Beynəlxalq Caz Festivalı başlandı

 

Açılışda üç "Grammy" sahibi Mike Stern Babylon çıxış etdi

 

Bakıda ənənəvi Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi keçirildi. APA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, bu günə kimi Bakıda keçirilən caz festivallarından danışıb və bildirib ki, bu gün caz sənəti Azərbaycan cəmiyyətinin, mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib:

"2002-ci ildən Caz festivalı ölkəmizdə təşkil olunur. Son 6 ildə keçirilən festivallara hökumət dəstək olur. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Fondunun birgə səyi nəticəsində layihənin həcmi, miqdarı və məzmunu dəyişib, daha da təkmilləşib. Artıq 10-cu dəfə keçirilən bu festivalın bizə dəyərli anlar verəcəyinə əminəm. Sevindirici haldır ki, bu gün caz musiqisi cəmiyyətimizin, mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Bizim caz ustalarımız rəsmi tədbirlərdə iştirak edirlər. Onlara fəxri adlar verilir. Bu gün cazmenlərimiz Azərbaycanın caz ənənələrini uğurla davam etdirirlər".

Daha sonra səhnəyə 3 "Qrammy" sahibi, ən yaxşı bəstəkar və dünyanın ən yaxşı caz gitara ifaçısı adını alan amerikalı Mike Stern Babylon çıxıb. Qeyri-adi texnikaya malik ifaçı rok, caz və klassikanı ustalıqla uyğunlaşdıra bilib. Dünyanın məşhur gitaraçılarından biri olan musiqiçi qrupunun heyətində: Bob Franceschini, azərbaycanlı Teymur Phell və Lionel Cordew olub. 2 saata yaxın qonaqlara xoş anlar yaşadan musiqiçi səhnəni tərk etsə də, sonrada yenidən səhnəyə qayıdaraq, daha bir neçə kompozisiya səsləndirib.

Xatırladaq ki, 10 gün ərzində Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər. Festival oktyabrın 25-dək davam edəcək. Konsertlərin biletlərini mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.

 

 

Ayna.- 2012.- 20 oktyabr.- S.20.