Professor Səlahəddin Xəlilov: "İkiləşmiş" təhsilə son qoymağın vaxtı çatıb"

 

Elmin yeri çox arxa planda, alimin mövqeyi isə passiv görünür

 

Bu gün alimlərə münasibət adekvat deyil. Yeni iqtisadi münasibətlərə keçdik, Qərb dünyasına qapılar taybatay açıldı. Lakin MEA müxbir üzvü, professor, "Şöhrət" ordenli Səlahəddin Xəlilov bu fikirdədir ki, oradan ilk növbədə böyük elm, böyük fəlsəfi ideyalar əvəzinə, ən yüngül şeylər - kütləvi mədəniyyət, şoumenlik, əyləncənin müxtəlif modern variantları gəldi:

"Ona görə də ictimai şüur səviyyəsində alim kultu formalaşmadı. Əvvəllər bizdə şair kultu var idi, o da arxa plana keçdi. Daha çox məzhəkəçilik kultu, ən yaxşı halda müğənni və ya musiqiçi kultu formalaşıb. Şair kultu yavaş-yavaş özünü bərpa edir, amma alimə münasibət, alimləri, filosofları özünə kumir seçmək, yeniyetmələr arasında onlara bənzəmək cəhdləri, onları özünə ideal saymaq halları yox dərəcəsindədir".

- Əgər orta məktəb şagirdindən "Alimlərdən kimi tanıyırsınız?" - deyə soruşsan, çaşıb qalacaq. Təbii ki, başqa sahələrin adamlarının adlarını çəkəcəklər. Çünki gəncliyin formalaşmasında əvvəllər ancaq ailə və məktəb rol oynayırdısa, indi ilk plana KİV, televiziya kanalları və internet keçib. Bunların isə təsiri həmişə pozitiv olmur. Çünki biz bunlara nəzarəti təşkil edə bilməmişik.

İlk növbədə cəmiyyətin elmə ehtiyacı olmalıdır. Əgər cəmiyyət özü yetkin deyilsə, o heç elmə ehtiyac da hiss etməyəcək. Çünki adi şüur səviyyəsində öz problemlərini həll edəcək. Ancaq o cəmiyyət elmə ehtiyac hiss edir ki, onun qarşısında duran vəzifələr daha mürəkkəb və daha böyükdür və onların həyata keçirilməsi elmsiz mümkün deyil. O zaman elm adamına ehtiyac duyulur və onun nüfuzu artır. O cəmiyyətdə ki, hər şey təqlid, gör-götür yoluyladır, işimiz başqa ölkələrdə kəşf olunanları, texniki vasitələri, sadəcə, pulla satın alıb tətbiq eləməkdən ibarətdir, onda özümüz hansısa sahədə önə çıxmaq iddiasında olmuruq. Belə hallarda, təbii ki, alimə də ehtiyac olmur.

Digər tərəfdən, elmin özünün də fəal mövqeyi hiss olunmur. Akademiya haradasa passiv görünür. Ali məktəblərimiz də təhsillə işini bitmiş hesab edir. Halbuki dünyanın praktikasında elədir ki, universitetin əsas funksiyası bəlkə də təhsildən öncə elmi fəaliyyətdir. Çünki orada çoxlu tanınmış professorlar, alimlər çalışırlar. Əgər alim elmlə yox, tədrislə məşğul olursa, o, irəli yox, geri gedəcək. Bu mənada elmin dinamikası, elm adamlarının fəallığı hiss olunmur. Elmin yeri çox arxa planda, alimlərin mövqeyi də xeyli passiv görünür. Amma dövlət başçısının biz elm adamlarının qarşısına qoyduğu vəzifələr böyükdür. 2020-ci ilə qədər biz ən öncül ölkələr sırasına çıxmalıyıq və bunun da yolu müasir elmi nailiyyətlərdən keçir. Bu mənada qəti əminəm ki, yaxın gələcəkdə görəcəyimiz ən böyük işlər təhsil sahəsindəki islahatlarla bağlı olacaq.

- Əgər cəmiyyət yetkin deyilsə, orada alimə ehtiyac yoxdur. Bizim cəmiyyətimiz necə, yetkin sayıla bilərmi?

- Avropa cəmiyyəti elmin böyük nailiyyətlərini əldə etməklə yanaşı, onu tətbiq edib, bu gün isə bəhrəsini görür. Əgər dünya iqtisadiyyatına nəzarət ABŞ və Avropanın əlindədirsə, bu, yalnız onların vaxtilə elmdə, texnologiyalarda irəli çıxması sayəsində mümkün olub.

İqtisadiyyat bunlara arxalananda öncül ola bilir. Yoxsa elmi potensialı olmayan bir ölkə başqalarının kəşf etdiklərini öyrənməklə nəyə nail ola bilər? Uzaqbaşı biz o elmi bilikləri mənimsəyib gənclərimizə öyrədə bilərik. Nə yaxşı ki, biz artıq o işə başlamışıq. İstedadlı gənclərimizi Avropa universitetlərinə göndərə bilirik. Gənclər o mühitdə təhsil almalıdırlar ki, qayıdıb burada o mühiti yarada bilsinlər. Düşünürəm ki, təkcə xaricdə təhsil alanlar hesabına yox, daxildə də təhsilin və elmin yenidən qurulması bu işə təkan verəcək.

- Alimin uğuru... Bu, nəylə izah olunur?

- Elmdə uğur qazanmaq ilk növbədə genetik potensialdan asılıdır. İstedadı olmayan adam elmdə heç bir nailiyyət əldə edə bilməz. Bu gün adi şüur səviyyəsində böyük elmi işlər görmək mümkün deyil. Ən istedadlı gənclərin elmə cəlb olunmasının müxtəlif şərtləri var. Bunun üçün stimul olmalıdır. Gənclər hiss etməlidir ki, elm sferasında onların gələcək həyatı təmin olunur. Maddi təminat da şərtlərdən biridir. Amma maddi təminatla iş bitmir. Onlar əmin olmalıdır ki, çalışa bilmələri üçün elmi mühit var. Əgər bu şərait yoxdursa, o istedadlı gənc həmin şəraitin olduğu yeri arzulayacaq, fikri həmişə xaricdəki elm mərkəzlərində olacaq. Biz gənclərimizin elmi potensialını daxildə saxlamaq üçün müvafiq mühit təşkil etməliyik. Digər tərəfdən, bunun üçün yüksək texnoloji təminat lazımdır. Xüsusən təbiət elmləri sahəsində eksperimental baza yaradılması ucuz başa gələn məsələ deyil. Yəni elmə adi ayırmalarla onu inkişaf etdirmək olmaz. Elmə ayrılan pulun bir neçə dəfə artırılması lazımdır. Biz əgər bunu etmiriksə, görünür, hələ əmin deyilik ki, ayrılan pul həmin səmərəni verəcək. Bunun optimal təşkilatlanması məsələsi həll olunmalıdır. Nəzəri maddiyyat şəklində ortaya qoyulmalıdır ki, bu cür qurulan elm yüksək maliyyə təminatı şəraitində səmərə verəcək. Bunun üçün də, əlbəttə, nəzəriyyə ilə iş düzəlmir. Müəyyən sahələrə müəyyən maliyyə ayırmaları olmalıdır. Dünya praktikasında tədqiqatçılar layihələr yazır və görəcəyi işləri elmi surətdə əsaslandırırlar. Ekspertlər həmin layihəni bəyənəndən sonra pul ayrılır. Biz də layihələr üzrə maliyyələşdirmə sistemini genişləndirməliyik.

- Axı Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb...

- Elmin İnkişafı Fondu yaradılıb, ancaq onun maliyyə büdcəsi çox kiçikdir. Deyək ki, 5-6 milyon manat həcmində bütün ölkə miqyasında elmlərin hamısının inkişafını təmin etmək mümkün deyil. Əksinə, yaxın gələcəkdə bizim görməli olduğumuz işlərdən biri mövcud elm fondunun büdcəsini bir neçə dəfə artırmaqla yanaşı, alternativ elm fondları yaratmaqdır. Məsələn, Neft Şirkəti də ya alternativ elm fondu yaradır, ya bu fonda əlavə ayırmalar verir. Bunlar onu göstərir ki, tərpəniş, istək var. Təkcə bu başlanğıcı iri addımlarla davam etdirmək qalır. Ancaq qətiyyətlə addımlamaq üçün seçdiyimiz istiqamətə əminlik olmalıdır. Bunun üçün elmşünaslıq elmi inkişaf etdirilməlidir. Çünki hər bir addım elmi əsaslarla atılmalıdır. Mənim keçən il yazdığım "Elm haqqında elm" bu yanaşmaya yönəlik bir kitabdır. Orada dünya ölkələrinin təcrübəsi, elmin min illər ərzində keçdiyi inkişaf yolu və nəhayət, ən müasir dövrdə elmin inkişafı üçün zəruri şərtlər, elmin optimal təşkilatlanma formaları və s. öz əksini tapıb. Yerli şəraiti nəzərə almaqla optimal modellər qurmaq qarşımızda duran vəzifədir.

- Bu gün təhsilimizlə bağlı gerçəklik ürəkaçan deyil. Müəllimlər repetitorluğa can atır, şagirdlərdə dərsə maraq yox... Axı hər şey məktəbdən başlanır?

- Bizdə təhsilin səviyyəsi yüksək olsaydı, gənclərimizi xaricə göndərməyə ehtiyac yaranmazdı. Yüksək bal toplayan abituriyentlərin xaricə göndərilməsi tələbatı ondan irəli gəlib ki, bizim təhsilimiz dünya standartları baxımından lazımi tələblərə cavab vermir. Biz hələ təhsilin öz daxili strukturunda monolitliyi təmin edə bilməmişik. Vahid təhsil sistemi əvəzinə ikiləşmiş alternativ təhsil yaranıb. Yəni təhsil haçalanıb. Bu, çox ziyanlı hadisədir.

Düşünürəm ki, "ikiləşmiş" təhsilə son qoymağın vaxtı çatıb. Məktəblərin çoxunda yuxarı sinif şagirdlərinin əksəriyyəti alternativ təhsilə gedir, repetitorla işləyir və onların alternativ dərslikləri var. Bizdə dövlət təhsil sistemi pulsuzdur. Ancaq repetitorlar sistemi pulsuz deyil axı. Deməli, valideyn öz uşaqlarını pullu məktəbə qoymağa məcbur olur. Özü də çox yüksək qiymətlərlə. Əgər pulsuz məktəb uşağın tələbatını ödəsə, kim öz uşağını pullu məktəbə aparıb qoyar və ya onlar üçün müəllim tutar? Az-çox imkanı olan valideynlər yaxşı repetitorlar tuta, uşaqlarını bahalı kurslara yazdıra bilir, imkansızlar yenə də naəlac qalır. Bu, haqsızlığa gətirib çıxarır. Deməli, biz vahid təhsil sisteminə qayıtmalıyıq, bunun yolları axtarılmalıdır. Bir təhsil mütəxəssisi kimi mənim konkret təkliflərim var. Mənə elə gəlir ki, ölkədə bu sahədə mütəxəssislər var və onların fikirlərindən istifadə etmək lazımdır.

- 12 illik təhsil sisteminə keçidlə bağlı fikirlər var.

- Burada il əsas deyil. Qarşıda duran aktual məsələ ondan ibarət deyil ki, təhsil 11 və ya 12 il olsun. Bu, sonrakı məsələdir. İndi lazım olan bu ikiləşməni aradan qaldırmaqdır. Ondan sonra və ya paralel surətdə bu barədə düşünmək olar. Faktorlardan biri odur ki, dövlət təhsil müəssisələrində maaşlar artmalıdır ki, müəllim məcbur olub repetitorluğa getməsin. Digər tərəfdən, dövlət təhsil müəssisələrində təhsilin səviyyəsi qalxmalıdır ki, şagird məcbur qalıb repetitorlara müraciət etməsin. Həmçinin tələbə qəbulu prosesi, sadəcə, testlərlə yox, yaradıcı təfəkkürü yoxlamaq metodları ilə, xüsusən yazılı imtahanlarla tamamlanmalıdır ki, onda şagirdlər dövlət təhsilindən istifadə etmənin üstünlüklərini dərk etsinlər. Baxmayaraq ki, "Təhsil haqqında" qanun bu yaxınlarda qəbul olunub, ancaq bu qanuna yenidən baxılmasına ehtiyac var. Bu qanun qəbul olunarkən də orada çoxlu mübahisəli məsələlər vardı. Onlar yenidən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Hərçənd Milli Məclis nəzərdə tutub ki, "Təhsil haqqında" qanundan başqa, ali və orta təhsil haqqında ayrı-ayrı qanunlar qəbul eləsin, ancaq mənə elə gəlir ki, öncə təhsil haqqında ana qanuna yenidən baxılmalıdır. Onu da deyim ki, təkcə qanunvericiliklə iş düzəlmir.

- Bu yaxınlarda bəlli olub ki, orta məktəblərdə şagirdlər nə muzeylərin, nə də teatrların yolunu tanıyırlar. Hətta onlar tərcümeyi-hallarını belə yaza bilməyiblər...

- Təhsilin məzmunu əzbərçiliyə xidmət edir, əlavə biliklər verilmir. Siz teatrı, muzeyi misal gətirirsiniz, ancaq mən deyərdim ki, ən böyük bəla kitab oxumamaqdır. Bədii ədəbiyyat qədər şəxsiyyəti formalaşdıran ikinci bir vasitə yoxdur. Bunların hamısının günahkarı televiziyadır. Burada təhsil sistemi acizdir. Yəni məktəb neyləsin ki, ondan daha güclü bir vasitə peyda olub? Bu vasitə televiziya və internetdir. Kim nə istəsə, efirə verə bilər, kim nə istəsə, yaza bilər. Biz bunun ziyanlarını çəkirik. Burada bizneslə məşğul olan, televiziyada çalışan adamların mənəvi, ümumi intellektual səviyyəsi rol oynayır. Bunlar hamısı sonunda bizim təhsil sisteminə bağlanır. Çünki bu adamlar bizim təhsilin yetirmələridir. Biz əgər onları kifayət qədər mükəmməl insan kimi yetişdirə bilsək, dünyagörüşləri geniş olsa... Ancaq biz yetişdirə bilmirik. Fəlsəfəni kifayət qədər mənimsədə bilmirik. Fəlsəfə proqramlardan çıxarılıb, ancaq ixtisas bilikləri öyrədilir. İxtisas bilikləri insanı mütəxəssis kimi yetişdirməyə gətirib çıxara bilər. Bəs insanı insan kimi yetişdirmək nəyin sayəsində mümkün olsun? Məktəblərdə fəlsəfə, etika, estetika keçilmir. Bəs zövq, əxlaq necə inkişaf eləsin?

 

 

TƏRANƏ  

 

Ayna.- 2012.- 12 may.- S.16.