Mən bu
həyatla mücadilədən qalib
çıxmışam
Baba Vəziroğlu
deyir ki, ən ümdəsi - söz elmini öyrənib
Bir vaxt istedadlı şair kimi
tanınan, lakin indi əməkdar artist adını fəxrlə
daşıyan Baba Vəziroğlu son illər
yaradıcılığının əsas qolunu mahnılara
ayırıb. Vaxtilə hekayələr də yazarmış,
indi, ancaq şeir yazır. Söhbətimizdə publikanın
"nəbzini tuta" bildiyi üçün nəğməli
şeiriyyətə qapıldığını etiraf edir:
- Tarixdən yaxşı bilirik ki,
inqilablar məmləkətləri xarabalığa döndərir.
Təkcə ictimai-iqtisadi formasiya dəyişmir ki...
Bütün mənəvi dəyərlər itir,
ölçülər, meyarlar, baxış bucaqları
baş-ayaq olur. Cəmiyyətin yenidən ayaq üstə
qalxması üçün uzun illər, bəzən əsrlər
lazım olur. "Bizim inqilab" da, bu mənada istisna deyildi.
Hər şeyi dəyişdi - nəinki Baba Vəziroğlunun
yaradıcılıq yönünü. Prioritetlər
sırasında onsuz da, yetərincə öndə olmayan ciddi ədəbiyyat
tamamilə çıxdaş edildi. Paralel şəkildə,
ciddi oxucu da rəhmətə getdi - onun yerini dinləyici,
tamaşaçı, şou həvəskarı tutdu.
- Deyirlər ki, nəsr - insanın həyatı,
poeziya isə - taleyidir. Nəsr - torpaqda faydalı
qazıntı axtarışıdır. Poeziya - göylərdə
mələk sevdasına düşmək. Yazıçı nəsr
yazanda yerdə zir-zibil içində eşələnməyi
özünə necə rəva görürsə, müəyyən
məqamlarda (yəni şeir yazanda) ayağını günahkar
torpaqdan üzüb göylərə qanadlanmağı da
bacarmalıdır. Bu qüdrətə isə insan
lirikasız, emosiyasız, mistikasız, romantikasız sahib ola
bilməz. Yenidən nəsrə qayıtmaq, yəni kəlləsi
üstə yerə yıxılmaq o qədər də zəhmət
tələb etməz.Dostumuz Ramiz Rövşən demişkən,
"göy üzü daş saxlamaz...".
-
Oxucunuza uzun illərdir yeni əsər söz vermisiniz. Bu əsərdə
nədən yazmısınız ki, üzə çıxara
bilmirsiz?
- Allah insana deyir ki, "əgər məni
güldürmək istəyirsənsə, gələcək
planlarından danış". Mən də Allahı
güldürmək istəmirəm. Gələcəkdən
yox, bu günümün işlərindən danışa bilərəm.
Hərdənbir nəsrəbənzər cızma-qaralar edirəm.
Bu günkü həyatımız kimi bu cızma-qaraların
da janrı bilinməz. İnşallah,
başını-ayağını düzəldib ortaya
çıxara bilsəm, onun janrı barədə qoy ədəbiyyatşünaslar
baş sındırsınlar.
Həcmcə
o qədər də çox
olmayan nəsr əsərlərimin bir az da
suyunu sıxıb "Bu
qatar o qatar
deyil" adlı povest
və hekayələr kitabımı məni şair
kimi bəyənməyib nəsrimin təşnəsində
olan oxucularıma sovqat
göndərəcəyəm.
- Mahnı
yaradıcılığınızda daha
çalışqansınız. Bu gün yazılan mahnılar niyə milli mətbəximizdən xəbər vermir?
- Bütün peşə sahiblərinin
içində olduğu kimi,
bəstəkarlar arasında da hər adama rast gəlmək olur. "Duyumlusu-duyumsuzu, kamili-cahili, millisi-atnimillisi,
istiqanlısı-soyuqqanlısı, ciddisi-qeyrisi
var. Sovet dönəmi
bəstəkarların bir mənfi cəhəti
var idi, demək olar ki, əksəriyyəti
rusdilli idilər, mətnə məzmununa,
vurğusuna görə yox,
ölçüsünə, kəmiyyətinə müvafiq qiymət verirdilər. Ancaq bəstələdəlikləri
mahnılar əsl milli ruhda
olurdu. İndikilərdə isə millilik yetərincədir, ancaq
nə hikmətdirsə, yazdıqları (bişirdikləri) əcnəbi
mətbəxin yeməklərini dadır. Həmişə
millilikdən danışanların əməlini belə gördüm.
-
Bəstəkar Kamalla tandeminiz deyəsən, daha rahat alınır. Son illərin
yaradıcılığını onun musiqisinə yazılan mahnılar təşkil edir.
- Əgər bir adamı dost bilirsənsə, onunla yaxşı-yaman gününü
bölüşürsənsə, yaradıcılıq tandeminiz
alınırsa - deməli,
o kəs haqqında sənin imzanla "müsbət xasiyyətnamə"
hazırdır. Yəni, mənim
münasibətim aydındır,
bir daha dostum barədə mədhiyyə deməyə
hacət görmürəm.
O
ki, qaldı bu insan haqqında sizin
münasibətinizi yönləndirmək məsələsinə
- yalnız onu deyirəm ki,
Kamal bəyin bəstələdiyi məğmələri
bir daha dinləyin -
"İlahi", "Sən elə zirvəsən",
"Nigaranam", "Yenə yaz gələcək",
"Ayrılığa dözərəm" və
s... İnanıram ki,
bundan sonrakı qərarınız daha ədalətli olacaq:
insanın qəlbini titrədən bu nəğmələrin
süzülüb gəldiyi ürəkdə
pisliyə, zalımlığa, haqsızlığa, xəbisliyə
və bu kimi qeyri-insani xislətə yer
ola bilməz. Kiminsə Kamal müəllimi xarakterizə etməyinə
ehtiyac yoxdur - onun haqqında hər şeyi,
öz bəstələdiyi
mahnıları deyir.
- Bir
müddət mətbuat efirə qayıdacağınız barədə
yazdı, amma qayıtmadınız. Niyə?
-
Çalışdığım o illər
mənim düşüncəmin, dünyagörüşümün,
həyata, dünyaya
baxışımın, insanlara münasibətimin
- bir sözlə, mənəviyyatımın
doğma vətəni idi
və o mənəviyyatın məhsulu olan "Ömrün
ayları" verilişi də o "vətən"in bir
parçasıydı. Nə etməli, zəmanə dəyişdi,
mən mənəviyyatımı dəyişə bilmədim.
Bu gün özümü zaman
qürbətində hiss edirəm - ətrafımda
baş verənlərdən dəhşətə
gəlirəm: mənəvi dəyərlərin hamısı
"maddiləşir". Uzaq, təmiz, bambaşqa zəmanədən gəlmiş qərib
bir qonaq, maddi dünyadan beşəlli
yapışan bu günün
teletamaşaçısına nə deyə bilər?! Bu - boz sürünün
içində ala dana
kimi fərqlənmək effekti
verməzmi?!
Trifonovun bir kəlamı
var. Deyir ki, insan yaş
üstunə yaş gəldikcə
qocalmır - harasa dırmaşmaqdan yorulanda, usananda - bax, onda qocalır. Mən
isə hələ yorulmamışam - ona
görə, daim axtarışdayam - deməli,
yeni verilişlər də olacaq,
kitablar da, tərcümələr
də, kinossenarilər də, nəğmələr də...
- Həyatınızın
təlatümü çox olub? Ümumiyyətlə şikayət edən
adamsız, yoxsa, problemləri içinizdə
sıxıb saxlayırsınız?
- Mən
bu həyatla mücadilədən qalib çıxmışam. Söz elmini
öyrənmişəm, sözü dəyərləndirməyi
bacarmışam və ən ümdəsi, sözə heç vaxt xəyanət
etməmişəm. 16 yaşından -
İsmayıllının Mollaisaqlı kəndindən birkərəmlik
çıxdığım zamandan rahat bir günüm
olmayıb. Dünya ilə canavar kimi
üzbəüz dayanmışıq - arxanı çevirən
kimi hər an səni parçalamaq istəyən dünya
ilə. Bəlkə də, bu ölüm-dirim savaşından qalib çıxmasaydım, daha
yaxşı olardı. "Qalibləri mühakimə etmirlər"
frazasından iyrənirəm. Mənim fikrimcə, qələbələrdən
böyük ədəbiyyat yarana bilməz. Böyük
sənət - məğlubiyyətlərdən, faciələrdən,
təbəddülatlardan keçib gəlir.
Qələbələrdən sonra, heç xoşbəxtlik də yoxdur.
Bəlkə ona görə
belə düşünürəm ki, mənə
elə gəlir, ən xoşbəxt günlərim onda idi - gələcəyi
duman içində qərq olan, hər şeydən əli üzülən,
bir parça
çörəyə, bir kəlmə xoş sözə möhtac
fağır bir gəncin xoşbəxtliyinə
bu gün həsəd
aparıram.
-
Yazıçıları özündə birləşdirən
hansı qurumlarla təmasdasınız?
- AYB, yaxud qeyri-AYB kimi yaradıcı qurumlarla
elə sıx təmaslarım yoxdur. Sovet dönəmində bu
qurumlarsız keçinmək mümkün
deyildi. Yaradıcı şəxsin bütün maddi və mənəvi
stimullarının yeganə istinad nöqtələri
idi. Xarici ölkələrə səfərlər, kitab nəşrləri, Moskvaya
təhsilə göndəriş, maddi
yardımlar, yaradıcılıq ezamiyyətləri, mükafatlar, fəxri adlar,
mənzillər, bağlar və s... İndi isə... "ocaq yanıb, külü
qalıb" - bağda ərik və
salamməleyk məsələsi...
Xatun
Ayna.-
2012.- 25 oktyabr.- S.19.