Azərbaycan-NATO əməkdaşlığı: enerji təhlükəsizliyi

 

Alyans ölkəmizin enerji infrastrukturunu qorumağı vəd edir

 

Enerji təhlükəsizliyi məsələləri müasir mərhələdə NATO siyasətinin prioritetinə, Azərbaycan isə bu sahədə Alyansın mühüm tərəfdaşlarından birinə çevrilir. "Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu" mövzusunda beynəlxalq konfransın leytmotivi bu idi ("Turan"). Tədbiri Azərbaycan İqtisadi və Sosial İnkişaf Mərkəzi (SİİM), NATO və Alyansın Azərbaycandakı fəaliyyətini koordinasiya edən Rumıniya səfirliyi təşkil etmişdi.

SİİM rəhbəri Vüqar Bayramov qeyd edir ki, NATO-nun Çikaqo sammitində enerji təhlükəsizliyi məsələləri Alyansın prioritet vəzifələri sırasına daxil edilib. Enerji təhlükəsizliyi yalnız Alyans ölkələrinin enerji tələbatının təminatını deyil, həm də, enerji resurslarının təhlükəsiz çatdırılmasını nəzərdə tutur.

Prezident Administrasiyasının şöbə müdirinin müavini Tahir Süleymanov qeyd edib ki, Azərbaycanda enerji infrastrukturuna müxtəlif tərəflərdən ciddi təhlükələr var. Əsas təhlükə Azərbaycan ərazilərini işğal edən Ermənistandan gəlir. Erməni tərəfi bununla bağlı dəfələrlə hədə-qorxu gəlib, Qərb istiqamətində Azərbaycanın enerji-nəqliyyat infrastrukturuna qarşı təxribatlara cəhd edib. "Odur ki, NATO enerji infrastrukturunun təhlükəsizliyinin təminatında və bu hədələri aradan qaldırmaq üçün Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olmalıdır", - o vurğulayıb.

MM Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov ümidvar olduğunu bildirib ki, NATO Azərbaycanın təhlükəsizliyinin təminatına, əsasən erməni təcavüzünün aradan qaldırılmasına öz töhfəsini verəcək. "NATO təkcə hərbi təşkilat deyil. NATO elə bir təşkilatdır ki, demokratiya, insan haqları, hüququn aliliyi, stabillik və təhlükəsizlik üçün mübarizə aparır... Bəzən görürük ki, digər Avropa təşkilatları təhlükəsizliyin nə olduğunu başa düşmürlər. Təhlükəsizlik olmadan real demokratiya qurmaq qeyri-mümkündür", - deyə o bildirib.

Litva XİN yanında Enerji Siyasəti Mərkəzinin Mərkəzi Arunas Molis bildirib ki, NATO-nun enerji təhlükəsizliyi sahəsində siyasəti üç əsas komponentdən ibarətdir: infrastrukturun qorunması, enerji effektivliyinin artırılması, tərəfdaşlara yardım proqramlarının həyata keçirilməsi.

 

NATO bu aspektdə rolunu hələ müəyyənləşdirməyib

 

NATO-nun Qafqaz üzrə məsul nümayəndəsi Uilyam Lahu deyib ki, Xəzər regionunda infrastrukturun təhlükəsizliyinin təminatı NATO üzvlərinin və tərəfdaşlarının marağındadır. Alyans stabil enerji daşınmaları üçün enerji infrastrukturunun qorunmasında öz müttəfiqlərinə və tərəfdaşlarına yardım göstərməkdə maraqlıdır. O qeyd edib ki, NATO-nun ayrı-ayrı üzvlərinin Azərbaycanla əməkdaşlığı bu istiqamətdədir və ikitərəfli əsaslarladır. Əsasən ABŞ Azərbaycanla dəniz platformalarının təhlükələrdən qorunma məsələsində əməkdaşlıq edir.

NATO-nun Təhlükəsizlik problemləri şöbəsində Enerji təhlükəsizliyi departamentinin müdiri Mixail Ruhle bildirib ki, alyans enerji təhlükəsizliyi sahəsində fəaliyyətə yeni başlayıb və bu sahədə rolunu hələ müəyyənləşdirməyib. Onun sözlərinə görə, hazırda NATO üçün enerji təhlükəsizliyi təchizat baxımından maraqlıdır, alyans enerji təhlükəsizliyi məsələsinin hərbiləşdirilməsini istəmir.

NATO-nun enerji təhlükəsizliyi prosesində hansı formada iştirakına gəlincə, Alyans nümayəndəsi bildirib ki, NATO bu sahədə kəşfiyyat xarakterli məlumatları bölüşür:

"NATO, eyni zamanda, kritik infrastrukturların mühafizəsi sahəsində qazanılmış təcrübəni bölüşməyə hazırdır. Alyansın təlim və tədris sahəsində böyük təcrübəsi var. Biz bu sahədə gərəkli təlim və treninqləri keçə bilərik".

Ruhle bildirib ki, Azərbaycan NATO ilə sıx əlaqələr qurmağa səylər göstərir. NATO nümayəndəsi rəsmi Bakının Türkiyə ilə əlaqələri möhkəmləndirilməsinin bu sahədə önəm kəsb etdiyini vurğulayıb: "Azərbaycanın regionda həll olunmamış münaqişələrə rəğmən NATO ilə sıx əməkdaşlıq etməsinin özü bir nümunədir". M.Ruhle qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirak etmir, lakin münaqişənin sülh yolu ilə həlli istiqamətində Minsk Qrupunun və tərəflərin bütün səylərini dəstəkləyir.

 

Azərbaycanlı ekspert: NATO-nun yeni formatına ehtiyac var

 

NATO-nun yeni "4.5-ci maddə" formatına ehtiyac var. Bunu isə BDU-nun müəllimi, təhlükəsizlik və enerji siyasəti üzrə ekspert Bəxtiyar Aslanbəyli bəyan edib ("Trend"). Onun sözlərinə görə, bu format NATO-ya üzv ölkələr arasında mövcud olan "bir dövlətə hücum hamıya qarşı hücumdur" formatı ilə NATO ilə tərəfdaş ölkələr arasındakı "məsləhətləşmə" formatı əsasında razılaşdırıla bilər. Ekspert qeyd edib ki, bu formatın reallaşdırılması isə NATO ilə Azərbaycan arasında fərdi təhlükəsizlik müqaviləsinin imzalanması ilə baş tuta bilər. Deyir:

"Belə bir müqavilənin imzalanması ilə həm Azərbaycan öz təhlükəsizliyinin təminatı üçün vacib olan əlavə təminatlar ala bilər, həm NATO ölkələri öz enerji təminatı üçün bölgədəki mühüm əhəmiyyətli enerji infrastrukturunun təhlükəsizliyində maraqlarını bir daha bəyan etmiş olar, həm də NATO Cənubi Qafqazda son dövrlərdə zəifləmiş movqeyini ciddi şəkildə gücləndirə bilər".

Aslanbəyli qeyd edib ki, Azərbaycanın mürəkkəb geosiyasi bölgədə yerləşməsi, ərazisində NATO-ya üzv ölkələr də daxil olmaqla bir çox Avropa ölkələrinin enerji təminatı üçün vacib əhəmiyyətə malik mühüm enerji infrastrukturunun mövcudluğu, ölkənin ərazilərini işğal etmiş qonşu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik sisteminin üzvü olması, ölkəmizin isə əksinə, Avro-Atlantik strukturlara inteqrasiyanı milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri elan etməsi, digər qonşu İranın müxtəlif rəsmilərinin ölkələrinin hərbi müdaxiləyə məruz qalacağı təqdirdə Qərbin Azərbaycan ərazisində yerləşən enerji maraqlarını hədəf seçəcəkləri barədə səsləndirdiyi fikirlər (hədələr) Azərbaycanın belə hədələrin reallaşma imkanlarını minimallaşdıran bir təhlükəsizlik sisteminə üzv olmasını daha da aktuallaşdırır. Ekspert deyir:

"Təbii ki, ölkəmizin hazırkı geosiyasi mövqeyi, hərbi potensialı və bölgədəki balanslaşdırılmış xarici siyasəti mövcud təhlükəsizlik təhdidlərinin neytrallaşdırılması üçün kifayət qədər güclü zəmin yaradıb. Ancaq NATO ilə təhlükəsizlik münasibətlərinin (təhlükəsizlik təminatının) bir pillə daha üst səviyyəyə qaldırılması ölkənin təhlükəsizlik şəraitinə müsbət təsir göstərə bilər. Bəs bu əməkdaşlığı Sülh Naminə Tərəfdaşlıq proqramından əlavə, daha hansı formatda inkişaf etdirmək olar? NATO fəaliyyətinin təməl prinsipini təşkil edən Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə təsbit edilmiş silahlı hücumdan kollektiv müdafiə prinsipi yalnız üzv dövlətlərə şamil olunur. Təbii ki, təhlükəsizlik təminatının 5-ci maddə formatında reallaşdırılması bu gün hər iki tərəf üçün aktual deyil. Tərəfdaş ölkələrlə münasibətlər, əsasən, Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi ilə tənzimlənir. Lakin 4-cü maddədə nəzərdə tutulan "məsləhətləşmələr" də həlledici məqamda mövcud təhlükəsizlik təhdidlərinin neytrallaşması üçün kifayət etməyə bilər".

 

Genişləndirilmiş Güney Qafqaz qaz kəmərində ARDNŞ-nin payı arta bilər

 

2017-ci ildə "Şahdəniz-2" yatağı işlənməyə başlayanda Azərbaycan Avropa qaz bazarının əsas iştirakçılarından biri olacaq. Bunu isə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bəyan edib. Onun sözlərinə görə, hazırda ARDNŞ 500 mln istehlakçısı olan ən gəlirli və hüquqi cəhətdən tənzimlənən bazara - Avropaya etibarlı çıxış yaradılması üzərində işləyir. Azərbaycan 2017-ci ildə Avropa bazarına çıxıb ildə 10 mlrd m3, 2025-ci il üçün 2 dəfə çox qaz satmaq istəyir. "Şahdəniz" yatağında 1,2 trln m3 təsdiqlənmiş qaz ehtiyatı var. "Abşeron", "Naxçıvan", "Şəfəq", "Asiman" və "Zəfər-Məşəl", eləcə də, ARDNŞ-nin kəşf etdiyi "Ümid" və "Babək" yataqları nəzərə alınsa, ölkənin ehtiyatları 4 trln m3, sübut edilmiş ehtiyatlar 2,3 trln m3 edir. Azərbaycanın ixrac strategisyasından danışan Məmmədov qeyd edib ki, ölkə "Şahdəniz"dən başlayıb Avropaya kimi bütün zəncirdə iştirakını təmin etmək istəyir.

Güney Qafqaz qaz kəmərinin indiki imkanları ilə qane olmayan ARDNŞ Azərbaycan ərazisində yeni kəmər çəkməklə onun genişləndirilməsinə çalışır. Bu sistem Azərbaycan qazının nəqlini ildə 30 mlrd m3-ə çatdırmağı, gələcəkdə Mərkəzi Asiya qazını da nəql etməyi planlaşdırır.

Bu təşəbbüsün iki səbəbi var: əvvəla, 2017-ci ildən sonra "Şahdəniz"dən artan qaz həcmini nəql etmək üçün infrastruktur lazım olacaq. Yaxın perspektivdə ölkədə qaz istehsalı ildə 50 mlrd m3-ə çatacaq. Bundan başqa, qaz infrastrukturunun genişləndirilməsi ona türkmən qazının da qoşulması və Transxəzər qaz kəmərinin həyata keçirilməsi imkanı ilə diktə edilir.

"İkincisi, bu qaz kəmərinin genişləndirilməsi layihədə ARDNŞ-nin payını artırmağa şərait yaradır", - deyə Məmmədov qeyd edib.

Digər tərəfdən, Azərbaycan Türkiyə ilə TANAP layihəsinə başlayır. "Şahdəniz" konsorsiumu bunu dəstəkləyir. ARDNŞ bu layihəyə BP, Statoil və Total-ı cəlb edib və payının 29%-i onlara verib, səhmlərin 51%-i saxlayıb. 20% isə Türkiyənin Botaş və TPAO şirkətlərinindir.

Qeyd edək ki, Güney Qafqaz qaz kəməri (SCP - Səngəçal terminalından Gürcüstan-Türkiyə sərhədinə kimi) 2004-2006-cı illərdə çəkilib. Ona $1,1 mlrd investisiya qoyulub. Uzunluğu 680 km, illik buraxılış qabiliyyəti 7,2 mlrd m3-dir. ARDNŞ-nin konsorsiumda 10% payı var.

 

NATO-nun texniki dəstək vermək planı yoxdur

 

Bu arada bəlli olub ki, NATO-nun öz sərhədlərindən kənarda enerji kəmərlərinin və mənbələrinin fiziki müdafiəsinin təmin edilməsində hər hansı iştirakı yoxdur. Bu barədə APA-ya NATO-nun enerji təhlükəsizliyi üzrə ekspertləri bildiriblər. Alyans Xəzər hövzəsi, Ərəb yarımadası və Quzey Afrika regionunu enerji təhlükəsizliyinin təmin olunmasında mühüm istiqamət hesab edir. Ümumilikdə enerji təhlükəsizliyi kiber təhlükəsizlik kimi son illərdə NATO-nun üzləşdiyi əsas təhdidlərdəndir və Alyans bununla bağlı yeni yanaşmanı nəzərdən keçirir.

"Bununla belə, hazırda NATO-nun sərhədlərində yerləşən Azərbaycan kimi ölkələrə kəmərlərin fiziki təhlükəsizliyinin təmin olunmasında texniki dəstək göstərmək planı mövcud deyil. Biz yalnız tərəfdaş ölkələrə bu sahədə siyasi dəstək verə bilərik", - deyə NATO ekspertləri vurğulayıblar.

Alyans ekspertlərinin sözlərinə görə, 2008-2009-cu illərin qış mövsümündə Rusiya ilə yaşanmış qaz problemindən nəticələr çıxaran NATO hazırda enerji mənbələrinin diversifikasiyasına da böyük önəm verir.

 

Rumıniya daha 2 il əlaqələndirici olacaq

 

Konfransa video-körpü ilə qoşulan Azərbaycanın NATO yanındakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahim qeyd edib ki, enerji təhlükəsizliyi sahəsində tərəflərin əməkdaşlığı ölkənin Avroatlantik inteqrasiyasının elementlərindən biridir. O həmçinin bildirib ki, Azərbaycan NATO-nun 8 tərəfdaş ölkəsi sırasına daxil edilib. Onlar Əfqanıstan üzrə layihələrdə iştirak edəcəklər.

X.İbrahim, eyni zamanda, qeyd edib ki, Rumıniyanın Azərbaycan səfirliyi daha iki il Azərbaycanda NATO-nun əlaqələndiricisi olacaq. Onun sözlərinə görə, bu barədə qərar bu günlərdə qəbul edilib. Nümayəndəlik rəhbəri onu da bildirib ki, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan tərəfi müvafiq qurumların iştirakı ilə tədbirlər planı hazırlayır və bu NATO ilə razılaşdırılaraq həyata keçiriləcək. Qeyd edək ki, Rumıniyanın Azərbaycan səfirliyi 2009-cu ilin yanvar ayından NATO-nun Azərbaycanla əlaqələndiricidir. Bundan əvvəl bu, funksiyanı Türkiyə səfirliyi yerinə yetirib.

 

 

C.Məzahiroğlu

 

Ayna.- 2012.- 24 noyabr.- S.9.