"Təbii ehtiyatları az olan Yaponiya üçün Azərbaycanla iqtisadi münasibətlər vacib məsələdir"

 

- deyə Yaponiya xarici işlər naziri Koikiro Qemba AYNAya eksklüziv müsahibəsində bildirir

 

- Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20-ci ildönümünü qeyd etdik və iki ölkə arasında münasibətlərin bu günə qədərki inkişafını necə dəyərləndirirsiniz? Bu münasibətlərin gələcəyini necə görürsünüz?

- Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20-ci ildönümü - dönüş nöqtəsi sayılan bir ildir, sevindirici haldır. Ötən dövrdə bir sıra yüksək səviyyəli rəsmilərin səfər mübadilələri və siyasi məsləhətləşmələr sayəsində ölkələrimiz arasında dostluq və etibarlı tərəfdaşlıq münasibətləri qurulmuşdur. İqtisadi sahəyə gəldikdə, Azəri-Çıraq-Günəşli neft yatağı, Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin inkişaf etdirilməsində yapon şirkətləri iştirak etmiş, enerji ehtiyatlarının inkişafı sahəsi üstün tutularaq, əlaqələrimiz möhkəmlənmişdir.

Lakin, iki ölkə arasında münasibətləri daha da inkişaf etdirmək üçün potensial var. Məsələn, iqtisadi sahədə. Mən, Azərbaycanda sənayenin müxtəlifliyinin artırılmasında Yaponiyanın iştirak və əməkdaşlıq imkanının olduğunu düşünürəm. Bundan başqa, mədəniyyət, təhsil, bölgələrarası mübadilələr sahəsində münasibətləri daha da gücləndirmək vacibdir. Beynəlxalq arenada iki ölkə arasında sıx əməkdaşlıq var və BMT Təhlükəsizlik Şurasının üzv ölkəsi qismində fəaliyyət göstərən Azərbaycanla əməkdaşlığımızın inkişaf edəcəyinə ümidvaram.

Son illərdə gözəçarpan səviyyədə iqtisadi irəliləyişə nail olan Azərbaycan, indi Cənubi Qafqazda sabit inkişafın təkanvericisi və ölkəmizin mühüm tərəfdaşdır. Biz bu tərəfdaşlığın genişlənməsini və güclənməsini istəyirik.

- Yaxın gələcəkdə iki ölkə arasındakı münasibətlərin gücləndirilməsi üçün hansı tədbirlər planlaşdırılır?

- Bu il Yaponiya ilə Azərbaycan iki ölkə arasında diplomatik münasibətlər qurulmasının artıq 20-ci ilini qeyd edirlər və bu ildönümlə əlaqədar tədbirlər keçirməyi qərara alan şəxslərə, biz həmin tədbirlərdə istifadə üçün xüsusi 20-ci ildönüm loqotipini təqdim etmək qərarına gəlmişik.

20-ci ildönüm tədbirləri çərçivəsində Azərbaycanda fevralda Yaponiya Fondunun "Budo ruhu" səyyar sərgisi keçirilib, oktyabrda yapon dili natiqlik müsabiqəsi uğurla həyata keçdi, Yaponiyanın ənənəvi musiqi aləti olan Şakuhaçi konserti, Yaponiyanın mədəniyyət-antropologiya alimi tərəfindən yaponların rəftar tərzi barədə mühazirə planlaşdırılır.

Yaponiyada Azərbaycan tarixi və incəsənəti mövzusunda olan "İrs" adlı jurnal yapon dilində çap olunub və xüsusi təşkil olunmuş tədbirdə təqdim olunub.

Hazırda Yaponiyanın Azərbaycan Səfirliyi və Azərbaycanın Yaponiya Səfirliyində 20-ci ildönümlə bağlı mədəniyyət tədbirlərini keçirənlərə onların müraciəti əsasında loqotip təqdim edilir. Bunun üçün hər kəs müraciət edə bilər.

Ümidvaram ki, 20-ci ildönüm tədbirləri, iki ölkənin qarşılıqlı anlaşmasının inkişafına kömək edəcəkdir.

- İki ölkə arasında iqtisadi münasibətləri necə görürsünüz? Ticarət dövriyyəsi, investisiyaların hazırkı vəziyyəti barədə fikrinizi soruşmaq istərdim.

- Təbii ehtiyatları az olan Yaponiya üçün Azərbaycanla iqtisadi münasibətlər vacib məsələdir. Bu vaxta qədər iki ölkənin iqtisadi münasibətlərində, xüsusən, yapon şirkətlərinin ölkənizin Azəri-Çıraq -Günəşli neft yatağı və Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin inkişafında, enerji ehtiyatları layihələrində iştirakı bu məsələdə önəmli rol oynayır.

Başqa bir tərəfdən, Yaponiya və Azərbaycan arasında ümumilikdə ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 86 milyon ABŞ dolları (Azərbaycanın ümumi kommersiya məbləğinin təqribən 0.18 faiz) təşkil etmişdir və bu da olduqca azdır.

Son vaxtlar Azərbaycanın neft-kimya sənayesi və infrastrukturun tikilməsi layihələrinə yapon şirkətləri böyük maraq göstərirlər. Bu sahədəki əməkdaşlıqda ən son yapon texnologiyalarından istifadə etsək, iki ölkənin ticarət və investisiya münasibətlərini daha da inkişaf etdirmək, iqtisadi münasibətləri daha da güclü, möhkəm zəmin üzərinə oturtmaq mümkün olacaq.

Düşünürəm ki, iki ölkənin iqtisadi münasibətlərini genişləndirməyə imkan yaradan layihələr barədə, ticarət və investisiya üçün daha əlverişli mühitin yaradılması barədə Azərbaycandan mütəmadi olaraq məlumatar və təkliflər almaq bizim üçün vacibdir.

- Hazırda kənd təsərrüfatı, turizm, alternativ enerji və s. Azərbaycan üçün prioritet sahələrdir, fikrinizcə, bu sahələrdə Yaponiya nə səviyyədə iştirak edə bilər?

- Azərbaycan son illər sənayenin diversifikasiyasına səy göstərir. Ölkəmiz bu istiqamətdə Azərbaycanla əməkdaşlıq edir. Kənd təsərrüfatında, Rəsmi İnkişafa Yardım proqramı çərçivəsində uzun illərdir irriqasiya, meliorasiya işlərində, şoranlaşmaya qarşı mübarizədə işlər görür, fermerləri kənd təsərrüfatı texnikası ilə təmin edirik.

Bundan başqa, turizm sahəsində, "GUAM+Yaponiya" layihəsi çərçivəsində 2009-cu ildə "Turizmin təbliği seminarı" keçirmişik. Onun davamı olaraq, Yaponiyanın səyahət şirkətləri və turizm jurnalistləri və məsləhətçiləri GUAM ölkələrində turlara dəvət olunmuş, iştirakçıların hər birindən bu ölkələrin turizm infrastrukturunun gələcək inkişafına dair tövsiyələr alınmışdır.

Alternativ enerji mənbələrinə gəldikdə, "GUAM+Yaponiya" layihəsi çərçivəsindəki "Enerji təhlükəsizliyi seminarı"nda maye, təbii qaz və alternativ enerji texnologiyalarını təqdim etmiş və fikir mübadiləsi aparmışıq.

Hazırda dəstəyin bir növü olaraq Mərkəzi və Şərqi Avropa üzrə Regional Ekoloji Mərkəz vasitəsilə GUAM ölkələrində alternativ enerjinin tətbiqinin mümkünlüyü barədə araşdırma həyata keçirilir, tədqiqatlar aparılır.

Gələcəkdə də bu kimi əməkdaşlıq yolu ilə iqtisadi əlaqələri daha da genişləndirmək və gücləndirmək arzusundayıq.

- Eşitdiyimə görə, gələcəkdə Azərbaycanın ibtidai, orta və ali təhsil müəssisələrində yapon dilinin tədrisini daha da genişləndirmək planı var. Yaponiya hökuməti bizim ölkədə yapon dilinin tədrisinə nə dərəcədə dəstək ola biləcək?

- Bir ölkənin dilini öyrənmək, həmin ölkənin mədəniyyəti və tarixi, insanlarının düşüncə tərzi də daxil olmaqla, həmin ölkə ilə bağlı hər şeyi öyrənmək deməkdir. Bu baxımdan Azərbaycanda yapon dilinin tədris olunacağı sevindirici haldır. Ölkəmiz Azərbaycanda yapon dilinin tədrisinin inkişafı üçün müəyyən köməkliklər göstərir.

İlk növbədə, Yaponiya Fondunun yapon dili mütəxəssisini ölkəyə ezam etməsi, Azərbaycanın təhsil müəssisələrinə yapon dili dərsliklərini göndərməsi də daxil olmaqla, azərbaycanlı yapon dili müəllimləri və tələbələri üçün Yaponiyada təlimlər keçməsi və digər bu kimi dəstəyi qeyd olunmalıdır.

Bundan başqa, indiyə qədər dövlət hesabına 40 nəfərdən artıq azərbaycanlı tələbə Yaponiyada dövlət hesabına təhsil almışdır. Azərbaycanın keçən ilin sentyabrında Yaponiyaya ezam edilmiş Tokio səfiri c-b Gursel İsmayılzadə də dövlət hesabına Yaponiyada təhsil almış və yapon dilini gözəl bilən biri kimi iki ölkə arasındakı əlaqələrin inkişafında fəal işlər görür.

Bundan əlavə, Yaponiyanın Azərbaycan səfirliyi, hər il Bakı Dövlət Universiteti ilə birlikdə yapon dili üzrə nitq müsabiqəsi keçirir. Bu, yapon dilini öyrənən tələbələrə gündəlik keçirilən təlimin nəticəsini nümayiş etdirmək üçün dəyərli imkandır. Bu il uğurla keçən 11-ci Natiqlik müsabiqəsi diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə də təsadüf etdiyi üçün digər illərlə müqayisədə xüsusi möhtəşəmliklə keçirilmişdir.

- Keçən ilin martında Yaponiya görülməmiş təbii fəlakətlə üzləşdi, bu dağıdıcı zəlzələnin və dəhşətli sunaminin doğurduğu böyük ziyanın öhdəsindən gəlmək üçün yaponların necə bir fədakarlıq və əzmlə çalışdıqlarına bütün dünya şahid oldu. Hazırda yenidənqurma işləri necə gedir?

- Böyük Şərqi Yaponiya zəlzələsindən sonra başda prezident İlham Əliyev olmaqla, ölkənizin bir çox insanlarının səmimi başsağlığı və donasiyaları üçün bir daha öz minnətdarlığımı bildirirəm. Həlak olmuş və itkin düşmüş insanların ümumi sayı 19 min nəfər, tamamilə dağılmış evlərin sayı 130 min, fəlakətdən dərhal sonra təxliyə olunmuş insanların sayı 470 min nəfər olmaqla, Böyük Şərqi Yaponiya zəlzələsindən dəymiş ziyan çox böyük idi.

Lakin, bu fəlakət Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətlə birləşdirici telləri bir daha yoxlamaqda Yaponiya üçün bir şans idi. Mövcud əlaqələri qoruyub saxlamaq, görülən işlərə dəstək olmaqla, Yaponiya bərpa işlərində inamla irəliləyir.

İlk növbədə, zərərçəkmişlərin mənzillə təmin olunması problemi 53 min müvəqqəti yaşayış evinin tikilməsindən başqa, şəxsi kirayə verilən evlərə dəstək sistemi və s. ilə qısa müddət ərzində öz həllini tapdı. Bundan başqa, fəlakət regionunda elektrik, qaz, su kimi həyati amillər, informasiya, poçt, məktəblər kimi ictimai xidmətlər zəlzələdən dərhal sonra bərpa olunmuş, hazırda isə özək iqtisadi-sosial infrastrukturun bərpası ölkəmizin sənayə planları əsasında inkişaf etdirilir.

Digər tərəfdən, sunami ərazisində sənayenin bərpası və məşğulluq vəziyyəti kimi həlli vacib olan çoxlu sayda problemlər qalmaqdadır. Hökumət olaraq biz bu problemlərin həllinə maksimum səy göstəririk.

Keçən ilin iyulunda tərtib edilmiş "Böyük Şərqi Yaponiya zəlzələsindən sonra yenidənqurmanın əsas istiqamətləri"ndə beynəlxalq ictimaiyyətlə bağları möhkəmləndirmək və bütün xarici ölkələrin bu sahədəki təcrübələrini mənimsəməklə dünyaya açıq olan yenidənqurmaya istiqamət götürülüb. Hər bir ölkədən gələn dəstək və stimulun qarşılığında isə yaxşılığın əvəzi olaraq, bizim ölkəmiz zəlzələdən aldığı dərsləri beynəlxalq ictimaiyyətlə paylaşmaq arzusundadır, eyni zamanda, fəlakətlərin qarşısının alınması sahəsində Azərbaycanla da əməkdaşlıq etmək ümidindədir.

- Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzünün mənfi nəticələri Azərbaycan üçün ən kədərli problemdir. Yaponiyanın ardıcıl olaraq bizim ölkəmizin ərazi bütövlüyünü qəbul etməsi və bizim qanuni tələblərimizi müdafiə etməsi bir həqiqətdir ki, biz, ölkəmiz olaraq bunu qiymətləndiririk. Cənab nazir bu problemin ədalətli həllinin nə dərəcədə real olduğunu düşünür?

- Dağlıq Qarabağ münaqişəsinin tam şəkildə həll olunması, Qafqaz regionunda sülh və sabitlik üçün olduqca vacibdir. Dövlətimiz bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi və beynəlxalq səviyyədə tanınan, sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll olunmasının vacib olduğunu düşünür.

Dövlətimiz bundan sonra, Minsk qrupu həmsədrlərinin vasitəçilik səyləri də daxil olmaqla, bir çox yollarla bu problemin həllinə istiqamətlənmiş danışıqların gələcəkdə bəhrə verəcəyinə ümid edir.

- Sonda qəzetimizin oxucularına nə demək istərdiniz?

- Yaponiya və Azərbaycan ilk baxışdan bir-birindən aralı, uzaq ölkələr kimi görünsə də, hər iki ölkə bəşər tarixində bir-birilə bağlı olub sivilizasiyanın inkişafında rol oynamışdır. Azərbaycan İpək Yolundan keçən Şərq-Qərb ticarətinin vacib Qərb nöqtəsi idi. Yaponiya İpək Yolunun Şərqdə son nöqtəsi idi və buranın insanlarının nə vaxtsa mənimsədiyi ekzotika ilə dolu olan mədəniyyət nümunələrinin içində bəzi şeylərin də Azərbaycandan gəlməsi mümkündür.

Müstəqillik qazandığı bu 20 ildə Azərbaycan davamlı olaraq tərəqqi etmiş, beynəlxalq aləmdəki varlığını getdikcə gücləndirmişdir. Bu səbəbdən, Yaponiyada Azərbaycana olan maraq da artmaqdadır.

Bu ilin mayında futbol yığmalarımız Yaponiyada görüş keçirmiş, iyunda isə Bakıda açılışı olmuş 16 yaşadək oğlanlararası II Caspian Cup beynəlxalq turnirində Yaponiyanı təmsil edən komanda iştirak etmişdir.

Bundan başqa, bu ilin sentyabr-oktyabrında Azərbaycanda həyata keçirilən 17 yaşlı qızlar arasında dünya futbol çempionatında Yaponiya komandası da iştirak edir. İdman bizlərə qarşılıqlı marağı artırmaq şansı verir. Dövlətimiz gələcəkdə Azərbycanla ölkələrarası əlaqələrin daha da dərinləşməsi ilə bərabər, insanların gediş-gəlişini, ticari əlaqələrin genişlənməsini istəyir.

 

 

Ayna.- 2012.- 13 oktyabr.- S.6.