"Buta" filmi "Oskar"a təqdim edildi

 

12 film sırasına düşsə - böyük uğur olar

 

"Buta" filmi "Oskar" mükafatına təqdim olunub. Oskar Milli Komitəsinin üzvü Əli İsa Cabbarovun qəzetimizə bildirdiyinə görə, film ilkin mərhələdən uğurla keçib. Film beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib: "Buta" filmi artıq "Oskar"ın ilkin siyahısına daxil edilib və bu siyahıda 40 film var. Növbəti mərhələ 12, son mərhələyə isə beş film keçəcək. Bu il on iki film sırasına düşsək, bu, çox böyük uğur olar. Çünki "Buta", həqiqətən də, beynəlxalq layihələrdə uğurlar əldə edir".

Komitə üzvünün sözlərinə görə, film "Ən yaxşı xarici film" nominasiyasında təqdim olunub. Ötən illər ərzində Milli Komitə tərəfindən "Oskar"a "Qala" və "Sahə" filmləri göndərilib. Ə.Cabbarovun sözlərinə görə, növbəti mərhələnin yekunları dekabr ayında açıqlanacaq.

"Buta" filmi "Azərbaycanfilm" və "Buta Film" kino şirkətinin, birgə istehsalıdır. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. "Buta" filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib.

Film Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il "Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olub, Keyptaun şəhərində keçirilən "Care Winelands Film Festival"ın "Qran-pri" mükafatını və ABŞ-ın "World Fest - Nouston International Film Festival"ında Platinium Remi" mükafatını əldə edib. Bundan başqa film "Humay" Milli Mükafatının da laureatı olub.

 

 

Ayna.- 2012.- 6 oktyabr.- S.20.