Təhsil ocaqlarının infrastrukturu dəyişməlidir

 

O dərəcədə ki, əlil uşaq kənar kömək olmadan binalara rahat daxil olub, hərəkət edə bilsin

 

Bu gün ölkədə əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib.

Əlil uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün şərait yaradılması nəzərdə tutulur. TN De-institutlaşma Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva qeyd edir ki, hazırda əlil uşaqlar əsasən evdə təhsil alır:

"Xüsusi təhsil müəssisələrində isə yalnız sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır. Biz isə istəyirik ki, əlilliyi olan uşaqlar da sağlam uşaqlar kimi məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində, orta ixtisas, ali təhsil müəssisələrində təhsilə cəlb olunsunlar. Əlbəttə, orta ixtisasali təhsil müəssisələrində yalnız fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar oxuya bilərlər. Çünki əqli cəhətdən geriliyi olan uşağın orta ixtisasya ali təhsil müəssisəsinə daxil olması mümkün deyil".

İdarə rəisinin sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə təhsil ala bilməsi üçün infrastruktur dəyişməlidir. Bu infrastruktur əlil uşaqların təhsil müəssisələrinin binalarına rahat şəkildə daxil olmasına imkan verməlidir:

"Uşaq bağçasından ali təhsil müəssisəsinə qədər infrastruktur elə dəyişməlidir ki, əlilliyi olan uşaq heç kəsin köməyi olmadan binalara rahat daxil olub, orada hərəkət edə, təhsilə cəlb oluna bilsin".

Hacıyeva qeyd edib ki, əlil arabası ilə hərəkət edən uşaqların əksərinin intellektual səviyyəsi adi uşaqlardakı kimidir. Amma onlar hərəkət edə bilmədikləri üçün evdə təhsilə cəlb olunurlar. Həmin uşaqlar sinifdə və ya auditoriyada əyləşərlərsə, intellektləri onlara normal insanlar kimi təhsil almağa imkan verər.

Hacıyeva bildirib ki, inklüziv təhsilin bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur (İnklüziv təhsil sağlamlıq imkanları məhdud şəxslərin adi ümumtəhsil məktəblərində təhsilə cəlb olunmasıdır). Hazırda inklüziv təhsil ölkə ərazisində pilot layihələr çərçivəsində 30 ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsində tətbiq edilir. Onlardan 13-ü məktəbəqədər təhsil müəssisəsi, 17-si ümumtəhsil məktəbləridir. Bu günədək ölkədə 298 uşaq inklüziv təhsilə cəlb olunub. Belə uşaqlarda bilik və bacarıqlarının inkişafında əhəmiyyətli dərəcədə dəyişiklik olur.

İdarə rəisinin sözlərinə görə, hökumətə təqdim edilmiş "İnklüziv Təhsilin İnkişafı Dövlət Proqramı" təsdiqləndikdən sonra inklüziv təhsilin bütün ölkə üzrə tətbiq edilməsi planlaşdırılır.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud olanların sağlam uşaqlarla bir təhsil müəssisəsində təhsilə cəlb olunması deməkdir.

TN De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva onu da deyib ki, TN 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bu proqram həyata keçirilsə, ölkədə əlilliyi olan uşaqların təhsilinin təşkili ilə bağlı bütün problemlər aradan qalxar. Belə ki, proqramda məktəblərin əlilliyi olan uşaqlar üçün əlçatan olmasını nəzərdə tutan bütün infrastruktur dəyişikliyi nəzərdə tutulur.

Bununla yanaşı, hazırkı mövcud kurikulumlara sağlamlıq imkanları məhdud uşaqların dərk edə və yararlana biləcəyi şəkildə dəyişiklik edilməsi, həmin uşaqlar üçün yeni nəsil dərsliklər hazırlanması, onların adi ümumtəhsil məktəblərinə qəbul olunması üçün qiymətləndirmə meyarlarının hazırlanması, qiymətləndirmənin əsasında onlar üçün fərdi təlim planının hazırlanması nəzərdə tutulur.

Hacıyeva deyir ki, adi uşaqlardan fərqli olaraq, intellektində geriliyi olan uşaqlara xüsusi yanaşma lazımdır.

"Bütün bu məsələlərin hamısı proqramda öz əksini tapıb. Proqramda hətta həmin uşaqların dərsdənsonrakı asudə vaxtlarının təşkili ilə bağlı, fiziki qüsurları olan uşaqların inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur", - deyə idarə rəisi sözlərinə əlavə edib.

Maliyyə Nazirliyi istisna olmaqla, digər aidiyyəti nazirliklər artıq proqrama müsbət rəy veriblər. Maliyyə Nazirliyi isə Təhsil Nazirliyinə ünvanladığı cavab məktubunda tövsiyə edib ki, Təhsilin İnkişafı üzrə Milli Strategiya hazırlandığı üçün proqramda qeyd edilən məsələlər strategiya layihəsində öz əksini tapsın, proqram daha sonra təsdiq üçün təqdim olunsun.

İdarə də Maliyyə Nazirliyinin bu tövsiyəsini nəzərə alaraq, İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı çərçivəsində görülməsi nəzərdə tutulan məsələləri Milli Təhsil Strategiyası layihəsinə daxil edib.

Hacıyeva deyib ki, ya Milli Strategiya, ya da Dövlət Proqramı qəbul olunsa, sadalanan tədbirlər həyata keçiriləcək.

 

 

Ayna.- 2012.- 12 may.- S.15.