Amaliya Pənahova: "Özünü sənət fədaisi etmək istəyən gənclər sonda tükənirlər"

 

"Başa düşürlər ki, hər şeyi pul həll edir"

 

Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova çıxışlarında teatrın durumundan yorulmadan danışır. Aktrisa söhbətində teatrın dirçəlməyə doğru getdiyini bildirsə də, müəyyən problemlərin mövcudluğunu da inkar eləmədi:

"Teatrda heç vaxt yüksək qazanc olmayıb. Qazandığımız yalnız mənəviyyat olub. Bəzən aktyorluq peşəsini çoxlu pul qazanmaq məqsədi ilə də seçənlər olub. Hətta məndən sonra özəl teatr açmaq istəyənlərin sayı artdı. Amma görəndə ki, işlədə bilmirlər, bu niyyətdən vaz keçdilər. Mənə elə gəlir ki, işə birinci qazanc niyyəti ilə yanaşmaq düzgün seçim deyil. İnsan öncə mənəvi varlığı düşünməlidir. Eyni zamanda teatra dövlət yardımı vacibdir. Hərdən bəzi adamlar deyir ki, teatr özü-özünü dolandıra bilər. Bu mümkün deyil. Bizdə bilet satışı ilə böyük bir sənət ocağını yaşatmaq reallıqdan uzaqdır. Rusiya, Türkiyə, Amerikaya və yaxud da başqa ölkələrə nəzər salın. Orada dövlət tərəfindən dəstəklənən teatrlar yüksək səviyyədə inkişaf edir və millətin mədəniyyətini, tarixini yaşatmağa qadir olur. Proses bu gün artıq Azərbaycanda da gedir. Teatrlarda əsaslı təmir işləri aparılır. Onların təhcizatı, avadanlıqları yenilənir.

Gənclərin teatra axınından danışan Amaliya xanım qeyd etdi ki, bu, ildən-ilə artsa da, sonda ümidlər boşa çıxır: "Çünki qalıblar iki yol ayrıcında - pul qazansınlar, yoxsa teatra xidmət etsinlər. Bir az əvvəl söylədiyim kimi, teatrlarda qazanc azdır. Özünü sənət fədaisi etmək istəyən gənclər sonda tükənirlər. Başa düşürlər ki, bu gün çox şeyi pul həll edir. Onlar da dostları kimi qazanmaq, ailə-uşaq sahibi olmaq istəyirlər. Lakin aktyor maaşı buna imkan vermir. Bu sənətə gəldiyi üçün peşman olan aktyorlar var. Lakin onların kütlə şəklində olduğunu deyə bilmərəm. Şou məkanlar, toylar onlara qazanc üçün imkan yaradıb. Aktyor bu gün səhnədə hansısa bir faciənin qəhrəmanını oynayır, səhəri gün isə şadlıq evlərində insanları əyləndirirlər. Aktyorluq bacarığı onlara bu imkanı verib".

Aktrisanı narahat edən səbəblərdən biri teatr üçün yazılan ssenarilərdir. O deyir ki, bu gün teatrın repertuarında maraqlı tamaşalar var. Lakin gün gələcək yenilik axtaran tamaşaçıya yeni və tutumlu əsər göstərmək müşkülə çevriləcək. Bu gün möhtəşəm sənət nümunəsinin axtarışında olduğunu diqqətə çatdıran Amaliya xanım bunun bir nəticə verəcəyinə inanır:

"Ümid olmasa, insan yaşaya bilməz. Mən də ümid edirəm. Mətbuatı, televiziyanı izləyirəm və istedadlı gənc nəslin yetişdiyinin şahidi oluram. Lakin teatr əksəriyyətinin diqqətini hələ də özünə cəlb edə bilməyib. Mən onlardan sanballı əsərlər gözləyirəm".

Sonda başqa bir məsələyə də toxunan həmsöhbətim məktəblərdə teatr fənninin tədris olunması təklifi ilə çıxış etdi. Bildirdi ki, uşaqların kiçik yaşlardan teatr estetikası ilə böyüməsi, onun fikrincə, vacibdir. Aktrisanın fikrincə, bu, əksər ölkələrdə çoxdan tətbiq edilir.

 

 

Şəms

 

Ayna.- 2012.- 12 may.- S.20.