Bizim xalçalar haralara gedib çıxmayıb...
Onlara Rusiya muzeyləri
də dəyər verir
Ötən çağların əsrarəngiz
xalça örnəklərimizin
xeyli hissəsi ölkəmizdən kənarda,
bir çox dünya muzeylərində,
özəl kolleksiyalarda,
qalereya və şəxsi toplularda saxlanılmaqdadır. Öz
zərif və keyfiyyətli toxunuşuna,
yüksək zövqlü
tərtibatına görə
geniş şöhrət
qazanmış Azərbaycan
xalçaları çox
önəmli və gəlirli ixracat məhsulu olub.
Orta yüzillərdən
bəri xalçaçılıq
örnəklərimiz dünyanın
bir çox ölkələrinə aparılaraq,
sarayların və malikanələrin ən önəmli bəzək elementinə çevrilib. Elə bu səbəbdən
də hazırda dünyanın bir çox ölkəsində
Azərbaycan xalça
sənətinə dair
irihəcmli və tutarlı toplular mövcuddur. Belə ölkələrdən biri
də qonşu Rusiyadır.
Rusiya muzeylərində
Azərbaycan xalçalarının
bir çox orijinal örnəkləri
saxlanılır. Bunların
ən böyük hissəsi Moskva və Sankt-Peterburq muzeylərində toplanıb.
Moskvada bizim xalçalar əsasən Dövlət Şərq Xalqları Sənəti Muzeyində, Dövlət Tarix Muzeyi və
Elmi-Tədqiqat Bədii
Sənaye İnstitutunun
Muzeyindədir.
Bu barədə mərhum akademik Rasim Əfəndinin çoxillik araşdırmaları
əsasında hazırlanan
"Azərbaycan xalçaları
dünya kolleksiyalarında"
adlı kitabda da qeyd olunub.
Qeyd edək
ki, Dövlət Tarix Muzeyində yeganə bir xalçamız saxlanılır.
1801-ci ildə Abşeronun
keçmişdə Xilə,
indi isə Əmircan adlanan kəndində toxunan bu xalı "Xilə-Buta" adı ilə bütün dünyada məşhur olub. Say etibarı ilə ən çox xalçalarımızın
saxlanıldığı muzey
isə Dövlət Şərq Xalqları Sənəti Muzeyidir. Burada Bakı, Quba, Qarabağ və Qazaxda müxtəlif vaxtlarda toxunmuş xalçalarımızın
bütün növləri
saxlanılır.
Moskva Elmi-Tədqiqat
Bədii Sənaye İnstitutunun Muzeyində də incəsənət tariximiz üçün çox qiymətli olan bir xalçamız
saxlanılır. Əbülqasım
Firdovsinin minillik yubileyinə həsr edilmiş bu xalça 1934-cü ildə
Azərbaycanın görkəmli
xalı sənətkarı
Lətif Kərimov tərəfindən yaradılıb.
Ölçülərinə görə çox da iri olmayan
(130x120) həmin xalça
Azərbaycan xalçaçılıq
sənətinin Təbriz
məktəbi ənənələri
əsasında işlənib.
Portretin aşağı hissəsində
Firdovsinin məşhur
"Şahnamə"sindən fars dilində sətirlər toxunub. Şairin portreti ön kətəbə ilə haşiyələnmişdir
ki, orada da dahi şairlərdən
Nizami, Xaqani, Ənvəri tərəfindən
yazılmış şeirlər
yerləşdirilib. Bu xalça
çox maraqlı və orijinal sənət əsəri kimi 1937-ci ildə Parisdə ümumdünya sərgisində nümayiş
etdirilib.
Sankt-Peterburq muzeyləri içərisində
isə ən böyük və ən nəfis xalça kolleksiyası Ermitaj və Rusiya Etnoqrafiya Muzeylərinə məxsusdur.
Ermitajda saxlanılan toxuculuq sənəti örnəklərimizin əksəriyyətini
Quba, Bakı, Şirvan, Qazax, Təbriz, Şuşa məktəbinə aid müxtəlif
xalçalar, namazlıqlar
təşkil edir.
Yaranma tarixi baxımından
Sankt-Peterburqun ilk muzeylərindən
sayılan və Azərbaycan xalçalarının
və xalça məmulatlarının ən
böyük kolleksiyasının
toplandığı digər
mərkəz Rusiya Etnoqrafiya Muzeyidir. 1902-ci
ildə İmperator III Aleksandrın şərəfinə
tikilmiş Rusiya Muzeyi, daha sonralar Rusiya Etnoqrafiya Muzeyi adlanan bu
qurumun etnoqrafiya şöbəsində 1904-cü ildə
Qafqazın xalça və xalça məmulatları toplanıb.
Xalça olaraq ilk toplanan sənət
nümunələri Quba, Şamaxı, Qazax, Qarabağ məktəbinə
aid olub. Ən unikal, bəlkə də dünyanın ən
nadir xalça nümunəsi sayılan Qubanın
"Ugah" xalçası da bu muzeydə saxlanılır.
Bu xalça rənglər, naxışlar, toxunuş texnologiyası,
bədii tərtibat baxımından çox peşəkar tərzdə
hazırlanıb.
Sonda qeyd edək ki, bu, ölkəmizdən
kənarda saxlanılan Azərbaycan xalçalarının bir
hissəsidir. Adını çəkdiyimiz "Azərbaycan
xalçaları dünya kolleksiyalarında" kitabında isə
yalnız 7 ölkədə (ABŞ, İngiltərə,
Almaniya, İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə
və İran) saxlanılan xalçalarımızın bir
qismi haqqında bəhs olunur. Şübhəsiz ki,
araşdırmalar zaman keçdikcə daha da dərinləşdiriləcək,
bura yeni-yeni çeşidlər, örnək və əsərlər
əlavə olunacaq, təqdim olunan ölkələrin və
kolleksiyaların sayı da genişlənəcəkdir.
Zəminə
Ayna.-
2012.- 3 noyabr.- S.20.