Görüşdük
nə çətin, ayrıldıq nə asan...
Emin
Sabitoğlunun xatirəsinə
Elə bəstəkarlar var ki, iri həcmli
janrlara yer ayırsalar da, mahnı janrına daha çox diqqət
yetirir və bu janr onların az qala bütün
yaradıcılığını əhatə edir. Belə bəstəkarlardan
biri də Emin Sabitoğlu idi.
O, simfoniya, simfonik poema, "On min dollarlıq kef",
"Bankir adaxlı" kimi
musiqili komediyalar,
30-dan çox tamaşaya
musiqi ("Unuda bilmirəm",
"Məhv olmuş gündəliklər"
və s.), "Bizim Cəbiş
müəllim", "Gün keçdi", "Dədə Qorqud", "İstintaq",
"Bəyin oğurlanması", "Təhminə və Zaur", "Həm ziyarət, həm ticarət"
və s. kinofilmlərə musiqi
bəstələmişdir. Eləcə də "Bakı,
sabahın xeyir", "Uzaq
yaşıl ada", "Bu
gecə", "Şükriyyə", "Bəlkə",
"Çay", "Ağ
çiçəyim", "Dərələr", "Kəpənək",
"Neyləyim" və s.
mahnıların müəllifidir. Emin Sabitoğlunun
dəfələrlə dinləməkdən
yorulmadığımız bu və digər
mahnıları Ş.Ələkbərova, Z.Xanlarova,
M.Babayev, X.Abbasova, F.Kərimova,
A.İslamzadə, Y.Rzazadə və digər böyük
ifaçılar tərəfindən ifa olunmuşdur.
Onun hətta tamaşalara
yazdığı mahnıları da sonralar, sanki tamaşalardan ayrılıb müstəqil
mahnı həyatına qədəm qoyaraq
dillər əzbərinə çevrilirdi.
Emin Sabitoğlunun 75 illik yubileyinə həsr olunmuş
xatirə gecəsində bunlar yada düşürdü.
O
gecə görkəmli ziyalılarımız - Bəstəkarlar
İttifaqının sədri, professor F.Əlizadə,
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar,
xalq artisti, bəstəkar
S.İbrahimova, Əməkdar incəsənət
xadimi, musiqişünas
Z.Qafarova Emin Sabitoğlunun ömür yolu ilə bağlı bir
sıra məqamlara
toxundular, eyni zamanda bəstəkarla bağlı səmimi
xatirələrini bölüşdülər.
Bəstəkar
haqqında çəkilmiş yeni sənədli
filmin nümayişi də
maraqla izlənildi. Azərbaycan
Televiziyası tərəfindən lentə alınan bu filmdə bəstəkarın
mahnılarının səslənməsi, özünün
görüntüsü və öz səsi ilə mahnılarının
ifasının göstərilməsi salona
toplaşanları sanki keçmiş
illərə qaytardı.
Diqqəti
cəlb edən məqamlardan biri də bəstəkarın
romanslarının səslənməsi oldu.
"Dəniz deyir", "Çox yorğunam, kapitan", "Dəniz" romansları Anar Şuşalı və Beyəlxalq
müsabiqə laureatı Fərid Əliyev tərəfindən
ifa olundu. Xatırladaq
ki, ilk dəfə ifa olunan bu
romanslarda bəstəkarın yeni üslub cəhətləri
özünü hiss etdirirdi.
Bədii
dəyəri olduqca böyük
olan, zəngin melodik və
harmonik dili ilə zirvədə
duran Eminin musiqisi, mahnıları bu günün musiqiçiləri üçün klassik
örnəklərdir. Sevə-sevə dinlədiyimiz və bu gün də
ifaçıların repertuarında yer tutan mahnıları dəyərini anlaya bilənlərə hər zaman böyük zövq bəxş edib. Onlar yaddaşlarda dərin
iz buraxaraq daima yaşayacaq.
Fərdin MƏMMƏDLİ,
BMA,
musiqişünas
Ayna.-
2012.- 9 noyabr.- S.20.