Müasir
və hesabatlı ordu yaratmaq
öhdəliyi götürülüb
Aleksandr
Verbşou: "Gözləntilərimizi doğrultmayanlara açıq
narahatlığımızı bəyan edirik"
"Ermənistan və Azərbaycan
NATO-nun uzunmüddətli və dəyərli tərəfdaşlarıdır.
Biz artıq birlikdə bir çox böyük məsələlərə
nail olmuşuq. Amma siyasi dialoqumuzu dərinləşdirmək və
praktik əməkdaşlığımızı artırmaq
üçün əhəmiyyətli imkanlar qalır".
Bunu NATO baş katibinin müavini Aleksandr Verbşou
"Atlantik-Community.org" portalının oxucularının
çoxsaylı suallarını cavablandırarkən bildirib.
Qeyd edək ki, Verbşou NATO-nun mövcud hərbi-siyasi
strategiyasını dərindən bilən şəxslərdən
hesab olunur və onun açıqlamaları həmişə
diqqətlə izlənilir.
NATO rəsmisinin sözlərinə
görə, Cənubi Qafqaz regionu böyük təhlükəsizlik
qayğıları ilə rastlaşır. "Ən təxirəsalınmaz
problem Dağlıq Qarabağ münaqişəsinin həllinin
tapılması olaraq qalır. Ermənistan və Azərbaycan
arasında münaqişəyə qayıdış
olmamalıdır. Gərginliklər azaldılmalı,
barışığın inkişaf etdirilməsi və
regionun nəhəng imkanlarının açılması
üzrə konkret addımlar atılmalıdır", - deyə
o qeyd edib.
O qeyd edib ki, irəliyə doğru yeganə
yol dialoq, kompromis və əməkdaşlıqdır:
"NATO təşkilat kimi nizamlamanın tapılmasına
birbaşa olaraq cəlb olunmayıb. Biz tərəf tutmuruq.
Amma biz Minsk Prosesinə dəstək verməyi davam etdiririk və
dinc nizamlamya doğru səylər göstəririk".
NATO baş katibinin müavini Ramil Səfərov
olayına alyansın münasibətini bir daha
açıqlayıb: "Biz Ramil Səfərovun əfvi barədə
Azərbaycanın qərarından dərin narahatlıq keçiririk.
Ramil Səfərovun 2004-cü ildə törətdiyi hadisə
cinayətdir və şöhrətləndirilməməlidir.
Bu, inama ziyan vurur və sülh prosesinə və ya regional
sabitliyin saxlanılmasına töhfə vermir".
Çex Respublikasının Masarik
Universitetində magist təhsili alan Daniel Pavlikin Verbşouya
sualı maraqlı olub: "NATO aşkar qeyri-demokratik Azərbaycan,
Bəhreyn və başqa ölkələrlə tərəfdaş
olmalıdırmı?" NATO baş katibinin müavini
sualı belə cavablandırıb:
"NATO hərbi alyans olmaqla
yanaşı bölüşdürülən inam və
prinsiplər icmasıdır. Bütün üzvlər
azadlıq, demokratiya, qanunun aliliyi, insan haqlarına hörmət
kimi eyni təməl dəyərləri bölüşürlər.
Və bütün üzvlər bu dəyərləri zəruri
olan anda müdafiə etməyə hazırdırlar.
NATO-nun güclü tərəfdaşları
bizim dəyərləri bölüşənlərdir. Eyni
zamanda, demokratiyaya və hüququn aliliyinə gəldikdə
bu istiqamətlərdə bizim gözləntilərimizi
doğrultmayan tərəfdaşlara açıq
narahatlığımızı bəyan edirik.
Təhlükələrin sərhəd
tanımadığı dünyada biz həmçinin
bütün qitələr boyu sülh və təhlükəsizliyə
konkret töhfələr verməkdə maraqlı olan tərəfdaşlarla
əməkdaşlığa ehtiyac duyuruq. Biz tərəfdaşlarımızın
demokratik islahatları yerinə yetirməsi öhdəliklərinə
dəstək veririk və alyans təcrübələrə
malik olduğu müxtəlif sahələr üzrə tərəfdaşlara
yardım etməyə hazır dayanıb. Xüsusilə də
müdafiədə və təhlükəsizlik sektorları
islahatında. Biz həmçinin başqa beynəlxalq təşkilatlar
və qeyri-hökumət təşkilatları ilə birlikdə
işləyirik".
Eyni zamanda Verbşou bildirib ki, Azərbaycan
da daxil olmaqla NATO-nun xeyli tərəfdaşı
çağdaş təhlükəsizlik
çağırışlarına müvafiq olan və
çoxmillətli əməliyyatlarda öz tam
iştiraklarını oynamağa qadir olan müasir və
hesabatlı silahlı qüvvələri inkişaf etdirmək
üzrə öhdəlik götürüblər. "NATO və
Azərbaycanın Mina Agentliyi (ANAMA - red) arasındakı kənd
təsərrüfatı ərazilərində minaların təmizlənməsi
üzrə əməkdaşlıq misal ola bilər. İndiyə
qədər yarım milyon partlamamış sursat zərərsizləşdirilmişdir.
Bu, öz mahiyyəti baxımından ən nəhəng layihələrdən
biridir. Nəticədə kənd təsərrüfatı
üçün lazım olan yüzlərlə hektar ərazi
təmizlənib və insanların həyatlarını itirmək
təhlükəsi aradan qaldırılıb", - deyə o
vurğulayıb.
Yeri gəlmişkən, müdafiə
naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 10-da
Şimali Atlantika Şurasının Əfqanıstana həsr
olunmuş ISAF formatında iclasında iştirak edib. Azərbaycan
Respublikasının NATO yanında Nümayəndəliyindən
verilən məlumata görə, iclas zamanı nazir Əbiyev
çıxış edərək Əfqanıstanda
aparılan ISAF əməliyyatının cari vəziyyətinə
dair fikirlərini bölüşüb, Azərbaycanın
göstərdiyi çoxtərəfli töhfələrin
davam etdiriləcəyini qeyd edib. Habelə, Əbiyev Azərbaycanın
ISAF əməliyyatının yekunlaşacağı
2014-cü ildən sonra da Əfqanıstana
yardımlarını davam etdirəcəyini vurğulayıb.
Bununla yanaşı, naziri qeyd edib ki, beynəlxalq hüquq və
NATO/SNT prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan
torpaqlarının işğalının yaratdığı
gərginlik ölkəmizin bu istiqamətdəki səylərini
məhdudlaşdırır. O, müxtəlif bəhanələrlə
"status-kvo"nun saxlanılması və işğalın
davam etdirilməsinin Avro-Atlantik təhlükəsizliyə
ciddi təhdid törətdiyini də vurğulayıb.
Brüsselə səfəri çərçivəsində Əbiyev
bir sıra dövlətlərin müdafiə nazirləri ilə
görüşüb və qarşılıqlı maraq
doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparıb.
Qeyd edək ki, bundan öncə, oktyabrın
8-də NATO Mənzil Qərargahında Azərbaycan
Respublikasının 2012-ci il Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planının (İPAP) Qiymətləndirmə
sənədinin müzakirəsi keçirilib. "28+1"
formatında keçirilmiş müzakirələrdə Azərbaycan
tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə
Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri
iştirak ediblər.
Müzakirələr zamanı NATO
üzv ölkələri Azərbaycanın sadiq və
etibarlı tərəfdaş olduğunu vurğulamış və
ölkənin NATO cari gündəliyində duran
çoxşahəli məsələlər, o cümlədən
meydana gələn təhlükəsizlik
çağırışları, Əfqanıstanda Beynəlxalq
Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı
və s. üzrə fəal əməkdaşlığını
və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə
yanaşı Azərbaycanda təhlükəsizlik sektorunun
islahatı, qüvvələrin NATO ilə
qarşılıqlı operativ uzlaşması, həmçinin
regionda təhlükəsizlik məsələləri, o
cümlədən Ermənistan-Azərbaycan münaqişəsi
üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə NATO arasında bu kimi
məsləhətləşmələr ildə bir dəfə
keçirilir. Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə
edən FTƏP-in üçüncü mərhələsini
həyata keçirir.
Cəsur
Sümərinli
Ayna.-
2012.- 13 oktyabr.- S.9.