Cənnət Səlimova:
"Teatr məbəd, məktəb, kilsə, məscid deyil,
teatr əyləncə mərkəzidir"
"Teatr hər zaman
yaşayır!" deyəcək qədər sadəlövh
deyil
Mədəniyyət
qurumlarında yaş senzi ilə bağlı ixtisarlar olub. Gənc
Tamaşaçılar Teatrından ixtisara düşənlər
arasında teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimova
da var. Bununla bağlı Cənnət Səlimova deyir ki, həyatın
elə qanunları var ki, onları dəyişmək, nə də
yan keçmək olmaz. Odur ki, o bu kimi məsələlərə
fəlsəfi yanaşır.
- Mədəniyyət
və Turizm Nazirliyi, eləcə də Gənc
Tamaşaçılar Teatrında fəaliyyətimi
dayandırmayacağıma söz veriblər. Artıq başqa
teatrlarla da əməkdaşlıq etməyə geniş
imkanım və şansım olacaq. Hansı teatrdan dəvət
və təklif alsam, böyük məmnuniyyətlə
razılaşacağam. Mənə tələbat olan yerdə
çalışmağa hazıram. Mədəniyyət və
Turizm Nazirliyinin müxtəlif dövlət tədbirlərinin
rejissoru kimi də işləyəcəyəm.
- Azərbaycan
teatrlarında nə çatmır?
-
İlk növbədə rejissor sənəti yüksək səviyyədə
olmalıdır. Erudisiyalı, musiqi duyumlu, təsviri incəsənəti,
psixologiyanı bilən və tamaşaçılarla
yaxşı işləmək bacarığı olan
rejissorlara böyük tələb var. İndi
tamaşaçılar çox inkişaf edib, çox yüksək
səviyyədə aktyor, rejissor sənəti olan Amerika filmlərinə
baxır, internetdən istifadə edirlər.
Mirzə
Fətəli Axundzadənin 200 illiyinə teatr festivalı
keçirildi. Teatrlar onun əsərləri əsasında
hazırlanan tamaşalar təqdim etdilər. Bizim teatr
"Hekayəti-xırs quldurbasan", "Hekayəti-Müsyö
Jordan həkimi-nəbatat", "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
və "Hacı Qara-mərdi xəsis" adlı 4 belə əsər
hazırladı. Başqa teatrların da tamaşalarına
baxdım. İstedadlı aktyorlar, gözəl rejissor
yozumları var. Lakin məni qane etməyən bir məsələ
Mirzə Fətəli Axundzadənin adi komedioqraf, lətifəçi
kimi təqdim edilməsi oldu.
Amma o, böyük filosof olub. Heç bir
tamaşada bunu hiss etmədim. Axundzadə adi gülməli vəziyyətləri
qələmə alan yox, fəlsəfəçi,
maarifçi idi. Rejissor adi quruluşçu yox, fəlsəfəçi,
maarifçi kimi işləməlidir. Buna isə indi nadir
hallarda rast gəlinir.
Azərbaycanda böyük rejissor məktəbi
ənənəsi var, lakin Rusiya və Türkiyəyə kurs
keçmək üçün getmək lazımdır. Hələ
fövqəladə bir rejissor yetişdirməyə nail
olmamışam və fövqəladə bir rejissor
qarşıma çıxmayıb. Ancaq mən bunun
üçün çox çalışıram.
- Sizcə
niyə?
- Bəlkə də belə bir rejissor
yetişəcək, bəlkə hələ onun təcrübəsi
yoxdur. Mənim yetkinləşəcəyinə ümid etdiyim
istedadlı rejissor namizədlərim var. Onların hələ
yetkin olmadıqlarına səbəb - təcrübə
azlığı, öz üzərlərində az işləmələridir.
Bununla yanaşı, televiziya rejissorluğu çox inkişaf
edir. Çünki, seriallar çəkilir və rejissorlara
böyük tələb var, bütün rejissorlar da ora
axın edir. Bunun yaxşı və pis olmasını deyə
bilmərəm. Amma televiziya rejissorların çox
vaxtını aparır. Maddi məsələ də vacibdir.
Televiziyada yaxşı pul verirlər. Televiziya teatr
rejissorluğunu alır. Təcrübə toplamaq
üçün gənc rejissorlar bölgə teatrlarına
gedib işləməli, təcrübə toplayandan sonra
paytaxta gəlməlidir. Bu, çox gözəl yoldur.
İndiki tələbələr teatr sənətini
yaxşı bilmirlər. Çünki, əvvəllər DVD,
internet, hər evdə televizor yox idi. Teatr yeganə canlı sənət
idi, aktyora pərəstiş edirdilər, Ələsgər Ələkbərov
müqəddəs söz sayılırdı. İndi belə
aktyorlar yoxdur. O zaman, teatr kütləvi sənət xarakteri
daşıyırdı. İndiki zamanda isə teatr elitar sənətdir.
Elmi-texniki tərəqqi teatra olan marağı azaldıb. Mən
"teatr hər zaman yaşayır!" deyəcək qədər
sadəlövh adam deyiləm. Düzdür,
teatr hər zaman yaşayır, amma onun formasını,
ünsiyyətini dəyişmək lazımdır. İnternet,
kompüter, notebook, DVD, 15-25 kanal göstərən televiziyadan
imtina etmək gülməlidir. Amma teatr bu vəziyyətdə
yaşamağı bacarmalıdır. Çünki, onun ən
böyük üstünlüyü canlı olmasıdır.
Kompüter, notebook, DVD, 15-25 kanal göstərən televiziya -
bunlar hamısı plasmastdır. İnsan canlı ünsiyyət,
göz yaşı, təbəssüm istəyir. Bunun da yeganə
yeri teatrdır. Elmi-texniki tərəqqinin günbəgün
inkişaf etdiyi bir vaxtda teatra marağın azalmaması
üçün yalnız yüksək sənət
nümayiş etdirmək lazımdır. Əgər
tamaşaçılar darıxır, teatra marağı
yoxdursa, demək o, pis teatrdır. İnsanların teatra getmədiklərindən
şikayət edirlər. Onlar pis teatra getmirlər, amma
maraqlı tamaşa, aktyor və rejissorun işlərinə
baxmağa böyük məmnuniyyətlə gedirlər.
- Bu saat
hansı mövzularda tamaşalara ehtiyac var?
- Əvvəlcə
tamaşaçılardan nəyə baxmaq istədiklərini
soruşmaq lazımdır. Bizim tamaşaçı
komediyanı çox sevir. Teatr məbəd, məktəb, kilsə,
məscid deyil, teatr əyləncə mərkəzidir.
İnanmıram tamaşaçı nəsə öyrənməyə
getmək məqsədilə kassadan bilet alır. Hamı
istirahət etmək, əylənmək üçün biletə
pul xərcləyir. Bizim sənətimiz tamaşaçıya
yüksək ideyalarla yol göstərərək əyləndirməkdir.
Teatra hər zövqə uyğun həm faciə, həm
komediya, həm tarixi mövzularda tamaşalarla zəngin rəngbərəng
repertuar lazımdır.
-
Teatrlarda niyə daha çox klassik yazıçıların əsərləri
səhnələşdirilir?
- Əli Əmirli, Elçin Hüseynbəyli,
Dilsuz Mustafayev, İlqar Fəhmi, Tamara Vəliyeva kimi az sayda
müasir yazarlar da var. Buna səbəbsə dramaturgiya
üçün tələbin yüksək olmasıdır.
Teatrda səhnələşdirilən əsər müasir
mövzulu olmaqla yanaşı, aktual və problematik
olmalıdır.
Aynurə
Ayna.-
2012.- 20 oktyabr.- S.20.