Üçrəngli bayrağımızın mənası

 

Bunu hər kəs bilirmi?

 

Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilmiş, əzizlənmiş, adına və hüsnünə şeirlər yazılmış, mahnılar bəstələnmişdir. Sovetlər Birliyi rejimi Üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan insanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdılar:

 

Çoxdandır ayrı düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum,

Bu gizli ağlamaqdan.

 

Bəs xalqımızın başı üzərində 94 il əvvəl dalğalanmış və bu gün də mövcud olan Üçrəngli bayrağımızın yaranma tarixini, onun mənasını, ağ ayparanın və səkkiz guşənin nə olduğunu, hansı ideyalardan qaynaqlandığını düzgün bilirikmi? Aparılan sorğular, ortaya çıxan həqiqətlər sübut edir ki, bu sahədə hələ də məlumatsızlıq və tarixi bilgisizlik ucbatından yanlış təsəvvür və fikirlər mövcuddur. Məhz bu yazıda həmin o sualları cavablandırmağa çalışacağam.

1918-ci ilin Mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemli bir dövlət qurulurdu. Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə "Milli Azərbaycan Hərəkatının xarakteri" adlı məqaləsində yazırdı: "Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır".

Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz "Cümhuriyyət" olacağını hələ 1917-ci ildə "Açıq Söz" qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyniadlı məqalədə "Cümhuriyyətdən-Cümhuriyyətə fərq var" deyərək yazırdı.

Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə Mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: "Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin".

Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

İlk bayrağımız haqqında verilən qərar da (yəni, eynən Osmanlıda olduğu kimi) bir çox səbəblərlə izah edilir. Yəni, əsas o idi ki, biz türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Və Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsadüfi deyildi ki, 1918-ci il iyunun 4-də ilk siyasi, diplomatik və hərbi müqaviləni də biz məhz Osmanlı ilə bağlamışdıq. Bundan əvvəl mövcud olan Zaqafqaziya Seymində bu Seymdə fəaliyyətdə də Azərbaycan nümayəndələri (say 40-dan çox idi) siyasi istiqamətin gürcü və ermənilərdən fərqli olaraq Osmanlı ilə olacağını müəyyənləşdirmişdilər.

Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın ətrafındakı "ilhaqçı"lar qrupu da "biz müstəqil dövlət yox, məhz, Türkiyəyə birləşmək istəyirik" - deyərək, ciddi təbliğat aparırdılar.

Hətta o zaman Nuri Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuri Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız da məhz həmin gərgin məqamlarda - ikinci hökumət kabinəsi formalaşandan sonra dörd gün sonra verilmişdi.

1918-ci ilin noyabrın 9-da isə Üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsi".

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı - müasirliyi, yaşıl - islam ideologiyasını ifadə edir.

Bəs bu dəyərləri özündə birləşdirən "türkləşmək, islamlaşmaq, avropalaşmaq, (firəngləşmək)" üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub?

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri, Azərbaycanda doğulub Rusiya və Türkiyə universitetlərində təhsil almış Əli bəy Hüseynzadə olub. 1907-ci ildə iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli".

Bəs Ə.Hüseynzadə tərəfindən əsası qoyulan, Z.Göyalp tərəfindən inkişaf etdirilən "türkləşmək, islamlaşmaq, avropalaşmaq" şüarı Azərbaycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni, dövlət bayrağımızda rənglər belə verilib: "göy rəng - türkləşmək, qırmızı - müasirləşmək, yaşıl - islamlaşmaq". Göründüyü kimi, klassik şüardan fərqli olaraq islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?

1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan "Açıq Söz" qəzetinin ilk sayında Baş redaktor M.Ə.Rəsulzadənin "Tutacağımız yol" adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə Rəsulzadə vaxtilə Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturunu belə təqdim edirdi:

"Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor - mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq" ("Açıq Söz", N 1, 2 oktyabr 1915-ci il).

Qeyd edildiyi kimi, Rəsulzadə hələ 1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraq, müasirliyi önə çəkmişdi.

Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da öz təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən "Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram" deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamğa artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə Üçrəngli bayrağın yaradılması haqqında Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə Rəsulzadənin "Açıq Söz" qəzetindəki məqaləsindən götürüldü. Yəni, göy - türkləşmək, qırmızı - müasirləşmək, yaşıl - islamlaşmaq.

Həmin Üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı.

Bakıya gələn ingilislər Üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər də razı deyildilər. Onlarda bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idilər. Müsavat partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri - yəni, iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər.

1918-ci ilin 7 dekabrında Parlamentin açılışı mərasimində M. Ə. Rəsulzadə bu sözləri söylədi: "Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o Üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu Üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir dəfə qaldırılmış bayraq, bir daha enməyəcəkdir!"

Böyük mütəfəkkir Ü.Hacıbəyli "Azərbaycan" qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: "Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu".

Qeyd edim ki, dövlət bayrağımızdakı səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. "Təqvimlər keçmişdə və bu gün". "Elm", 1998, N 1). Bəzi izahlarda isə səkkiz guşəli ulduz "Od Yurdu"nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: "Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu".

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqlarda göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini əks etdirir.

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını vermişdir.

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyiş baş verdi. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi.

Milli bayrağımızda qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdur. Türklər 1453-cü ildə şəhəri aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. "Qobustan"jurnalı, 1989, N 3).

Böyük yazıçı C. Cabbarlı şeirlərinin birində deyirdi:

 

Bu ay, ulduz boyaların qurultayı nə demək,

Bizcə belə söyləmək.

Bu göy boya, göy moğoldan qalma

Bir türk nişanı

Bir türk oğlu olmalı.

Yaşıl boya islamlığın sarsılmayan

İnamını ürəklərə dolmalı

Şu al boya azadlığın təcəddüdür, fərmanı,

Mədəniyyət bulmalı.

 

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra, başda Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyədə və Avropa ölkələrində mühacirət həyatlarında qorudular, yaşatdılar.

Qeyd edim ki, Sovetlər Birliyi dövründə Üçrəngli dövlət bayrağımız 1956-cı ildə XX qurultayda "şəxsiyyətə pərəstiş" məsələsi qoyulduqdan sonra Qız qalası üzərində üç azərbaycanlı vətəndaşımız (birinin adı Cahid, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox dalğalandırılıb. Həmin şəxsləri (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan oğurluq adı ilə 12-13 ilə qədər həbsə məhkum ediblər. 1988-ci ildən isə başlanan Azərbaycan Xalq Hərəkatı yenidən Üçrəngli bayrağımızı meydanlarda dalğalandırdı.

 

 

Nəsiman YAQUBLU 

 

Ayna.- 2012.- 9 noyabr.- S.19.