Orduda
məvaciblər kəskin artırılımalı, mənzil
təminatı gücləndirilməlidir
SQ-də sosial rifah problemlərinin həlli
üçün təkliflər irəli sürülür
Nazirlər
Kabinetinin yaydığı məlumata görə, 2013-cü
ilin dövlət büdcəsinin gəlirləri 19 milyard, 154
milyon manat, xərclər isə ümumi daxili məhsulun 35,3
faizini təşkil etməklə 19 milyard 810 milyon manat
proqnozlaşdırılır (2012-ci illə müqayisədə
12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7
faiz çox). Layihədə büdcə kəsiri 656 milyon
manat nəzərdə tutulub.
Məlumata
görə, müharibə şəraitində yaşayan Azərbaycan
gələn il özünün müdafiə xərclərini
artıracaq. "Modern.az" saytına verilən məlumata
görə gələn il büdcədən müdafiə xərcləri
üçün 1 milyard 528 milyon 582 min 600 manat ayrılması
nəzərdə tutulur. Müqayisə üçün:
2012-ci ilin dövlət büdcəsindən müdafiə xərcləri
üçün 1 milyard 407 milyon 312 min 400 manat
ayrılmışdı.
Beləliklə,
Azərbaycan 2013-cü ildə özünün müdafiə
xərclərini 8,6 faiz artırmağı
planlaşdırıb. Ümumilikdə təhlükəsizlik
və müdafiə sektoruna yönəldilən vəsaitin həcmi
2012-ci illə müqayisədə bir qədər artacaq və
təxminən 2,8 milyard manatdan (3,5 milyard dollardan çox)
artıq olacaq. Nazirlər Kabinetindən bildirilib ki, burada məqsəd,
milli təhlükəsizliyi və müdafiə qabiliyyətini
gücləndirməkdir.
HƏRBÇİLƏRİN
MƏVACİBLƏRİ ARTIRILACAQ
2013-cü
ilin büdcə layihəsinə görə gələn il bir
sıra sahələrdə maaş, pensiya və müavinətlərin
artırılması nəzərdə tutulur. Hökumətən
bildirilib ki, 2013-cü ildən dövlət büdcəsindən
maliyyələşən və maliyyə yardımı alan
elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı,
meşə təsərüfatı, meliorasiya və su təsərrüfatı,
müdafiə və hüquq mühafizə orqanlarında
çalışanların və dövlət
qulluqçularının (700 min nəfər) aylıq əmək
haqqları və minimum əmək haqqının həddi
artırılacaq.
Zəruri
sosial tədbirlərdən olan sosial müavinətlərin və
təqaüdlərin, o cümlədən yaşa (16,4 min nəfər),
əlilliyə (107,8 min nəfər), ailə
başçısını itirməyə (39,5 min nəfər),
uşağın anadan olmasına görə (112,4 min nəfər),
sağlamlıq imkanları məhdud olan 18 yaşa qədər
uşaqlara (63,6 min nəfər), valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olan (0,8 min nəfər),
şəhid uşaqlarına (0,4 min nəfər), müharibə
əlillərinin uşaqlarına (18,4 min nəfər),
radiasiya qəzası nəticəsində zərər çəkmiş
şəxslərə (5,5 min nəfər), müharibə
veteranlarına (53,7 min nəfər) verilən müavinətləri
artırmaq da nəzərdə tutulur.
Bundan
başqa, dəfn üçün nəzərdə tutulan
müavinətlərin, əmək pensiyalarının minimum məbləğinin,
məcburi köçkünlərə verilən yemək xərcinin
(538 min nəfər), şəhid ailəsi (13,8 min ailə),
müharibə əlilləri (148,8 min nəfər)
üçün və Azərbaycanın Milli Qəhrəmanı
adı verilmiş şəxlərə (200 nəfər nəfər),
Prezident təqaüdünün, ali, orta ixtisas, ilk peşə
ixtisas təhsili sistemində oxuyan tələbə və
şagirldərə, doktorantlara (85,8 min nəfər) verilən
təqaüdlərin artırılması da təmin ediləcək.
Qeyd olunan əmək
haqlarının və sosial ödənişlərin
artırılması üçün 2013-cü il dövlət
büdcəsi layihəsində üst-üstə 240 milyon
manatdan çox vəsait nəzərdə tutulur.
Beləliklə,
Nazirlər Kabinetinin bu məlumatı fonunda 2013-cü ildə
təhlükəsizlik və müdafiə sektorunda
çalışanların əmək haqlarının
artırılma perspektivi müxtəlif müzakirələrə
və gözləntilərə yol açır. Xatırladaq
ki, bir müddət öncə Milli Məclisin Təhlükəsizlik
və müdafiə komitəsində "Hərbi
qulluqçuların statusu haqqında" qanun layihəsi MM-in
plenar sessiyasına təqdim edilmək üçün
müzakirə edilib. Milli Məclisin Təhlükəsizlik və
müdafiə Komitəsinin sədri, MM sədrinin I müavini
Ziyafət Əsgərov bildirib ki, parlamentdə "Hərbi
qulluqçuların statusu haqqında" yeni qanun layihəsi
hazırlanır. O bildirib ki, "Hərbi qulluqçuların
statusu haqqında" qanun layihəsində hərbi
qulluqçuların sosial müdafiəsi və mənzil təminatı
məsələləri daha geniş əksini tapacaq:
"Çünki
"Hərbi qulluqçuların statusu haqqında"
mövcud qanun ötən əsrin 90-cı illərində qəbul
olunub və təkmilləşdirilməsinə ciddi ehtiyac
var". Komitə sədri həmçinin parlament
aparatının İnzibati və hərbi qanunvericilik
şöbəsi ötən əsrin 90-cı illərində
qəbul olunmuş qanunların monitorinqini
apardığını da qeyd edib:
"Monitorinq
başa çatdıqdan sonra lazımi layihələr işlənəcək
və rəy alınması üçün müvafiq
qurumlara göndəriləcək".
Parlamentin
müzakirəsinə çıxarılacaq, qanunlar
sırasına eyni zamanda, "Silahlı qüvvələr və
başqa silahlı birləşmələr haqqında"
qanun layihəsi də daxildir.
MƏVACİBLƏR NECƏ OLMALIDIR?
Beləliklə,
Azərbaycanın müdafiə xərclərinin kəskin
artımı təhlükəsizlik və müdafiə
sektorunda mövcud olan sosial problemlərin müəyyən qədər
həlli ilə bağlı inam yaradıb. "Doktrina"
Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
ekspertlərinin fikrincə, bu gün ölkədə xeyli
sayda qanun və qanunvericilik aktları hərbi
qulluqçuların sosial rifah məsələlərinə bu
və digər dərəcədə təsir göstərir:
"Bu
qanunlarda və sənədlərdə xeyli məqamlar var ki,
onların dəyişdirilməsi, yeniləşdirilməsi və
müasir dövrün tələblərinə
uyğunlaşdırılması vacibdir".
Xatırladaq
ki, "Doktrina" mərkəzi keçən il hərbi
qulluqçuların sosial rifahı ilə bağlı problemlərin
həlli istiqamətində, müxtəlif qanunvericilik təkliflərini
ictimaiyyətə və parlamentə təqdim edib. Bu təkliflərdə
hərbçilərin maaş məsələsinə də
toxunulub. Bildirilib ki, Azərbaycanda hərbçilərin pul təminatının
yeni qayda ilə hesablanmasını nəzərdə tutan
xüsusi qanunvericilik aktının qəbuluna ehtiyac var. Bu
hesablanmada xidmətin ağırlığı və hərbi
qulluqçuların sosial rifahı nəzərə
alınmalıdır.
"Doktrina"
JHAM-ın əldə etdiyi məlumatlara görə, gələn
il hərbçilərin məvaciblərində 30 faizə qədər
artım ola bilər. Amma bu, xüsusilə də
aşağı rütbəli və vəzifəli hərbi
qulluqçuların, zabitlərin, gizirlərin və müddətdən
artıq hərbi xidmət qulluqçularının sosial təminatına
o qədər də ciddi təsir göstərməyəcək.
"Bizim məlumatlara
görə, hazırda arxa cəbhədə xidmət edən
taqım komandiri vəzifəsində olan leytenantlar təxminən
390-450 manat məvacib alır. Artımdam sonra, isə
onların məvaciblərinin ümumi həcmi 500-570 manat ola
bilər. Bu çox aşağı məbləğdir. Ona
görə ki, hərbi qulluqçulara aylıq kirayə
üçün verilən vəsait çox
aşağıdır: 30-47 manat. Beləliklə, aydın
görünür ki, zabit aldığı məvacibin müəyyən
hissəsini kirayə puluna əlavə edəcək ki, nəticədə
onun sosial təminatında problemlər qalmaqda davam edəcək",
- deyə "Doktrina" ekspertləri qeyd edirlər.
Onların fikincə, gizirlərin və müddətdən
artıq hərbi xidmət qulluqçularının məvacibləri
aşağı olduğundan onların sosial durumu daha
aşağıdır.
"Hesab
edirik ki, əgər dövlət hərbi qulluqçuları
tam olaraq mənzillə təmin edə bilmirsə, onda kirayə
üçün xidmət yerindən və zabitlərin
statusundan asılı olaraq ayda 150-350 manat vəsaitin verilməsi
təmin olunmalıdır", - deyə ekspertlər bildirir.
"Doktrina"
ekspertləri Silahlı Qüvvələrdə sosial təminatın
səviyyəsinin yüksəldilməsi üçün bir
sıra addımlar atılmasını zəruri hesab edirlər.
Onların fikrincə, müdafiə xərclərinin ümumi
həcminin kəskin artırılması imkan verir ki, əksər
vəzifələrdə hərbi qulluqçuların vəzifə
və rütbə məvacibləri azı 2,5-3 dəfə
artırılsın:
"Bu
gün hərbi məktəbi bitirən leytenant müxtəlif
qoşun növlərində ayda 390-450 manat alaraq hərbi xidmətə
başlayır. Fikrimizcə, onun məvacibi ən azı
800-1200 manatdan başlanmalıdır. Bir sıra xidmət
növlərinə görə əlavə ödəmələrin
həcminin artırılması, xüsusi xidmətkeçmə
şəraitinə və sağlamlıq üçün riskli
olan xidmətə görə artımın önəmi
böyükdür".
Ekspertlər
daha bir məqama diqqət çəkirlər: "Təklif
etdiyimiz məsələlərdən biri Silahlı Qüvvələrdə
məvaciblərin 1, 2 və 3 qat sistem əsasında verilməsidir.
Səngərdə xidmət edən hərbi
qulluqçuların vəzifə məvacibləri 3 qat, cəbhə
xəttindəki hərbi hissələrdə (səngərlər
və ön cəbhə istisna olmaqla) xidmət edənlərin
məvacibləri isə 2 qat hesablanmalıdır. Arxa cəbhədə
xidmət edənlərdə isə bu, norma daxilində
olmalıdır.
Hərbi
qulluqçulara müxtəlif kompensasiyaların verilməsini
də təklif etmişik. Misal üçün, əgər
zabit və ya digər hərbi qulluqçular döyüş
zonasında xidmət edirsə, ailələrindən ayrı
yaşayırlarsa, əlavə xərclərə məcburdurlarsa,
onlara xüsusi ödəmələr edilməlidir. Hərbi
xidmət dövründə bütün hərbi qulluqçuların
hər növ vergilərdən azad edilməsi zəruridir.
Hərbi
qulluqçulara övladlarına görə ödənilən
kompensasiyanın miqdarı artırılmalıdır. Bir
övlada görə ayda 100 manat müavinət verilməsini təklif
edirik. İndi bu göstərici 20 manatdır. Hərbçilər
xidmətdə və ehtiyatda pulsuz dərmanlarla təmin
olunmalı, tibbi müalicə, əməliyyat hüququna malik
olması təmin edilməlidir".
MƏNZİL TƏMİNATININ
GƏLƏCƏYİ
"Ehtiyatda
və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri
ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin sözlərinə
görə, ordu dövlətçiliyin rəmzlərindən
biri, müstəqilliyin, süverenliyin və konstitusiyon
quruluşun təminatçısı olaraq çox vacib
dövlət strukturu olması səbəbindən onun problemlərinin
həllinin bir saylı hesab edilməsi vacibdir. Onun sözlərinə
görə, son illər bir sıra xarici hərbi əməkdaşlıq
proseslərində nailiyyətlər əldə edilsə də,
insan haqları, qanunların aliliyinin təmin edilməsi, sosial
problemlərin həlli, ordunun müqavilə əsasında
komplektləşdirilməsi (peşəkar orduya keçid),
silahlı qüvvələr üzərində mülkü nəzarət,
hərbi xidmətin nüfuzu, əmək birjasında hərbi
peşənin çəkisinin artırılması, ordu və
cəmiyyət arasında qarşılıqlı əlaqələr
və ictimai şüurda prioritet sayılan digər bu kimi
mühüm məsələlərin sadalanan prioritetlər
sırasında olduğu hiss olunmur.
Ekspertin
fikrincə, bu gün SQ-nin ən vacib problemlərinddən biri
mənzil təminatıdır. Onun sözlərinə görə,
rəsmi statistika açıqlanmasa da məlumdur ki, 1992-ci ildən
başlayaraq ölkədə hər il orta hesabla təqribən
600-700 gənc zabit yetişdirilir. Deyir:
"Boş
mənzil fondu olmadığı və hərbçiləri mənzillə
təmin etmək məqsədilə yeni binalar tikilmədiyi
üçün bu gənc zabitləri mənzillə təmin
etmək mümkün olmayıb. Son illər hərbi tədris
müəssisələrimizdə gizir və müddətdən
artıq xidmət hərbi qulluqçular da hazırlanır.
Bundan başqa könüllük əsasında hər il
ehtiyatdan xeyli sayda zabit, gizir və müddətdən artıq
xidmət qulluqçuları hərbi xidmətə qəbul
edilir. Nəticədə, yaşayış sahəsi ilə təmin
olunmayan hərbi qulluqçuların sayı ilbəil
artır. Bizim ekspertlər tərəfindən
aparılmış müstəqil araşdırmalara görə,
hazırda xidmət edən zabit, gizir və xidmətdən
artıq həqiqi hərbi xidmət keçən hərbi
qulluqçuların yalnız 15-20 faizi mənzillə təmin
olunub. Başqa sözlə, bu gün silahlı qüvvələrdə
xidmət edən 10 zabit və gizirdən ən azı 8-i
dövlət tərəfindən mənzillə təmin edilməyib.
Bu isə o deməkdir ki, silahlı qüvvələrimizdə
artıq böyük bir "mənzilsizlər ordusu"
yaranıb.
Nəzərə
alınmalıdır ki, ehtiyatda və istefada olanların
böyük bir qismi də mənzillə təmin olunmayıb
və mənzilsiz tərxis olunanların hesabına onların
da sayı ilbəil artır. Əslində, dərindən
düşünsək görərik ki, keçid dövrü
yaşayan dövlətimiz üçün bu məsələ
artıq çox ciddi bir sosial problem səviyyəsinə
yüksəlib. Və problemi həll etmək üçün
xüsusi dövlət proqramına zərurət
yaranıb".
Y.Cəfərli
prezident İlham Əliyevin ötən ilin dekabrında hərbi
qulluqçuların mənzil təminatı ilə
bağlı imzaladığı fərmanın da orduda mənzil
təminatında hər hansı ciddi dəyişikliyə gətirmədiyini
vurğuladı. Onun sözlərinə görə, əslində
bu fərmanın nə dərəcədə qanuna uyğun
olub-olmaması ekspertlərin müzakirə mövzudur. Deyir:
"Bizim
araşdırmalar göstərdi ki, həmin fərman
birbaşa olaraq hərbçilərin mənzil təminatı
məsələlərini nəzərdə tutan mövcud
qanunlara ziddi müddəaları özündə ehtiva edir və
bununla bağlı biz ölkə rəhbərliyinə
müraciət etmişik".
"Doktrina"
ekspertlərinin sözlərinə görə, indiyə qədər
qeyd edilən fərman çərçivəsində təxminən
130 hərbi qulluqçuya mənzil verilib:
"Bir
sıra məlumatlara görə, bu mənzillərin, əksəriyyəti,
zabitlərin şəxsi mülkiyyətinə verilməyib,
onlara xidməti mənzil kimi verilib və bu da fərmanın
müddəalarının kobud şəkildə pozulduğuna
dəlalət edir. Yəni, zabitlər onlara verilən mənzili
satmaq, kiməsə bağışlamaq hüququndan məhrum
edilib".
Ekspertlərin
sözlərinə görə, aşkar görünür ki,
fərman hərbçilərin sosial rifahının yüksəldilməsi
baxımından faydalı olmadı. Həm də ona görə
ki, hazırda minlərlə xidmətdə və ehtiyatda olan
zabit, gizir və müddətdən artıq hərbi xidmət
qulluqçusu, mənzillə təmin olunacağı günü
gözləyir.
ORDUDA NƏLƏR HƏLLİNİ
TAPMALIDIR?
Y.Cəfərlinin
sözlərinə görə, ötən illərdə
qanunların aliliyinin və hərbi qulluqçuların sosial
və hüquqi müdafiəsinin gücləndirilməsi və
müasir standartlara uyğunlaşdırılması istiqamətində
təməl prinsipli islahatlar aparılmayıb, hər hansı
dövlət proqramı qəbul edilməyib. Bir sıra
hallarda hətta qüvvədə olan hərbi qanunvericilkdə
nəzərdə tutulmuş təminat və təzminatların
hərbçilərə verilməsi, mövcud qanunvericilklə
onlara verilən güzəşt, imtiyaz və hüquqlardan istifadə
edilməsi üçün müvafiq şərait
yaradılmayıb. Bəzi hallarda isə hərbi
qulluqçuların təminat, təzminat almaq və digər
hüquqları yüksək vəzifələr tutan dövlət
məmurlarının öz vəzifələrini yerinə
yetirməsinə soyuq münasibət bəsləmələri
və ya vəzifələrindən sui-istifadə etmələri
nəticəsində pozulub və bu gün də pozulmaqda davam
edir.
Y.Cəfərli
bildirdi ki, monitorinq nəticəsində xeyli qanun
pozuntuları, faktlar (hallar) və problemlər müəyyən
edilib. Bunlara diqqət edək:
- hərbçilərin
qapalı hərbi şəhərciklərdən kənarda
yaşadıqları mənzilləri özəlləşdirməyə
icazəsi yoxdur;
- hərbçilərə
"Dövlət qulluqçusu" statusu verilmir;
- zabit və
gizirlərə ərzaq üçün verilən pul
kompensasiyası istehlak səbətinin dəyərinə
uyğun deyil;
- məzuniyyət
və istirahət hüququndan məhrum edilmiş zabit və
gizirlərə istifadə edilməmiş məzuniyyət və
istirahət günləri əvəzinə pul kompensasiyası
ödənilmir;
- zabit və
gizirlərə mənzil kirayəsi üçün verilən
pul kompensasiyalarının miqdarı gerçəklikdə tələb
olunan məbləğdən qatqat aşağıdır
(Bakıda xidmət keçənlərə ayda 49 manat ödənilir);
- həlak
olanların dəfn mərasimi tam şəkildə dövlət
hesabına həyata keçirilmir (dəfn üçün cəmi
30 manat ödənilir);
- həqiqi
hərbi xidmətə çağırılan müddətli
hərbi qulluqçuların himayəsində olan uşaqlara
aylıq pul müavinətinin məbləği istehlak səbətinin
dəyərinə uyğun deyil (onlara hər ay cəmi 20 manat
ödənilir);
-
döyüş bölgələrində xidmət etmiş
zabit və gizirlərə qanunun tələblərinə zidd
olaraq 1998-2005-ci illər ərzində üçqat maaş əvəzinə
ikiqat maaş verilib, verilməyən məbləğ isə
bu günə qədər ödənilmir;
- MN
sistemində xidmət edən zabit və gizirlərin ehtiyata
buraxılmaq hüquqları qeyri-qanuni olaraq məhdudlaşdırılır
(qanunda nəzərdə tutulsa da, heç kim öz arzusu ilə
tərxis oluna bilmir);
- zabitlər
İnsan haqları üzrə Avropa Konvensiyasının tələblərinə
zidd olaraq məhkəmədən kənar həbslərə məruz
qalırlar;
- ehtiyatda
olanlara qanunun tələblərinə zidd olaraq növbəti
zabit rütbələri verilmir;
- tərxis
olunmuş zabitlərin, gizirlərin mənzil və torpaq sahəsi
almaq hüquqları təmin olunmur;
- fərdi
yaşayış evi tikən hərbçilərə əvəzsiz
maliyyə yardımı göstərilmir ("Hərbi
qulluqçuların statusu haqqında" qanunun 12-ci maddəsinin
5-ci bəndi).
Bu
siyahını xeyli dərəcədə uzatmaq da olar. Amma,
düşünürəm ki, problemlərlə bağlı
ümumi mənzərəni əks etdirmək
üçün bu da kifayətdir. Bütün bunlarla
yanaşı, əminəm ki, ölkəmizin müdafiə
qabiliyyətinin, silahlı qüvvələrin qüdrətinin
artırılması üçün yetərincə potensial
mövcuddur. Və xalqımız bu potensialın yaxın gələcəkdə
reallışdırılacağına ümid bəsləyir",
- deyə o bildirib.
"Doktrina"
ekspertlərinin fikrincə, SQ-də, ümumilikdə təhlükəsizlik
və müdafiə sektorunda olan sosial problemlərin davamlı
olaraq həll edilməsi üçün ümumilikdə
dövlətin sosial rifah məsələlərinə dair
aydın strategiyası qəbul olunmalıdır. Bunsuz sosial təminatda
problemlər qalmaqda davam edəcək.
Y.Cəfərli
də eyni fikirdədir. O da hesab edir ki, ordu quruculuğuna və
onun sosial tərəflərinə dair xüsusi dövlət
proqramı qəbul edilməlidir. Deyir:
"Ordunun
hüquqi statusununun kağız üzərində yox,
reallıqda "ən vacib dövlət strukturu" statusuna
qaldırması təmin edilməlidir. İctimai şüurda
ordunun və hərbi peşənin nüfuzu bərpa edilməlidir.
Hesab edirəm ki, ordunun müqavilə əsasında komplektləşdirilməsi
(peşəkar orduya keçid) prosesinə start verilməlidir.
İnsan haqlarını təmin edən qanunvericilik aktları
təkmilləşdirilməlidir. Hərbi qulluqçulara
"Dövlət qulluqçusu" statusu verilməlidir.
Əmək birjasında hərbi peşənin çəkisi
artırılmalı və 1-ci yerə
çıxarılması təmin edilməlidir. Eyni zamanda,
hesab eidrəm ki, Silahlı qüvvələrə
mülkü nəzarət haqqında qanun qəbul edilməli,
Hərbi Ombudsman institutut yaradılmalıdır".
Cəsur Sümərinli
Ayna.- 2012.- 20 oktyabr.- S.9; 10; 16.