Moldovada
Azərbaycan Mədəniyyəti Günləri başa çatdı
Maraqlı
tədbirlər bir-birini əvəz edib
Moldovada Azərbaycan Mədəniyyəti
Günləri başa çatıb. Mədəniyyət və
Turizm Nazirliyindən bildirilir ki, Mədəniyyət Günləri
çərçivəsində bizim Rus Dram Teatrı
"Müsyö Jordan və Dərviş Məstəli
şah" tamaşası ilə Beltsı şəhərinin
teatrsevərləri qarşısında çıxış
ediblər.
Caz konserti
də maraqla qarşılanıb. Tədbirin əvvəlində çıxış
edən Azərbaycan Milli
Konservatoriyasının rektoru, xalq artisti Siyavuş
Kərimi qeyd etmişdir
ki, Azərbaycanda caz musiqisinin tarixi, inkişaf yolları musiqinin
bu növünə marağı daha da artırıb və
bu sahədə istedadlı
ifaçılar nəsli yetişib. 1000 nəfərə
yaxın tamaşaçısı olan
səhnədə sənətçilərimizin əsl peşəkar
ifası tamaşaçıların böyük
marağına, gurultulu alqışlara səbəb
olub.
Müvəffəqiyyətlə
yekunlaşan konsertdə Moldovanın mədəniyyət
naziri Boris Fokşa, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın
Moldova səfiri Namiq Əliyev,
Moldova Azərbaycanlıları Konqresinin Prezidenti Vüqar Novruzov, Türkiyə,
Ukrayna, Belarus və
Yaponiyanın Moldova səfirləri iştirak ediblər.
Moldovaya mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi
ilə 50 nəfərlik heyət yollanmışdı. Heyətə
Milli Konservatoriyanın rektoru,
xalq artisti Siyavuş Kərimi, Teatr
Xadimləri İttifaqının sədri, xalq
artisti Azərpaşa Nemətov, Rəssamlar
İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov,
Dövlət Film Fondunun
direktoru, Əməkdar incəsənət
xadimi Cəmil Quliyev,
Səməd Vurğun adına Azərbaycan
Dövlət Rus Dram
Teatrının kollektivi, Əfqan Rəsulov,
Ruslan Hüseynov və
Elvin Bəşirovdan ibarət caz qrupu daxil
idi.
Mədəniyyət
günləri çərçivəsində paytaxt
Kişinyovun "Odeon"
Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinə start
verilib. İlk gündə
bizim kinematoqrafçıların son illərdə istehsal etdiyi "Çölçü"
bədii filmi maraqla
qarşılanıb. Həmin gün
Çexov adına Moldova
Dövlət Rus Dram
Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin
təntənəli açılış mərasimi
keçiriləndə teatrın foyesində isə "Azərbaycan
ənənələrin və müasirliyin
qovşağında" adlı foto və
turizm sərgisinin təqdimatı olub. "Odeon" Mədəniyyət
Mərkəzində Azərbaycan kinosu
günlərinə "Vəkil hanı?" bədii filminin nümayişi ilə
yekun vurulmuşdur.
Ayna.-
2012.- 17 noyabr.- S.20.