Xumar Qədimova özəlliyindən danışdı

 

O, özünü fərqli görür

 

Xumar Qədimova uzun fasilədən sonra yenidən gündəmdədir. Qəzetimizdə olan bilgiyə görə, mahnı ifaçısı bu dəfə "Şükür ki, ölməmişəm" adlı kompozisiyasını təqdim edib. Yeni mahnısı haqqında açıqlama verərkən bildirib ki, sözügedən mahnıya tezliklə klip də çəkdirəcək.

Qeyd edək ki, sözügedən mahnının sözləri Sona Vəliyeva, musiqisi Xumar Qədimova, aranjimanı Yaşar Baxış və Mahir İbrahimova aiddir. Xumar xanım yeniliklərinin yenə davam edəcəyini bildirdi. Repertuarını təzələməkdə davam edən sənətçi tezliklə albom çıxaracığını sözünə əlavə edib.

Biz Xumar Qədimovanı şou-biznesdə poeziya vurğunu kimi tanıyırıq. Sənətçi xaraktercə də fərqlidir. Hamı ilə dostluq etmir. Hamının bəyəndiyi, qəbul etdiyini yaxına buraxmır. Sənətçinin dünyasını anlamaq üçün onunla söhbət etdik.

- Xumar xanım necə ifaçıdır?

- Mən fərqli sənətçiyəm, özünəməxsus, yenilikçi.

- Sizi sevənlər saysız-hesabsızdır, bu sevginin sirri nədir?

- Elə qeyd etdiyim kimi, məni tamaşaçılara sevdirən fərqliliyimdir. Hamı kimi olmamağım üçün sevilirəm, hamı kimi olmayanda insan çox sevilir, maraqlı olur. Bununla yanaşı, həm də qıcıqlandırıcı olursan, o qıcıqlananlar da səni sevir, amma özlərini sevmirlərmiş kimi qələmə verirlər.

- Xumar Qədimova sayaq olmaq üçün üç əsas nə olmalıdır?

- Mən bir tamaşaçı kimi yenilikçini sevirəm, insan xarakterli olmalıdır, obrazlı və səmimi olmalıdır. Bir şeyiqeyd edim: elə bir şey var ki, insanda - kişidə də olur, qadında da. Bilmirsən nədir, amma deyirsən ki, nəsə var bu insanda, xarizmamı deyim, bilmirəm, bax bu da önəmlidir.

- Şou-biznesdə ruhunuza yaxın kimlər var?

- (Gülür) Heç onu yoxlamamışam, fikir verməmişəm. O qədər özümə qapalıyam ki, onu deyə bilməyəcəm. Özümə yaxın ancaq özüməm.

- Yaxşı bəstəkarsınız, yoxsa yaxşı ifaçı?

- Mən nəğmələrimə minnətdaram.

Mən nəğmələrimin sayəsində müğənni oldum. Bəlkə də, mənim gözəl şeirləri nəğməyə çevirmə qabiliyyətim olmasaydı, mən indi müğənni olmazdım. Mənim müğənni olmağımın səbəbi özümün nəğmələrimdir.

- Özünüzü şou-biznesdən sayırsınız?

- Mən özümü kənarda görürəm, hər barədə.

- Sizi nə küsdürə bilər?

- Məni ancaq çox sevdiyim insanlar küsdürə bilər, mənim laqeyd olduğum insan məni küsdürə bilməz. Hətta nə etməyindən asılı olmayaraq, mən o insanı görmürəm.

- Həmkarlarınızdan küsülü olduğunuz kimsə var?

- Heç kimlə küsülü deyiləm.

- Xumar Qədimovanın mahnılarını ancaq Xumar xanım oxuya bilər?

- Yox, oxuya bilərlər, amma mən oxuyanda başqa cürdür. Mən öz bəstələrimə özümü qoyuram.

- Bəstəkar kimi sizə müraciət edən olub?

- Həddindən artıq çox müraciətlər olur. Müğənnilər arasında inciyən də, küsən də olub. Sadəcə, mən bir az öz bəstələrimə qarşı qısqancam. Tutaq ki, demişəm ki, bu nəğməni filan müğənniyə verəcəm, sonra fikrimi dəyişib demişəm ki, yox e, özüm oxuyacam. Bax bunu etiraf etdim, belə bir şey olub.

- Sevirsiz, yoxsa sevilirsiniz?

- Daha çox sevilirəm. Maşallah, çox sevilirəm.

- Oğlunuzun müğənni olmasını istəyirsiniz?

- Yox, Allah eləməsin. Uğur çox istedadlıdır, hərdən zümzümə edir, xəbəri olmadan onu dinləyirəm. O oxusaydı, anası kimi yenilikçi olardı. Gözəl musiqiçi ola bilərdi, amma mən qəbul etməzdim heç zaman.

- Xumar xanım, demisiniz ki, bir balaca Xumarın olmasını istəyirəm, nə vaxt biz sizdən bu şad xəbəri eşidəcəyik?

- Mən demişəm ki, istəyərdim. Amma, bu o demək deyil ki, olacaq. Bu ola da bilər, olmaya da bilər. Bilmək olmaz, həyat davam edir, ola bilər ki, balaca Xumar olsun. Allah mənim Uğurumu saxlasın!

 

 

Xatun

 

Ayna.- 2012.- 3 noyabr.- S.21.