"Rusiya istəməyənə
qədər Azərbaycanın NATO yolunu tutması mümkün deyil"
Elxan
Mehdiyev: "Ciddi araşdırılsa, güc strukturlarında
korrupsiyanın dərin izlərinin olduğu üzə
çıxar"
"Ordunun Aynası"nın növbəti
müsahibi regionda tanınmış siyasi ekspert Elxan
Mehdiyevdir. Onunla söhbətimizdə Gürcüstanda
hökumət dəyişikliyinin regionun hərbi-siyasi-təhlükəsizlik
durumuna təsiri, Azərbaycanın xarici siyasətində
müşahidə olunan ziddiyyətlər, dondurulmuş
münaqişələrin nizamlanma perspektivləri, Azərbaycan
Silahlı Qüvvələrində islahatların vəziyyəti
və s. mövzularda danışdıq.
-
Gürcüstanda hökumət dəyişikliyindən sonra,
Bidzina İvanişvili komandasının parlamentdə
üstünlük əldə etməsindən sonra, regionda təhlükəsizlik
baxımından bir sıra dəyişikliklər
olacağına işarə var. Gürcüstanın yeni
hökumətinin Rusiya ilə əlaqələri
yaxşılaşdırmaq cəhdləri, Rusiyadan Ermənistana
daşımaların məhdudlaşdırılmasının
aradan qaldırılmasına dair bəyanatlar ortadadır,
Gürcüstan - Azərbaycan arasında münasibətlərdə
ziddiyyətlərin olduğuna dair məlumatlar var. Vəziyyəti
necə qiymətləndirirsiniz? Gürcüstanda hökumət
dəyişikliyi regionun hərbi-siyasi təhlükəsizliyinə
nə dərəcədə təsir göstərir?
- Mən
bunu bizim Azərbaycanda yazılan kimi qiymətləndirmək
istəməzdim. Gürcüstanın yeni
seçilmiş hökuməti hakimiyyətə gəlib və
onlar əvvəlki hökumətin korrupasiya hərəkətləri
haqqında daha çox danışırlar. İndi Azərbaycanda
hər kəs, istər hakimiyyət adamı, müxalifət,
adi adam olsun, hamı artıq Gürcüstanın necə dəyişilməsindən,
korrupsiyanın kökünün kəsilməsindən
danışır.
Amma
Gürcüstanın daxilində hələ bu səviyyə
ilə də razı deyillər, onlar yaşadıqları yerlərdə
korrupsiya və yeyinti məsələlərini daha aydın
görürlər. Gürcüstanın yeni hökuməti də
daha çox əvvəlki hakimiyyəti korrupsiyada ittiham edərək,
enerji, nəqliyyat sahəsində imzalanmış nəhəng
müqavilələrdə yeyinti şübhələrini
ortaya qoyaraq hakimiyyətə gəlib. Azərbaycan şirkətləri
ilə olan məsələlərdə yaranmış suallar
da elə oradan doğur.
Bu
gün Gürcüstanda yeni seçilmiş hökumətinə
parlamentdə Saakaşvilinin timsalında çox ciddi
müxalifət var. Gürcüstanın həm hökuməti,
həm parlamenti, həm də cəmiyyəti birmənalı
olaraq ölkənin NATO üzvlüyünün, Avroatlantik
strukturlara inteqrasiyanın lehinə səs verib. Sorğularda da
75-90 faiz bu xətt dəstəklənib. O səbəbdən
düşünürəm ki, yeni hökumət bunu daha əzmlə
davam etdirəcək. Çünki, yeni hökumətin
heç də hədəfi həmin NATO-dan, Avropa
institutlarından geri çəkilmək yox, daha dərin
inteqrasiyadan ibarətdir.
Rusiyaya
gəldikdə isə, çoxları belə hesab edir ki,
Rusiya ilə Gürcüstan arasındakı münasibətlər
Saakaşvili Putin arasındakı şəxsi münasibətlərdən
doğub. Yeni gürcü hökuməti hesab edir ki,
Saakaşvili Rusiya ilə düzgün siyasət qurmayıb. Bu məsələ təkcə Cənubi Osetiya və
Abxaziya ilə bağlı deyil, ondan əvvəlki münasibətlərə
də aiddir. İstənilən halda yeni hökumətin Rusiya
ilə normal münasibətlər qurulmasının zəruriliyinə
dair bəyanatları çox normal yanaşmadır və
heç də Gürcüstanın Rusiyanın qanadı
altına keçmək kimi qiymətləndirilməməlidir.
Çünki, iki ölkə arasında düşmən
münasibət yaranıb və hakimiyyətə gəlmiş
yeni qüvvələr bunu normallaşdırmağa
çalışmaq istəyir. Amma bu nə dərəcədə
alınacaq? İndi bilinmir, çünki, indi seçki
kampaniyasından təzəcə çıxmış bir
hökumətdir və onlar sükanın arasına keçib reallıqla
üzləşəndə yəqin ki, yeni suallar ortaya
çıxacaq.
- Ümumiyyətlə,
sizin fikrinizcə, Ermənistana Rusiyadan Gürcüstan üzərindən
daşımalara icazə verilməsi perspektivi Azərbaycanın
milli maraqlarına toxunurmu?
- Onsuz
da, Ermənistana Rusiyadan Poti və Batumi limanları vasitəsilə
daşımalar davam edir. Amma Gürcüstan hökumətinin
də qərarı var ki, Gürcüstan ərazisindən Ermənistana
silah daşınmasına izn verilməyəcək və mən
düşünmürəm ki, bu hökumət də ona izn
versin. Son günlər səslənən bu məlumatlar, sadəcə,
bir ideyadır. Abxaziya tərəfi onu heç də müsbət
qarşılamır və dəmiryolunun
açılmasını istəmir. O biri tərəfdən də
bu, Gürcüstanın yeni hökumətinin
yanaşmalarıdır, amma həqiqətdə bu necə
olacaq, bu sual altındadır.
- Son vaxtlar, sentyabr-oktyabr
aylarında Rusiyanın Şimali Qafqazda və eyni zamanda, Ermənistanda
keçirdiyi hərbi təlimlərin bir mesajı da regiona təsir
və təhdid göstərmək olub. Necə
düşünürsünüz, şimal qonşumuzun bu
gün Cənubi Qafqaz regionuna təsir və təhdidləri nə
dərəcədə yüksəkdir?
-
Düşünmürəm ki, əvvəlki dönəmdən
fərqlidir. Rusiya 200 ildir burdadır və hələ də
bölgədən getməyib və o yeni qüvvə deyil ki,
biz onu təhdid kimi qəbul edək. Rusiyanın Ermənistanda
hərbi bazası mövcuddur və indiki dönəmdə bu
bazanın əhəmiyyəti daha da artıb. Bu təkcə
Qafqazla bağlı deyil, eyni zamanda, Yaxın Şərqdə
cərəyan edən proseslərlə əlaqədardır.
Bu baxımdan Gürcüstan Rusiya ilə hərbi-siyasi
münasibətləri kəsib, amma Azərbaycanda bu qalır.
Eyni zamanda, Rusiyanın Şimali Qafqazda və Xəzər
hövzəsində çox böyük qüvvəsi
qalır. Rusiyanın Şimali Qafqaz hərbi dairəsində
bütün digər hərbi dairələrindən artıq
silah və əsgəri qüvvə yerləşir. Bu
baxımdan Rusiya buradan heç zaman getməyib ki, biz də deyək:
yenidən gəlir və bizi təhdid edir. O baxımdan
düşünürəm ki, burda Rusiya tərəfindən
böyük bir radikal dəyişiklik yoxdur.
- Sizə elə gəlmir
ki, Rusiyanın təsirləri azalsa, sıfır dərəcəsəinə
ensə Azərbaycanın NATO ilə əlaqələri daha da
güclənə bilər. Çünkü, biz
görürük ki, Azərbaycanın NATO ilə əlaqələrində
ciddi geriləmələr, dayanmalar olub.
Xüsusilə də Azərbaycanla NATO arasında təhlükəsizlik
və müdafiə sahəsində imzalanmış bir
çox sənədlərin yerinə yetirilməsində əngəllər
və problemlər var. Sizcə bu problemlərin kökündə
nə dayanır? Siyasi hakimiyyətin qərarsızlığı,
balanslı siyasətin fəsadları, yoxsa daxili problemlər?
- Bu işin başında hakim komanda
dayanır. Çünki, tarixə nəzər
salsaq, əvvəlki prezident - mərhum Heydər Əliyev Azərbaycanla
NATO arasında əməkdaşlığı dərinləşdirmək
məqsədilə xüsusi dövlət komissiyası yaratmışdı
və baş nazirin müavini də həmin komissiyanın sədri
təyin olunmuşdu. 2003-cü ilin aprelində
Heydər Əliyev bəyan etmişdi ki, biz NATO-ya daxil
olmağa çalışırıq, amma başqaları kimi
bunu hay-küylə etmirik.
Amma İlham Əliyev hakimiyyətə gələndən
sonra o, Azərbaycanın gündəmində bu məsələnin
olmadığını, ölkənin NATO-ya girmək fikrinin
olmadığını, alyansla, sadəcə, tərəfdaşlıq
münasibətlərini quracağını bildirdi.
Bu da tamamilə Rusiya faktoru ilə bağlı
idi və Rusiyanın maraqlarına zidd siyasət aparmamaq üçün
bu yol tutuldu. Rusiya istəməyənə
qədər indiki Azərbaycan rejiminin NATO yolunu tutması
mümkün deyil. Əgər Rusiya NATO-ya
girərsə, o zaman Azərbaycan da girər.
- Azərbaycanın
NATO-ya üzv olması vacibdirmi? Bunun ölkədə demokratiyanın
inkişafına, təhlükəsizlik və müdafiə
sektorunun irəliləməsinə nə dərəcədə
təsiri ola bilər?
- Azərbaycanın NATO-ya qəbul
olması indi mümkün deyil. Ona görə ki, bu iqtidarın maraqları ilə
NATO-ya girmək tələbləri üst-üstə
düşmür. Çünki, iqtidar istəyər
ki, hakimiyyəti əlində saxlasın və onu uzun müddətə
yaşatsın. NATO isə tələb edir
ki, ölkədə demokratik islahatlar aparılsın, azad mətbuat,
azad televiziya, azad seçki olsun və hakimiyyət dinc yolla dəyişsin.
Biz bunu Gürcüstanın timsalında açıq-aşkar
görürük. NATO birmənalı olaraq Gürcüstanda
azad parlament və prezident seçkilərin keçirilməsini
və hüquq sisteminin islah edilməsini NATO üzvlüyü
üçün əsas tələb olduğunu
vurğulayır. Son parlament seçkilərinin isə azad
seçkilərin alyansa üzvlük istiqamətində daha
böyük addım olduğu NATO baş katibi tərəfindən
də bəyan edildi. Bu baxımdan Azərbaycanda
Gürcüstanın etdiklərinin heç biri edilməyib və
rəsmi Bakı da bunu etmək istəmir. Azərbaycanda fərqli
olaraq Gürcüstandakı sistem bunun hamısını etməyə
hazırdır və artıq addım-addım edir. Gürcüstan faktik olaraq qoyulan bütün
demokratik tələblərin hamısını yerinə yetirmək
üzrədir. Eyni zamanda, indi hakimiyyət istəsə də,
Azərbaycanın NATO-ya daxil olması mümkün deyil.
Çünki, NATO bizi bu şəkildə qəbul etməz, Ərəb
inqilablarından sonra isə bu iş qeyri-mümkündur.
- Əgər
Azərbaycan NATO-ya üzvlük üçün lazım olan
bütün islahatları həyata keçirməyə
hazır olduğunu bəyan etsə, Rusiya və İrandan ola biləcək təsir və təzyiqlərdən
nə danışmaq olar?
- Bu təsir və təzyiq həmişə
olacaq. Əgər Azərbaycanda demokratik islahat
olarsa, xalqın seçdiyi parlament və hökumət olarsa,
xalqın, parlamentin və hökumətin NATO-ya daxil olmaq fikri
olarsa, NATO da əvəzində Azərbaycana böyük dəstək
verəcək. Düşünmürəm ki, o zaman
Rusiyanın və ya İranın təsir, təzyiqi bir fayda
versin. Əgər Gürcüstan bu işə qoşulursa,
Türkiyə regionda ən böyük NATO ölkəsi olaraq
mövcuddursa, demokratik Azərbaycan da bunu istəyirsə, buna
nə İran, nə də Rusiya təsir edə biləcək,
əksinə regionun 100 illik landşaftı tamamilə dəyişəcək.
- Ümumiyyətlə,
regiondakı münaqişələrin nizamlanma prosesinin Rusiya
və NATO danışıqları kontekstində
götürülməsinin əhəmiyyəti olarmı? Durumu necə qiymətləndirirsiniz və perspektiv nə
vəd edir?
- Bizim arzuladığımız demokratik
seçkilər, islahatlar aparılarsa, o zaman Azərbaycan NATO
ilə bir sırada dayanmış olar, elə o zaman erməni
işğalı məsələsi Rusiya və NATO arasında
danışıqların mövzusuna çevrilə bilər.
Danışıqları həmin müstəviyə
çevirmək olar. Bu baxımdan Fransa və ABŞ da NATO
üzvü olduğundan Azərbaycanın mövqeyi və
arqumenti daha çox dəstək alar.
-
İndiki vəziyyətdə Azərbaycan bu nizamlamanı
Rusiya - NATO müstəvisinə yönəltməlidirmi?
- Xeyr. Necə yönəldə bilər?
Yönəldə bilməz. Çünki, NATO-nun burada görə
biləcəyi bir iş yoxdur. Azərbaycanın NATO ilə
xüsusi bir münasibəti yoxdur, Ermənistanla eyni müstəvidə
hərəkət edir. Bu işlə ATƏT-in Minsk Qrupu məşğuldur
və NATO da öz bəyanatlarında bu qurumun işini dəstəklədiyini
bəyan edir, çünki, orada ABŞ və Fransa var. Azərbaycanın
NATO ilə doğma münasibəti yoxdur ki, alyans bu işə
qoşulsun. Amma Gürcüstan NATO ilə xüsusi münasibətlər
qurduğundan münaqişə zamanı Fransa bu işdə
böyük vasitəçi oldu və ruslarla atəşkəsdən
sonra onların Gürcüstandan çıxması tələbini
NATO da bəyan etdi. İndi də NATO Gürcüstanın
torpaq, ərazi bütövlüyünü, suverenliyini və
Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkib
hissəsi olduğunu dəstəkləyir və Rusiyanın bu
bölgələri özünə anneksiya etməsindən əl
çəkməsini tələb edir. Çikaqo Sammitində
də bu yenidən birmənalı olaraq bəyan edilib. Amma Azərbaycanla
bağlı NATO-nun mövqeyi Gürcüstanla müqayisə
ediləsi deyil.
- Üstündən il
yarım keçdikdən sonra Azərbaycanın
"Qoşulmama Hərəkatı"na
üzvlüyünü necə qiymətləndirirsiniz?
Hansı qazanclar, hansı itkilər oldu?
- Fikrimcə, iqtidar bir tərəfdən
Rusiyaya göstərmək istəyir ki, o NATO-ya daxil olmaq istəmir,
digər tərəfdən də NATO-ya göstərmək istəyir
ki, o neytraldır. Beləliklə, hər iki tərəfdən
özünə məsafə saxlamaq siyasəti ortaya
qoymağa çalışdı. Amma tədricən
bunun bir görüntü olduğu üzə
çıxır. Çünki, NATO ilə
münasibətlər əvvəl olduğu kimi davam edir.
Bəlkə Rusiya ilə münasibətlərdə
yüksək səviyyəli görüşlərin sayı
bir qədər azalıb. Bu
görüşlərin azalmasını mən Rusiyanın erməni
işğalı məsələsində tutduğu mövqe
ilə əlaqələndirirəm. Ruslar əvvəl
Madrid prinsiplərini qəbul etsələr də, sonralar ermənilərin
planını dəstəklədi və Putin gələndən
sonra yüksək səviyyəli görüşlər
baş tutmadı. O baxımdan mən bloklara qoşulmamaq
təşəbbüsünü NATO və Rusiyadan məsafə
saxlayaraq özünü sığortalama siyasəti kimi qiymətləndirirəm.
-
Silahlı Qüvvələrdə islahatlar prosesini necə qiymətləndirirsiniz? NATO ilə əməkdaşlıq
çərçivəsində ciddi dəyişikliklər
oldumu? Hər hansı müşahidəniz
varmı?
- Bildiyiniz kimi, indiyə qədər Fərdi
Tərəfdaşlığa dair Əməliyyat
Planının (İPAP) 3 mərhələsi
razılaşdırılıb. Hamımıza təəccüblüdür
ki, heç bir zaman bu sənəd Azərbaycan ictimaiyyətinə
açıqlanmayıb. Bilmirik ki, o
İPAP-da nə yazılıb? Düşüncələrimiz
budur ki, Azərbaycan hakimiyyəti demokratik islahatlara söz
verib onu yerinə yetirmədiyindən bu sənədi
açıqlamayıb. Bu səbəbdən
biz spesifik olaraq hansı məsələlərin orduda islahata
məruz qalacağını dəqiqliklə öyrənə
bilməmişik. Amma onu bilirik ki, NATO burda daha çox
Daxili Qoşunların və Sərhəd Qoşunları ilə
bağlı məsələlərdə çox aktivdir, onlarla
daha çox iş birliyindədir.
Azərbaycan ordusuna gəldikdə, vəziyyət
fərqlidir. Azərbaycanın müdafiə
naziri bəyan etmişdi ki, əsgərlərin 70 faizi səngərdədir
və bu səbəbdən dərin islahat aparmaq imkanı
yoxdur. Amma orduda təbii ki, müəyyən
islahatlar olub. Amma köklü islahatlardan
söhbət gedə bilməz. Azərbaycanda
daha çox ordunun sayına fikir verir və hesab edirlər ki,
sayın azaldılması ordunun zəifləməsinə gətirib
çıxarar. Amma indiki dünya təcrübəsi
bunun əksini deyir, daha azsaylı, modern, döyüş
qabiliyyəti üstün olan, müasir silahlarla
silahlanmış, islahata uğramış ordu ən
güclü ordudur, nəinki sayı çox, əsgəri təlim
görməyən, şəraiti pis olan, zabitlərin məvacibi,
sosial şəraiti aşağı olan ordu. Bu
baxımdan biz Azərbaycanda NATO standartlarına uyğun ordunu
müşahidə etmirik.
- Azərbaycanın
2013-cü il üçün müdafiə xərclərinin
(hərbi təyinatlı güc strukturlarına ayrılan vəsait)
ümumi həcmi 3,6 milyard dollara qədər
artırıldığı bəyan edilir. Bu xərclərin
artımının əsas hədəfi nədir?
- Azərbaycanda hər gün gözümüzün
qabağında asfalta, körpüyə, tikintiyə
yazılan pullar kimi, orduya, güc strukturlarına yazılan
pulların da bir qismi həmin korrupsiyanın yeminə
çevrilir. Biz bilirik ki, güc
strukturlarında köhnə binaların təmirinə
milyonlarla vəsait ayrılır, hansı ki, həmin vəsaitə
misal üçün, bir binanı təmir etməkdənsə,
2-3 yeni bina tikmək mümkündür. Bütün
ekspertlər bunu deyir. Bu baxımdan bu
pulların çox dəyərli hissəsi ciblərə
axır, əsgərin döyüş qabiliyyətinin
artmasına, sosial şəraitinin yaxşılaşmasına
kömək etmir. Eynilə də silah
alınmasında çoxlu mənimsəmələr var, bunu
inkar etmək sadəlövhlük olardı. Bunu hamı, ölkənin başında duranlar və
güc strukturlarının rəhbərləri yaxşı
bilir.
Mənim üçün maraqlıdır
ki, ermənilər işğal zonalarında təlim
keçdiyi zaman Azərbaycan Müdafiə Nazirliyi bunu
"boş-boş şeylər" adlandırır.
Eyni zamanda, Müdafiə Nazirliyinin
sözçüsü bəyan edir ki, bu cür təlimlər
keçirmək böyük maliyyə tələb edir və
onlarda bu haradandır? Burdan anlayıram ki,
bunu deməklə Azərbaycan Müdafiə Nazirliyi təlimlər
üçün büdcədən daha çox pul əldə
etmək istəyir və təlimlərə daha çox pul
yazdırıb varlanmağa çalışır. Həm də yəqin təlim keçirməmələrini
pulla əlaqələndirir. Sonucda belə
çıxır ki, Azərbaycan ordusunun yenə pulu ermənilərdən
azdır. Ciddi araşdırılsa, güc
strukturlarında korrupsiyanın dərin izlərinin olduğu
üzə çıxar.
- Sonuncu
sual. NATO 2014-cü ilə qədər
qoşunları Əfqanıstandan çıxartmaq niyyətini
bəyan edib. Bir sıra ölkələr, o cümlədən
Azərbaycan bəyan edib ki, 2014-cü ildən sonra da töhfələr
davam edəcək. Ümumiyyətlə, siz bu prosesi necə
qiymətləndirirsiniz və Azərbaycanın real töhfələri
nədən ibarət ola bilər?
- İndi NATO Əfqanıstanda paralel olaraq
Əfqan ordusunun və təhlükəsizlik
strukturlarının qurulması ilə məşğuldur.
Azərbaycan tərəfi də bu istiqamətdə
dəstək verir, xüsusilə də təlimlərin
keçirilməsi üçün vəsait ayırır.
Düşünürəm ki, NATO oradan çıxandan sonra
töhfələr daha çox maliyyə baxımından
olacaq və eyni zamanda, Əfqanıstan zabitlərinin daha
çox Azərbaycanda təhsil alması ilə bağlı
olacaq....
Cəsur
Sümərinli
Ayna.-
2012.- 17 noyabr.- S.9; 15.