarımız bir o qədər artar. Həm də nəzərə
alsaq ki, lisenziyalar idmanın 16 növündə
qazanılıb, deməli, London Olimpiadasında uğur qazanmaq
şanslarımız əvvəlki oyunlara nisbətən daha
yaxşıdır.
Qazanılan lisenziyaların sayına
görə güləşçilərimiz hamıdan irəlidədir.
Pəhləvanlarımız ümumilikdə oyunlarda iştirak
etmək hüququ verən 13 vəsiqə əldə ediblər
ki, bu da son hədd deyil. Qeyd edək ki, Xetaq Qazyumov (96 kq),
Rövşən Bayramov (55 kq) və Mariya Stadnik (48 kq) kimi
tanınmış və titullu pəhləvanlarımız
olimpiya medallarına əsas namizədlər
sırasındadır. Həm də güləşçilərimizdən
bir çoxu oyunlar ərəfəsində yaxşı təsir
bağışlayır. Bu mənada əvvəlcə Avropa
çempionatının qızıl medalını qazanan,
ardınca isə Bolqarıstanda lisenziya turnirinin qalibi olan
Toğrul Əsgərovu (60 kq) xüsusilə qeyd etmək olar.
Odur ki, təkcə cari idman nəticələrini deyil, həm
də güləş keyfiyyətini nəzərə alsaq,
güləşçilərimizin olimpiya gələcəyinə
ümidlə baxmaq olar.
Londona yollanacaq boks
yığmamızın heyəti də kifayət qədər
güclüdür.
Əgər
sonuncu oyunlarda - Pekin Olimpiadasında vur-tut
2 boksçumuz iştirak
etmişdisə, Londonda medallar
uğrunda 7 dəri əlcək ustamız
mübarizə aparacaq. Əsas
"qızıl ümidimiz", dünya çempionu Məhəmmədrəsul
Məcidov (+91) və Bakıda keçirilən dünya çempionatının
finalçısı Teymur Məmmədov da komandanın heyətindədirlər. Statistika da boks
yığmamızın uğur qazana biləcəyini vəd edir.
Belə ki, Azərbaycan boksçuları son üç oyunlarda 4 gümüş medala sahib olublar.
Cüdoçularımız
da London Oyunlarına
kifayət qədər güclü heyətlə
yollanacaqlar. Xatırladaq ki,
cüdo millimiz Pekin oyunlarında dördüncü
yerə çıxmaqla Avropa
komandaları arasında ən yaxşı nəticə
göstərmişdi. Bu idman
növündə ən tanınmış
idmançımız Elnur Məmmədov güman ki, olimpidanın
qızıl medalını ikinci dəfə
boynundan asmaq arzusu ilə alışıb-yanır. "World Masters" kimi nüfuzlu turnirdə
ardıcıl iki qələbə qazanan Elnur 81 kq çəki dərəcəsində
dünyanın ən güclülərindəndir. Odur ki, Elnurun
Olimpiya zirvəsini fəth etməyə
yaxın olduğunu bu
başdan söyləyə bilərik. Uğura aparan yolda daha bir
idmançımız ona "yol yoldaşlığı" edə bilər.
Bu, dünya
çempionatının bürünc
mükafatçısı İlqar Müşkiyevdir (60 kq).
Taekvondoçularımızın
London Olimpiadasında
çıxışını izləmək maraqlı olacaq. Çünki onlardan biri medal
qazanmağa ən real
namizədlərdəndir. Söhbət son
vaxtlar özünün
birbaşa rəqiblərini məğlub
edərək ən mötəbər turnirlərin qalibi olan Ramin
Əzizovdan (80 kq) gedir.
Bu idmançının beynəlxalq
yarışlarda sabit
çıxış etməsi taekvondo
növündə də yığmanın medal
şanslarını artırır. Onu da qeyd edək ki, Azərbaycan taekvondoçuları Olmpiya Oyunlarında indiyə kimi
medal qazana bilməyiblər.
Halbuki Niyaməddin Paşayev
və Rəşad Əhmədov kimi
tanınmış idmançılar Olimpiya
Oyunları təcrübəsinə malikdir.
Əvvəlki
illərdən fərqli olaraq, Azərbaycan
taekvondo yarışlarında qadın
idmançı ilə də təmsil olunacaq.
Gənclər arasında dünya çempionu olan Fəridə
Əzizova qadınların yarışında ilk
dəfə Azərbaycanın adından çıxış
edəcək.
London Oyunlarında ağır
atletlərimizin də medal qazanmaq
imkanları var.
Ağırlıqqaldıranlardan söz
düşəndə ilk növbədə
Valentin Xristovun (56 kq) adını qeyd etmək
lazımdır. Məşhur türkiyəli ağır atlet, üçqat Olimpiya çempionu Xəlil
Mutlunun idmançımız haqqında -
"şübhəm yoxdur ki, Valentin Olimpidada
medal qazanacaq" deməsindən
sonra mükafatın hansı əyardan
olacığını görmək maraqlıdır. Bolqar əsilli Valentindən savayı
komandamızda son Avropa
çempionatının qalibi olan Əfqan Bayramov da var. Odur
ki, ağır atletlərimizin də Londonda uğur
qazanacağına ümid etmək olar.
Azərbaycan
idmançılarının uğur qazana biləcəkləri idman
növlərindən biri də avarçəkmədir.
Azərbaycan London Oyunlarında avarçəkmədə
ilk dəfə təmsil olunacaq.
Həm də, çox ola
bilsin, Azərbaycan avarçəkənləri
Londonda təkcə sadəcə
çıxışla kifayətlənməyəcəklər.
Avarçəkənlərimiz də planetin
4 ildən bir keçirilən ən
mötəbər yarışının vacibliyini
anlayırlar. Ölkəmizi avarçəkmədə dəfələrlə
Avropa çempionu olmuş Valentin Demyanenko, Sergey Bezuqlıy
və Maksim Prokopenko təmsil
edəcəklər. Bu idmançılar uğurun düsturunu bilirlər.
Bir sözlə, Londonda bir çox
idman ulduzlarımızın parlamaq imkanı olacaq. Bədii
gimnastikada Aliyə Qarayeva,
atçılıqda Camal Rəhimov və
bir çox atletlərimizdən
uğur gözləyirik.
Yığmanın qarşısında minimum
9 medal qazanmaq vəzifəsi
dayanır. Buna nə dərəcədə
nail olacağımızı isə 82
gündən sonra başlayacaq
oyunlar zamanı görəcəyik.
İlham
Ayna.-
2012.- 5 may.- S.22.