Sara
Xatun: rəqabətdə işıqlı
səhifələr
Daha
çox bu
işıqlı səhifələrə isnad
etmək gərəkdir
Bu gün sosial şəbəkələrdə
bəzən görürsən ki, orta əsrlərin tarixi
şəxsiyyətlərini qarşı-qarşıya qoyur,
birinə haqq qazandırır, digərini pisləyirlər. Bir
tarixi şəxsiyyətin ünvanına hansısa mənfi
fikirləri az qala ölkəyə təhqir kimi qavrayanlar da
olur. Lakin tarixə - tarix kimi, bir keçmiş kimi baxmaq, onu
öyrənmək, ondan ibrət dərsi almaq daha
düzgündür. Məsələn, Uzun Həsən - Məhmət
Fateh, Şah İsmayıl - Sultan Səlim və s. arasında
tarixdə qalmış hərbi-siyasi rəqabətləri
götürək. Bunlar, sadəcə, hökmdarların şəxsi
şıltağı deyil, siyasi hesablara əsaslanan uzaqmənzilli
rəqabətlər idi.
Osmanlıda XV əsrdə "Azərbaycan
padşahı" adlandırılan Uzun Həsən
Ağqoyunlunun anası, ölkəsinin xarici diplomatiyasında
önəmli rol oynamış Sara Xatunu, onun xarici missiyalarla
apardığı diplomatik danışıqları
xatırlayaq. Dövlət işlərində böyük
nüfuz sahibi olan Sara Xatunu Qərbi Avropa ölkələrində
də tanıyırdılar. Sara Xatunun adına xarici ölkələrdən
məktublar göndərilir, paytaxt Təbrizdə fəaliyyət
göstərən xarici ölkə səfirliklərinin əməkdaşları
onunla danışıqlar aparırdılar. Bu nadir tarixi şəxsiyyət
son dərəcə tədbirli siyasi xadim kimi
tanınmışdı və Osmanlı sultanı Məhmət
Fatehlə oğlu Uzun Həsən arasında rəqabəti
yumşaltmaq üçün əlindən gələni
etmişdi.
Bu asan məsələ deyildi. Məsələn,
Venesiya höküməti 1473-ci ilin fevralında Uzun Həsənin
sarayına yola düşən növbəti səfiri
İosafat Barbaroya belə bir məxfi tapşırıq
vermişdi:
"Hökmdarın (Uzun Həsənin)
anasına (Sara Xatuna) da baş çək, ona ehtiram göstər,
hədiyyələr ver. Onları Türkiyə ilə
müharibəni davam etdirməyə çağır"...
Lakin Uzun Həsənin, Sara Xatunun öz
hesabları vardı. Sara xatunun Sultan Mehmet Fatehlə
apardığı 1461-ci il Yassıçəmən
danışıqları və burada imzaladığı
sülh müqaviləsini xatırlamaq kifayətdir. Osmanlı
dövləti 1461-ci ildə Trabzon yunan dövlətini
özünə birləşdirmək, Uzun Həsənin Qara dənizə
bu yeganə çıxış yolunu bağlamaq siyasəti
yeridirdi. Trabzonun Ağqoyunlulardan asılı bir dövlət
kimi yaşaması Məhmət Fatehi narahat edirdi.
Bu kicik yunan dövləti ilə Ağqoyunlu
dövləti arasında qədim tarixi əlaqələr
vardı. Osmanlılardan ehtiyat edən Trabzon hakimləri üçün
Ağqoyunlular sığınacaq yeri idilər.
Ağqoyunlu hakimləri (Qara Yuluk Osman bəy, Qutlu bəy,Turalı
bəy və b.) bir qayda olaraq, Trabzon imperatorlarının
qızlarına evlənirdilər. Uzun Həsən özü
də Trabzon imperatoru (bu dövlət bir vilayətdən ibarət
olsa da, başçısına "imperator" deyilirdi) IV
İohannın qızı Feodoranı - Dəspinə Xatunu
almışdı.(Uzun Həsən Dəspinə Xatundan
doğulan qızı Aləmşah bəyimi öz
bacısı oğlu Şeyx Heydərə vermiş, bu
izdivacdan isə Səfəvi hökmdarı Şah
İsmayıl doğulmuşdu.)
Avropa ölkələri ilə ciddi rəqabətə
girən Sultan Mehmet Fateh arxasını bərkitmək
üçün 1461-ci ildə Trabzon yunan dövlətini
aradan qaldırmaq qərarına gələndə əvvəlcə
şəhəri dənizdən mühasirə etdirdi.
Özü isə qurudan hərəkətə başladı.
Uzun Həsən tərəfindən zərbə
alacağını yəqin edən Fateh əvvəlcə
bütün qüvvələrini Ağqoyunlulara qarşı
yeritdi. Belə bir şəraitdə Sultan Mehmet Fatehlə
danışıqlara girməkdən başqa əlac
qalmadı. Ağqoyunlu elçilərinə Sara Xatun
başçılıq edirdi. Konstantinopol fatehi ilə
danışıqlara gedən Sara Xatunun qarşısına
bir-birindən mürəkkəb olan iki vəzifə
qoyulmuşdu: Osmanlı qoşunlarının Ağqoyunlular
üzərinə hücumunu dayandırmaq və mümkün
olarsa, sultanı Trabzonu fəth etmək fikrindən
daşındırmaq.
Mənbələrdən aydın olur ki,
Sultan Mehmet Fateh öz ordugahında Sara Xatunu böyük
ehtiramla qarşılamış, danışıqların
gedişində bir-birinə "ana", "oğul" deyə
müraciət etmişdilər. Sara Xatunun siyasi məharəti
sayəsində iki türk cahangiri arasında reallaşmaqda
olan qardaş qırğınının qarşısı
alınmışdı. Zəka, müdriklik fəlakətə
üstün gəlmiş, Ağqoyunlu-Osmanlı sülh
müqaviləsi bağlanmışdı.
Sultan Mehmet
Fateh danışıqlardan sonra, Sara Xatundan
başqa bütün Ağqoyunlu elçilərini vətənə
yola salmış, Sara
Xatuna təklif etmişdi
ki, türk ordusunun Trabzon
yürüşundə iştirak etsin. Əlbəttə, sultanın bu təklifi Sara Xatun üçün böyük şərafət, Məhmət Fateh üçünsə incə bir diplomatik gediş idi. Sultan Trabzon yürüşü zamanı Uzun
Həsənin anasını yanında saxlamaqla
arxadan Ağqoyunlular tərəfindən
ola biləcək hücumun
qarşısını almaq istəyirdi.
Sultanın təklifini dərhal qəbul edən Sara Xatunun özü
də Osmanlı qoşunlarının Ağqoyunlu
sərhədlərindən uzaqlaşmasına şəxsən,
əmin olmaq istəyirdi. Sara
Xatunun bu
"razılığı"da eyni dərəcədə
incə gediş idi.
Sara Xatun Trabzona yürüş
zamanı-sultanı Trabzonu fəth etmək
fikrindən döndərməyə, bu
torpaqların gəlininə məxsus olduğunu
bildirməklə, Ağqoyunluların bu əraziyə
qanuni varislik hüququnu əsaslandırmağa
çalışmışdı. Lakin, sultan öz fikrində dönmürdü. Belə olduqda,
Sara Xatunun vasitəçiliyi
ilə Trabzon qan tökülmədən
təslim olmuşdu. İmperator
ailəsinin toxunulmazlığı təmin edilmiş,
gəlini Dəspinə Xatunun varislik hüququndan istifadə
edərək Trabzon xəzinəsini
Osmanlı sultanı ilə bölüşdürərək Ağqoyunlu sarayına zəngin sərvətlə
qayıtmışdı.
Onu qeyd
etmək istəyirəm ki, orta əsrlərdə Osmanlı-Ağqoyunlu,
Osmanlı - Səfəvi rəqabətlərinin özündə
də müharibələrlə yanaşı
işıqlı səhifələr də az
deyil. Bunları bilmək, unutmamaq
və daha çox bu işıqlı səhifələrə istinad etmək daha
yaxşı olardı.
Qızqayıt
MƏMMƏDOVA,
245
saylı orta məktəbin tarix müəllimi
Ayna.-
2012.- 13 oktyabr.- S.19.