Avropa Film
Festivalı başlandı
Məqsəd - Avropa dəyərləri
haqda anlayışları artırmaqdır
Bakıda
Avropa Film Festivalına həsr olunmuş mətbuat konfransı
və açılış mərasimi keçirilib. Festival
4-10 oktyabr günlərində davam edəcək. Mətbuat
konfransında Avropa Birliyi Azərbaycan nümayəndəliyinin
rəhbəri, səfir Roland Kobia, "Park Cinema"
kinoteatrının rəhbəri Namik Quliyev və litvalı
kinorejissor Alqimantas Puipa iştirak ediblər. Roland Kobia bildirib
ki, Avropa Birliyi Azərbaycanla mədəni əlaqələrə
çox böyük önəm verir və bu festival nə
siyasət, nə də iqtisadiyyatdan bəhs edir, burada söhbət
yalnız mədəniyyətdən gedir. Kobia deyir:
"Festival
çərçivəsində 15 film nümayiş olunacaq
ki, bu filmlərin 14-ü Avropa Birliyi ölkələrində
istehsal olunub, biri isə Azərbaycanda çəkilib. Biz, bu
istiqamətdə Azərbaycan üçün bir yenilik
etmiş olduq. Ötən il, festivala çox böyük
marağın olduğunu nəzərə alaraq, bu il hər
film iki seansda nümayiş olunacaq".
Kobia
ümidvar olduğunu bildirir ki, təqdim olunan filmlər Azərbaycan
vətəndaşlarının, Avropanın kino sənayesində
gedən proseslərdən daha yaxşı xəbərdar
olmasına və anlamasına imkan verəcəkdir.
Festival
Alqimantas Puypanın "Yatmış kəpənəklərin
qəsri" filmi ilə açıldı. Filmin qəhrəmanı
Monika adlı qadındır (Yanina Lapinskayte). Onun zəngin və
firavan həyatı öz axarı ilə gedir. Lakin bir gün əri
ilə birlikdə bir fahişə qadını maşınla
vururlar və qadın xəstəxanada intihar edir.
Özünü günahkar sayan Monika fahişəliyə
görə Almaniyadan qovulmuş üç qızı şəhərətrafı
evində saxlamaq təklifi ilə sosial
sığınacağa müraciət edir. Bu qızlarla
ünsiyyət onun dünyaya münasibətini dəyişir.
Filmin ssenari müəllifi rejissorun özüdür. Filmin
nümayişindən əvvəl mətbuat konfransında
çıxış edərkən Puypa deyirdi: "Biz
qadınları dünyaya göstərmək istədik. Bu
gün qadın problemləri və cəmiyyətdə
qadınların rolu çox artıb. Filmdə
danışılan hadisələr realdır".
Alqimantas
Puipa Azərbaycana ilk dəfə gəldiyini deyir. Festival
çərçivəsində nümayiş olunan bu filminin
necə qarşılanacağına görə həyəcan
keçirdiyini söylədi. "Park Cinema"
kinoteatrının rəhbəri Namik Quliyev Avropa Film
Festivalının AB-nin Azərbaycan nümayəndəliyi tərəfindən
hər il Bakıda təşkil olunduğunu xatırladır:
"Festivalda
məqsəd Avropa Birliyi ölkələri ilə Azərbaycan
arasındakı mədəni əlaqələri inkişaf
etdirmək, Avropa dəyərləri haqda olan
anlayışı daha da artırmaqdır. Festival Avropa
Birliyinin Azərbaycan nümayəndəliyi, Avropa Birliyinə
üzv dövlətlərin səfirlikləri, Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi və "Park Cinema"nın təşkilatçılığı
ilə keçirilir. Festival çərçivəsində
Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri təqdim
olunacaq". Avropa Film Festivalının proqramına
Avropanın 14 ölkəsində və Azərbaycanda istehsal
olunmuş 15 filmin nümayişi daxildir. Bu çərçivədə
tamaşaçılara musiqili komediyadan (İsveçdən
"Səsin Sədası"), emosional drama (İtaliyadan
"Yenə Öp Məni"), psixoloji trillerdən
(Britaniyadan "Kevin haqqında danışmalıyıq")
tutmuş detektiv ssenarili filmədək (Belçikadan
"Alsqeymer sindromu") geniş çeşidli janrlarda filmlər
təqdim olunacaq. Filmlərin arasında Almaniyada yaşayan azərbaycanlı
rejissor Elmar İmanovun "Qəbirqazanın yelləncəkləri"
filmi (ata və oğul arasında pisxoloji dram) də var. Filmlərə
giriş pulsuzdur.
Ayna.- 2012.- 6 oktyabr.- S.20.